Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1297/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)-92/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh 23 iyul 2019-cu il tarixdə nikaha daxil olmuşlar. İddiaçının cavabdehin yaşadığı mənzilə gəlin köçmüş və həmin mənzilə cehiz əşyalarını gətirmişdir. Hazırda iddiaçı ona məxsus olan cehiz və qızıl-zinət əşyaları ona geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində sadalanan cehiz əşyalarının, geyimlərinin və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını 23 iyul 2019-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Ənənələrə uyğun olaraq nikahdan əvvəl valideynləri və qohumları bütün cehiz əşyalarını almışlar. Ailə qurduqdan sonra o, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür və cehiz əşyalarını həmin evə gətirmişlər. Cavabdehlə aralarında problemlər günü-gündən çoxalmış, cavabdeh onu dəfələrlə döymüş, səbəbsiz yerə onu təhqir və təhdidlər etmiş, ən sonda xx.xx.2020-ci il tarixdə onu cavabdehlə birgə yaşadıqları evdən səbəbsiz yerə qovmuşdur. Həmin vaxtdan bu günədək onu həyatı ilə dəfələrlə təhdidlər etmişdir. Onu evdən qovduğu üçün bütün cehiz apardığı əşyalar, şəxsi geyim əşyaları, nikahdan əvvəl ailəsi tərəfindən ona alınmış zinət əşyaları, toyda ona hədiyyə olunan qızılzinət və bütün əşyaları həmin evdə qalmışdır. Dəfələrlə cavabdehə əşyalarını götürmək üçün müraciət etmiş olsa da, cavabdeh hətta geyim əşyalarını belə götürməsinə şərait yaratmamışdır. Cehiz əşyaları bu gün də həmin mənzildədir və cavabdeh cehiz əşyalarını bu günədək götürməsinə imkan vermir. Cehiz əşyalarının və qızıl-zinət əşyalarının siyahısı aşağıdakı kimidir: Cehiz əşyaları: Ətçəkən – 1 ədəd 150 manat; Tefal çaydan – 1 ədəd 50 manat; Ütü – 1 ədəd 120 manat; Saç feni – 1 ədəd 50 manat; Meyvə qabı – 2 ədəd cəmi 300 manat; Büllur stəkan – 12 ədəd cəmi 120 manat; Büllur armudu stəkan – 12 ədəd cəmi 100 manat; Büllur konfet qabı – 4 ədəd 320 manat; Büllur qənd qabı – 6 ədəd 120 manat; Nəlbəki – 24 ədəd 50 manat; Şirniyyat qabı – 4 ədəd 200 manat; Böyük və kiçik boşqablar – 72 ədəd cəmi 500 manat; Qaşıq-çəngəl dəsti (xüsusi çanta tipli qutuda) – 150 manat; Qazan dəsti – 200 manat; Qırmızı rəngli qazan dəsti – 250 manat; Bulud boşqablar – 4 ədəd cəmi 40 manat; Servis boşqab dəsti yığma – 600 manat; Məcməyi – 5 ədəd cəmi 130 manat; Göy rəngdə geyim-kostyum – 1 ədəd 150 manat; Kostyum – 1 ədəd 80 manat; Ağ rəngli köynək (kofta) – 2 ədəd cəmi 70 manat; Şəxsi geyim – don – 1 ədəd 50 manat; Gecə paltarları – 5 dəst cəmi 180 manat; Ləpik (domaşnik) – 4 ədəd; Su qabı – 2 ədəd cəmi 50 manat; Tava dəsti – 120 manat; Çay servis dəsti – 2 ədəd cəmi 250 manat; Mətbəx masası – 600 manat; Süfrə – 4 ədəd cəmi 180 manat; Hamam dəsmalı – 4 ədəd cəmi 120 manat; Əl-üz dəsmalı – 12 ədəd 120 manat; Əl çantası – 2 ədəd 100 manat; Qızıl-zinət əşyaları: Rusiya istehsalı olan qızıl qolbaq 8 qr. – 800 manat; Rusiya istehsalı olan qızıl boyunbağı kulonu ilə birlikdə – 900 manat; Rusiya istehsalı olan qızıl üzük sırğa dəsti – 1.150 manat; Brilyant qaşlı nişan üzüyü – 2.000 manat; Brilyant zinət dəsti (sırğa, boyunbağı, üzük, bilərzik) 21 qr. – 300 manat; İtaliya istehsalı olan sırğa 750 əyyar – 600 manat. O, cavabdeh və sonuncunun ailəsindən ona məxsus olan əşyalarını dəfələrlə geri qaytarmalarını istəsə də, cavabdeh tərəf onun xahişlərinə məhəl qoymamışlar. Hesab edir ki, ona məxsus olan cehiz və qızıl-zinət əşyaları ona geri qaytarılmalıdır. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qapı qonşusudurlar. O, ailə üzvləri ilə birlikdə 2020-ci ilin fevral ayından həmin binada kirayə qalır. İddiaçının bir dəfə əşyalarını qonşu olduqları mənzilə daşıdığını görmüş və yaxınlaşaraq ona köməklik göstərmişdir. Əşyaları yük maşını gətirmişdi. O, yorğan-döşəyi yuxarı qaldırmışdır. İddiaçının əlində hər hansı qızıl-zinət əşyalarının olmasının şahidi olmamışdır. Bundan başqa o, cavabdehi tanımır və onun heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisinin dayısıdır. Bacısı qızı zəng vurmuşdur ki, gedib Ədalətgildən əşyalarını gətirməyə. O da Gülşəni götürüb Ədalət gilə getmişdir. Ədalət Gülşənə demişdir ki, nə əşyaları varsa apara bilər. Gülşən mansarda qalxıb əşyalarını çantalara yığmağa başlamışdır. 3-4 ədəd çanta var idi. Ədalət qızıl qutusunu da gətirib Gülşənə təqdim etmişdir. Qutunun içində üzük və sırğa var idi. Əşyaları götürdükdən sonra o, Şəfa stadionunun yanında düşmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, nahar vaxtı əmisi oğlu gilə gəlmişdir. Görmüşdür ki, yükdaşıyan, 166 xidmətinin maşını qapının girişində dayanmışdır. Maşının nömrəsi **-JR-*** idi. Həmin maşına əşyaları yığmağa o da kömək etmişdir. Özü də kömək edib yığmışlar. Qızın adamları soruşmuşlar ki, əşyaların hamısını götürmüşdürmü. Cavabdeh də cavab vermişdir ki, xırda para əşyaları qalıb. Sonra da eşitmişdir ki, dayısı ilə gəlib bazar çantalarına yığıb aparıblar. X2 məhkəməyə göndərdiyi 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, o, nahar vaxtı əmisi oğlu gilə gəlmişdir. Görmüşdür ki, yükdaşıyan, 166 xidmətinin maşını qapının girişində dayanmışdır. Maşının nömrəsi **-JR-*** idi. Həmin maşına əşyaları yığmağa o da kömək etmişdir. Özü də kömək edib yığmışlar. Qızın adamları soruşmuşlar ki, əşyaların hamısını götürmüşdürmü. Cavabdeh də cavab vermişdir ki, xırda para əşyaları qalıb. Sonra da eşitmişdir ki, dayısı ilə gəlib bazar çantalarına yığıb aparıblar. O, işdə olduğuna görə gəlib şahidlik edə bilmədiyi üçün gördüklərini və eşitdiklərini yazılı sürətdə yazıb bildirir. X6 məhkəməyə göndərdiyi 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, evdə olarkən bacısı qızı İddiaçı zəng vurub Lökbatanda bir az əşyaları qaldığını bildirmiş və ondan həmin əşyaları birlikdə gətirmələrini xahiş etmişdir. Onlar Lökbatana, bacısıoğlu Ədalətgilə gəlmişlər. Qapını döyürək, içəri keçmişlər. Salamlaşıb görüşmüşlər. Söhbətləşmişlər. O, bildirmişdir ki, eldən-obadan ayıbdır, barışsınlar, böyük kimi, ağsaqqal kimi o da buradadır. Həmin vaxt bacısı oğlu Cavabdeh 1 üzük qabında 1 cüt sırğa və 1 ədəd üzük gətirib İddiaçı vermişdir ki, Gülşənin qızılıdır, burada qalıb. Gülşən də qızılı götürüb çantasına qoymuşdur. Bir çox məsləhətdən, öyüd-nəsihətdən sonra bir az sakitçilik yaranmışdır. Barışan kimi olub evdə qaldılar. O da öz evinə getmişdir. 3 gündən sonra bacısı oğlu demişdir ki, dayı, bəs qız yenə öz evlərinə gedib. Bir müddət keçəndən sonra bacısı qızı ona yenə zəng etmişdir ki, bir yerdə gedib qalan əşyalarını gətirsinlər. O dayanacağa çıxmış, bacısı qızı taksi ilə gələrək onu da dayanacaqdan götürmüş, bacısı oğlugilə getmişlər. Qapını döyüb, əşyaları yığmaq üçün içəri keçmişlər. Birdən bacısı qızı səs-küy, qışqırıq salaraq söz-söhbət etməyə başlamışdır. Bacısı oğlu da demişdir ki, ayıbdır, qonşular var, səs-küy salmaq lazım deyil qapısında, sözü varsa evə keçsin, sakit danışsınlar, məsələni həll etsinlər. Bacısı oğlu demişdir ki, keçib harda nəyi varsa götürüb getsin, ona bacısı qızının heç nəyi lazım deyil. Bacısı qızı da evə girərək, damdan öz əşyalarını nəyi var götürüb, 3 bazar çantasına yığaraq yapışqanlı şəridlə bağlamış və yenidən taksi çağırmışdır. Onlar taksiyə minmişlər. Birinci onu evinə düşürmüş, sonra bacısı qızı taksi ilə yoluna davam edərək öz evinə getmişdir. Bir müddətdən sonra eşitmişdir ki, bacısı oğlunu məhkəməyə verib. O, oğlunu da götürüb bacısı qızıgilə getmiş və bacısı qızına etdiyi hərəkətə görə öz iradını bildirmişdir. Bacısı qızı ona kobud cavab vermişdir. O da, bacısı qızına haqqın tərəfdarı olduğunu, məhkəmə olanda gəlib gördüklərini söyləyəcəyini bildirib, evlərinə qayıtmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)- 92/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ümumi dəyəri 4.244 manat olmaqla - 1). Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat; 2). Rusiya istehsalı olan 583 əyyarlı, brilyant qaşlı 4,3 qram çəkisi olan qızıl üzük, 344 manat; 3). İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat; 4). İtaliya istehsalı olan, brilyant qaşlı ümumi 21 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 2.100 manat; 5). Rusiya istehsalı olan 8 qram çəkidə, 583 əyyarlı qızıl qolbaq, 640 manat dəyərində olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılması, yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 34 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şahid X6 ifadəsinin qızıl-zinət əşyalarına dair hissəsinə tənqidi yanaşılmalıdır. Belə ki, həmin hissədə ifadə mötəbər deyil. Çünki, cavabdeh məhkəmə iclasında iddiaçıya aldığı üzüyü sataraq iynə-dərman almağa sərf etdiyini bildirmişdir. Bundan başqa, iddiaçı da izahatında ona əşyaları aparanda cavabdeh tərəfindən hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyini bildirmişdir. Eləcə də, əşyaları evə yığan qonşu X4 da qeyd olunan halı təsdiq etmişdir. Digər tərəfdən, cavabehin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də bu hal müəyyən edilmir. Belə ki, cavabdeh iddiaçının onun mənzilində olan əşyaları götürmək anının şəkillərini çəksə də, qızıl-zinət əşyasının qaytarılma anının şəkili mövcud deyil. Bu səbəbdən şahid İ.Fətəliyevin cavabdehin iddaçıya qızıl-zinət əşyalarından üzük və sırğanı qaytarması barədə dedikləri mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə iclasında istər cavabdehin, istərsə də iddiaçının verdiyi izahatlar, istərsə də məhkəməyə təqdim olunmuş digər sübutlarla təsdiq olunur ki, cavabdeh iddiaçıya hər hansı qızıl-zinət əşyası qaytarmamışdır. İddiaçıya məxsus hər hansı cehiz əşyası, geyim və s. bu kimi əşyalar cavabdehin yaşadığı mənzildə qalmamışdır. İddiaçı yaxın qohumları ilə birgə bir neçə dəfəyə mənzildə olan cehiz əşyalarının hamısını götürmüş, yük maşını və taksi ilə hazırda yaşadığı yerə aparmışdır. Bu səbəbdən, iddia cehiz əşyalarına dair hissədə təmin edilə bilməz. Qızıl-zinət əşyalarına dair hissədə iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin mənzilini tərk edərkən qızıl-zinət əşyaları da cehiz əşyaları kimi həmin mənzildə qalmış, sonradan iddiaçı tərəfindən cehiz əmlaklar aparılsa da, qızılzinət əşyaları iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən, həmin qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə təyin edilmiş dəyərləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini daha obyektiv və mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, iddia ərizəsində iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qiyməti 5.750 manat kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə həmin əşyaların dəyəri 4.244 manat müəyyən edilmişdir. Adətən, bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, iddiaçılar qızı-lzinət və digər dəyərli əşyaların qiymətini daha artıq göstərirlər. Bu, obyektiv səbəblərlə də bağlı ola bilər (məsələn, qızıl-zinət əşyası alınarkən daha baha satılan zərgərlik məmulatları satılan dükandan, ticarət mərkəzindən və s. alınması). Lakin ümumi tendensiya bu cürdür. Məhkəməyə təqdim olunmuş 3 rəydən yalnız birində real bazar dəyərinə uyğun qiymətlər qeyd olunmuşdur. Digər iki rəydə müəyyən olunan qiymətlər iddiaçının iddia ərizəsində göstərdiyi qiymətlərdən də baha göstərilmişdir (bir rəydə 6.867 manat, digərində isə 8.000 manat). Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini əsas götürmüşdür. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətində qətnamənin - iddianın rədd olunması hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasına və ödənilmiş 134 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh hüquqdan sui-istifadə edərək, əsassız varlanma niyyəti ilə ona məxsus əşyaları qaytarmamaq üçün hansı yolla olursa olsun onu əmlaklarından məhrum etməyə çalışmış və həmin əmlaklara dair heç bir hüququnun olmamasına baxmayaraq, iş üzrə hakim bütün məhkəmə iclaslarında cavabdehin vəkili kimi çıxış edərək, onun xeyrinə qətnamə çıxarmışdır. Hazırki iş üzrə mübahisə obyekti olan əmlaklar da cehiz əşyalarıdır və hər kəsə məlumdur ki, cehiz toyadək qadının ailəsi tərəfindən ona alınan və hədiyyə olunan əşyalardır. Yəni faktiki olaraq həmin əşyalar onun mülkiyyəti hesab olunur və cavabdehin əsassız olaraq əşyalarını qaytarmaması onun konstitusiyon hüququ olan əmlak hüquqlarının pozulması ilə nəticələnir. Keçirilən məhkəmə iclaslarında cavabdeh özü mətbəx stolunun evdə olduğunu və həmin masanı verməkdən imtina etmədiyini etiraf etmişdir. Buna baxmayaraq, məhkəmə iddianı həmin hissədə də qanunsuz olaraq təmin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən maddi normaları düzgün tətbiq etməmiş, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, cavabdeh tərəfindən heç bir əsaslı sübutun təqdim olunmamasına baxmayaraq məhkəmə baxışının çəkişmə və digər prinsiplərini pozaraq qətnamə çıxarmışdır. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində ortaq qohumları işə şahid qismində gətirmiş və məhkəmə isə bunu sübut kimi qəbul etmişdir. Cavabdeh əsassız varlanma niyyəti ilə qərəzli şəkildə əşyalarını ona qaytarmayacağını dəfələrlə demişdir. Hətta əşyalarını götürmək niyyəti ilə evə getdikdə dayısı X7 da cavabdehlə mübahisə yaratmamağı və məhkəmə qaydasında işi həll etməyini ona məsləhət görmüşdür. Daha sonradan məhkəmə X7 iclasında şahid qismində iştirak edərkən cavabdehlə də qohumluq bağlarından istifadə edərək, guya onun əşyaları özü ilə götürdüyünə dair yalan izahatlar vermişdir. Hesab edir ki, yaxın qohumun verdiyi izahat sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd etmişdir ki, guya sözügedən əmlakların mövcudluğu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Lakin, məhkəmədən əlavə ekspertizaya müraciət etmiş və bununla bağlı verilən rəyi də məhkəmə iclasına təqdim etmişdir. Bundan başqa, cavabdeh özü birinci instansiya məhkəməsi zamanı keçirilən məhkəmə iclasında iddianı bir neçə hissədə qəbul etmiş, mübahisə obyekti olan əşyaların onda olduqlarını, lakin ona qarşı qərəzli mövqe tutmaları səbəbilə əşyaları qaytarmayacağını bildirmişdir. Məhkəmə cavabdehin özünün etirafını nəzərə almamış, bunu qətnamədə qeyd etməmişdir. Şahidlərinin ifadələrini sübuta yetirilmədiyini bildirən hakim, məhkəmə iclasında danışdıqları üst-üstə düşməyən cavabdehin şahidlərinin ifadələrini işdə sübut kimi qiymətləndirmişdir. Bununla da, məhkəmə baxışının çəkişmə və digər prinsiplərini pozaraq qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə iclasında cavabdehin ifadələri özlüyündə ziddiyyət təşkil edirdi. İlkin olaraq cavabdeh onun heç bir cehiz əşyası gətirmədiyini bildirsə də, daha sonradan həmin əşyaları guya evdən çıxarkən apardığını, hətta bir iclasda isə tələb olunan cehiz əşyalarının bir qisminin evdə olduğunu və gəlib götürməyinə icazə verdiyini belə bildirmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə bununla bağlı heç bir qeyd etməmişdir. Həmçinin, məhkəmə yerində baxış keçirəcəyi təqdirdə həmin əşyaların mövcud olub-olmadığını sübuta yetirə bilərdi. Eyni zamanda əşyaların üzərinə həbs qoyulmasına dair müraciət edəcəyini bildirdikdə məhkəmə ərizəni qəbul etməkdən imtina etmişdir və bunu əsaslandırmamışdır. Qeyd edir ki, məhkəmə şahid ifadələrinin də ziddiyyətli olmasını elə özü qətnamədə qeyd etmişdir. Belə ki, cavabdeh özü onun üzüyünü satdığını dedikdən sonra məhkəmə iclasına şahid kimi gətirdiyi dayısı guya o evdə əşyalarını yığarkən cavabdehin ona qutu və içində üzüyünü ona qaytardığını bildirmişdir. Görünür ki, cavabdeh öz dayısını onun xeyrinə yalan izahat verməsi üçün kifayət qədər məlumatlandırmamışdır. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işin sənədlərindən görünür ki, İddiaçı onunla ailə həyatı qurduqdan sonra onun evinə gəlin köçərkən bir çox adda cehiz əşyaları gətirdiyini və həmin cehiz əşyalarının onun tərəfindən qaytarılmadığını bildirmişdir. Eyni zamanda iddiaçıya tərəfindən alınmış qızıl-zinət əşyalarının da onda qaldığını bildirmiş və həmin qızıl-zinət əşyalarının da qaytarılmasını tələb etmişdir. Lakin məhkəmə prosesi zamanı həm onun tərəfindən, həm də iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilərək dindirilmiş şahidlər hamısı birmənalı şəkildə iddiaçının iddia ərizəsində göstərilən cehiz əşyalarının onu özü tərəfindən aparılmasını etiraf etmişlər. Belə ki, məhkəmə iclasında həm onun, həm də iddiaçının dayısı olan X7 bütün bu hadisələrin birbaşa iştirakçısı olduğu üçün daha obyektiv və ədalətli ifadələr vermiş və iddiaçının iddia ərizəsində göstərdiyi cehiz əşyalarının onun özü tərəfindən aparıldığını bildirmişdir. Eyni zamanda həmin şahid iddiaçının yanında onun tərəfindən iddiaçıya qutunun içində üzük və sırğa verdiyini də təsdiq etmişdir. Amma çox maraqlıdır ki, məhkəmə heç bir arqument göstərmədən həmin bu şahidin qızılın qaytarılması hissəsindəki ifadəsinə qeyri-obyektiv yanaşmış və bu ifadəsini mötəbər hesab etməmişdir. Çox qəribədir ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi müxtəlif qızıl-zinət əşyalarının əks olunduğu fotoları sübut kimi qəbul etmiş və həmin fotolarda əks olunan qızıl-zinət əşyalarının dəyərləndirilməsi üçün ekspertiza təyin etmişdir. Təbii ki, bu da heç bir məntiqə və qanuna sığılmaz hərəkət deyil. Belə ki, məhkəmə iclasında iddiaçı üçün yalnız dəyəri 570 manat olan 1 ədəd qızıl üzük aldığını bildirmişdir. Bundan başqa iddiaçıya heç bir qızıl və ya brillyant əyyarlı məmulat almadığını, yalnız qızıl rəngində olan bijüteriya alaraq iddiaçıya verdiyini bildirmişdir. İddiaçının da həmin əşyaların bijüteriya olduğundan xəbəri olmuşdur. Amma necə ki, cehiz əşyalarını onun evindən aparmaması barədə məhkəməyə yalan iddia və ifadə verdiyi kimi, qızıl-zinət əşyalarının da alınması və onda olması barədə məhkəməyə yalan ifadələr vermişdir. Ümumiyyətlə, həmin qızıl-zinət əşyalarının iddiaçı üçün alınması və ümumiyyətlə belə qızıl-zinət məmulatlarının olması barədə mülki işin sənədlərində heç bir sübut olmadığı halda, məhkəmə əsassız olaraq iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Çox qəribədir ki, ekspert də faktiki olaraq ona naturada təqdim edilməmiş qızıl-zinət məmulatına qiymət vermiş və ümumiyyətlə fotoşəkillərdəki qızıl-zinət məmulatlarının həqiqətən qızıldan düzəldiyini və ya bijüteriya məhsulu olduğunu müəyyən edə bilmədiyi halda, belə bir əsassız rəy vermişdir. Təbii ki, qızıl-zinət məmulatlarını yalnız laboratoriya şəraitində naturada müayinə keçirməklə həqiqətən həmin əşyaların qızıldan və ya brillyantdan düzəlməsinə qiymət verməklə, onların əyarını müəyyən etməklə, hər hansı rəyin verilməsi mümkün ola bilərdi. Lakin ekspert tərəfindən faktiki olaraq olmayan, yalnız iddiaçının öz fantaziyasına görə təqdim etdiyi siyahıya əsasən ekspert tərəfindən belə bir rəy verilmişdir. Çox qəribədir ki, ekspertin rəyi də Azərbaycan Respublikası MPM-nin 108-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmə ekspert rəyinə yalnız mülki işin içərisində olan digər sənədlərə uyğun və işin hallarına əsasən qiymət verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə işə ədalətli və obyektiv baxmalı, qətnamə qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etməli, işdə olan sənədlərə və faktlara əsaslanmalı və daxili inama əsasən qətnamə qəbul etməlidir. Çox qəribədir ki, bu mülki işin məhkəmə baxışı zamanı İddiaçı açıq-aydın yalan danışdığı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı bir çox adda cehiz əşyalarının adlarını göstərməklə, həmin cehiz əşyalarının cavabdehdə olduğunu və onların qaytarılmasını tələb etmişdir. Lakin məhkəməyə təqdim edilmiş fotoşəkillərində və məhkəməyə dəvət edilmiş şahid ifadələri ilə sübut olunmuşdur ki, həmin cehiz əşyalarının hamısı iddiaçının özü tərəfindən aparılmışdır. Ona görə də artıq məhkəmə İddiaçı cehiz əşyaları hissəsində verdiyi iddianın və ifadəsinin yalan olduğunu bildiyi halda, artıq iddiaçının qızıl-zinət məmulatları barədə verdiyi iddiasını da yalan olduğunu qəbul etməli idi. Bundan başqa məhkəmə iclasında ifadə verən X7 göstərilmiş bir ədəd qızıl üzük və sırğanın iddiaçıya qaytarılması faktı həmin qızıl üzük və sırğanın iddiaçının özü tərəfindən alınmış qızıl-zinət məmulatlarına aiddir. Ona görə də həmin üzük və sırğanın cavabdehə heç bir aidiyyəti olmadığı üçün həmin üzük və sırğanın onun tərəfindən alınmadığını bildirmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun üçün alınmış qızıl-zinət əşyalarını tələb etdiyinə görə də həmin üzük və sırğanı öz ifadəsində bildirməmişdir. Eyni zamanda iddiaçı tərəfindən dəfələrlə evə gələrkən və ona məxsus cehiz əşyaları aparılarkən ona heç bir maneçilik törədilməmiş və istənilən əşyanı evdən götürməsi üçün şərait yaradılmışdır. Belə bir vəziyyətdə iddiaçının istənilən əşyanı evdən götürməsi üçün münbit şərait olduğu halda onun israrla guya hər hansı bir əmlakı ona verməməsini bildirməsi tamamilə əsassız və qanunsuzdur. Əfsuslar olsun ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları sübut edən heç bir faktı və sənədi məhkəməyə təqdim edə bilədiyi halda, məhkəmə əsassız olaraq onun iddiasını qismən təmin etmişdir. Həmçinin qeyd edir ki, mülki işin sənədlərindən də görünür ki, cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahid X7 iddiaçının ondan heç bir cehiz əşyasının və eyni zamanda qızıl-zinət məmulatlarının olmamasını bildirsə də, məhkəmə heç bir hüquqi əsas olmadan onun bu ifadələrini iddianın qızıl-zinət əşyaları hissəsində sübut kimi qəbul etməmişdir. Bir halda ki, bu şahid həm cavabdehin, həm də iddiaçının doğma dayısıdır və təbii ki, onun bu işdə hər hansı bir qərəzi və marağı olmadığı üçün bir böyük və ağsaqqal kimi yalnız həqiqəti məhkəməyə bildirmişdir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən onun ifadələri düzgün qiymətləndirilməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 76-cımaddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi İddiaçı ona qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə məhkəməyə iddia ərizəsi versə də, həmin əşyaların cavabdehdə olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşin hallarından da görünür ki, iddiaçı boynunda və əllərində müxtəlif qızıl-zinət əşyaları olan fotoları məhkəməyə təqdim etmiş və həmin şəkillərdə olan qızıl əşyalarının onun tərəfindən iddiaçı üçün alınması görüntüsünü yaratmışdır. Çox qəribədir ki, məhkəmə də heç bir məntiqə sığmadığı halda, onların həqiqiliyini və mənbəyini yoxlamadan sübut kimi qiymətləndirmişdir. Halbuki istənilən qadın istənilən şəxsin qızıl əşyalarını öz üzərinə taxmaqla həmin məmulatların ona məxsus olması görüntüsü yarada bilər. Məhkəmə tərəfindən heç bir məntiqə və qanuna sığmayan halda məhkəmə şəkillərdə sübut kimi qiymətləndirmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələblərini pozmuşdur. Mülki işin sənədlərindən görünür ki, məhkəmə tərəfindən iddiaçının qızıl-zinət əşyalarına dair iddiası qismən təmin edilərkən məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə istinad etmişdir. Eyni zamanda ekspertiza da həmin fotoşəkillərə əsasən rəy vermiş və müvafiq qiymətləndirmə aparmışdır. Hamıya məlum bir faktdır ki, qızıl-zinət məmulatlarının qiymətləndirilməsi üçün həmin qızıl-zinət məmulatları natura şəklində ekspertə təqdim edilməli və ekspert həmin qızıl-zinət məmulatlarının əyarını, tərkibini müvafiq analiz aparmaqla tədqiq etməli və yalnız ondan sonra ekspertizaya təqdim edilmiş qızıl-zinət məmulatlarının həqiqətən bijüteriya deyil, qızıl-zinət məmulatları olması barədə rəy verə bilər. Təbii ki, heç bir ekspert yalnız fotoşəkillərə görə qızıl-zinət məmulatlarının həqiqətən qızıldan olması və ya əksinə, bijüteriya olması barədə rəy verə bilməz. Lakin əfsuslar olsun ki, ekspert də qanunun tələblərini pozaraq belə bir rəy vermiş və məhkəmə də həmin qanunsuzluğu davam etdirərək belə bir cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı son məhkəmə iclasının vaxtı barədə xəbərdar edilsə də, məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilən Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat və İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı qaytarılması, yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, göstərilən hissələrdə iddia tələbi rədd edilməli və qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 23 iyul 2019-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuş, iddiaçı cavabdehin yaşadığı mənzilə gəlin köçmüş və həmin mənzilə cehiz əşyalarını gətirmişdir. Həmçinin iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Hazırda iddiaçı cehiz əşyalarının və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus hər hansı cehiz əşyası, geyim və s. bu kimi əşyalar cavabdehin yaşadığı mənzildə qalmamışdır. İddiaçı yaxın qohumları ilə birgə bir neçə dəfəyə mənzildə olan cehiz əşyalarının hamısını götürmüş, yük maşını və taksi ilə hazırda yaşadığı yerə aparmışdır. İşin bu halları iş üzrə şahid ifadələrinin məzmunu ilə tam öz təsdiqini tapmışdır. İddiaçı isə apellyasiya şikayətində həmin əşyaların cavabdehin yaşadığı mənzildə qalmasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni iddianın cehiz əşyalarına dair hissədə rədd edilməsi düzgün olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin bu hissədə dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. İddiaçı tələbində həmçinin qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmişdir. Cavabdeh isə apellyasiya şikayətində bildirmişdir ki, iddiaçıya qızıl-zinət əşyaları alınmamış, onlar “bijuteriya” olmuş, digər tərəfdən də iddiaçı həmin əşyaları özü ilə aparmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh yalnız qətnamədə qət etdi hissədə 2-ci bənddə göstərilən qızıl-zinət əşyalarından üzüyü pandemiya vaxtında satdığını və hazırda onun dəyərini iddiaçıya qaytarmağa razı olduğunu, 1-ci bənddə göstərilən qızıl üzük-sırğa dəstinin isə dayısının iştirakı ilə iddiaçıya qaytardığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi - Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat və İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı qaytarılması, yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı ifadə vermiş şahid X7 ifadəsində Ədalətin qızıl qutusunu da gətirib Gülşənə təqdim etməsini və qutunun içində üzük və sırğanın olmasını təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsinin şahid İ.Fətəliyevin cavabdehin iddaçıya qızılzinət əşyalarından üzük və sırğanı qaytarması barədə dediklərini mötəbər sübut kimi qəbul etməməsi barədə mövqeyi düzgün olmamışdır. Belə ki, işin qeyd olunan halları ilə iddiaçının cehiz əşyalarını götürməsi müəyyən edilmiş və şahid İ.Fətəliyev də həmin halı təsdiq etmişdir. Deməli işin müəyyən bir hissəsinə münasibətdə şahid ifadəsi sübut kimi nəzərə alına bilər. Lakin şahidin məhz qızıl-zinət əşyalarından üzük və sırğanın iddiaçıya qaytarılması barədə dediklərinin qərəzli olmasına dair iddiaçı tərəfin dəlilləri işin digər sübutları ilə təsdiq edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, şahid İ.Fətəliyev hər iki tərəfin qohumu (dayısı) olmaqla bildirdiklərinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan şahid ifadəsinin mötəbərliyinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İ.Fətəliyevin cavabdehin iddaçıya qızıl-zinət əşyalarından üzük və sırğanı qaytarması dedikdə iddia tələbinin Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti anlaşılır. Çünki, İ.Fətəliyevin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını göstərdiyi qızıl əşyasını cavabdeh apellyasiya instansiyası məhkəməsinin son iclasında foto-şəkildə olan həmin qızıl əşyası ilə eyni olmasını təsdiq etmişdir. Hətta bildirmişdir ki, həmin sırğa üzük dəsti iddiaçının özü tərəfindən alınmışdır. Digər tərəfdən təqdim edilmiş fotoşəkillərlə iddiaçı tərəf tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmişdir, lakin qətnamənin qət etdi hissəsində 3-cü bənddə göstərilən İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı) həmin fotoşəkillərdə əks edilməmişdir. İddiaçı da öz növbəsində apellyasiya instansiyası məhkəməsinin iclasında qeyd edilən qızılın fotoşəkilinin olmamasını təsdiq etmişdir. Sədrlik edən tərəfindən həmin qızılın real olaraq mövcudluğuna dair sübut təqdim edilməsinin təklif edilməsinə baxmayaraq heç bir sübut növü təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəstinin (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı) ümumiyyətlə mövcudluğunu sübut edə bilmədiyindən, digər tərəfdən Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəstinin iddiaçının cehiz əşyalarını götürən zaman ona təqdim edildiyindən iddia tələbi həmin hissələrdə əsassız olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə 2-ci bənddə qeyd edilən - Rusiya istehsalı olan 583 əyyarlı, brilyant qaşlı 4,3 qram çəkisi olan qızıl üzük; 4cü bənddə qeyd edilən İtaliya istehsalı olan, brilyant qaşlı ümumi 21 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı) və 5-ci bənddə Rusiya istehsalı olan 8 qram çəkidə, 583 əyyarlı qızıl qolbaq da cehiz əşyaları kimi həmin mənzildə qalmış, sonradan iddiaçı tərəfindən cehiz əmlaklar aparılsa da, qızıl-zinət əşyaları iddiaçıya təqdim edilməmişdir. Cavabdeh isə həmin əşyaların fərqli olması, eləcə də iddiaçı tərəfindən aparılmasını bildirsə də, bu barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə həmin əşyaların dəyəri 4.244 manat müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qiyməti 5.750 manat kimi göstərilmiş, həmçinin təqdim edilmiş digər iki rəydə müəyyən olunan qiymətlər iddiaçının iddia ərizəsində göstərdiyi qiymətlərdən də baha göstərilmişdir (bir rəydə 6.867 manat, digərində isə 8.000 manat). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin əsas götürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi - İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəstinin (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı) ümumiyyətlə mövcudluğunu sübut olunmadığı halda cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmiş, həmçinin şahid ifadəsinə düzgün qiymət verməyərək, cehiz əşyalarını götürən zaman iddiaçıya qaytarılmış Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəstinin də cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh iddiaçıya məxsus yuxarıda qeyd edilən pandemiya dövründə satdığı və hazırda onun dəyərini ödəməyə hazır olduğu qızıl əşyasından başqa, iddiaçıya qətnamədə sadalanan digər qızılların heç birini hədiyyə etmədiyini, iddiaçının təqdim etdiyi fotoşəkillərdəki əşyaların hamısının bijuteriya olmasını göstərməsinə məhkəmə kollegiyası qiymət verərək inandırıcı saymır və bu izahatında göstərilənlərin əsassız arqument olaraq iddiaçı qarşısında mülki məsuliyyətdən yayınması kimi qiymətləndirir. Belə ki, gəlinə toy və nişan mərasimlərində adətən qızıl əşyaları hədiyyə edilir. Əgər həmin əşyalar qızıl deyil, bijuteriya olsa idi, ekspertiza zamanı bu hal mütəxəssislər və ekspert tərəfindən mütləq qeyd edilərdi. Lakin rəydən görünür ki, belə bir qeyd yoxdur və ekspert qızıl əşyalarının dəyərini göstərmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən - İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəstinin (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı) və Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəstinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumunun məbləği onların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)- 92/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilən - İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəstinin (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı) və Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəstinin Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə