Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1284/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı ilkin, İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası barədə iş üzrə (Açar sözlər: icarə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMCyə qarşı pul tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-5102/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli yazılı icarə müqaviləsinə əsasən mülkiyyətçi Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 266 kv metr, yaşayış sahəsi 192,8 kv metr olan 7 otaqlı fərdi yaşayış evinin 60 kv metr hissəsini İddiaçı MMC-yə təsərrüfat fəaliyyəti (aptek) məqsədilə icarəyə vermişdir. Müqavilədə icarə haqqı aylıq 200 manat, müqavilə müddəti isə xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia verərək cavabdehin üzərinə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən obyektdə Epidbiomed MMC-yə aid əşyaların (Aptek mebeli (vitrinlər və şkaflar), Soyuducu pozis 1 ədəd, Kabinet mebeli 1 komplekt, Mətbəx mebeli 1 komplekt, Anbar otağında şkaflar 2 ədəd, Anbar otağında rəflər 4 ədəd, Kondisioner 2 ədəd, Havalandırma 1 ədəd, Noutbuk 1 ədəd, Kassa aparatı (vergi), Posterminal (bank), Su qızdırıcısı 1 ədəd) iddiaçı Epidbiomed MMC-yə geri qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Epidbiomed MMC və Cavabdeh arasında xx.xx.2022 tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə mülkiyyətçi Cavabdeh özünə məxsus daşınmaz əmlakın 60 kv. metr Epidbiomed MMC-yə təsərrüfat fəaliyyəti (aptek) məqsədilə icarəyə vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, həmin obyekt Epidbiomed MMC-nin fəaliyyəti üçün tələb olunan standartlara cavab vermir. İcarə müqaviləsi bağlandıqdan sonra Epidbiomed MMC həmin obyektə özünə məxsus olan göstərilən əşyaları gətirmişdir: Aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, mətbəx mebeli 1 komplekt, anbar otağında şkaflar 2 ədəd, anbar otağında rəflər 4 ədəd, kondisioner 2 ədəd, havalandırma 1 ədəd, Nutbuk 1 ədəd, kassa aparatı (vergi), Posterminal (bank), Su qızdırıcısı 1 ədəd. Obyektin standartlara cavab vermədiyi bəlli olduqdan sonra, obyektin mülkiyyətçisi və onun nümayəndəsi obyektin üzərinə qıfıl vuraraq İddiaçı MMC-yə özünə məxsus əşyaları geri götürməyə mane olur və onları geri vermir.
4. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia verərək ilk iddia tələbinin təmin edilməməsi, İddiaçı MMC-dən 10 ay üzrə (hər ay 600 manat olmaqla) cəmi 6.000 manat icarə haqqının tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 3M-1679 reyestr nömrəli icarə müqaviləsinin 4-cü bəndində rəsmi şəkildə düzəliş edilərək 200 manatın əvəzinə faktiki olan 600 manatın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbi «Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 3M-1679 reyestr nömrəli İcarə müqaviləsinin 4-cü bəndində rəsmi şəkildə düzəliş edilərək 200 manatın əvəzinə faktiki olan 600 manatın müəyyən edilməsi» hissəsində baxılmamış saxlanılmışdır.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi İddiaçı MMC-nin direktoru X2 ilə öncədən olan razılaşmalarına əsasən 60 kv m sahəsi olan aptekin aylıq icarə haqqısı 600 manat təşkil edəcəyinə razılıq vermiş, sonradan notariat ofisində müqavilə imzalananda Məmməd Əliyevin göstərişinə əsasən icarə haqqı 200 manat qeyd edilmiş, hüquqi savadları olmadığı üçün buna əhəmiyyət verməmişlər. Qalan 400 manat pulu isə Məmməd Əliyev bildirmişdir ki, əlavə karta otuzduracaq. Həmin vaxt nə baş verdiyini başa düşməmişlər. Sonradan vəkil izah vermişdir ki, Məmməd Əliyev vergidən yayınmaq məqsədi ilə bunu edib. İcarəçi hər ay karta 200 və əlavə 400 manat ödəniş etmiş, ilk 3 ay öncədən və 7 ay sonda, cəmi 10 ay isə ödəniş etməmişdir. Bunu sübut edən faktlar (bank kartından çıxarışları) məhkəməyə qoşmada rəsmi şəkildə təqdim edir.
7. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ilk iddianın məzmununa uyğun izahat verərək iddia tələbində göstərilən əşyalardan yalnız aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qaldığını, qeyd edilən mətbəx mebeli 1 komplektin isə Cavabdeh tərəfindən quraşdırıldığını, aylıq icarə haqqı 200 manat nəzərdə tutusa da, İddiaçı MMC tərəfindən 600 manat ödənildiyi, 10 ayın icarə haqqının ödənilmədiyini etiraf etmiş, lakin həmin 10 aylıq icarı haqqının 6.000 manat deyil, müqavilə şərtləriə uyğun olaraq 2.000 manat təşkil etdiyini və 2.000 manat icarə haqqını ödəməyə hazır olduqlarını bildirmişdir.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 5102/2024 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) ilk iddia qismən təmin edilmiş, obyektdən aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd Epidbiomed MMC-yə geri qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, «Epidbiomed” MMC-dən 10 ay üzrə (hər ay 600 manat olmaqla) cəmi 6.000 manat icarə haqqının tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə Cavabdeh obyektdə aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qaldığını etiraf etmiş, iddiaçı bununla razılaşmışdır. Bu əsasdan məhkəmə bu hissədə əlavə araşdırma aparmadan hesab etmişdir ki, cavabdehin etirafı qəbul edilməli və ilk iddia qismən təmin edilməklə, obyektdən aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd Epidbiomed MMC-yə geri qaytarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, ilk iddia qalan hissədə rədd edilməlidir.
10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC-nin müqavilə üzrə öhdəliyi aylıq 200 manat icarə haqqını ödəməkdən ibarət olsa da, o, fatiki ayda 600 manat ödəmək öhdəliyi üzərinə götürmüş, Cavabdeh bu məbləğin ödənilməsinə güvənərək adıçəkilən müqaviləni bağlamış, müqavilənin aylıq 200 manat icarə haqqı ilə bağlanmasından İddiaçı MMC faydalanmış (vergi məbləğinin aşağı olması) və nəticədə İddiaçı MMC 10 ay ərzində hər ay əlavə 400 manat Cavabdeh ödəməməklə 4.000 manat məbləğində əsassız varlanmışdır.
11. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı MMC 10 aya görə 2.000 manatı müqavilə öhdəliyi kimi və 4.000 manatı əsassız varlanma nəticəsində əldə etdiyi məbləğ kimi Cavabdeh qaytarmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 385.1, 386.1, 404.1, 404.2, 433.1, 442, 560.1, 560.3, 560.3.4, 1091, 1092-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 220.4, 220.6, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddiaya aid hissədə əsassızdır, qanuna və hüquqaziddir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə prosessində öz tələbinə dair mötəbər sübut təqdim etməyib. Təqdim edilən bank kartı köçürmələrindən isə bəlli olmur ki, ödəmənin təyinatı nədir və hansı əsasla pul məbləğləri ödənilmişdir. Məhkəmə prosessində qarşılıqlı iddia üzrə iddiaçı qeyd etmişdir ki, bağlanmış müqavilə 200 manat məbləğində olmuşdur. Bu fakt bank kartlarına köçürülmüş məbləğlə də təsdiq edilir. Əgər tərəflər arasında 600 manat ödəniş razılaşdırılsa idi, bu halda ödənişlərdə tam 600 manat miqdarında olmalı idi. Lakin bank çıxarışından görünür ki, ödənişlər 200 və ayrıca 400 manat miqdarında olmuşdur. Ödənilmiş 400 manat miqdarında olan ödənişlər İddiaçıMMC-yə aid edilə bilməz və onun üçün heç bir hüquqi nəticələr yaratmır. Qarşılıqlı iddia üzrə iddiaçı proses zamanı hüquqi savadsız, bilməmişəm və s. kimi ifadələri istifadə edib ki, bu da məhkəmə qətnaməsində əks olunmuşdur. Əlavə olaraq, məhkəmə qətnamədə aydın olmayan səbəblərdən əsassız varlanma məsələsini qaldırmışdır və ona istinad etmişdir. Bildirir ki, əsassız varlanma hazırkı işə şamil edilə bilməz. Əsassız varlanma üçün tərəflər arasında heç bir müqavilə münasibətləri olmalı deyildir. Üçüncü şəxsin ödəniş etməsi isə heç bir formada əsassız varlanma kimi qiymətləndirilə bilməz. Məhkəmə isə qətnamədə yazır ki, müqavilənin aylıq 200 manat icarə haqqı ilə bağlanmasından İddiaçı MMC faydalanmış (vergi məbləğinin aşağı olması) və nəticədə İddiaçı MMC 10 ay ərzində hər ay əlavə 400 manat Cavabdeh ödəməməklə 4.000 manat məbləğində əsassız varlanmışdır. Ən azından burda varlanma hissəsinin əvəzində məhkəmə öhdəliyin tam icra olunmamasını tətbiq etməli idi. Lakin hər bir halda məhkəmənin mövqeyi qərəzli və birtərəflidir. Buna sübut kimi qeyd edə bilər ki, məhkəmə ilkin iddiaçıya qarşılıqlı iddianı nə elektron şəkildə, nə də əlbəəl təqdim etməyib. Bu isə Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsinin ciddi pozuntusudur. Bir daha qeyd edir ki, məhkəmə heç bir mötəbər sübut və etiraf olmadan qanunsuz və hüquqazidd bir qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə icarə müqaviləsi bağlanılmışdır. İcarə haqqı olaraq 200 manat müəyyən olunub. Lakin qarşı tərəf bildirir ki, 200 manatdan əlavə 400 manat da verdikləri üçün icarə haqqı 600 manatdır. Cavabdeh 600 manatın nədən qaynaqlandığını göstərmir. Müəssisənin direktoru bildirir ki, 200 manatı icarə haqqı olaraq ödəsə də, 400 manatı cavabdehlə aralarında digər bir hüquq münasibəti olduğu üçün, borc istədikləri üçün ödəmişdir. Müəssisənin direktorundan 6.000 manat borc istəyiblər. Həmin məbləği bir dəfəyə verə bilmədiyi üçün 400 manat şəklində hissə-hissə ödəyib. Əgər icarə haqqı 600 manat idisə yazardı ki, icarə haqqı olaraq 600 manat ödəyir. Müəssisənin direktoru və cəlb etmək istədiyi şahid Kamal müəllim hazırki iclasa gələcəkdilər. Lakin direktor səhhəti ilə bağlı hazırki iclasda iştirak edə bilmədi. Hazırda obyektdə olan əşyaların bəzisi yoxdur. 10 ay gecikmənin səbəbi isə odur ki, lisenziya ala bilmirdi. Həmin daşınmaz əmlak yaşayış sahəsi kimi qeydiyyata alınmışdı. Cavabdeh tərəf sənəd təqdim edə bilmədiyi üçün iddiaçı obyekt kodu almaq üçün Vergi Xidmətində qeydiyyatdan keçirə bilmirdi. Obyekt kodu alınmadıqda rəsmiləşdirilmə də qəlizləşir. Bu məsələ iddiaçı tərəfin məsuliyyətsizliyi olmuşdur.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəf vergi az ödəmək məqsədi ilə icarə müqaviləsində icarə haqqını 200 manat olaraq qeyd etsə də, əlavə əlbəəl 400 manat da ödəyəciyini bildirmişdir. 400 manat borc olaraq yox, icarə haqqı olaraq ödənilib. Müqavilədə qeyd olunmaması ilə bağlı iddiaçı tərəf narahat olmamağı, aylıq 600 manat ödəyəcəklərini bildirmişdi. Məqsədi vergidən yayınmaq idi. İddiaçı tərəf icarə haqqını ödəsin, obyektdə olan bütün əşyalarını götürsün. Açar həm cavabdehdə, həm də iddiaçı tərəfdə var.
Tətbiq edilən hüquq
18. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə İddiaçı MMC tərəfindən qarşılıqlı iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız qarşılıqlı iddianın təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia aşağıda göstərilən əsasla təmin edilməlidir.
23. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia təmin edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsasdır.
24. İşdən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin bir hissəsini cavabdehə icarəyə vermiş, müqavilədə icarə haqqı 200 manat göstərilmişdir. İddiaçının nümayəndəsinin (ərinin) bildirdiyinə əsasən cavabdeh MMC-nin rəhbəri ilə şifahi razılaşmaya əsasən icarə haqqı 600 manat məbləğində müəyyən edilmiş, qalan 400 manat sonuncu tərəfindən iddiaçının bank kartına köçürülmüşdür.
25. İş materiallarında olan iddiaçının bank hesabından çıxarışdan da görünür ki, iddiaçının hesabına icarə müqaviləsi bağlandıqdan sonra müəyyən müddət hər ay ayrıayrılıqda 200 və 400 manat məbləğində vəsaitlər ödənilmişdir.
26. Tərəflərin nümayəndələrinin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində işə baxılarkən bildirdiklərinə əsasən icarə haqqı cavabdeh tərəfindən iddiaçıya 10 ay ödənilməmişdir.
27. Apellyasiya araşdırması zamanı İddiaçı MMC-nin nümayəndəsi və vəkili verdiyi izahatında 200 manatın icarə haqqı olaraq ödənildiyini, qalan 400 manatın isə iddiaçı tərəfə MMC-nin rəhbəri tərəfindən borc olaraq ödənildiyi bildirilsə də, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəf belə fikir səsləndirməmiş, habelə tərəflər arasında borc münasibətlərinin də mövcudluğu barədə hər hansı sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
28. Məhkəmə kollegiyası həmçinin cavabdeh MMC-nin rəhbəri tərəfindən 10 ay müddətində icarə haqqı ödəmədən hər ay iddiaçı tərəfə 400 manat məbləğində borcun verilməsini ağlabatan və inandırıcı saymır. Belə ki, tərəflər arasında mübahisə yarandıqdan sonra bu borcun geri qaytarılması və yaxud icarə haqqına görə yaranmış borc ilə əvəz edilməsi tələb edilməmişdir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, tərəflər arasında müqavilə üzrə razılaşdırılmış icarə haqqı məbləği 600 manat olmuş, cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməyərək iddiaçıya 10 ay üzrə 6.000 manat məbləğində borcu yaranmışdır.
30. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı Cavabdeh tərəfindən tələb olunan 6.000 manat icarə haqqı cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia ərizəsinin cavabehə təqdim edilməməsi dəlili ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edildikdən sonra məhkəmə iclasında tərəflərlə müzakirə edilmiş, cavabdeh MMC-nin nümayəndəsi həmin tələbə qarşı izahat vermiş, öz dəlillərini irəli sürmüşdür. Bu isə onun qarşılıqlı iddia tələbi ilə tanış olduğuna dəlalət edir.
32. Məhkəmə kollegiyası cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş xüsusi qərardadın çıxarılması barədə vəsatəti ilə bağlı isə qeyd edir ki, işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkar edilməmişdir. Bu səbəbdən həmin vəsatət təmin edilməmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 5102/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı MMC-dən 6.000 manat məbləğində icarə haqqı tutularaq Cavabdeh ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR