Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1312/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(009)-649/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(010)- 272/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 01 dekabr 2010-cu ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1528 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 11 sentyabr 2011-ci il təvəllüdlü X1 və 22 iyun 2014-cü il təvəllüdlü X2 boşanmadan sonra İddiaçı yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə 11 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat və 22 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğdə 170 manat məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 31 avqust 2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh ödənilmiş 20 manat məbləğdə pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət nəfinə 30 manat məbləğdə dövlət rüsumunun tutulması qət edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Allahverdiyev iİlkin Əli oğlunda qalmış iddiaçıya məxsus 1 ədəd qızıl üzük - 200 manat, 1 ədəd qızıl üzük – 250 manat, 1 ədəd qızıl üzük - 300 manat, 1 ədəd qızıl üzük - 300 manat, 1 ədəd sırğa - 800 manat, 1 ədəd qolbağ – 1000 manat, 1 ədəd kolye – 1500 manat olmaqla, ümumilikdə 4350 manat dəyərində olan cehiz əşyalarını və ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, aralarında münasibətləri korlandığı üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hələ nikahları pozulmamışdan bir qədər öncə cavabdeh ilə ailə münasibətləri kəskinləşdiyi üçün onlar birlikdə yaşamırlar. Lakin cavabdeh onu evdən çıxararkən ona aid qızıl-zinət əşyalarını ona verməmiş, qızıl zinət əşyaları cavabdehdə qalmışdır. Qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı o, Mediasiya Şurasına müraciət edərək həmin məsələni könüllü qaydada aralarında həll etmək istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün həmin problemin həlli mümkün olmamışdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(009)- 649/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 1 ədəd dəyəri 300 manat olan qızıl üzük, 1 ədəd dəyəri 300 manat olan qızıl üzüyün natura şəklində tutulması, qətnamə icra olunan vaxt qeyd edilən əmlakların mövcud olmadığı təqdirdə cavabdehdən iddiaçının xeyrinə mövcud olmayan əmlakların dəyərinin tutulması qət edilmişdir.
5. Qətnamənin əsaslarına görə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hədiyyə şəklində mübahisəli qızıl-zinət əşyaları verilmiş, qızıl-zinət əşyalarının bir hissəsi birgə nikah dövründə cavabdeh tərəfindən satılmışdır. İddiaçı cavabdehlə birgə yaşadığı evdən gedərkən ona məxsus qızıl-zinət əşyalarının özü ilə apara bilməmiş və cavabdeh həmin əşyalarının ona verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddia ərizəsində tələb olunan əmlaklardan qiyməti 200 manat və 250 manat olan üzüklər, qiyməti 800 manat olan sırğa, qiyməti 1000 manat olan qolbaq və qiyməti 1500 manat olan kolye birgə nikahda dövründə tərəflər arasında olan nikah pozulmamışdan 3-4 il əvvəl cavabdeh tərəfindən satılmışdır. İddiaçı cavabdehlə birgə yaşadığı evdən çıxıb gedərkən hər birinin qiyməti 300 manat olan 2 ədəd qızıl üzük iddiaçıya verilmədiyindən, həmin əmlakların cavabdehdən tutulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2, 152.1, 157.2, 225.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətinin dəlillərinə görə, iş materiallarından da göründüyü kimi iddiaçı tələb etdiyi əmlakın yəni qızıl-zinət əşyalarının mövcudluğunu, cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 181. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.
17. Mübahisənin qanuni həlli baxımından qeyd edilməlidir ki, hazırkı iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir.
18. Həmin maddə ilə təsbit olunmuş mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi məqsədi ilə məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır.
19. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.
20. Hazırkı iş üzrə isə, nəinki bu şərtlərin birlikdə olmaları, qanunsuz sahiblikdən geri tələb edilən əmlakların ümumiyyətlə mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
21. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən isə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
23. Belə ki, birinci instansiya məhkəməsinin heç bir mötəbər sübutdan istifadə edilmədən, yalnız iddiaçının bir sıra mülahizələrinə əsaslanmaqla çıxarılan qətnaməsi qanuni və əsaslı olmamışdır.
24. İddianın bu hissədə təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə ilkin olaraq mübahisə predmeti olan qızıl – zinət əyşalarının mövcudluğu, onların hədiyyə olunması, dəyəri, yəni, hansı parametrlərinə görə hər birinin 300 manat qiymətləndirilməsi və digər halları təsdiq edən sübutlar təqdim olunmalı idi.
25. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim olunmasa da, məhkəmə yalnız iddiaçının izahatına əsaslanmaqla yekun nəticəyə gəlmişdir. Halbuki, MPM-nin 106.1-ci maddəsinlz işdə iştirak edən şəxslərin izahatlarının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılması və qiymətləndirilməsi imperativ olaraq qeyd olunur.
26. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(009)-649/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(009)-649/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev