Məhkəmə qərarları › İş №2(103)-1301/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1301/2021

02.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1301/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4502/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri, cavabdehin mülkiyyətində olan Quba rayonu Zizik kəndində yerləşən 0,12 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin birgə mülkiyyət hesab edilməklə bölünməsi və həmin torpaq sahələrinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, “Xəzər İnşaat XXİ Əsr” Mənzil Tikinti Kooperativi ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ödənilmiş 36903 manat pulun 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək Quba rayonu Zizik kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, № ******* saylı və seriya RX, № ******* saylı çıxarışlara əsasən cavabdehin mülkiyyətindəki 0,12 ha və 0,10 ha həyətyanı torpaq sahələri üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4502/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh şikayət verərək Suraxanı Rayon Məhkəməsinin 2(010)-4502/2020 saylı mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki torpaq sahələrinin pulunu, birinci dəfə 9000 manat Cavabdeh dayısı X1 borc olaraq 2013-cü ilin mart ayında almış, ikinci dəfə də təxminən bir il sonra, yəni 2014-cü ilin aprel ayında dayısı X1 8000 manat borca almışdır. Lakin bu günə kimi dayısı X2 olan 17000 manat pulu qaytarmamışdır. Hazırda dayısı X3 torpağın alınması üçün verdiyi 17000 manat borc pulu geri tələb edir. Əks təqdirdə torpağın cavabdehdən alınıb öz mülkiyyətinə keçirilməsini tələb edir. Ona görə də həmin əmlaklar üzərinə qoyulmuş həbs məhkəmə qaydasında götürülməlidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4502/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Baxılan iş üzrə ilk iddia ərizəsi üzrə iddiaçının tələbi əmlak bölgüsüdür. İddianı təmin etmə tədbiri qismində əmlak üzərinə həbs qoyulması barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyrimümkün edə bilər. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4502/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar