Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1339/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmlakın qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı X1, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı X1 Cavabdeh oğluna qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2119/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 814/2017 saylı, 22 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh oğlunun iddiası təmin edilmiş, cavabdehlər X11, Şahid, X12 və X6 51 saylı, 01 noyabr 2014-cü il tarixli Torpaq İcarəsi müqaviləsinə əsasən iddiaçı Cavabdeh oğluna icarəyə verilən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, sahəsi 100 kv.m. olan iaşə obyektindən və 120 kv.m. olan torpaq sahəsindən çıxarılmışdılar.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 814/2017 saylı, 22 avqust 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası zamanı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurlarının, Bakı şəhəri Yasamal rayonu 29-cu Polis bölməsinin əməkdaşının, tələbkar Cavabdeh oğlunun, habelə borclu X1 iştirakı ilə tərtib edilmiş 03 noyabr 2017-ci il tarixli akta əsasən borclular X11, Şahid, X12 və X6 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, sahəsi 100 kv.m. olan iaşə obyektindən və 120 kv.m. olan torpaq sahəsindən çıxarıldılar və həmin sahədə yerləşən əşyalar (38 ədəd işlənmiş taxta və plasmas stul; 13 ədəd stol; 1 ədəd kreslo, 1 ədəd divan; 1 ədəd “LG” markalı pəncərə tipli kondisioner; 1 ədəd köhnə tipli “LG” markalı və 1 ədəd LSD tipli rekkel markalı televizor; 1 ədəd böyük, 2 ədəd balaca qaz balonu; 2 ədəd soyuducu; 1 ədəd 4 gözlü qaz plitəsi; 3 ədəd böyük, 7 ədəd kiçik çaynik; 4 ədəd qazan və digər boşqab və stəkanlar; 1 ədəd manqal; 1 ədəd vitrin tipli soyuducu; 1 ədəd pivə aparatı) siyahıya alınaraq, tələbkar Cavabdeh oğluna təhvil verilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah edilmişdir.
3. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 15 dekabr 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-814/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
4. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurlarının, hal şahidlərinin, tələbkar Cavabdeh oğlunun iştirakı ilə tərtib edilmiş 28 dekabr 2020-ci il tarixli aktına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 814/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı tələbkar Cavabdeh oğluna saxlanca verilmiş əmlakı X11 və X6 əvvəldən razılıq əsasında qəbul etməli idi, lakin onlar sözü gedən vaxtda ünvana gəlmədilər.
5. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 07 iyun 2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində (Alov Zavodunun yanı) yerləşməklə Cavabdeh oğlunun istifadəsində olan qeyri-yaşayış sahəsi meşə parkının yaradılması ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.
6. "xxxx" MMC-nin 11 oktyabr 2021-ci il tarixli, 339E saylı “Əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən 38 ədəd taxta stul yığılma plastiklə birlikdə 2.000 manat, 13 ədəd stol taxta plastiklə birlikdə 750 manat, 1 ədəd kreslo, 1 ədəd divan 400 manat, 1 ədəd kondisioner 200 manat, 1 ədəd köhnə tipli “LG” markalı və 1 ədəd LSD tipli rekkel markalı televizor 550 manat, 1 ədəd böyük, 2 ədəd balaca qaz balonu 150 manat, 1 ədəd 4 gözlü qaz plitəsi 100 manat, 3 ədəd böyük, 7 ədəd kiçik çaynik 100 manat, 4 ədəd qazan 150 manat, 1 ədəd manqal 300 manat, 1 ədəd vitrin tipli soyuducu 600 manat, 1 ədəd pivə aparatı 400 manat, 15 ədəd manqal şişi 50 manat, qab-qacaqlar 400 manat, aristonlar 150 manat, 2 ədəd soyuducu 150 manat, peçlər 150 manat, linonimlər və palazlar 400 manat, stol üçün kulonkalar 150 manat məbləğində qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
7. İddiaçı X6 Cavabdeh oğluna qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh oğlundan ümumi qiyməti 2000 manat olan 38 ədəd stul taxta yığılma plastik ilə bir yerdə, ümumi qiyməti 750 manat olan 13 ədəd stol taxta plastik bir yerdə, qiyməti 400 manat olan bir ədəd kreslo və bir ədəd divanın, qiyməti 200 manat olan 1 ədəd kondisionerin, ümumi qiyməti 550 manat olan 1 ədəd “LG” köhnə tipli və 1 ədəd LCD tipli rekke televizorun, ümumi qiyməti 150 manat olan 3 ədəd (balaca və böyük) qaz balonlarının, qiyməti 100 manat 1 ədəd dördgözlü qaz peçinin, ümumi qiyməti 100 manat olan 10 ədəd böyük-balaca çaynikin, ümumi qiyməti 150 manat olan 4 ədəd (böyük-balaca) qazanın, qiyməti 300 manat olan 1 ədəd restoran tipli böyük manqalın, qiyməti 600 manat olan 1 ədəd böyük vitrin soyuducunun, qiyməti 400 manat olan 1 ədəd pivə aparatının, ümumi qiyməti 50 manat olan 15 ədəd manqal şişinin, qiyməti 400 manat olan qab-qacaqların, qiyməti 150 manat olan aristonların, ümumi qiyməti 150 manat olan 2 ədəd soyuducunun, ümumi qiyməti 150 manat olan peçlərin, ümumi qiyməti 400 manat olan linoliyum və palazların, ümumi qiyməti 150 manat olan stol üçün örtüklərin və ya onların dəyərini təşkil edən 7000 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı X6 iddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh oğlunun cavabdehlər X3, X7, Şahid və X10 qarşı iddiası təmin edilərək, cavabdehlərin 51 saylı, xx.xx.2014-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən ona iddiaçı Cavabdeh oğluna icarəyə verilən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, sahəsi 100 kv.m olan iaşə obyektindən və 120 kv.m olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə icra olunduqdan sonra qeyd edilən sahədə olan tikilidə ona məxsus olan əmlaklar qalmışdır. Bu əmlaklar ona qaytarılmamışdır. Cavabdeh əmlakları ona qaytarmaqdan imtina edir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən siyahıya alınaraq ona saxlanca verilmiş əşyaların bəziləri başqa şəxslərə (pivə şirkəti və s.) aid olmuşdur. Ən son qarşılıqlı razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə vaxt təyin edilsədə, qeyd edilən tarixdə onunla birlikdə icra məmuru ünvana gəlsələr də, borclular gəlməmiş və əmlakları aparmaqdan imtina etmişlər. Bununla bağlı akt da tərtib edilmişdir. “İcra haqqında” Qanunun 72.6-cı maddəsinə əsasən icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Əmlakların siyahıya alınmasından və saxlanca verilməsindən artıq beş ilə yaxın müddət keçmişdir. Bundan əlavə Yasamal Bələdiyyəsinin 07 iyun 2022-ci il tarixli, 811 saylı arayışına əsasən Cavabdeh oğlunun istifadəsində olmuş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən obyekt meşə parkının yaradılması ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Saxlanca verilmiş əmlaklar söküntü zamanı İcra Hakimiyətinin işçiləri tərəfindən məhv edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(004)- 2119/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh oğlundan 3.150 manat tutularaq, iddiaçı X3 ödənilməsi, Cavabdeh oğlundan 40,50 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. (hakim X13).
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh ona məxsus obyektin Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən söküldüyü anda ona saxlanca verilmiş əmlakların obyektdə olması və söküntü zamanı məhv olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus olmuş və iddia tələbində 19 sırada göstərilmiş əmlakların 15, 17, 18, 19-cu sıra (bu əşyalar icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilməmişdir. İddiaçı aktı imzaladıqda bu barədə öz etirazını qeyd etməmişdir) nömrələri ilə göstərilən əmlaklar istisna olmaqla digərlərinin cavabdehdə qalması və iddiaçıya geri qaytarılmaması müəyyən edilmişdir. Cavabdehin əmlakların saxlama müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə dəlilləri isə məhkəməyə həmin əmlakların sahibsiz elan edilməsi barədə sübutlar təqdim edilməməsi səbəbindən əsassızdır. İddia üzrə tələb edilən əmlakların qiymətləri şahid ifadələri ilə təsdiq edildiyindən həmin qiymətlər nəzərə alınmalıdır. Bununla belə, məhkəmə hesab etmişdir ki, həmin əmlaklar 2013-cü ildən 2017-ci ilin sonunadək, yəni 5 il ərzində (2013, 2014, 2015, 2016, 2017) istismarda olması nəzərə alınaraq, həmin əmlakların (1-14, 16 sıra nömrəli) qiymətlərinin cəminə, yəni 6.300 manat illik aşınma faizi tətbiq edilməli, qalıq məbləğ 3.150 manat (6300 * 5 il * 10 %) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh oğlu və əvvəlki məhkəmə iclasında onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdilər.
17. Məhkəmə iclasında iddiaçı X6 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbacan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun: 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir; 72.6-ci maddəsinə əsasən icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qiyməti 150 manat olan aristonlar, ümumi qiyməti 150 manat olan peçlər, ümumi qiyməti 400 manat olan linoliyum və palazlar, habelə ümumi qiyməti 150 manat olan stol üçün örtüklər istisna olmaqla iddiaçı tərəfindən tələb edilən bütün digər əşyaların mövcud olmaqla ona məxsus olması və cavabdehin istifadə və sahibliyində qalması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-814/2017 saylı, 22 avqust 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı tərtib edilmiş 03 noyabr 2017-ci il və 28 dekabr 2020-ci il tarixli aktlarla öz təsdiqini tapır.
26. Ötən dövr ərzində hər hansı şəxs, o cümlədən pivə şirkəti tərəfindən iddiaçıya və ya əşyaları saxlanca qəbul etmiş cavabdehə qarşı bu əşyaların qaytarılması tələbi irəli sürülməmiş, ümumiyyətlə bu əşyaların mülkiyyətçisi olmasını bildirən olmamışdır. Cavabdeh özü də 03 noyabr 2017-ci il tarixli aktda həmin əşyaların hər hansı birinin iddiaçıya məxsus olmaması ilə bağlı qeyd aparmamışdır. Bu da öz növbəsində bu əşyaların bəzilərinin qeyri-yaşayış sahəsinin iddiaçıya icarəyə verilən zaman orada olması, bəzilərinin başqa şəxslərə məxsus olması, yalnız bəzilərinin iddiaçıya məxsus olması barədə cavabdehin dəlillərinin əsassız olmasını sübut edir.
27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 814/2017 saylı, 22 avqust 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh oğlu ilə X6 (qeyri yaşayış sahəsinin sahibi olduğunu iddia edirdi) arasında ilk öncə digər məhkəmə mübahisəsi yaranmış və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktına uyğun olaraq qeyd edilən qətnamə ilə iddiaçı və digər şəxslər həmin sahədən çıxarılmışdır. Bu da öz növbəsində digər şəxslərin, yəni X4, Şahid və X8 qeyd edilən sahədən məhz iddiaçının iradəsinə uyğun istifadə etməsi qənaətinə gəlməyə əsas verir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 28 dekabr 2020-ci il tarixli aktda da hazırda mübahisələndirilən əşyaların X7 və X3 məxsus olduğu göstərilmiş, lakin əşyaların mülkiyyətçi baxımından bu şəxslər üzrə bölgüsü aparılmamışdır. Qeyd edilənlər və hazırda həmin əşyaların qaytarılması tələbinin məhz iddiaçı tərəfindən irəli sürülməsi onların məhz iddiaçıya məxsus olmasını təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu barədə dəlillərini (dörd borclu olmasına baxmayaraq, əşyaların iddiaçı tərəfindən tələb edilməsi, hansı əşyanın onların hansına məxsus olmasının iddiaçı tərəfindən sübuta yetirilməməsi) də əsassız hesab edir.
28. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mübahisələndirilən əşyalar 03 noyabr 2017-ci il tarixdə cavabdehə məcburi qaydada saxlanca verilməmişdir. Bundan sonra cavabdeh həmin əşyaların onun icarə əsasında istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün 3 ildən artıq müddət, yəni 28 dekabr 2020-ci il tarixini (aktın tərtib edildiyi tarix) gözləmək məcburiyyətində deyildi, üzərinə belə bir öhdəlik də götürməmişdir. İcra işində olan iddiaçının 01 dekabr 2020-ci il tarixli müraciəti və onun cavablandırılmasına dair 08 dekabr 2020-ci il tarixli məktubdan (müraciətinə əsasən icra işinin surəti ona təqdim edilmişdir) belə qənaətə gəlmək olur ki, 28 dekabr 2020-ci il tarixli tədbir onun deyil, məhz iddiaçının müraciəti əsasında keçirilmişdir. Həmin tarixdə iddiaçının əşyaları təhvil almaq üçün gəlməməsi, onun bu əşyalardan imtina etməsi kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə iddiaçının bu əmlakı təhvil almaqdan imtina etməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Hər bir halda, iddiaçı ilə məhkəmə mübahisələri keçmiş və bu baxımdan onunla prinsipial münasibətdə olan cavabdeh bu əşyaları real olaraq qaytarmaq niyyətində olmuşdursa, bununla bağlı tədbirlər görməli idi. Lakin əşyaları saxlanca qəbul etdikdən sonra cavabdehin bu əşyaların qaytarılması üçün hər hansı tədbir görməsi, o cümlədən bu məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət etməsi müəyyən edilmir (icra işində onun hər hansı belə bir müraciəti yoxdur). Göstərilən, habelə cavabdehin apellyasiya şikayəti üzrə mövqeyi (qeyri-yaşayış sahəsinin iddiaçıya icarəyə verilən zaman əşyaların bəzilərinin artıq orada olması, bəzilərinin başqa şəxslərə məxsus olması, yalnız bəzilərinin iddiaçıya məxsus olması) belə qənaətə gəlməyə imkan verir ki, cavabdeh iddiaçıya məxsus olmaması mövqeyindən çıxış edərək, əşyaları ona təhvil vermək fikrində olmamışdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “İcra haqqında” Qanunun 72-ci maddəsinə istinadla bağlı hissədə dəlillərinə dair qeyd etməyi zəruri hesab edir ki, 03 noyabr 2017-ci il tarixdə əşyalar cavabdehə saxlanca verildikdən sonra Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 15 dekabr 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-814/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş və növbəti 3 il ərzində, yəni 04 dekabr 2020-ci il tarixədək icra məmurları tərəfindən nəinki onun sahibsiz əmlak kimi satılması ilə bağlı hər hansı tədbir görülməmiş, ümumiyyətlə əmlakla maraqlanmamışdır. 28 dekabr 2020-ci il tarixli tədbirin isə icra məmurlarının təşəbbüsü ilə keçirildiyi icra işindən müəyyən edilmir. Artıq qeyd edildiyi kimi bu tədbir cavabdehin də təşəbbüsü ilə keçirilməmişdir. Bununla belə, həmin əmlak sahibsiz elan edilməmiş və bu qəbildən olan əmlaklar üçün müəyyən edilmiş qaydada satılmamışdır. İcra məmurlarının 28 dekabr 2020-ci il tarixdə cavabdehin istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinə gəlməsi özü-özlüyündə bu əşyaların sahibsiz elan edilməsi anlamına gəlmir. Bu səbəbdən cavabdehin bu dəlilləri də əsaslı hesab edilmir.
30. Beləliklə, cavabdeh iddiaçıya məxsus olmaqla onun saxlancına verilmiş əşyaları iddiaçıya qaytarmaq üçün ötən dövr ərzində hər hansı tədbir görməmiş, o cümlədən bu əşyaların saxlanıldığı qeyri-yaşayış sahəsi meşə parkının yaradılması ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sökülməsi zamanı onların daşınmasını təmin etməmiş və götürülməsi üçün iddiaçıya məlumat verməmişdir. Nəticədə bu əşyalar məhz onun təqsiri üzündən məhv olmuşdur. Bu səbəbdən həmin əşyaların özünün qaytarılması artıq mümkün deyil, cavabdeh həmin əşyaların dəyərini iddiaçıya ödəməlidir. Əmlakların məhz olması səbəbindən onlara vizual baxış keçirməklə qiymətləndirilməsi mümkün deyil. Cavabdeh də bu əmlakların qiyməti ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 11 oktyabr 2021-ci il tarixli rəyini əsas götürür.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əşyaların dəyərindən 9 il üzrə aşınma xərclərinin çıxılması barədə dəlilləri ilə bağlı qeyd edir ki, müəyyən edilmiş hallar əsas götürülməklə ümumiyyətlə aşınma tətbiq edilə bilməz. Lakin məbləğ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qeyd edilən məsələyə yalnız apellyasiya şikayəti çərçivəsində qiymət verir və birinci instansiya məhkəməsi tərəfindən tutulmuş 3.150 manat məbləğin aşınma əsası ilə azaldılması barədə dəlili əsassız hesab edir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
33. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: . Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(004)- 2119/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov