Məhkəmə qərarları › İş №2(103)-1304/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1304/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1304/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh X3 və onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-693/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Bank VTB (Azərbaycan) ASC cavabdeh X2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1-31401 saylı kredit müqaviləsinə əsasən 11 dekabr 2019-cu il tarixə Banka borclu olduğu 77.405,85 manat əsas borc, 5.315,36 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 manat pul məbləğinin, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın predmetinə tutmanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına; ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinə yönəldilməsinə, bağ evinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və bağ evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-693/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77.405,85 manat əsas borc, 5.315,36 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləğinin tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulmalı olan borcun məbləği öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərrac yolu ilə realizə edilməsi, bağ evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m ümumi sahədən ibarət 3562E saylı bağ evinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən olunması, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılması və bağ evinin boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə cavabdeh İİ Qarabağ müharibəsində iştirak edərək yaralandığından hərbi əməliyyatlarda olduğu müddətdə məhkəmə iş üzrə icraatı dayandırmalı idi. Bundan başqa, iddiaçı ilə imzalanmış ipoteka və kredit müqaviləsi üzrə öhdəliyə görə cavabdeh olan X5r. Beləliklə, hazırki Cavabdeh əsl cavabdeh X6 ilə əvəz edilməli və bütün maraqlı şəxslər işə cəlb olunmalıdır. Həmçinin, iddiaçı digər cavabdehləri müvafiq pretenziya məktubu ilə xəbərdar etməli idi. Bundan başqa, cavabdeh ipoteka predmetinin qiymətləndirilməsi hissəsində də məhkəmənin gəldiyi nəticəni əsassız hesab edərək ipoteka predmetinin qiymətləndirilməsinə dair ekspertiza keçirilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdeh X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçının müçayəndəsi Nümayəndə məhkəmə iclasında şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 251128-1-31401 nömrəli, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh illik 7 (yeddi) faiz hesablanması şərti ilə 300 (üç yüz) ay müddətinə 78.400 (yetmiş səkkiz min dörd yüz) AZN məbləğində ipoteka krediti verilmişdir. İşdə olan 51128-1-31401 nömrəli 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq 554,11 manat olmaqla, əsas borca görə 78,400.00 manat, faiz borcuna görə 87,882.56 manat olmaqla, cəmi 166,282.56 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 28 avqust 2018-ci il tarixli 2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh 78,400.00 manat köçürülmüşdür. İşdə olan satıcı X7, alıcı - ipoteka qoyan Cavabdeh və ipoteka saxlayan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli 251129-NEDVİJ-4759 №-li “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən satıcı ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən 22 may 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı - ipoteka qoyanın mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, ünvan 2 nömrəli bağ evi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmiş, Cavabdeh isə hüququ yüklü edilən şəxsdir. İş materiallarına əlavə edilmiş girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi tərəfindən verilmiş ekspert rəyində girov qoyulmuş ünvan 2 saylı bağ evinin dəyəri 85.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bank VTB (Azəraycan) ASCyə 51128-1-31401 nömrəli, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə olan əsas borcu 77406.43 manat, faiz borcu 1894,23 manat, cərimə borcu 0,00 manat, cəmi borc 79300.66 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bank VTB (Azəraycan) ASCyə 51128-1-31401 nömrəli, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan əsas borcu 77405.85 manat, faiz borcu 5315,36 manat, cərimə borcu 0,00 manat, cəmi borc 82721.21 manat təşkil edir. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə ipoteka predmeti olan evin qiyməıtləndirilməsi həyata keçirilmiş, "xxxx" MMC-nin 08 sentyabr 2020-ci il tarixli, ƏEM/S 17-439/20 saylı rəyi ilə ünvan 2 saylı bağ evinin bazar qiyməti 85.000 manat, likvid qiyməti 80.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaya cavab verməli olan şəxs olmadığını, ipoteka müqaviləsi onunla bağlansa da, ipoteka predmetinə faktiki sahibliyin X6 tərəfindən həyata keçirildiyini və həmin evdə Raufun yaşadığını, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını bildirmişdir. İş materiallarında olan iddia ərizəsindən və bildirişlərdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, məhkəmə bildirişləri və ekspertiza təyin olunması barədə qərardad cavabdehin məhkəməyə məlum olan ünvanına göndərilmiş, bu barədə müvafiq reyestr və xəbərnamə işə əlavə edilmişdir. Yalnız iş üzrə icraatın təzələnməsi və sonrakı məhkəmə iclasları İkinci Qarabağ müharibəsi dövrünə təsadüf etmişdir. Cavabdeh müharibədə iştirakı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirsə də, müharibədən əvvəl məhkəmə iclasında iştirak etməməsinin səbəblərini əsaslandıra bilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, məhkəmə cavabdehi rəsmi qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar etdiyindən, göstərilən prosessual əsaslarla qətnamənin ləğvi üçün əsas yoxdur. Bundan başqa, cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğunu bildirmişdir. Halbuki, kredit və ipoteka müqavilələri məhz cavabdehin sərbəst iradə ifadəsi ilə qarşılıqlı razılıq əsasında bağlanmış və sonuncu Bank qarşısında öhdəlik götürmüşdür. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilmiş, "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, H/03-PLS saylı rəyi ilə ünvan 2 saylı bağ evinin bazar qiyməti 115.000 manat, likvid qiyməti 95.000 manat müəyyən edilmişdir. Bu qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən kollegiya hesab edir ki, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiyməti ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən – ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur. Ona görə də, mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməklə, ipoteka predmeti olan ünvan 2 saylı bağ evinin ilkin satış qiyməti 95.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(002)-693/2020 nömrəli qətnaməsi ipoteka predmeti olan ünvan 2 saylı bağ evinin ilkin satış qiyməti dəyişdirilərək 95000 (doxsan beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manatın 200 manatı İddiaçı ASC-dən, 200 manatı isə cavabdeh X1 tutularaq "xxxx" MMC-nin hesabına (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar