Məhkəmə qərarları › İş №2(103)-136/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-136/2025

13.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-136/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı mülki iş (Açar sözlər: «torpaq sahəsindən məcburi çıxarılma və boşaldılaraq mülkiyyətçiyə qaytarılması ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1537/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 11/33 saylı sahənin 0,003 ha. ölçülü bir hissəsi 25 noyabr 2022-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

2. ünvan 1 ünvanında, dövlət mülkiyyətində olan, istifadə hüququ ilə qeydə alınan 0.02046 ha. ölçüdə torpaq sahəsində yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyriyaşayış binası 08 iyul 2017-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyəti hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli, 40 saylı qərarına əsasən, ünvan 2 ünvanda istifadə etdiyi 100 kv.metr obyektin altındakı torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Bununla bağlı, Binəqədi Bələdiyyəsi ilə Cavabdeh arasında “Torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 01 aprel 2008-ci il tarixli, 58 nömrəli müqavilə bağlanmışdır.

4. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 07 fevral 2023-cü il tarixli məktubunda göstərilib ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisi daxilindədir və vətəndaş X2 adına Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş 41 saylı, 11 aprel 2008-ci il tarixli qərar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialında qorunur və X1 Məlumatlar bazasında mövcuddur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması və cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması; cavabdehlərdən 39600 manat maddi, 2000 manat mənəvi ziyanın, 150 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 120 manatın, qətnamə icra olunduğu günə kimi hər ay 1200 manatın, habelə ödənilmiş 100 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilir ki, verilmiş çıxarışa əsasən, 0,003 ha. torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi və üzərində olan maşın təmiri sexi cavabdehlər tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. İddiaçı öz mülkiyyətindən istifadə hüququndan faktiki olaraq məhrum olunmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi 15 oktyabr 2020-ci ildən iddiaçının mülkiyyətindədir. Həmin gündən bugünədək cavabdehlərin qanunsuz, özbaşına hərəkətlərindən iddiaçı öz mülkiyyətindən istifadə edə, gəlir götürə bilmir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı öz əmlakından əldə edilə biləcəyi aylıq 1200 manat gəlirdən məhrum olmuşdur. 15 oktyabr 2020-ci il tarixdən bugünədək hər ay 1200 manat gəlirin cəmi 39600 manat edir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması zamanı iddiaçını təhqir etmələri, onu polisə vermələri və s. hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab və əzab çəkmişdir. Bu mənəvi iztirabın və əzabın dəyəri milyonlarla hesablansa da, iddiaçı 2000 manat tələb edir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1537/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Etibar Mustafayev) ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Təqdim olunmuş iddia ərizəsində tələb iki hissədən ibarətdir. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 0,003 ha. ölçülü 11/33 saylı sahənin bir hissəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırkı halda cavabdehlər tərəfindən məhz həmin hissənin zəbt olunmsı iş üzrə müəyyən edilmir. Belə ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil etdiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətində olduğu həmçinin, təqdim edilmiş yerləşmə cizgisinin göstərilən əraziyə aidiyyəti olmadığı qeyd olunmuşdur”. Halbuki, məhkəmənin 15 mart 2023-cü il tarixli, 2(001)-1537/2023 saylı qərardadında İddiaçı adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli çıxarış, torpaq sahəsinin planı və ölçüsü nəzərə alınmaqla, **********66 reyestr nömrəli torpaq sahəsinin hüdudları faktiki yerləşdiyi sahə üzrə üst-üstə düşüb-düşmədiyi, ünvan 1 saylı sahənin bir hissəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış, “situasiya planı”nda yerləşdiyi sahə göstərilən 100 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi ilə bağlı rəyin verilməsi tələb olunmuşdur. Göründüyü kimi göstərilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edib ki, iddia tələbinin “0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması” hissəsinə dair iddiaçının dəlilləri iş üzrə sübuta yetmədiyindən əsassız olduğuna görə təmin edilə bilməz. Tələbin digər hissələri ilə bağlı məhkəmə qeyd edib ki, tələbin maddi zərərlə bağlı olan hissəsi bilavasitə cavabdehlərin mübahisəli torpaq sahəsinin qanunsuz istifadələri ilə bağlıdır. Hazırkı halda məhkəmə cavabdehlərin torpaqdan qanunsuz istifadələri ilə bağlı tələbi əsassız hesab etdiyindən maddi zərər tələbini də əsassız hesab edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərir ki, sözügedən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi 15 oktyabr 2020-ci ildən onun mülkiyyətindədir. Həmin gündən bu günədək cavabdehlərin qanunsuz, özbaşına hərəkətləri nəticəsində mülkiyyətindən istifadə edə bilmir. Cavabdehlərin bu hərəkətləri nəticəsində o, öz əmlakından əldə edə biləcəyi aylıq 1200 manat gəlirdən məhrum olub. 15 oktyabr 2020-ci il tarixdən bu günədək hər ay 1200 manat olmaqla cəmi 39600 manat pul gəlirindən məhrum olub. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 11/33 saylı sahənin 0,003 ha. ölçülü bir hissəsi 25 noyabr 2022-ci il tarixdə onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınıbdır. Mülkiyyət hüquqlarının məhkəmədə müdafiəsinə dövlət təminat vermişdir. Məhkəmə hazırlıq iclası zamanı onun çıxarışında qeydə alınmış torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi və mübahisəli torpaq sahəsinin onun ərazisi olmasına dair mütəxxəsis rəyi alınması üçün qərardad çıxarmışdır. Mütəxxəsis qarşısında müxtəlif suallar qoyulmasına baxmayaraq onun çıxarışında qeydə alınmış torpaq sahəsinin koordinatlarının yerində müəyyən olunması sualı qoyulmamışdır. Nəticədə verilmiş mütəxxəsis rəyi natamam olmaqla əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir: Birinci sual üzrə göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı oğlunun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, 0,003 ha. torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi və üzərində olan maşın təmiri sexi cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş və qanunsuz istifadə olunmaqdadır. O, öz mülkiyyət hüququndan faktiki olaraq məhrum olub. Məhkəmə qətnaməsində isə göstərilir ki, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyri-yaşayış binası 08 iyul 2017-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Mülki işin elektron kabinetə yerləşdirilmiş sənədlərdən və məhkəmə baxışı zamanı elan olunmuş sənədlərdə belə bir Çıxarış təqdim edilməmişdir. Elektron sistemə baxılarsa, bu sənədin sistemə vurulmadığının şahidi olarıq. Əgər belə bir Çıxarış olmuş olsaydı və sistemə vurulsaydı, o, həmin sənədi dərhal mübahisələndirərdi. Bu sənədin həqiqi olmadığını sübut edərdi. Cavabdehlər və cavabdehin nümayəndəsi bir dəfə də olsun, məhkəmə baxışında iştirak etmədi. Sonuncu məhkəmə baxış iclası keçirilmədi, hakim məhkəmə zalına belə çıxmadı. Məhkəmə iclas katibi qətnamə çıxarıldığını bildirdi, lakin nəticəsini ona deyə bilmədi. Xeyli məhkəmə iclas zalında gözləyəndən sonra məhkəmə iclas katibi iddiasının rədd edildiyini bildirdi. Məhkəmə saxtalaşdırılmış və əsaslandırılmamış mütəxxəsis rəyini sübut kimi qəbul etmişdir. Ümumiyyətlə maraqlanmamışdır ki, **********66 reyestr nömrəli torpaq sahəsinin hüdudları faktiki yerləşdiyi sahə faktiki olaraq 123 kv.metr təşkil edən sahənin 30 kv metri haraya buxarlandı. Bunun üçün məhkəmə yerquruluşu-torpaqşünaslıq ekspertizası təyin etməli idi. Bunu etmədən sübut kimi qəbulu mümkün olmayan əsassız mütəxəssis rəyinə istinad etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh X6 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 və 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia torpaq sahəsindən çıxarılma və boşaldılaraq qaytarılma hissəsində haqlı sayılır.

22. Məhkəmə tərkibi iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə apellyasiya şikayətinin dəlilləri üzrə ilk növbədə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, müəyyən edilməsi tələb edilən hallara dair, yəni daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə dair məlumatlar yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarələrində mövcud olduğundan mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədlərini də ancaq o qurumların (mühəndisi, eksperti)tərəfindən müəyyən edilir.

23. Bununla əlaqədar, mülki iş apellyasiya icraatında olarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli rəyində göstərilənlər və əlavə təqdim olunacaq rəy nəzərə alınmaqla həmin İdarəyə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi, mülki iş materiallarının ekspertizaya təqdim olunması qərara alınmışdır. Belə ki, iş üzrə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü mütəxəssis rəyində hər üç sualın cavabında göstərilirdi ki,.. göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil etdiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətindədir (**********66 reyestr nömrəli). Həmçinin, təqdim edilmiş yerləşmə cizgisinin göstərilən əraziyə aidiyyəti yoxdur qeyd olunmuşdur.

24. Bununla əlaqədar, ekspert və mütəxəssis(mühəndis”) qarşısında - İddiaçı adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 saylı sahənin bir hissəsi olan, xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 0.0030 ha. torpaq sahəsi ilə X2 adına 08 iyul 2017-ci il tarixdə, xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınan, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyri-yaşayış binasına aid, dövlət mülkiyyətində olan, istifadə hüququ ilə qeydə alınan 0.02046 ha. ölçüdə olan torpaq sahəsinin qonşu torpaq sahəsi və bitişik sahə olub-olmaması, hansısa hissələrinin üst-üstə düşüb-düşməməsi, düşürsə, hansı hissələrdə və hansı ölçülərdə düşməsinə, iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 0.0030 ha. torpaq sahəsi(üzərində tikili olmasından asılı olmayaraq) tərəflərin mübahisələndirdiyi(yəni, mübahisənin predmeti olan) torpaq sahəsinin ərazisinə düşüb-düşməməsi, həmin sahədə cavabdehlər X6 və Cavabdeh tərəfindən (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyri-yaşayış binasına aid, dövlət mülkiyyətində olan, Zəkiyyə Məmmədovanın adına istifadə hüququ ilə qeydə alınan 0.02046 ha. ölçüdə olan torpaq sahəsinin ərazisindən əlavə) istifadə edilən torpaq sahəsinin(üzərində tikili olub-olmamasına baxmayaraq) ərazisinə qatılıb-qatılmamasına (faktiki olaraq, cavabdehlər tərəfindən istifadə olunmasına, onların sahibliyində olmasına) dair suallar qoyulmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xüsusi biliyə malik ekspertinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis(mühəndis) rəyi istəmədən və rəyi gözləmədən (analoji işlərdə bu cür rəylər verilmişdir), yerində baxış keçirməklə və işdə olan sənədlərdən torpaq sahələrinin kordinatlarını götürməklə (bax.i.v:26-29;46-47;79-81) rəy verməsinin mümkün olması diqqətinə çatdırılmışdır.

25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-13558/2024 saylı, 16 aprel 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı Samİİ oğlunun adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi 0.0030 ha olsa da, faktiki olaraq 0.0123 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən **********66 reyestr nömrəli sahə ilə X2 adına 08 iyul 2017-ci il tarixdə, xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaan sahə bitişik qonşu sahə deyildir. Belə ki, sözügedən sahələr arasında digər fiziki şəxsin mülkiyyətində olan sahə mövcuddur. İddiaçı adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi 0.0030 ha olsa da, faktiki olaraq 0.0123 ha təşkil edir. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti olan avtotəmir məntəqəsi mövcuddur. Faktiki olaraq sahə dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədlənib. İddia olunan torpaq sahəsi (tikili) sualda 170.48 kv.m qeyd olunmuşdur. Faktiki iddia olunan sahə 0.0123 ha təşkil edir. Həmin sahənin 0.0030 ha hissəsi iddiaçının xüsusi mülkiyyətindədir.

26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-19395/2024 saylı, 24 may 2024-cü il tarixli mütəxəssis rəyi 3-21-3-30/2-13558/2024 saylı, 16 aprel 2024-cü il tarixli mütəxəssis rəyi ilə eyni məzmunda olmuşdur.

27. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/1817 saylı, 19 noyabr 2024-cü il tarixli rəyində isə qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il qeydiyyat tarixli **********58-06301 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh istifadəsinə verilmiş 0,02046 ha torpaq sahəsinin koordinatları və müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə, qərardadın bu sualını cavablandırmaq mümkün olmadı. Baxış zamanı təqdim olunmuş tikilinin (120,9 m2) 27,4 m2 hissəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il qeydiyyat tarixli **********66 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,0030 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi (rəyə sxem əlavə olunur). Cavabdeh istifadəsinə verilmiş 0,02046 ha torpaq sahəsinin koordinatları və müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə qərardadın sualının digər hissəsini cavablandırmaq mümkün olmadı.

28. Göründüyü kimi, apellyasiya isntansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun və imkan verdiyi həddə edilən araşdırma nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həqiqəti müəyyən etməyə imkan verən rəylər əldə edildi. Məhkəmə tərkibi ona görə bu halı xüsusi vurğulayır ki, qeyd olunan İdarə ilk dəfədən daha mütərəqqi, konkret, mübahisəni birdəfəlik həll etməyə imkan verən rəy təqdim edə bilərdi, ancaq etməyərək, birinci dəfə natamam rəy vermişdi ki, bu da birinci instansiya məhkəməsinin iddianın torpaq sahəsi ilə bağlı hissəsində düzgün olmayan nəticəyə gəlməsinə əsas olmuşdur. Düzdü birinci instansiya məhkəməsinin də vəzifəsi idi ki, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırsın, ancaq bunu etmədən yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsinin və vəkilinin yenidən ekspertizanın keçirilməsinə dair vəsatəti də əsaslı deyildir. Çünki yenidən ekspertiza keçirilməsinə hər hansı bir zərurət və lüzum yoxdu. Başqa sözlə, ekspert hansı həcmdə xüsusi biliyə malik idisə o həddə uyğun da rəy verib. Bu rəy mütəxəssis(mühəndis) rəyi ilə heç bir ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır.

29. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0.0030(30 kv.m) ha. olsa da, faktiki olaraq mübahisə predmeti olan ərazidə torpaq sahəsinin ölçüsü 0.0123 ha. təşkil edir. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti olan avtotəmir məntəqəsi mövcuddur və faktiki olaraq (0.0030 ha. daxil olduğu 0.0123 ha. torpaq sahəsi ilə birlikdə) sahə dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədlənib. Bu torpaq sahəsinin yalnız 0.0030 ha. hissəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınıb, torpaq sahəsinin qalan hissəsi və qeyri-yaşayış sahəsi isə hər hansı bir hüquqla ona məxsus olması təsdiq olunmur. Demək ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 0.0030(30 kv.m) ha. ölçüdə olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu pozurlar və bu da ən azından mülkiyyət hüququnun toxunulmazlığı baxımından yolverilməzdir. Ona görə də cavabdehlər iddiaçının mülkiyyətində olan 0.0030(30 kv.m) ha. ölçüdə torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. 30.Məhkəmə tərkibi iddia tələbinin digər hissələrini əsaslı saymır. Çünki həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübuta yetirə bilməmiş, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də bu hissələrdə iddia təmin edilə bilməz.

31. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1537/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdehlər X6 və Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən 0,003 ha. torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli; İddianın qalan hissəsi təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1537/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən 0,003 ha. torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat cavabdehlər X6 və Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar