Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1282/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış ona məxsus qızıl-zinət əşyaları: ağ komplekt qızıl-boyunbağı kulonlu, üzük, sırğa, qolbaq, cəmi 2.200 manat; nişan üzüyü (ağ qızıl)-800 manat; qolbaq (sarı qızıl)-300 manat; üzük (sarı qızıl)-100 manat; kulon (sarı qızıl)-200 manat, ümumi dəyəri 3.600 manatlıq qızıl-zinət əşyalarının, mediatora ödədiyi 50 manatın və məhkəmənin hesabına ödədiyi 58 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Məhkəmənin bu qətnaməsindən Cavabdeh tərəfindən 20 noyabr 2022-ci il tarixdə apelyasiya şikayəti verilməklə, qətnamənin tamamilə ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 22 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılması qərara alınmışdır. Daha sonra 07 dekabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə “Əlavə 2”-də göstərilmiş formaya uyğun tərtib olunmadığından geri qaytarılmışdır. 16 dekabr 2022-ci il tarixdə Cavabdeh yenidən verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Qeyd olunan qanunvericilik normaları kontekstində kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi tərəflərə poçt rabitəsi vasitəsilə 30 sentyabr 2022-ci il tarixdə göndərilmiş, Cavabdeh ilk dəfə apellyasiya şikayəti ilə 20 noyabr 2022-ci il tarixdə, sonuncu dəfə isə 15 dekabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada müraciət etmişdir. Bununla da qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin Cavabdeh tərəfindən ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətini verən cavabdeh tərəfindən prosessual müddətin ötürülməsi halının üzrlü səbəbdən baş verilibverilmədiyinə qiymət verilməli olması nəzərə alınmamışdır. Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət Cavabdeh geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1282/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1282/2023
06.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver