Məhkəmə qərarları › İş №2(103)-1338/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1338/2025

25.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1338/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-8570/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinə əsasən Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən hissədəki payını onun adına özgəninkiləşdirməli olduğu hissədə təsdiq olunması, məhkəmə rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumuda həmçinin Maraqlı şəxs tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-8570/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) ərizə rədd edilmiş, ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilmişdir.

3. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, MPM-in 355-26.1nin maddəsinə əsasən barışıq sazişi iki əsasla, yəni qanuna zidd olduqda və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda təsdiq edilməsindən imtina edilə bilər. Hazırkı işin hallarından da göründüyü kimi, mediasiya sazişi qanuni bağlanmış, tərəflər təsdiq etmiş, yalnız barışıq sazişin 1-ci bəndinə əsasən 2-ci tərəf Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzilindən ½ hissədəki payını cavabdeh Maraqlı şəxs 1-ci tərəf Ərizəçi adına Daşınmaz Əmlakın Dövlət Reyestrində özəlləşdirməkdən imtina etmişdir.

5. İşin mübahisəsiz halıdır ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzil, çıxarış verilərkən müəyyən edilmiş ünvan ünvan 1l 34 (Yeni qaydalarla: Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsi, 311/M6/m6) ½ hissədə Ərizəçi, ½ hissədə isə Maraqlı şəxs məxsus olmaqla eyni ünvandır.

6. Bundan başqa, sazişin 2-ci tərəfi Maraqlı şəxs məhkəmə prosesində iştirak edərək barışıq sazişin 1-ci bəndində qeyd edilən mənzilin və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1l 34 (Yeni qaydalarla: ünvan 2 ünvan olmasını mübahisələndirməmişdir.

7. Ərizəçi göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, maraqlı şəxs barışıq sazişinin birinci bəndini icra etmir. MPM-in tələblərinə görə isə barışıq sazişi iki əsasla yəni qanuna zidd olduqda və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda təsdiq edilməsindən imtina edilə bilər. Hazırkı barışıq sazişinin icra edilməyən birinci bəndinə münasibətdə belə bir hal mövcud deyil. Bundan başqa, qarşı tərəf məhkəmə mübahisəsi olmasına istinad edir, rayon məhkəməsi də qətnaməsində konkret işə istinad etmədən, ümumi olaraq barışıq sazişinə dair məhkəmədə mübahisənin olmasına istinad etmişdir ki, bununla bağlı qeyd etdi ki, tərəflər arasında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Hazırkı təsdiq edilməsi xahiş edilən barışıq sazişi də məhz həmin məhkəmə mübahisələri zəmnində bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin barışıq sazişi ilə bağlı hər hansı məhkəmə mübahisəsi yoxdur.

9. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, barışıq sazişinin ikinci şərtində o, aldanmışdır, həmin şərtlə ancaq ona məxsus olan əmlakı oğluna bağışlamağı öhdəsinə götürmüş və həmin öhdəliyini də ica etmiş, mənzili oğluna bağışlamışdır. Məhz buna görə də barışıq sazişinin birinci bəndini icra etmək istəmir və icra etməyəcəkdir. Bununla belə, maraqlı şəxs həmin barışıq sazişi ilə bağlı məhkəmələrdə işin olmadığını və onu mübahisələndirmədiyini bildirdi. Süutların tədqiqi:

10. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş MŞB/2-00414/2024 saylı, xx.xx.2024-cü il tarixli “Barışıq sazişi”nin 1-ci bəndinə əsasən 2-ci tərəf Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzilindən ½ hissədəki payını 1-ci tərəf Ərizəçi adına Daşınmaz Əmlakın Dövlət Reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürür.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1l 34 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi,311/M6/m6) ½ hissədə Ərizəçi, ½ hissədə isə Maraqlı şəxs məxsusdur.

12. Bakı şəhəri Xətai Rayan İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.

13. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, həmin arayış Ərizəçi ona görə verilir ki, ondan ötrü ki, həqiqətən ünvan 3 ünvanda yerləşən yüksəkmərtəbəli yasayış binasının 5-ci korpus, 34 saylı menzil (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 311, M6, m6) ona məxsusdur ve həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır.

14. Proyekt dəyişikliyi olduğundan 27 saylı mənzil sonradan 34 saylı mənzil kimi qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlat Kadastrı va Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 3 otaqlı, ümumi sahəsi 99,97 kv.m. olan mənzil, sonradan 3 otaqlı, ümumi sahəsi 91,40 kv.m kimi qeydiyyatdan keçmisdir. Arayış Bakı Apellyasiya Məhkəməsinə təqdim etmək üçün verilir.

15. Təqdim edilmiş bildirişdən məlum olur ki, X1 cavabdeh Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” barədə tələb irəli sürmüşdür, həmin tələb üzrə iddia təmin edilməmiş, həmin mülki iş üzrə iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin 2(011)-7304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti də bildirişə əlavə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarıda qeyd edilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırkı halda qətnamə ərizəçi tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini onun şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməlidir.

21. Ərizəni təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birincisi, ərizəçinin təsdiq edilməsini xahiş etdiyi xx.xx.2024-cü il tarixli MŞB/2- 00414/2024 saylı mediasiya sazişin 1-ci bəndində qeyd edilən əmlakın ünvanı, dgər müəyyənedici əlamətləri qeyri-dəqiq, qeyri-müəyyəndir. Məhkəmə Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binanın hansı blokunda, mərtəbəsində, neçə nömrəli 3 otaqlı 100 kv.m sahəsi olan hansı mənzildən hansı hissədəki payını ərizəçinin adına özəlləşdirilməli olduğunu müəyyən edə bilmədiyindən, yəni barışıq sazişinin həmin bəndi qeyri-dəqiq olduğundan ərizəni təmin etməyi mümkün hesab etmir.

22. İkincisi isə, ərizəçi tərəfindən barışıq sazişinin təsdiq edilməsi tələb olunan maddəsi üzrə tərəflər arasında hazırda məhkəmə mübahisəsi mövcuddur və bu səbəbdən məhkəmə tərəfindən barışıq sazişinin məhkəmə qaydasında mübahisələndirilən maddəsinin təsdiq edilməsi hüquqdan sui istifadə hallarına səbəb olacağından məhkəmə barışıq sazişinin təsdiq edilməsini hüquqa zidd hesab edir.

23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur.

24. Hazırda ərizəçi maraqlı şəxs ilə aralarında bağladıqları xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinin maraqlı şəxs tərəfindən icra edilməməsi əsası ilə məhkəməyə müraciət etmiş, həmin hissədə (birinci bənd) barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir.

25. Maraqlı şəxs həmin birinci bəndi icra etməməsini barışıq sazişinin ikinci bəndi ilə bağlı aldadılması, yalnız ona məxsus olan əmlakı oğluna bağışlamağı öhdəsinə götürməsi və həmin hissədə də artıq öhdəliyini icra etməsi ilə əlaqələndirmişdir.

26. Göründüyü kimi, maraqlı şəxs sazişin birinci bəndini icra etməkdən yayınmasını təsdiq etmişdir. Maraqlı şəxs barışıq sazişinin ərizəçinin hazırda təsdiq olunmasını xahiş etdiyi birinci bəndini icra etməkdən imtinasını, barışıq sazişinin ikinci bəndinin onun hüququnu pozması ilə əlaqələndirmişdir. Bununla belə, o barışıq sazişinin həmin bəndini mabahisələndirməmiş, əksinə onu icra etmişdir belə olan halda aydın olur ki, maraqlı şəxsin bu dəlili barışıq sazişinin birinci bəndinin məhkəmə qaydasında təsdiq edilməsinə mane deyil. Məhkəmə kollegiyası xüsusi olaraq onu da qeyd edir ki, həmin barışıq sazişi münahisələndirilməmiş və hazırda qüvvədədir.

27. Ərizəni təmin etməyən rayon məhkəməsinin istinad etdiyi- hansı mənzildən hansı hissədəki payın özəlləşdirilməli olduğunu müəyyən edə bilməməsi barədə qeyd etdikləri üzrə bildirilir ki, ərizəçi tərəfindən təqdim edilən arayışdan məlum olur ki, sazişdə sözügedən ünvan 3 ünvanda yerləşən yüksəkmərtəbəli yasayış binasının 5-ci korpus, 34 saylı (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 311, M6, m6) mənzilidir ki, barışıq sazişinin həmin mənzil barəsində olması maraqlı şəxs tərəfindən də mübahisələndirilməmişdir.

28. Göründüyü kimi, rayon məhkəməsi hansı mənzildən bəhs edilməsi kimi sadə, həm də mübahisələndirilməyən bir məsələni araşdırmamış və mübahisəsiz olan bu hala ərizənin təmin edilməsindən imtina üçün əsas kimi istinad etmişdir ki, bu zaman rayon məhkəməsinin həmin mövqeyi anlaşılmaz olmuşdur.

29. Rayon məhkəməsi ərizənin təmin edilməsindən imtina edərkən ikinci əsas kimi barışıq sazişinin mübahisələndirilməsini qeyd etmişdir.

30. Məhkəmə kollegiyası tərəfindən barışıq sazişinin mübahisələndirilibmübahisələndirilməməsi barədə araşdırma aparılarkən tərəflər belə bir məhkəmə mübahisəsinin olmadığını bildirmişdir.

31. Ərizəçi tərəfindən təqdim edilmiş bildirişdən məlum olur ki, X2 cavabdeh Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” barədə tələb irəli sürmüş, həmin tələb üzrə iddia təmin edilməmiş, həmin mülki iş üzrə iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin 2(011)-7304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti də bildirişə əlavə edilmişdir. Həmin apellyasiya şikayətindən məlum olur ki, mübahisə məlum barışıq sazişinin dördüncü bəndinin icra edilməsi nəticəsində bağlanmış bağışlama müqaviləsi ilə bağlıdır. Həmin məhkəmə mübahisəsinin də əsası-kökü isə məhz barışıq sazişinin hazırda təsdiq edilməsi xahiş edilən birinci bəndinin icra edilməməsi ilə bağlıdır.

32. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, həmin barışıq sazişi mübahisələndirilsə idi belə, bu hal, hazırkı ərizənin təmin edilməməsi üçün yox, mülki iş üzrə icraatın dayandırılması üçün əsas ola bilərdi.

33. MPM-in 355-26.1.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

34. Beləliklə, xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndi qanunvericiliyə uyğun tərtib edildiyindən, onun təsdiq edilməsinə imkan verməyən qanunda təsbit olunmuş əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən, həmin barışıq sazişi- onun birinci bəndi- məhkəmə tərəfindən təsdiq edilməlidir. Nəticə:

35. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişinin 1-ci bəndi- yəni Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 311, M6, m6) ½ hissədəki payının Ərizəçi adına özgəninkiləşdirməli olduğu hissə təsdiq olunmalı, ödənilmiş 100 manat dövlət rüsumu da Maraqlı şəxs tutularaq iddiaçıya ödənilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-8570/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2- 00414/2024 saylı mediasiya sazişinin 1-ci bəndi- yəni Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 311, M6, m6) ½ hissədəki payının Ərizəçi adına özgəninkiləşdirilməli olduğu hissə təsdiq olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla, cəmi 150 (bir yüz əlli) manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar