Məhkəmə qərarları › İş №2(103)-13387/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13387/2019

13.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13387/2019 13.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-242/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, komplekt ağ qızıl - tərkibinə bir ədəd üzük, bir cüt sırğa, bir ədəd bilərzik, bir ədəd boyunbağı daxildir 8.000 manat, bir ədəd nişan üzüyü, ağ qızıl - 2.000 manat, sırğa “versace” 3 qram - 500 manat (anasının hədiyyəsi), gül üzük 8 qram, 750 əyar - 1.500 manat (anasının hədiyyəsi), şəbəkə üzük 1,5 qram 583 əyar - 300 manat (nənəsi verib) və ya onların dəyəri olan cəmi 12.800 manat pul məbləği və dövlət rüsumu olaraq ödədiyi 31 manat pulun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-242/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3.100 (üç min yüz) manat dəyərində bir ədəd üzük, bir cüt sırğa, bir ədəd bilərzik və bir ədəd boyunbağıdan ibarət ağ qızıl dəst, 900 (doqquz yüz) manat dəyərində nişan üzüyü və 300 (üç yüz) manat dəyərində 583 əyarlı, 5 qram olan şəbəkə qızıl üzük və ya həmin əşyalar olmadığı halda onların dəyəri alınaraq, İddiaçı verilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini, işə baxarkən ciddi qanun pozuntusuna yol vermiş hakim Anar Qasımov barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2016-cı ildə nikaha daxil olmuşlar. xx.xx.2017-ci ildə oğulları anadan olmuşdur. Aralarında bu gün faktiki heç bir nikah münasibəti yoxdur. 2018-ci ilin mart ayından cavabdehdən ayrı, anasının evində yaşayır. Cavabdeh və öz anası tərəfindən ona hədiyyə edilən, qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. Ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarından toyunda yalnız komplekt və nişan üzüyü taxmışdır. Digər qızıllardan istifadə etməmişdir. Toydan sonra qızıllarını qaynanası ondan alıb evində olan seyfinə qoymuşdur. Sonuncu dəfə 2018ci ilin fevral ayında qaynının qızının ad günündə həmin qızıllardan istifadə etmişdir. Sonra yenə qaynanası qızıllarını ondan alaraq məlum seyfə qoymuşdur. xx.xx.2018-ci il tarixdə cavabdehin anası ilə aralarında yaranan problemlə əlaqədar cavabdehin atası onu oğlu ilə birgə anasının evinə gətirmişdir. Anasının evinə göndərildiyi zaman oğlunun və onun bəzi gündəlik paltarları, o cümlədən kosmetik vasitələrini cavabdeh çantaya yığıb ona vermişdir. Cavabdehin anası ilə aralarında yaranan problemdən sonra, həyətdə digər evdə qaynının evində olmuşdur. Anasının evinə qaynının evindən getmişdir. Məhkəmə komplektin və nişan üzüyünün qiymətini müəyyən edərkən, yalnız cavabdeh tərəfin dediyi qiyməti götürmüşdür. Məhkəmə ziddiyyətli məqamları aradan qaldırmaq üçün qızılların qiymətini müəyyən etmək üçün ekspertiza təyin edə bilərdi, təssüf ki, bunu etməmişdir. Digər qızıllarla bağlı iddianı təmin etməməklə bildirmişdir ki, iddiaçı bu qızılların cavabdehin qanunsuz sahibliyində saxlanıldığını və ümumiyyətlə mövcudluğunu mötəbər şəkildə sübut edə bilməmişdir. Məhkəmənin təmin etdiyi komplekt və nişan üzüyün şəkilləri ilə yanaşı, mövcudluğu barədə “mötəbər sübut” təqdim etmədiyi qızılların da şəkillərini məhkəməyə təqdim etmiş və həmin qızıllarının digər təmin etdiyi qızıllar kimi cavabdehin evində qaldığını bildirmişdir. Maraqlı məqam odur ki, məhkəmə heç bir şəkli olmayan digər qızıllarla müqayisədə onun tərəfindən ucuz qiymətlərindirilən, nənəsinin ona hədiyyə etdiyi üzüyü təmin etmişdir. Amma şəkillərini təqdim etdiyi, ərə gedərkən apardığı və cavabdehin sahibliyində qalan qızıllarının qaytarılmasını təmin etməmişdir. Təmin olunan qızılların qiymətini aşağı qiymətləndirməklə yanaşı, ən aşağı qiyməti olan nənəsinin (ümumiyyətlə onun barəsində heç bir sübut təqdim edə bilməmişdir) ona hədiyyə etdiyi qızılı təmin etməklə məhkəmə qərəzli, obyektiv olmadığını bir daha nümayiş etdirmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı iddiasının təmin edilməməsi haqqında yeni qərar verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı sübut etmək vəzifəsi iddiaçının üzərində olduğu halda, hakim iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını sübutetmə yükünü ona aid etmişdir. Digər tərəfdən hakim hansı sübuta əsasən qənaətə gəlmişdir ki, komplekt ağ qızıl dəsti, nişan üzüyü və nənəsinin hədiyyə verdiyi şəbəkə qızıl üzük hal-hazırda iddiaçının deyil onun sahibliyindədir. Halbuki, şahid ifadələrinə və digər sübutlara əsasən həmin qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş, iddiaçının özünün də bildirdiyinə əsasən onun və uşağın lazımi bütün əşya və paltarlarını yığıb özünə vermişlər. Həmçinin iddiaçı ilə həmin gün evi tərk etməmişdən əvvəl də bir neçə dəfə ciddi mübahisələri olmuş və evi tərk edərək anasının yanına getmişdir, yəni münasibətlərinin pozulması Vüsalənin evi tərk etməsindən əvvəl olmuş və iddiaçı artıq münasibətlərinin düzəlməyəcəyini əvvəlcədən bildiyindən qızıl-zinət əşyalarını onlarda saxlaması absurddur. Çünki iddiaçı nə vaxtsa gedəcəyini əvvəlcədən bilirdi. Belə olan halda iddiaçının guya qızılzinət əşyalarının onda qalması iddiası gülüncdür. Belə ki, komplekt ağ qızıl və nişan üzüyü həmişə iddiaçıda olmuş və öz şəxsi əşyalarının yanında saxlamışdır. İddiaçı münasibətlərinin pozulduğunun fərqində olduğundan və nə vaxtsa evi tərk edə biləcəyini müəyyənləşdiriyindən komplekt ağ qızıl dəstini əvvəlcədən anasının evinə aparmışdır. Ümumiyyətlə, nişan üzüyü həm evdə, həm də harasa gedərkən iddiaçının həmişə barmağında olmuşdur. 300 manat dəyərində şəbəkə qızıl üzüyün iddiaçıya verilməsi hissəsi də tamamilə qərəzlidir. İddiaçının bildirdiyinə görə ona hədiyyə kimi nənəsi tərəfindən verilən şəbəkə üzüyü ümumiyyətlə o, heç bir vaxt iddiaçının barmağında görməmiş və həmin üzük heç bir vaxt onların evlərində olmamışdır. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apelyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, o, məhkəməyə şəkillər vermişdir. O, məhkəmədə demişdir ki, qiymətlər belədir. Qızıllar onunla birlikdə Mərkəzi Univermaqdan alınmışdır. Məhkəmə nənəsinin ona verdiyi üzüyü də təmin etmişdir. Hansı ki, o, həmin üzüyün şəklini təqdim etməmişdir. Doğuma qədər nişan üzüyü onda olmuşdur. Uşaq küməsdə qaldığına görə o da xəstəxanada qalmışdır. Sonra da anası evində olmuşdur. Məhkəmə iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apelyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, nişan üzüyü həmişə barmağında olmuşdur. Komplekt də özündə olmuşdur. Məhkəmə şəkilə əsasən qətnamə çıxarmışdır. Şəbəkə üzüyünə görə 300 manat pul kəsilmişdir. Məbləğləri o yazmışdır. Hansı qızılı neçəyə aldığını qeyd etmişdir. Qiymətləri o bilir. Komplekti 3100 manata, nişan üzüyünü isə 900 manata almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının anası X1 ifadəsində bildirmişdir ki, qızı Vüsalə cavabdeh Raminlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından bir övladları var. Lakin 2018-ci ilin mart ayında qızı ilə qaynanası arasında baş vermiş növbəti mübahisəyə görə uşağı ilə birlikdə onlara qaytarılmışdır. Həmin vaxt qızı aşağı düşüb özünə məxsus olan 2 çanta gətirmişdir. Çantada qızına və nəvəsinə məxsus bəzi geyim əşyaları və kosmetika olmuşdur. Həmin vaxt nə qızının üzərində, nə də çantada qızına hədiyyə şəklində verilmiş və iddia tələbində göstərilən qızıllar olmamışdır. Həmin qızıllardan komplekt dəsti və nişan üzüyü cavabdeh tərəfindən hədiyyə edilmiş, qızıl gül formasında olan üzüyü üz görümlüyünə gedən zaman, qızıl sırğa isə qızı birinci dəfə onlara gələn zaman hədiyyə etmişdir. Eləcə də qaynanası qızına sep medalyon, nənəsi isə qızıl üzük hədiyyə etmişdir. Həmin qızıl gül formasında olan üzüyün mövcudluğu iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkildə öz əksini tapmışdır. Belə ki, həmin qızılı hədiyyə verilməsi üçün əldə etdikdən sonra evdə fotoşəkilini çəkmiş və bacısı, anası və qızı ilə həmin fotoşəkili paylaşmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehin qardaşı arvadı Lalə Ələkbərova ifadəsində bildirmişdir ki, qaynı Ələkbərov Cavabdeh Vüsalə Rasim qızı ilə xx xxxxxx 2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından bir övladları var. Nişan və toy mərasimlərində cavabdeh tərəfindən iddiaçıya, qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Lakin cavabdehin Vüsaləyə almış olduqları qızıl-zinət əşyalarının dəyəri iddia ərizəsində göstərilən məbləğdə olmamışdır. Çünki, Vüsaləyə hədiyyə edilmiş qızıl-zinət əşyalarını onlar tərəfindən alınmış olduğundan həmin əşyaların qiymətlərini dəqiq bilir. Yəni, cavabdehin Vüsaləyə hədiyyə etdiyi bir dəst ağ qızıl olan komplekti Laçın ticarət mərkəzindən 3.100 manata, nişan üzüyünü isə 900 manata almışlar. Həmin qızılları həmişə Vüsalənin özündə olmuş və o, 2018-ci ilin mart ayında evdən çıxıb gedən zaman özü ilə aparmışdır. Vüsalənin məhkəmədə bildirdikləri həqiqəti əks etdirmir, çünki o da Vüsalə kimi həmin ailənin gəlinidir, lakin qızıl zinət əşyaları qaynanasında deyil, özünün sahibliyindədir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edir ki, mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı ilə Cavabdeh xx xxxxxx 2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurub cavabdehin evində birgə təsərrüfat apardıqlarını, xx xxxx 2018-ci ildə onların faktiki olaraq ailə münasibətlərinə son qoyularaq İddiaçı valideynlərinin evinə qayıtdığını, eləcə də nikah münasibətləri dövründə Cavabdeh və onun ailəsi tərəfindən İddiaçı bir ədəd qızıl nişan üzük və ağ qızıldan ibarət komplekt, eləcə də iddiaçıya nənəsi tərəfindən bir ədəd şəbəkə qızıl üzüyün bağışlandığını etiraf etməsini nəzərə alır və Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azaddır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə birgə yaşadıqları evi münaqişəli vəziyyətdə tərk etmişdir. İşin bu halı da sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçının özünə məxsus əşyalarının saxlanıldığı yerdən aparılması ilə bağlı sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Bu isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı tələb etdiyi əmlakların bir qisminin mövcud olması təsdiq olunduğuna görə, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar mübahisəli evdə qalaraq cavabdehin sahibliyinə keçmişdir. Cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Əvvəla, iddiaçının evi tərk etmə vaxtı və şəraiti, həmin vaxt şəxsiyət vəsiqəsinin cavabdehin evində qalması onun getməyi əvvəlcədən planlaşdırdığını ciddi şəkildə şübhə altına alır. Bu isə ona dəlalət edir ki, iddiaçı əvvəlcədən hazırlaşmadığı üçün qızıl-zinət əşyalarını da gedərkən özü ilə götürməmişdir. İddiaçı tərəf isə bu halları bildirdiklərində ardıcıl olmuşdur ki, bu da onun bildirdiklərinin inandırıcılığını artırır. Beləliklə də bir ədəd qızıl nişan üzük və ağ qızıldan ibarət bir dəst komplektin, eləcə də iddiaçıya nənəsi tərəfindən bir ədəd şəbəkə qızıl üzüyün tələb edilməsinə dair hissədə iddia əsaslı olduğuna görə təmin edilməlidir. Cavabdeh tərəf məhkəmə icraatı zamanı qızılların qiymətini iddia ərizəsində göstərilən məbləğdən aşağı qiymət olduğunu bildirmişdir. Bu ziddiyyətlə bağlı araşdırılma aparılan zaman iddiaçı qeyd etmişdir ki, həmin zinət əşyalarının dəyərini müvafiq olaraq qızıl alveri ilə məşğul olan şəxsdən öyrənərək iddia ərizəsi verilən vaxta münasibətdə qeyd etmişdir. Lakin iddiaçının bu dediklərinə şübhə ilə yanaşaraq və eyni zamanda cavabdehin bununla bağlı etirazlarını nəzərə alıb məhkəmə qeyd edir ki, bir ədəd qızıl nişan üzük və ağ qızıldan ibarət bir dəst komplekti məhz cavabdeh tərəfindən alınaraq iddiaçıya hədiyyə edilmişdir. Belə olan halda həmin komlpektin 3100 manata, nişan üzüyünün isə 900 manat alınması ilə bağlı cavabdehin bildirdikləri iddiaçı tərəfindən heç bir tutarlı sübutla təkzib olunmamışdır. Məhkəmə həmçinin bu nəticəyə gəlir ki, iddia tələbində qeyd olunmuş şəbəkə üzüyün mövcudluğundan başqa onun dəyəri (300 manat) də cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu hal işin mübahisəsiz halı kimi qəbul olunmalıdır. Beləliklə də məhkəmə Mülki-Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, bir ədəd qızıl nişan üzüyünün dəyəri 900 manat, ağ qızıldan ibarət komplektin dəyəri 3100 manat, şəbəkə üzüyün dəyəri 300 manat məbləğində müəyyən edilməlidir. Bununla belə yuxarıda qeyd olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı 1 ədəd 500 manat dəyərində, 3 qram çəkisi olan “versace” sırğanın, 1 ədəd 1500 manat dəyərində, 750 əyarlı, 8 qram çəkisi olan gül üzüyu və bir ədəd 500 manat dəyərində boyunbağının ona hədiyyə edildiyini, cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını və ümumiyyətlə mövcudluğunu mötəbər şəkildə sübut edə bilməmişdir. Belə ki, həmin qızıl zinət əşyalarının mövcud olmasını təsdiq etmək üçün iddiaçı yalnız bir şahidin ifadəsini, eləcə də iddia ərizəsinə əlavə olunmuş gül üzüyünün fotoşəkilini təqdim etmişdir. Lakin məhkəmə qeyd edir ki, həmin şahid iddiaçının anası olduğuna görə sonuncunun ifadəsi digər sübutlarla təsdiq olunduğu halda mötəbər sübut kimi qiymətləndirilə bilərdi. Ancaq məhkəmə araşdırması ilə bu hal baş vermədiyindən, təqdim olunmuş fotoşəkillə bağlı isə iddiaçı ilə şahid biri-birinə zidd xüsusatları bildirdiklərindən məhkəmə şahidin ifadəsinə tənqidi yanaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 135.7, 152.1 və 157.2-ci maddələrini tətbiq etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardadın çıxarılması barədə apellyasiya şikayətində göstərdiklərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-242/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar