Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1299/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 1117/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "əmlak bölgüsü" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4 mkr, ev 5, mənzil 123) ünvanında yerləşən mənzilin birgə mülkiyyət hesab edilməsi, birgə mülkiyyətdə payların müəyyən edilməsi, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 5, mənzil 123) ünvanında yerləşən mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınması, qalan 1/3 hissəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov, iş № 2(010)-1117/20) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin sözügedən qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha 2003-cü ildə daxil olmuş, rəsmi nikahdan xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikah 2017-ci ildə pozulmuş, cavabdehdən uşaqlarının saxlanılması üçün aliment tutulması müəyyən edilmişdir. Cavabdehlə birgə nikah dövründə Hövsan qəsəbəsində E.Məmmədov küçəsi, ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 5, mənzil 123) ünvanında yerləşən 3 otaqlı mənzili Ağayeva Rəfiqə Zöhrab qızından almışlar. Alqı-satqı müqaviləsi xx.xx.2005-ci ildə 35 saylı notariat kontorunda cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh alqı-satqı müqaviləsini məqsədli şəkildə DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə təqdim etmədiyindən mənzilə mülkiyyət hüququ qeydə alınmamış və çıxarış verilməmişdir. Hazırda o, övladları və cavabdeh həmin mübahisəli ünvanda yaşayırlar. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, tərəflər xx xxxxxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, xx xxxxxx 2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Birgə nikahdan 2004, 2007 və 2012-ci il təvəllüdlü üç uşaqları vardır. Tərəflər xx.xx.2005-ci ildə, yəni birgə nikah dövründə Bakı şəhəri Hövsan qəsəbəsi, 4-cü mkr-da yerləşən 5 saylı evin 3 otaqlı 123-cü mənzilini notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla əldə etmişlər. Alqı-satqı müqaviləsində alıcı kimi cavabdeh çıxış etmiş, lakin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçının tələbi mübahisəli mənzilin birgə mülkiyyət hesab edilməsi, birgə mülkiyyətdə payların müəyyən edilməsi, mənzilin 2/3 hissəsinə onun, qalan 1/3 hissəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin ümumi birgə mülkiyyət sayılması üçün həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qedə alınmalıdır. Nə qədər ki, mübahisəli mənzil xx.xx.2005-ci ildə alqı-satqı yolu ilə əldə edildikdən sonra alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qedə alınmamışdır, mənzilin tərəflərin ümumi birgə mülkiyyəti sayılması və mənzil üzərində iddiaçının payının müəyyən edilməsi də istisna olunur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 139.1-ci və Ailə Məcəlləsinin 32.2.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının 1-ci tələbi mübahisəli mənzilin birgə mülkiyyət hesab edilməsi, 2-ci tələbi birgə mülkiyyətdə payların müəyyən edilməsi, 3-cü tələbi isə müəyyən edilmiş paya mülkiyyət hüququnun tanınması barədədir. Göründüyü kimi, sonrakı tələblərin əsaslılığı özündən əvvəlki tələbin təmin olunubolunmamasından asılıdır. Məhkəmə kollegiyası 1-ci tələblə bağlı qeyd edir ki, əmlakın ümumi birgə mülkiyyət sayılması üçün o, ilk növbədə ərlə arvadın birgə nikah dövründə əldə olunmalıdır. Bu tələb Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrindən irəli gəlir. İşdən göründüyü kimi, mübahisəli mənzilin tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Adı çəkilən normaların məzmunundan göründüyü kimi, ərlə arvadın birgə nikah dövründə əldə etdiklərin əmlakın ümumi birgə mülkiyyət sayılması üçün həmin əmlaka dair əldə edilən hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş olması nəzərdə tutulmamışdır. Ona görə də, iddia tələbi qeyd olunan hissədə təmin olunmaqla mübahisəli mənzil ümumi birgə mülkiyyət hesab edilməlidir. Mübahisəli mənzil ümumi birgə mülkiyyət sayıldıqdan sonra həll edilməli olan 2-ci tələb həmin əmlakda payların və pay nisbətinin müəyyən edilməsi, 3-cü tələb isə müəyyən edilən pay üzərində mülkiyyət hüququnun tanınmasıdır. Ailə Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadının ümumi əmlakının bölünməsi zamanı payların və pay nisbətinin müəyyən edilməsi Ailə Məcəlləsinin 37-ci maddəsi ilə tənzim olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, payların qeyri-bərabər bülünməsi üçün Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən mübahisəli mənzildə tərəflərin payları bərabər sayılmalı və hər birinin həmin pay üzərində mülkiyyət hüququ tanınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Bakı şəhəri, Hövsan qəsəbəsi E.Məmmədov küçəsində yerləşən 5 saylı evin 3 otaqlı 123-cü mənzili (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 5, mənzil 123) tərəflərin ümumi birgə mülkiyyəti sayılsın. Həmin mənzildə İddiaçı və Cavabdehun payları bərabər, yəni ½ hissədə müəyyən edilsin və onların həmin paylar üzərində mülkiyyət hüquqları tanınsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1299/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1299/2021
03.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver