Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1277/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6227/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2019-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “hüquqşünas” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, oz xahişi ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 003/X/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış, eyni zamanda götərmişdir ki, o, işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. xx.xx.2024-cü il tarixdə (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Fuad Seyfullayev onu və MMC-də ambardar işləyən X2 cağıraraq, hazırki MMC-nin digər təsisçi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlarını, özünün isə "xxxx" Şirkəti açdığını bildirmişdir. Buna görə də onlardan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını, onların xx.xx.2024-cü il tarixdən yeni açılacaq "xxxx" Şirkətinə işə götürəcəklərini vəd etmişdir. Onlar direktorun sözlərinə inandıqları üçün dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmin gün xx.xx.2024-cü il tarixdən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMC-nin əməkdaşı Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar xx.xx.2024-cü il tarixdə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Fuad Seyfullayevin özünə göndərmişlər. X17 məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, məktubun alınmasından imtina edilmişdir. Hətta onlar cavabdehə kollektiv müraciət ünvanlayaraq, işdən çıxarılmağının Əmək Qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. Həmin müraciət F.Seyfullayev tərəfindən qəbul edilmişdir. O, xx.xx.2024- cü il tarixdə F.Seyfullayevin əmri ilə işdən azad edilmişdir. Həmin əmr və əmək kitabçası bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir.
4. Cavabdeh MMC iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh təşkilat iddiaçının ərizəsinə əsasən qanuni olaraq, onun işdən azad olunması barədə əmr vermişdir. Eyni zamanda, iddiaçı hüquqşunas işlədiyi müddətdə də işini layiqincə yerinə yetirməmişdir. İddiaçı cavabdehin nümayəndəsi olmasına baxmayaraq, şirkətin adından verilmiş məhkəmə müraciətləri üzrə proseslərdə iştirak etməmiş, iddia tələbləri və şikayətlər birbaşa olaraq şirkətin adından verilmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın rədd edilməsi xahiş edilmişdir.
5. Bundan sonra iddiaçının vəsatətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 6227/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə 003/X/2024 nömrəli Əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixindən məhkəmə qətnaməsi qəbul olunan günə kimi məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin və hüquqi xidmət göstərilməsi üçün 300 manatın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X10)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə onun xx.xx.2024-cü il tarixindən işdən azad edilməsi barədə vermiş olduğu ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsə də, qərəzli şəkildə ərizənin qəbul edilməsi yubadılaraq, yalnız xx.xx.2024-cü il tarixdə işdən çıxarılma barədə əmr imzalandıqdan sonra ərizənin qəbul edilməsi göstərilmişdir. İşdən azad olma barədə ərizə işçinin iradə ifadəsidir və İddiaçı aldadıldığını bildiyi vaxtdan xx.xx.2024-cü il tarixdə vermiş olduğu əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə ikinci bir ərizə vermişdir. İddiaçı Cavabdeh MMC-də hər hansı intizam məsuliyyətinə cəlb edilməsi, bu barədə onun izahatının alınması və iş yerində hansısa kobud pozuntu etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə xx.xx.2024-cü il tarixli İnzibati cərimənin tətbiq edilməsi barədə ******* nömrəli qərara əsasən Cavabdeh MMC-nin direktoru Fuad Seyfullayev işçiləri olan Niyaməddin Sadıqov və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunsalar da, onlara son haqq-hesabın yubadılması, yəni xx.xx.2024cü və xx.xx.2024-cü il tarixlərə köçürülməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən 1.700 manat cərimə edilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçıya son haqq-hesab və ödənilməmiş 145 günlük məzuniyyət pulu hesablanaraq verildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu, 54cü, 68-ci, 69-cu, 172-ci, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandıraraq, qeyd etmişdir ki, iddiaçı iddia tələbini irəli sürməsinə baxmayaraq, sübut olaraq qeyd etdiyi əmək müqaviləsi üzrə iş təcrübəsi və hüquqşunas olmasına dair ali təhsil haqqında diplomunu əlavə etməmişdir. İddiaçının iş təcrübəsinin olmaması səbəbindən cavabdeh başqa Vəkil bürosunun vəkilləri ilə əlavə məhkəmələrdə hüquqlarının müdafiəsi üçün hüquqi yardım müqaviləsi bağlamışdır, qeyd olunanlara dair mötəbər sübutlar vardır. Eyni zamanda, iddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, işdən çıxma barədə verilmiş ərizənin etibarsız hesab edilməsi barədə ərizə Azəri Express vasitəsilə ilk dəfə Cavabdeh MMC-nin hüquqi ünvanına göndərilməmişdir, ikinci dəfə isə E&R Express vasitəsilə xx.xx.2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. İlk dəfə verilmiş ərizənin etibarsız hesab edilməsinə dair ərizə AR Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada elektron informasiya sistemi vasitəsilə də MMC-nin ünvanına daxil edilməmiş və buna görə də vaxtında MMC-yə daxil olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. İddiaçı məhkəməyə bildirmişdir ki, guya cavabdeh MMC onu yeni iş yerinə götürəcəyi vədi ilə işdən çıxarılmasına dair ərizə yazdırmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə bu halı sübut edən heç bir sənəd təqdim olunmamışdır. İddiaçının bildirdiyinə əsasən ərizələrinin etibarsız hesab edilməsi barədə ərizəni Lamiyə adlı xanıma təqdim etmişdir. Lamiyə adlı şəxsin şirkətdə hansı məsul vəzifədə olması, iş statusu, ümumiyyətlə MMC-də səlahiyyətli şəxs olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış və bu hala münasibət bildirilməyib. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin etibarsız hesab edilməsinə dair ərizələrin iki ədəd qəbzi var. İlk qəbz xx.xx.2024-cü il tarixə aid olsa da, işəgötürən MMCnin hüquqi ünvanına göndərilməmiş və buna görə də MMC tərəfindən ərizə nəzərə alına bilməmişdir. İkinci qəbz isə əmək müqaviləsinə qanuna müvafiq qaydada xitam verildikdən sonra xx.xx.2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. Buna görə də ərizə vaxtında təqdim olunmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş qəbzlərin hansı ünvana təqdim edilməsini araşdırmamışdır. Cavabdeh tərəfindən məhkəmə iclasında X12, X7 şahid qismində iştiraklarının təmin edilməsi ilə bağlı vəsatət verilmiş, lakin həmin vəsatət əsassız olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə iclasında yalnız şahid qismində iddiaçının qardaşı X13 dindirilmişdir. Lakin onun verdiyi ifadənin zəruriliyinin nədən ibarət olması, mübahisə ilə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bütün bu hallara uyğun olaraq, məhkəmənin heç bir mötəbər sübuta əsaslanmadan iddia tələbinin qismən təmin etməsi qanunsuz və əsassızdır və ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh MMC-nin iki təsisçisi var. Onun biri iddiaçının qardaşıdır. İşin həqiqi tərəfi ondan ibarətdir ki, iddiaçının qardaşı və digər təsisçi (eyni zamanda cəmiyyətin qanuni təmsilçisi) olan X6 öz aralarında razılaşıb ayrılmaq qərarına gəlmişdilər. İddiaçının işdən çıxması da bununla bağlı olmuşdur. İddiaçı cavabdeh tərəfindən işdən çıxma barədə ərizə yazmağa məcbur edilməmiş, ümumiyyətlə bu məsələdə cavabdehin, habelə digər təsisçi, eyni zamanda cəmiyyətin qanuni təmsilçi olan X3 hər hansı iştirakı olmamışdır. İddiaçıya işdən çıxmasını ona məhz dayısı bildirmiş və iddiaçı dayısının razılığı ilə bununa bağlı ərizə təqdim etmişdir. Belə ki, onlara aid hissədə cəmiyyətin təsisçiliyindən irəli gələn məsələlərin həllində son söz iddiaçının qardaşına deyil, məhz dayısına aiddir. İddiaçının qardaşı da onun ərizə yazmasından xəbərdar idi və öz razılığını vermişdir. İddiaçı işdən çıxmaq arzusunda olmasa idi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməzdi. Sadəcə olaraq sonradan cəmiyyətin əmlakının bölünməsi ilə bağlı müəyyən mübahisələr yaranmışdır. İddiaçı da hazırda bu səbəbdən cəmiyyətdə öz işinə qayıtmaq istəyir. İddiaçı işdən çıxma barədə ərizə yazdıqdan sonra yalnız xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etmişdir. Həmin vaxt da artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildiriş elektron sistemə daxil edilmişdir. İddiaçının cəmiyyətə daxil ola bilməməsi və bu səbəbdən 28 iyun tarixdə cəmiyyətə ərizə göndərməsi isə həqiqəti əks etdirmir. Belə ki, cəmiyyətə həmin tarixdə belə bir ərizə təqdim edilməmişdir. Həmçinin, 29 iyun tarixdə iddiaçı dayısı ilə birlikdə cəmiyyətin yerləşdiyi binaya gəlmiş və onlarla digər təsisçi arasında anbarda olan mallarla bağlı söhbət aparılmış, həmin vaxt onların arasında mübahisə yarandığından iddiaçı cəmiyyətə aid komputerin prosessorunu götürərək, özü ilə aparmış və yalnız müraciət edildikdən sonra qaytarmışdır. Cəmiyyətə məxsus prosessoru apara bilən iddiaçı həmin vaxt rahat şəkildə ərizə də verə bilərdi. Lakin hər hansı ərizə verilməmiş, ümumiyyətlə həmin söhbət zamanı iddiaçı tutduğu vəzifəyə qayıtmaq istədiyini bildirməmiş, bu məsələ müzakirə belə olunmamışdır. İddiaçının sonradan tutduğu vəzifəyə qayıtmaq istəməsi də məhz təsisçilər arasında yaranmış əmlak mübahisəsi ilə bağlı olmuşdur. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi xahiş olunmuşdur.
14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi X6 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, işdən çıxma barədə ərizəni iddiaçı öz istəyi ilə yazmış, iddiaçı bu barədə ərizə yazmağa məcbur edilməmiş və bu məqsədlə aldadılmamışdır. İddiaçı tərəfindən cəmiyyətə 28 iyun tarixdə hər hansı ərizə ünvanlanmamış və onun tərəfindən hər hansı ərizənin qəbul edilməsindən imtina edilməmişdir. İddiaçının ərizəsi xx.xx.2024-cü il tarixdə artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra cəmiyyətə daxil olmuşdur. Göstərilənlərin nəzərə alınması və apellyasiya şikayətinn təmin edilməsi xahiş edilmişdir.
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 29 iyun tarixdə “1S” adlı proqramını əldə etmək üçün dayısı ilə birlikdə şirkətə getmiş, lakin digər təsisçi ilə aralarında mübahisə yaranmış və o, prosessoru götürərək çıxıb getmişdir. Həmin prosessordan götürdüyü “1S” proqramında cəmiyyətə nə qədər malın daxil olması, satılması, əldə edilən gəlirin məbləği və s. bu kimi məlumatlar var idi. Əgər dayısı ilə digər təsisçi arasında mallarla bağlı razılıq əldə edilsə idi, onun həmin cəmiyyətdə işləməyinə zərurət qalmırdı. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı aldadılaraq işdən çıxma barədə ərizə yazıbdır, bundan dərhal sonra cavabdehə ərizələrlə müraciət edərək, həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə ərizələri qəbul etməkdən imtina etmiş və yalnız iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra onun ərizəsini qəbul etmişdir. Bu hallar iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İşdən çıxma barədə ərizə yazdıqdan sonra aldadıldığını bilən iddiaçı da öz dayısına müraciət etmiş, ölkədən kənarda olan dayısı da bilet alaraq, ölkəyə qayıtmış və iddiaçının işdən çıxması məsələsinə aydınlıq gətirilməsi üçün 29 iyun tarixdə cəmiyyətə getmişdir. Lakin dayısından əvvəl iddiaçı 29 iyun tarixdə cəmiyyətdə olmuş, buna baxmayaraq, ona öz əmək funksiyalarını yerinə yetirmək üçün şərait yaradılmamış, bu səbəbdən iddiaçı prosessoru götürüb aparmışdır. Hazırki mübahisə üçün əhəmiyyətinin olmaması səbəbindən əvvəlki məhkəmə iclaslarında bu barədə məlumat verilməmişdir. İddiaçı işdən çıxma barədə ərizə verdikdən sonra bu ərizənin etibarsız hesab edilməsi barədə ərizəni də eyni şəxsə təqdim etmək istəmiş, lakin həmin şəxs bu ərizəni qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı ərizələrini poçt vasitəsi ilə 28 iyun tarixdə göndərmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər; 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddənin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, bu münasibətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmiş və hüquqi nəticə etibarı ilə qətnamənin mübahisələndirilən hissəsində iddianı təmin etməkdə səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
25. Hazırda iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə ərizəni aldadılma nəticəsində (yeni açılmış şirkətə işə qəbul etmək vədi ilə) yazdığını, bunu bilən kimi, xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdehə müraciət etdiyini, lakin ərizənin qərəzli şəkildə qəbul edilmədiyini, bu səbəbdən “whatsapp” sosial şəbəkə vasitəsi ilə cəmiyyətin digər əməkdaşlarına da müraciət etdiyini, lakin bunun da nəticəsinin olmadığını, bu səbəbdən xx.xx.2024-cü il tarixdə yenidən müraciət etdiyini, lakin bu dəfə ərizənin onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra qəbul edildiyini bildirir və əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir.
26. Cavabdeh iddianı qəbul etmir, iddiaçının aldadılmadığını, cəmiyyətin iki təsisçisindən birinin iddiaçının qardaşı olduğunu və şirkətin bölünməsi barədə razılıq əldə edildiyindən qardaşının və bu məsələlərə aidiyyəti olan dayısının tapşırığı ilə iddiaçının işdən çıxma barədə ərizə yazdığını, lakin sonradan təsisçilər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə yarandığından iddiaçının bu məsələlərə nəzarət etmək üçün həmin şəxslərdən işə qayıtmaq tapşırığı aldığını və bununla bağlı xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etdiyini, lakin həmin vaxt artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, iddiaçının bu tarixdən əvvəl qeyd edilən məsələ ilə bağlı müraciət etmədiyini, iddiaçının cavabdeh tərəfindən iş yerinə buraxılmadığını bildirsə də, həqiqətdə iddiaçının 29 iyun tarixində dayısı ilə birlikdə iş yerində olduğunu, cəmiyyətin əmlakının bölünməsi ilə bağlı söhbətdə iştirak etdiyini və yaranmış mübahisənin nəticəsi olaraq cavabdehə məxsus prosessoru icazəsiz götürərək, özü ilə apardığını və sonradan qaytardığını, lakin həmin vaxt onun işə qaytarılması ilə bağlı hər hansı söhbətin olmadığını, iddiaçının əsas məqsədinin işə qayıtmaq deyil, əmlak bölgüsü ilə bağlı məsələyə nəzarət etməkdən ibarət olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.
27. Məhkəmə kollegiyası bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd edir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.
28. Hazırki iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı bu ərizəni aldadılma nəticəsində yazdığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Araşdırma zamanı isə iddiaçının mövqeyinin tam əksi öz təsdiqini tapır.
29. Belə ki, ərizə yazılan tarixdən əvvəl iddiaçı ilə cavabdeh arasında nəinki ki, hər hansı problemin, ümumiyyətlə elementar anlaşılmazlığın olması belə müəyyən edilmir. İddiaçı ərizəsində ərizənin yazıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə deyil, 5 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Halbuki, məcburetmə və ya aldadılma, yəni bu məsələyə cavabdehin hər hansı formada müdaxiləsi olsa idi, geriyə dönüş imkanlarının məhdudlaşdırılması baxımından iddiaçıdan ərizə yazılan günü tutduğu vəzifədən azad olunması tələb olunardı. İddiaçı bu ərizənin onun yeni yaradılan şirkətə işə götürülməsi vədi qarşılığında yazdığını və bununla da aldadıldığını bildirsə də, ona cavabdeh tərəfindən hər hansı digər müəssisədə işə götürülməsini, ümumiyyətlə cavabdehin belə bir vəd verməsini təsdiq edən sübut mövcud deyil. Digər tərəfdən iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehin qanuni təmsilçisi ilə bu barədə hər hansı söhbətin aparılmadığı bir halda 1 gün ərzində aldadılmasını hansı qaydada müəyyən etdiyini açıqlaya bilmir.
30. Nəzərə alınmalıdır ki, cavabdeh cəmiyyətin iki təsisçisi var və bu təsisçilərdən biri iddiaçının doğma qardaşıdır. Bu baxımdan yeni şirkətə işə qəbul edilməsi məsələsi olsa idi, iddiaçı bunu bilməsə də, onun qardaşının bu barədə məlumatı olmaya bilməzdi və belə olan halda, iddiaçı bu məlumatın həqiqiliyini qardaşından dəqiqləşdirə bilərdi. Lakin iddiaçı ərizəni yazdıqdan 4 saat sonra bu barədə qardaşına məlumat verdiyini və qardaşı tərəfindən həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə yazmaq tapşırığını aldığını vurğulayır. Halbuki, iddiaçının qardaşının xəbəri olmadan belə bir ərizə yazması və yalnız 4 saatdan sonra bu barədə ona məlumat verməsi inandırıcı deyil. Digər tərəfdən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işə qayıtmaq istəyi cavabdeh cəmiyyətin təsisçiləri arasında əmlak bölgüsü ilə bağlı yaranmış mübahisə olmuşdur. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçının aldadılma nəticəsində işdən çıxma barədə ərizə yazması öz təsdiqini tapmır.
31. İddiaçının xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyindən bu ərizənin surətinin xx.xx.2024-cü il tarixdə “whatsapp” sosial şəbəkə vasitəsi ilə Hilalə adlı əməkdaşa da göndərdiyini bildirir və bu halın sübutu olaraq, məhkəməyə həmin yazışmadan çıxarış təqdim edir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə belə bir əməkdaşlarının olmadığını bildirir. Nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşlarının olması müəyyən edilmir, ərizənin “whatsapp” sosial şəbəkə vasitəsi ilə göndərilmə tarixi də aydın deyil (i.v. 87-də olan yazışma mətnlə başlayır və onun i.v.86-nın davam olması açıq və aşkar deyil).
32. xx.xx.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “AzeriExpress”in qaiməsinə əsasən isə cavabdehin direktoru X6 bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etməmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir. Cavabdeh isə belə bir ərizənin xx.xx.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır.
33. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizəni surətli poçt vasitəsi ilə göndərilməsinin səbəbini işdən çıxma barədə ərizə yazdıqdan sonra iş yerinə buraxılmaması ilə əsaslandırır və bunun kamera görüntüləri ilə müəyyən edilməsinin mümkün olduğunu qeyd edərək, xx.xx.2025-ci il tarixdə baş tutmuş məhkəmə iclasında hətta öz mövqeyinin təsdiqi olaraq “işə buraxılsa idi, ərizəni stolun üstünə qoyardı, göstərsinlər ki, işə buraxıbdır” cümlələrindən istifadə edir (həmin prosesdə iddiaçı və onun vəkili iştirak etmişdir). Lakin növbəti, yəni xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə (iddiaçı özü də bunu etiraf edir) dayısı ilə birlikdə cəmiyyətin yerləşdiyi yerə (yəni, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında buraxılmadığını bildirdiyi yerə) getdiyini bildirir. Qeyd edilənlər öz növbəsində cəmiyyətə buraxılmaması ilə bağlı iddiaçının mövqeyinin əsassız olduğunu təsdiq edir.
34. Eyni zamanda, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə yazdıqdan sonra cəmiyyət tərəfindən gətirilən mallar, onların alış və satış qiyməti, habelə bu kimi məlumatların saxlanıldığı “1S” proqramına giriş imkanlarını itirdiyini (halbuki, xx.xx.2024-cü il tarixdə işdə sayılırdı) və cəmiyyətə dayısı ilə birlikdə məhz həmin proqrama girişin əldə edilməsi məqsədi ilə getdiklərini, orada olan zaman dayısı ilə digər təsisçi (qanuni təmsilçi) arasında cəmiyyətə aid malların bölünməsi ilə bağlı məsələdə mübahisə yarandığını və nəticədə qeyd edilən proqram təminatının saxlanıldığı prosessoru götürərək, cəmiyyətin ofisini tərk etdiyini, sonradan proqramı köçürərək, prosessoru qaytardığını bildirir. Bununla belə, ərizə yazılan tarixdən onuna bağlanmış əmək müqaviləsinə xitam verilən tarixədək iddiaçı nəinki sərbəst şəkildə cəmiyyətin ofisinə daxil olmaq, hətta ofisdən icazəsiz, faktiki olaraq özbaşına qaydada cəmiyyətə məxsus əmlakı da ofisdən çıxarmaq imkanına malik olmuşdur. Belə olan halda, prosessoru aparmaqdan daha asan görünən və qanunla nəzərdə tutulmuş ərizənin təqdim edilməsi üçün iddiaçının geniş imkanlarının olduğu ümumiyyətlə müzakirə predmeti ola bilməz. Digər tərəfdən, iddiaçının öz bildirdiklərinə əsasən onun xx.xx.2024-cü il tarixdə ofisə getməsi ərizənin verilməsi, habelə işə bərpa olunması məsələsinin müzakirə edilməsi ilə bağlı olmamışdır (bu məqsədi daşımamışdır). Qeyd edilənlər öz növbəsində xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə verildikdən sonra bu ərizənin etibarsız hesab edilməsi barədə xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən hər hansı ərizənin verilmədiyini təsdiq edir.
35. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, xx.xx.2024-cü il tarixli ərizənin məzmununa əsasən iddiaçı xx.xx.2024-cü il tarixədək işdə sayılırdı və əmək qanunvericiliyinin tələblərinə əsasən işə çıxaraq, öz əmək funksiyalarını yerinə yetirməli idi. Lakin iş yerinə maneəsiz getmək (33-34-cü bənddə öz təsdiqini tapır) imkanına malik olan iddiaçının 29 iyun tarixində iş yerinə yalnız proqram təminatını götürmək məqsədi ilə getməsi və 27 iyun – 01 iyul tarixlərində əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmaması (işə çıxmaması) məhz onun bu cəmiyyətdə əmək funksiyalarını icra etmək niyyətində olmadığını, xx.xx.2024-cü il tarixli ərizənin onun həqiqi niyyətini və iradəsini əks etdirdiyini təsdiq edir.
36. İddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə xx.xx.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir. Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, saat 11:08-də, yəni iddiaçının ərizəsi cavabdehə daxil olan saatda artıq xitam verilmişdir. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə, saat 11:08-də Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmiş və iddiaçının həmin tarixdə saat 17:25-də əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərizənin cavabdeh tərəfindən yaradılan maneə nəticəsində daha əvvəl deyil, məhz saat 17:25-də təqdim edilməsinin mümkün olması da öz təsdiqini tapmır. Hər bir halda, surətli poçt xidmətinin belə bir halları təsdiq edən hər hansı aktı mövcud deyil. Qeyd edilənlər öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 003/x/2024 saylı əmrin qanuni və əsaslı olmasını təsdiq edir və hazırki iddianı bu əmrin ləğv edilməsi ilə bağlı hissədə rədd edilməsini şərtləndirir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Qərarın da bu mövqeyə hər hansı hüquqi təsiri ola bilməz.
37. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 69.4-cu maddəsinə istinadən onu da vurğulayır ki, bu maddə iddiaçıya cavabdehlə əmək münasibətlərini, o cümlədən ərizə yazılanadək yerinə yetirdiyi əmək funksiyalarını yerinə yetirməkdə davam etmək imkanının təminatı qismində çıxış edir. Lakin iddiaçının işə bərpa olunmaqda əsas məqsədi öz əmək funksiyalarını yerinə yetirmək deyil, həmin cəmiyyətin təsisçisi olan qardaşının təsisçilikdən irəli gələn əmlak maraqlarını müdafiə etmək, o cümlədən cəmiyyətə daxil olan, habelə cəmiyyətin anbarında olan mallara nəzarət etməkdir. Belə ki, xx.xx.2024-cü il tarixdə dayısı ilə birlikdə cavabdehin ofisində olan zaman cəmiyyətin əmlakının bölünməsi ilə bağlı aralarında razılıq əldə edilsə idi, həmin cəmiyyətə işə qayıtmağa hər hansı zərurətin qalmayacağını iddiaçı özü də etiraf edir (bu barədə fikir bildirir).
38. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin əsassız olması qənaətinə gəlindiyini, iddia tələbinin "işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilən mediasiya və hüquqi xidmət xərcinin əvəzinin tutulması" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri həmin hissələrdə rədd edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6227/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.