Məhkəmə qərarları › İş №2(103)-1350/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1350/2022

02.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1350/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı əqdin etibarsız hesab edilməsi, əmlakın qaytarılması, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-344/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 "mənzildən imtina” kimi sərəncam hərəkətindən ibarət olan əqdin etibarsız hesab edilməsi, cavabdeh "Şərur” MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017 tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilməsi, "xxxx" MTK ilə Kooperativ mənzilin tikintisi haqqında Müqavilə üzrə aldığı, ünvan 1 ünvanında yerləşən 204 nömrəli mənzilin ona qaytarılması, mənzilinin onun xəbəri olmadan özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş 10.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh2 alınaraq ona verilməsi, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017 tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 1 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin 5-ci bəndinə düzəliş etmiş, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017 tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 1 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, öz qazancı ilə aldığı mənzili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, xəbəri olmadan və bunun müqabilində heç bir əvəz almadan itirmişdir. Belə ki, o, 28 noyabr 2011 tarixdə cavabdeh: "xxxx" MTK ilə Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilə bağlamışdır. Müqavilənin predmeti kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi-18 ünvanında inşa ediləcək yaşayış binasında ümumi sahəsi 92,90 m2 olan, 2-ci mərtəbədə yerləşən 204 saylı mənzil çıxış edirdi. Müqaviləyə görə o, növbəti 1 il ərzində, yəni 20 sentyabr 2012 tarixinədək mənzilin dəyərini tam ödəməli idi. Mənzilin dəyəri kimi 53.000 manat payçı olaraq onun tərəfindən tam və vaxtında ödənilmiş, bu barədə "Şərur” MTK tərəfindən müvafiq Maliyyə arayışı verilmişdir. Aldığı mənzildə o, 5.000 manatlıq təmir işləri gördürmüşdür. Bundan sonra 24 sentyabr 2014 tarixində o, Cavabdeh2 ilə nikah bağlamışdır. Nikahdan dərhal sonra ata evindən Elçinin ata evinə köçmüşdür. Onda Elçin ona biznes qurmaq istədiyini, amma ciddi məbləğdə borcu olduğunu demiş, ona görə Elçinin təkidi ilə 1,5 ay sonra, yəni 11 noyabr 2014 tarixində o, tikilməkdə olan mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, DT və Kadastr planı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətləri etməyi həvalə edilməsi haqqında Cavabdeh3 etibarnamə vermişdir. Cavabdeh3 onun keçmiş əri Cavabdeh2 tanışı idi. Elçin deyirdi ki, Etiram mənzili lazımi qaydada rəsmiləşdirilməsində ona köməklik edəcəkdir. Elçin onun əri olunduğundan etibar edərək, mənzilin rəsmişləşdirilməsi üçün öz adından Cavabdeh3 etibarnamə vermişdir. O vaxtdan mənzil tikilməkdə davam edilmişdir. Mənzilə dair bütün sənədləri də Elçinə vermişdir. Lakin 2019 ilin sonlarından başlayaraq Elçinlə nikah münasibətlərində gərginlik başladı. O, mənzilə dəfələrlə getsə də, onu bağlı görmüşdür. MTK-dan mənzilinin taleyinin necə olduğunu soruşanda, ona konkret cavab verməkdən yayınırdılar. O, vəkilə müraciət etməli olmuş və 06 mart 2020 tarixində vəkil sorğusu göndərilmişdir. Bundan sonra cavabdeh "Şərur” MTK vəkil sorğusuna da cavab verməkdən karantin bəhanəsi ilə yayınmağa başladı, halbuki həftənin 6 günü MTK-nın ofisi fəaliyyət göstərirdi. Bu arada Xəzər rayon məhkəməsinin 02 iyun 2020 tarixli qətnaməsi ilə Cavabdeh2 ilə bağlamış olduğu nikahın xitamı haqqında qətnamə qəbul edildi. Nəhayət, uzun səylərdən sonra 07 iyul 2020 tarixdə MTK-dan cavab verildi. Cavabda bildirilirdi ki, 25.04.2017 tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən həmin mənzil Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Axırıncı isə ümumi yığıncağın qərarına əsasən həmin mənzili özgəninkiləşdirmişdir. Verilmiş cavabın arxasında Cavabdeh3 imzası ilə onun adından yazılmış ərizənin surəti qoyulmuşdur. Ərizədə guya mənzildən imtina etməyi barədə qeyd edilmiş, müqavilənin xitam verilməsi xahiş edilmişdir. Ərizədə "mənzildən imtina” barədə başa düşülməyən sərəncamla yanaşı MTK-ya onun tərəfindən ödənilmiş 53.000 manat məbləğin taleyinin necə olması barədə heç nə yazılmamışdır. Qoşmada olan digər sənədlər içində Elçinin 3 il əvvəl, etibarnamə ilə eyni, yəni 11 noyabr 2014 tarixli ərizəsinin surəti də qoyulmuşdur. Həmin ərizədən, baxmayaraq ki, eyni tarixdə notarius tərəfindən təsdiqlənib, onun xəbəri olmamışdır. Etibarnamə ilə ərizənin notariat reyestrində qeydiyyat nömrələrini müqayisə etdikdə onların arasında böyük fasilə olduğu görünür. Demək, ərizə etibarnamə ilə eyni tarixdə verilsə də, ondan xeyli əvvəl yazılıb təsdiq edilmişdir. Cavabdeh3 onun verdiyi etibarnamə üzrə səlahiyyətlərdən kənara çıxmışdır, mənzilə dair sənədləşmə almaq tapşırığına riayət etmədən, onun mənzilindən imtina etmişdir. Verdiyi etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından naməlum şəxsin xeyrinə imtina səlahiyyəti yox idi. Sadəcə ərizə verməklə yazılı müqaviləyə xitam verilə bilməzdi. Cavabdeh "Şərur” MTK Cavabdeh3 "mənzildən imtina” kimi sərəncam hərəkətinə səlahiyyəti olmadığını, həm daşınmaz əmlakın inşası, satışı, qeydiyyata alınması və təkrar satışı üzrə ixtisaslaşan sahibkarlıq subyekti olduğuna, həm ona təqdim edilən etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından imtina səlahiyyətinin olmaması, həm də mənzilə dair sərəncam vermək üçün onu 6 il əvvəl almış onun özünün yox, 3 il əvvəl verilmiş etibarnaməyə əsasən nümayəndənin (etibarnamənin qüvvədə olmasını da yoxlamadan) və mənzili subay olarkən aldığı halda, ərinin müraciət etdiyinə görə bilirdi və bilməli idi. Bu səbəbdən də "mənzildən imtina” kimi sərəncam hərəkəti əqd kimi etibarsızdır. Bunun nəticəsi olaraq 25.04.2017 tarixdə həmin mənzilə dair cavabdeh "Şərur” MTK digər Cavabdeh4 ilə bağlanmış müqavilə, eləcə də digər sonrakı müqavilələr (əgər belələri olubsa) də etibarsızdır. Çünki eyni mənzilə dair qüvvədə olan müqavilə olduğu halda eyni şərtlərlə digər müqavilə bağlanması qanunsuzdur. Bütün bunların nəticəsində ona iş üzrə Cavabdeh2 tərəfindən mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 niyyəti həmin mənzili satmaq olmuş və onu aldadaraq mənzili sənədləşdirilməsi üçün dostu olan digər Cavabdeh3 etibarnamə verməyini inandırmışdır. Lakin həmin mənzil onun xəbəri olmadan özgəninkiləşdirilmişdir. Bu halı bilən zaman o, əmlakının itirilməsi ilə bağlı həyacan, qorxu, istirab və mənəvi sarsıntı keçirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh2 tərəfindən ona 10000 manat mənəvi ziyan dəymişdir. Beləliklə, cavabdehlərin arasında aparılmış "düz-qoş” əməliyyatlarının nəticəsi kimi yekunda həm aldığı mənzildən, həm də mənzilə görə ödədiyi puldan məhrum edilmişdir. Hazırda həmin ərazidə mənzillərin 1 m2 orta satış qiyməti 850-950 manatdır. Mənzilin sahəsini (92,9 m2) ortalama 900 manatdan götürəndə onun dəyəri 83.610 manat edir. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. O, cavabdehə evi ipotekaya qoyub pul götürmək üçün etibarnamə verib. O, evin satılmasından məlumatlı olmayıb. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-344/2021 saylı 02 mart 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 65.000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, Xəzər rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 24 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 23 noyabr 2018-ci il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı onunla nikaha daxil olduqdan sonra, öz valideynlərinin və onun da razılığı ilə Cavabdeh1 MTK-dan müqavilə əsasında aldığı ünvan 3 ünvanda yerləşən 204 nömrəli mənzilini satmaq qərarına gəlmiş və həmin mənzilin satılmasına köməklik göstərilməsi məqsədilə bir-iki nəfərə və binanın komendatına məlumat vermişdir. Kərmiov Etiram adlı şəxs mənzilə maraqlanmış və mənzilə baxıb onu bəyənmiş, almaq qərarına gəlmişdir. Etiramla əvvəllər heç bir tanışlığı olmamışdır. Mənzilin 68.000 manata satılmasına Jalə razılaşmış və bu məqsədlə Bakı şəhəri 19 sayli notariusda Jalə, habelə dostu Şövqü də olmaqla Etiramla görüşmüşlər. Yəni, Jalə notariusa gələrkən həmin mənzilin Etiram adlı şəxsə satılmasına razı idi. Sözügedən mənzilin satılması ilə bağlı bütün səlahiyyətlərin və digər hüquqların Cavabdeh3 verilməsinə dair Jalə tərəfindən Cavabdeh3 Bakı şəhəri 19 saylı notariat kontorunda 11 noyabr 2014-cü il tarixində AR- 370839 sayh etibarnamə verilmişdir. Mənzilin dəyərindən 3.000 manat MTK-ya verilməli idi. Notariat ofisində etibarnamənin verilməsi ilə bağlı notarius tərəfindən iddiaçıya izah olundu ki, onun etibamamə verdiyi şəxs mənzil üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, dəyişmək və digər əqdlər bağlamaq hüququna malikdir. Mənzilin pulu 65.000 manat maşında Kərimov Eliramın, onun va Jalənin birgə iştirakı ilə sayılaraq son nəticədə Jaləyə verilmişdir. Pullar sayıldıqca Jaləya təhvil verilmiş və o, həmin pulu maşında öz sumkasına qoymuşdur. Ona görə də Jalənin həmin mənzilin Karimov Etirama satılmasından xəbəri olmaması, həmin mənzilin pulunun ona verilməməsi barədə iddia ərizəsində göstərdiyi dəlillər tam əsassızdır. Yəni, mənzil birbaşa onun iradəsi əsasında ya özünün razılığı ilə 2014-cü ilin noyabrında Karimov Etirama 50 il müddətinə verilmiş Bakı şəhəri 19 saylı notariat kontorunda 11 noyabr 2014-cü il tarixində AR-1 370839 saylı etibamamə əsasında satılmışdır. Həmin mənzilin satılması zamanı, həm də sonrakı illərdə nə ona, nadəki digər cavabdehlərə mənzilin və ya onun dəyərinin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən heç bir irad bildirilməmişdir əgər Jalə Etiramdan manzilin pulunu almamışdısa dərhal həmin etibarnamənin ləğvi barədə məsələ qaldıra bilərdi. Yaxud elə həmin vaxtı məhkəməyə müraciət edərdi. Yəni, sözügedən mənzil iddiaçıya heç bir təzyiq olmadan onun iradə ifadəsi ilə 2014-cü ilin noyabrında Cavabdeh3 satılmış və sonuncu da həmin manzili onun və Jalənin razılığı ilə Cavabdeh4 satmış və hazırda bu mənzil Cavabdeh4 mülkiyyətindədir. Mənzil və ya onun dəyəri ilə bağlı məsələ iddiaçı ilə aralarında olan ailə münasibətləri pisləşdikdən sonra qaldırılmışdır. 2020-ci ilin 02 iyununda Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə aralarında olan rəsmi nikaha xitam verilmişdir. İddiaçı tərəfindən mənzillə bağlı məsələnin qaldırılması qərəzli şəkildə olmuş və ona qarşı təzyiq etmək və hayıf çıxmaq məqsədini güdmüşdür. Həmçinin, qeyd olunmuşdur ki, məhkəmə onun və Cavabdeh3 verdiyi izahatları düzgün göstərməmiş, sübutları iddiaçının mənafeyinə uyğun şəkildə qiymət vermişdir. Belə ki, ilk növbədə Cavabdeh3 həmin pulu etibarnaməyə əsasən iddiaçının özünə verməli idi. Cavabdeh3 iddiaçının və onun iştirakı ilə 65.000 manat pulu sayaraq iddiaçıya vermişdir. Pulun sayılmasında və iddiaçıya verilməsində Cavabdeh3 birbaşa özü iştirak etmişdir. Əgər Cavabdeh3 pulları şəxsən onun özünə vermiş olsa idi, ən azı ondan pulun təhvil alınmasına dair yazılı bir qəbz, sənəd almış olardı. Belə bir sənəd, sübut işdə yoxdur. İddiaçı ilə Cavabdeh3 arasında notarial qaydada verilmiş etibarnamə əsasında daşınmaz əmlakla bağlı səlahiyyətlərin Cavabdeh3 verilməsindən başqa hər hansı bir tapşırıq müqaviləsi mövcud olmamış və etibarnamə Cavabdeh3 verildikdən sonra, onun tərəfindən 65.000 manat pul sayılaraq onun iştirakı ilə İddiaçı verilmişdir. Yəni, həmin pulun Jaləyə verilməsi zamanı Cavabdeh3 özü də orada olmuşdur. Əgər tərəflər arasında tapşırıq müqaviləsi mövcud idisə, bu halda həmin pulun vəkalət verənə çatdırılmamasına görə vəkalət alan məsuliyyət daşımalı idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6150/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5339/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “...iş materialları ilə müəyyən olunur ki, iddianın dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsi 16.02.2021-ci il tarixli protokolda qeyd edilmiş və müvafiq olaraq tərəflərə təqdim olunması qərara alınmışdır. Lakin həmin iclasda cavabdeh iştirak etməmiş və ərizənin cavabdehə göndərilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, 01 mart 2021-ci il tarixli iclasda yalnız Cavabdeh2 iştirak etmiş, həmin iclasda iştirak edən vəkil isə Cavabdeh2 deyil, Cavabdeh3 nümayəndəsi və vəkili olan Vəkil2 olmuşdur. Həmin iclasda da ərizənin cavabdehə rəsmi olaraq təqdim olunması müəyyən edilmir. Bu halda cavabdehin ərizənin verilməsindən və onun məzmunundan onun məlumatlı olması aşkar olaraq müəyyən olunmur. Birinci instansiya məhkəməsi 65000 manat məbləğində pulun qaytarılmalı olmasında Cavabdeh2 məsuliyyətini müəyyən edərkən həm iddiaçının izahatına, həm də şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsinə istinad etmişdir. İddiaçının izahatlarında əsaslı dəyişikliyin olması müəyyən olunsa da Cavabdeh3 izahatında ziddiyyətli halların olması nəzərdə alınmamış, şahidin ifadələri arasında ziddiyyətlərin yaranma səbəbləri aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh pul məbləğini cavabdehə vermiş olduğunu göstərmiş olsa da, sonrakı icraat zamanı isə pulun Elçinə verdiyini Elçinin isə pulu Jaləyə verdiyini göstərmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, işin mübahisəsiz halı odur ki, İddiaçı məxsus olan mənzil 2014-cü ilin noyabr ayında satılmış, 2020-ci ilədək tərəflər rəsmi nikah münasibətlərində olmaqla birgə yaşamış və həmin müddət ərzində iddiaçının hazırkı tələblə çıxış etməməsinin səbəbləri, vəsaitin birgə nikah dövründə ailənin ümumi xərclərinə sərf edilməsi, aydınlaşdırılmamış qalmışdır...” Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin təkrar apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi-vəkili şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən yalnız Cavabdeh2 şikayət verərək iddianın təmin olunan hissəsində ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 28.11.2011-ci il tarixli 204 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa ediləcək binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 24.09.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda verilmiş 11 noyabr 2014-cü il tarixli AR-İ 370839 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən 28 noyabr 2011-ci il tarixdə verilmiş Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazisində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhəri 19 saylı Notariat Kontorunda yazılmış 11.11.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin satılmasına etiraz etməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış 25.07.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilindən imtina edir, mənzilə dair bağladığı müqaviləyə xitam verilməsini xahiş edir və gələcəkdə heç bir iddia və tələbinin olmayacağına təminat verir. Ərizəni onun adından etibarnamə ilə Cavabdeh3 imzalamışdır. Cavabdeh1 MTK-nın 07.07.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzili 25.04.2017-ci il tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən, Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.05.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, mənzil 204; yeni qaydalarla mənzil 196 Cavabdeh4 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı pul tələbi ilə bağlı hissədə təmin edərkən qeyd etmişdir ki, mənzilin dəyəri olan 65000 manat pul Cavabdeh2 tədqim edilmiş və bu hal təsdiqini tapmışdır. Cavabdeh2 həmin pul vəsaitini təhvil aldığını etiraf edərək, keçmiş həyat yoldaşı olan iddiaçıya pulları verdiyini bildirmişdir. Lakin cavabdeh pulları iddiaçıya təqdim etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, mənzilin dəyəri kimi Cavabdeh2 tərəfindən alınaraq iddiaçıya təqdim olunmamış 65000 manat pul vəsaiti ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. İlk növbədə qeyd etmək lazımdır ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsi 16.02.2021-ci il tarixli iclas protokolunda qeyd edilmiş və müvafiq olaraq tərəflərə təqdim olunması qərara alınmışdır. Lakin həmin iclasda Cavabdeh2 iştirak etməmiş və ərizənin cavabdehə göndərilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, 01 mart 2021-ci il tarixli iclasda yalnız Cavabdeh2 iştirak etmiş, həmin iclasda da ərizənin ona rəsmi olaraq təqdim olunması müəyyən edilmir. Yalnız həmin prosesdə iddiaçı Jalə Abdullayeva öz izahatında 83.610 manat pulun Cavabdeh2 da tələb etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 168.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan mənkəmə iddianın dəqiqləşdirilməsinə dair ərizəni Cavabdeh2 rəsmi qaydada göndərmədiyi və ya məhkəmə iclasında təqdim etmədiyi üçün prosessual pozuntuya yol vermişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2la evli olduqları vaxt, sonuncu mübahisəli evi banka qoyub bankdan pul götürərək öz biznesi üçün xərcləməyi təklif etmişdir. Lakin evin lazımı sənədləri olmamışdır. Evin sənədlərini düzəltmək üçün Ehtiram Kərimova etibarnamə vermişdir. Onlar heç vaxt maşında Ehtiram Kərimovla görüşməmiş, sonuncu onlara hər hansı bir məbləğdə pul verməmişdir. Cavabdeh2 isə verdiyi izahatında bildirmişdir ki, “...həmin vaxt maşında Etiram ona 65000 manat pulu sayıb vermiş və o da pulu Jaləyə verib, aparıb iddiaçını anasıgilə qoymuşdur. Pullar Jalədə qalmışdır...” Cavabdeh Ehtiram Kərimov birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, “...o, Cavabdeh2 65000 manat vermişdir. Elçin həyat yoldaşı Jalə ilə gəlmiş, onlar hamısı notariusun yanında maşında pulu sayıb Elçinə vermişlər...” Birinci apellyasiya baxışında isə cavabdeh Ehtiram Kərimov verdiyi izahatında bildirmişdir ki, “...notariusun qabağında maşında Elçin, o və Jalə olmuşlar. Pulu o, maşında sayıb Elçinə vermişdir. Elçin də pulu yoldaşına vermişdir...” Əvvəla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ehtiram Kərimovun verdiyi izahatlarında ziddiyyətlər mövcud deyil, və o, sonuncu verdiyi izahatla əvvəlki verdiyi izahatı tamamlamış və daha da dəqiqləşdirişdir. Digər tərəfdən isə cavabdeh Ehtiram Kərimov yuxarıda qeyd olunduğu kimi təkrar apellyasiya baxışı iclaslarına gəlməmişdir. Bundan başqa işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya məxsus mənzil 2014-cü ildə satılmış və tərəflər 2020-ci il tarixədək rəsmi nikahda olmuş və həmin tarixədək iddiaçı hazırki tələblə çıxış etməmiş, yalnız nikahları pozulduqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, keçən 6 il ərzində mənzilin satışından əldə olunmuş pul vəsaitinin ailə ehtiyaclarına sərf olunmaması inandırıcı olmamaqla sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir. Bundan başqa ailə üzvü olaraq daşınmaz əmlakın müqəddəratı barədə hər hansı bir məlumatın olmamasını da kollegiya inandırıcı hesab etmir. Və bu halda sübutetmə yükünü cavabdehin üzərinə qoyulması ədalətli və qanuni hesab edilə bilməz. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar