Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1311/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli e-2(005)-746/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış və Bakı şəhəri 52 saylı notariat kontorunda təsdiq edilmiş 08 oktyabr 2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn ödənilməmiş 272860 ABŞ dolları məbləğində pulun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi aralarında bağlanmış 08 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməklə ipoteka predmetinin yenidən qiymətləndirilərək açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul məbləği borcun ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehin digər əmlaklarına yönəldilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış 08 oktyabr 2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən Cavabdeh İddiaçı ekvivalenti 342860 ABŞ dollarına bərabər olan 360000 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini 5 il müddətində hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüş, eləcə də borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıması barədə zəmanət vermişdir. Cavabdeh mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə 08 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə borcun qaytarılması manat-ABŞ dolları ekvivalentində nəzərdə tutulduğuna görə tərəflər arasında borc üzrə hesablaşma ABŞ dolları ilə aparılmış, borc müqaviləsindən sonra cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ona 2017-ci ilin fevral ayına qədər hissə-hissə hər ay 5000 ABŞ dolları məbləğində ödənişlər etməklə cəmi 80000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Beləliklə, Cavabdeh ona 342860 ABŞ dolları məbləğində olan ümumi borcdan 80000 ABŞ dolları ödəməklə cəmi 272860 ABŞ dolları məbləğində borcu qalmışdır. İpoteka müqaviləsi bağlanan zaman tərəflər arasında razılaşmaya əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 250000 manat müəyyən olunmuşdur. Hesab edir ki, hal-hazırda daşınmaz əmlak bazarında müşahidə olunan ucuzlaşma tendensiyası ipoteka predmetinin real bazar qiymətlərindən nisbətən baha olması səbəbindən yenidən qiymətləndirilməsi zərurətini yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq, 23.11.2017-ci il tarixdə iddiaçı (ipoteka saxlayan) İddiaçı cavabdeh (ipoteka qoyan) Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş və borclu tərəfindən bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli e-2(005)- 746/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 272860 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, borc tələbi üzrə tutmanın Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 4A mənzil 139 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin likvid dəyərinin 235000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı borc tələbinin ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, eyni məsələ ilə bağlı əvvəllər tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında borcun Azərbaycan manatı ilə qaytarılmalı olması qeyd olunmuşdur. Bundan əlavə, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. 2013-cü ildə cavabdeh iddiaçıya məxsus məişət texnikasının satışı mağazasında işçi kimi fəaliyyət göstərmiş, 2015-ci ilin oktyabr ayında İddiaçı mağazada olan malların alınması üçün sərf etdiyi vəsaiti cavabdehdən istəmiş, mal qalığının dəyəri 310000 manat olmuş, malın satışından əldə olunacaq 50000 manat gəlir nəzərə alınmaqla iddiaçı cavabdehə təklif etmişdir ki, 360000 manat borcun etirafı haqqında müqavilə bağlasınlar. Cavabdeh bu təkliflə razılaşaraq müqavilə bağlamışdır. Malların satışından əldə edilən pul vəsaiti hissə-hissə İddiaçı ödənilmişdir. İddiaçı ondan xahiş etmişdir ki, onun “Accessbanka” ABŞ dolları ilə borcu olduğu üçün ona ödənilən pulu ABŞ dolları ilə ödəsinlər. Cavabdeh borcun 160000 ABŞ dolları məbləğində hissəsini qaytarmışdır. Malların satışından gəlir əldə olunmadığından, 50000 manat pulu qaytarmaq mümkün olmamışdır. Malların satışından əldə edilən pul vəsaitinin 30000 manat pul texniki xərclərə: nəqliyyat xərcləri, servis xidməti xərcləri, işçilərə verilən əmək haqqı, icarə haqlarına ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən borcun məbləği barədə riyazi səhvə də yol vermişdir. Belə ki, iddiaçı cavabdehin ona 342000 ABŞ dolları məbləğində borcunun olmasını, həmin borcun 80000 ABŞ dolları məbləğində hissəsinin ödənildiyini və 272000 ABŞ dolları məbləğində borcun qaldığını bildirmişdir. Halbuki, iddiaçının dedikləri nəzərə alındıqda riyazi hesablama ilə borcun məbləği 262000 ABŞ dolları məbləğində olmalı idi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, iddiaçı tərəf cavabdehin ona 80000 ABŞ dolları məbləğində borcu qaytarmasını etiraf edir. Borcun etirafına dair müqavilədə manatın ekvivalenti kimi 342860 ABŞ dolları göstərildiyindən iddiaçı borcun ABŞ dolları ilə qaytarılmasını tələb edir. Çünki müqavilədən də göründüyü kimi qeyd edilən şərtlə cavabdeh razılaşmışdır. Cavabdehin bildirdiyinə görə iddiaçının “Accessbanka” olan borcu ABŞ dolları ilə olduğu üçün ona ödənilən pulun da ABŞ dolları ilə olması barədə razılığa gəlmişlər. İddiaçı tərəf isə bu deyilənlə də razılaşmır, əks halda cavabdeh həmin pulu iddiaçıya yox, banka ödəmiş olardı. Bundan əlavə cavabdeh borc məbləğini 2015-ci ilin noyabr ayından başlamaqla hissə-hissə qaytarmış, birinci dəfə 1 ABŞ dolları 1,05 manat ekvivalenti ilə, qalan hallarda isə 1 ABŞ dolları 1,7 manat ekvivalenti ilə hesablanmışdır. Cavabdehin iddiaçıya 160000 ABŞ dolları məbləğində pul qaytarması barədə bildirdikləri həqiqətə uyğun deyil. Apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli e-2(005)-746/2021 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 oktyabr 2015-ci il tarixli 3M-605 saylı borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ekvivalenti 342860 ABŞ dollarına bərabər olan 360000 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini 5 il müddətinə hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 09 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İşdə olan sübutlarla cavabdehin iddiaçıya 360000 manat məbləğində borclu olmasını etiraf etməsi sübuta yetirilir. Cavabdeh iddiaçıdan 360000 manat məbləğində borclu olmamasını, həmin müqavilənin tərəflər arasında yaranmış işgüzar münasibətlərdən irəli gələrək bağlanmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, müqaviləni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədə cavabdehin iddiaçıya ekvivalenti 342860 ABŞ dollarına bərabər olan 360000 manat məbləğində borcunun olduğunu etiraf etməsi borcun ABŞ dolları ilə qaytarılmalı olmasını ehtiva etmir. Müqavilədən görünür ki, cavabdeh iddiaçıya məhz 360000 manat məbləğində borclu olmasını etiraf etmiş, həmin borcun müqavilə bağlanan anda 342860 ABŞ dolları ekvivalentində olması mötərizədə qeyd olunmuşdur. Borc verilən 360000 manat pul mülkiyyət kimi verildiyindən, mülkiyyət kimi də qaytarılmalıdır. Eyni mövqe tərəflər arasında hazırkı mübahisə ilə bağlı iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(102)-1645/2019 saylı qərarında da öz əksini tapmışdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ona verilmiş 360000 manatdan 80000 ABŞ dollarını qaytarmışdır. Həmin məbləğdə borcun qaytarılması iddiaçı tərəfindən də etiraf edilmişdir. Cavabdeh borcun 160000 ABŞ dolları məbləğində hissəsini qaytarılmasını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, tərəflər arasında əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi olan atası X4 həmin borcdan 150000 ABş dolları məbləğində olan hissəsini qaytardıqlarını, iddiaçıya təxminən 75000 manat borclu qaldıqlarını bildirmişdir. (i.v.27) Borcun 80000 ABŞ dolları məbləğində olan hissəsinin hər ay 5000 ABŞ dolları olmaqla 16 ay ərzində qaytarılmasını iddiaçı etiraf edir. İş materiallarından görünür ki, cavabdeh borc məbləğini 2015-ci ilin noyabr ayından başlamaqla hissə-hissə qaytarmış, borcun qaytarılması birinci dəfə 1 ABŞ dolları 1,05 manat ekvivalenti ilə, qalan 15 dəfə isə 1 ABŞ dolları 1,7 manat ekvivalenti ilə hesablanmışdır. Belə olan halda cavabdehin iddiaçı qarşısında 227250 manat pul öhdəliyi var. (5000x1,05=5250; 75000x1,70=127500; 360000-(5250+127500)=227250) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə pul məbləği tutulmalı olması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə düzgün nəticəyə gəlsə də, borcun məbləğini düzgün müəyyən etməmişdir. Buna görə də Cavabdeh İddiaçı xeyrinə tutulması olan borcun məbləği 227250 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli e-2(005)- 746/2021 saylı qətnaməsi borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan borcun məbləği 227250 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1311/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1311/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver