Məhkəmə qərarları › İş №2(103)-1333/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1333/2023

12.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1333/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X14 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X16 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, tərcüməçi X2, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-577/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədinə əsasən borclu Nümayəndə 9.500 ABŞ dolları məbləğində pul alınaraq tələbkar X10 xeyrinə, borclu İddiaçı isə 2.000 manat məbləğində pul alınaraq tələbkar X4 xeyrinə ödənilməlidir.

2. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Pərviz Hacızadə tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(010)-390/2020 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.

4. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Pərviz Hacızadə tərəfindən “X1 Mərkəzi” MMC-yə satış qiyməti 62.000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barədə hərrac keçirilməsinə dair sifariş verilmişdir.

5. “X1 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında Y-139 nömrəli, xx.xx.2021-ci il tarixli protokolunun surətindən görünür ki, Suraxanı rayon icra və probasiya şöbəsinin sifarişinə (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra vərəqəsinə) əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 37.200 manata X7 satılmışdır.

6. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 321527 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 973 nömrə ilə qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 37.200 manata qalib alıcı X7 satan “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021-ci il tarixli “hərracın nəticələri haqqında” YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1574/2019 saylı, 16 dekabr 2019-cu il tarixli icra vərəqəsi ilə Nümayəndə 9.500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti alınaraq iddiaçı X10 xeyrinə, İddiaçı 2.000 (iki min) manat pul vəsaiti alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra işi Suraxanı rayonu icra şöbəsinin icraatına daxil olmuş, iş üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərtib edilərək, onun yaşayış ünvanına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən onun və Nümayəndə adına tələbin yönəldilə biləcəyi əmlakların və əmanətlərin olub-olmamasını müəyyən etmək məqsədi ilə onun Nümayəndə ilə birgə nikahda olmasına əsaslanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron icra sisteminin çıxarışından onun adına aşkar edilmiş, atası X8 bacılarının razılığı ilə onun adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-390/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu icra şöbəsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-390/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə ona məxus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-dən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etmiş və icra edilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 70 saylı tərtib olunmuş hesabatı ilə ona məxsus fərdi yaşayış evi 62.000 (altmış iki min) manata qiymətləndirilmişdir. Əmlakına verilən qiymətdən sonra Suraxanı rayon İcra şöbəsinin icra məmuru hərracın keçirilməsi haqqında sifarişi qəbul edərək 2.000 manat borca görə ona məxsus 62.000 manata qiymətləndirilən fərdi yaşayış evinin hərracını həyata keçirməsini “X1 Mərkəzi” MMC-yə həvalə edir. “X1 Mərkəzi” MMCnin 04 avqust 2021-ci il tarixli, YP seriyalı, 139 nömrəli “hərracın nəticələri haqqında protokolu ilə ona məxsus olan 62.000 manat quymətləndirilən fərdi yaşayış evi 37.200 manata X7 satılır. Hərracın nəticələri ilə razı deyil, belə ki, 2.000 manat borca görə ona məxsus mənzil 37.200 manat satıla bilməz. Odur ki, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 37.200 manata qalib alıcı X7 satan “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021-ci il tarixli, YP seriyalı, 139 nömrəli “hərracın nəticələri haqqında protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əkbərli) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC tərəfinən tərtib edilmiş “hərracın nəticələri haqqında” 04 avqust 2021-ci il tarixli, YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi qət edilmişdirş

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, üzərinə həbs qoyulmuş və açıq hərracdan satılması sifariş edilmiş, hazırki mübahisə predmetini təşkil edən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, hazırki iş üzrə İddiaçı digər borclu olan əri Nümayəndə ilə birgə mülkiyyətində olmamaqla, tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Buna baxmayaraq Suraxanı rayon İcra şöbəsi tərəfindən fərdi yaşayış evinin borclu İddiaçı mülkiyyətinə əvəzsiz olaraq vərəsəlik qaydasında keçməsi xüsusatı araşdırılmamış və həmin fərdi yaşayış evi səhvən borcluların birgə mülkiyyəti kimi qiymətləndirilərək üzərinə həbs qoyulmasına dair təqdimat verilmiş, daha sonra isə icra sənədi üzrə hər iki borcluya münasibətdə tələbin təmin edilməsi üçün açıq hərracdan satılmasına dair sifariş verilmişdir. Hazırda isə İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədinə əsasən 2000 manat borcunu tam şəkildə ödəmişdir. Belə olan halda isə ona qarşı icra sənədi üzrə tələb aradan qalxmışdır.

11. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmamışdır. Bundan başqa hazırki işin faktiki hallarından göründüyü kimi, həmin hərracın keçirilməsinə əsas olmuş Suraxanı rayon İcra şöbəsinin 04 mart 2021-ci il tarixli sifarişi hüquqazidd olmuşdur. Bu hal isə özü-özlüyündə xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun etibarsızlığına dəlalət edir.

12. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən icra məmurunun hərəkətləri və icra işi üzrə qəbul etdiyi aktlar mübahisləndirilməsə də, məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol və onun nəticələri özü-özlüyündə etibarsızdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 415.1, 415.2, 415.3, 416.1, 416.2, 337.1, 337.4, “İcra haqqında” qanunun 53.2, 61.1, 61.2, 61.3, 62-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-577/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı iddia tələbinin rədd edilməsi və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş “hərracın nəticələri haqqında” 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolunun qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu İcra şöbəsinin icra məmuru Pərviz Hacızadənin hərracın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli sifarişindən müəyyən edilir ki, “X1 Mərkəzi” MMC-dən X6 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evi barədə hərrac keçirilmişdir. “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021-ci il tarixli “hərracın nəticələri haqqında” YP seriyalı 139 nömrəli protokolundan görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 37.200 manata X7 satılmışdır. Əvvəla, tutmanın hər iki borca görə birgə mülkiyyətdə olmayan əmlaka yönəldilməsini qanuni sayılmasa da belə, bu sifarişi icra qurumu verib və əgər yanlışlıq varsa, bu hissədə iddiaya cavab verməli şəxs hərrac təşkilatı deyil, Suraxanı rayon İcra və Probasiya şöbəsidir. Məhkəmə dəfələrlə iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz etməyi təklif etsə də, iddiaçı bundan imtina edib. Məhkəmə isə, əsl olmayan cavabdehə qarşı iddianı təmin etməklə, ciddi pozuntuya yol verib. İkincisi, məhkəmə hesab edib ki, Tahirə Syiddova ona aid 2000 manat borcu ödədiyi üçün, ona qarşı tələb aradan qalxmışdır. Məhkəmə nəzərə almayıb ki, hazırkı məhkəmə araşdırmasının predmeti hərracın düzgün keçirilib-keçirilməməsinə qiymət verməkdir. Tahirə Əsədova 2000 manat borcunu xx.xx.2022-ci ildə, məhkəmənin 7-ci iclasından və hərracın keçirilməsindən 1 il sonra hakimin təklifi ilə ödəmişdir. Bu borcun ödənilməsi özlüyündə hərracın nəticələrinin qanunsuz sayılması üçün əsas ola bilməz. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində hərrac və ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi qaydasında dair kifayət qədər normaya istinad etsə də, əsaslandırıcı hissədə həmin normaların hazırkı işə aidiyyətini əsaslandırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. 18.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar əvvəlcə 2 min manat borcun yoldaşının maaşından tutulmasını istəmişdir, lakin sonra borc maaşa yönəlməmişdir. İcra məmuruna dəfələrlə bildirmişlər ki, tutulma yoldaşının maaşına yönəldilsin. Məhkəmə gedişatı zamanı 2 min manat ödənilmişdir.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 26.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

27. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 28.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

29. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

30. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Respublikası “İcra haqqında” Qanununun

31.43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 32.44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. 33.44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

34. 44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir.

35. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir

36. 45.6 və 45.7-ci maddələrinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.

37. 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

38. 53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

39. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 40.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 41.61.3-cü maddəsinə əsasən, sifarişə icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilir. 42.62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 43.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

44.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir.

47. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək vərəsəlik qaydasında mülkiyyətinə keçmiş və birgə nikah dövründə əldə olunan əmlak sayılmayan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə müvafiq icra sənədinin icra edilməsi məqsədilə tutmanın yönəldilməsindən, 2.000 manatlıq borcuna görə ona məxsus və 62.000 manat məbləğində qiymətləndirilmiş evin açıq hərracdan satılmasından narazı olduğu bildirmişdir.

48. Birinci instansiya məhkəməsi mübahisəli ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin, digər borclu ilə birgə mülkiyyətində olmamaqla tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq bu halın Suraxanı rayon İcra şöbəsi tərəfindən araşdırılmaması, həmin fərdi yaşayış evinin səhvən borcluların birgə mülkiyyəti kimi qiymətləndirilərək üzərinə həbs qoyulmasına dair təqdimat verilməsi, daha sonra isə icra sənədi üzrə hər iki borcluya münasibətdə tələbin təmin edilməsi üçün açıq hərracdan satılmasına dair sifariş verilməsi, hazırda isə İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1574/2019 saylı icra sənədinə əsasən 2.000 manatlıq borcunun tam şəkildə ödənilməsi, bununla da icra sənədi üzrə tələbin aradan qalxmasına istinad etmişdir. 49.Eyni zamanda məhkəmə mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun və onun yaratdığı nəticələrin, protokol sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmadığından özü-özlüyündə etibarsız olduğunu qeyd etmişdir. 50.Göründüyü kimi məhkəmə cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı verilən iddia üzrə işin hallarını araşdırarkən icra məmurunun hərəkətlərinin qanunsuz olduğunu müəyyən etmiş, xx.xx.2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmadığından hərracın nəticələrini etibarsız hesab etmişdir. 51.Halbuki iddia ərizəsində icra məmurunun hərəkətlərindən narazı olduğunu bildirən iddiaçı hərracın nəticələrinin etibarsız olmasının müəyyən edilməsinə və protokolun ləğv edilməsinə əsas ola biləcək hər hansı hərəkətə cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən yol verildiyini göstərməmiş, əmlakın onun mülkiyyətinə vərəsəlik qaydasında keçdiyini, əmlakın qiymətinin yüksək olmasına baxmayaraq ucuz qiymətə satıldığını və s. kimi icra məmurunun səlahiyyətlərinə aid hərəkətləri sadalamaqla kifayətlənmişdir. 52.Hazırki işin hallarından isə müəyyən edilir ki, borclu (iddiaçı) icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmış, bu səbəbdən icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(010)-390/2020 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, mübahisəli əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. 53.İcra məmuru tərəfindən icra sənədinin icra edilməsi məqsədi ilə borclunun icra qaydasında üzərinə həbs qoyulmuş əmlakının hərracda satılmasına dair sifariş məktubu hərrac təşkilatına göndərilmişdir. Hərrac təşkilatı qeyd edilən sifariş əsasında hərracı icra qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirmişdir. Belə ki, xx.xx.2021-ci, xx.xx.2021ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərinə təyin olunmuş hərraclar baş tutmamış, təkrar hərraclar da baş tutmadığından ilkin satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməklə əmlak X9 tərəfindən müvafiq qiymətə xx.xx.2021-ci il tarixində əldə edilmişdir. 54.Əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını, “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri isə xüsusi qaydasını müəyyən edir. Məhkəmə kollegiyası cavabdeh “X1 Mərkəzi” MMC-yə münasibətdə hazırki işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil apararkən aşağıdakıları qeyd etməyi zəruri sayır. 55.Belə ki, hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş hüquqi şəxsin hərəkətlərində keçirilmiş hərracın nəticələrinin etibarsız olmasına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı pozuntuya yol verilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, borclunun əmlakının satılması üzrə hərraclar “İcra haqqında” Qanunun 53.2, 61.1 və 61.2-ci maddələrinə əsasən keçirilmiş, yəni əmlakın üzərinə həbs qoyulduqdan və bu əmlak qiymətləndirildikdən sonra icra məmuru tərəfindən hərrac təşkilatına sifariş verilmiş, sifarişdə hərraca qoyulan əmlakın bazar dəyəri ilə müəyyən edilmiş ilkin satış qiyməti göstərilmiş, hərrac (icra məmurundan müvafiq sifarişin alındığı gündən 1 ay müddətində) 3 aylıq müddət çərçivəsində, hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda, hər dəfə satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməklə və bu barədə maraqlı şəxslərə məlumat və kütləvi informasiya vasitələrində elan verilməklə keçirilmişdir. 56.Məhkəmə kollegiyası məhkəmə hərracın nəticələrinə dair yekun protokolun icra məmuru tərəfindən imzalanmamasına münasibət bildirərək qeyd edir ki, qanunverici hərracın nəticələrinə dair yekun protokolun icra məmuru tərəfindən imzalanmalı olması ilə bağlı imperativ şərt müəyyən etməmişdir. 57.Həmçinin, Mülki Məcəllənin 415.5-ci maddəsində açıq-aşkar qeyd edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 58.Göründüyü kimi, göstərilən normada nəticələri haqqında protokolu imzalamalı olan şəxslərin dairəsində icra məmuru qeyd olunmamışdır. 59.Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. İddiaçının icra məmurunun hərəkətlərinin qanunsuz olmasına dair şikayətə baxılması qaydası fərqlidir, bu əsasla keçirilmiş hərracın nəticəsində tərtib olunmuş protokolun ləğv edilməsini tələb etmək üçün iddia hərracı keçirmiş ixtisaslaşdırılmış müəssisəyə qarşı deyil, qanunsuz olması ehtimal edilən hərəkətlərə yol vermiş şəxsə yönəldilməlidir. 60.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilməlidir. 61.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-577/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar