Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1387/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4968/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6065,74 manat əsas, 1718,34 manat faiz, Konsitutsiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 101,64 manat olmaqla, cəmi 7885,85 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq LPO İddiaçı ASC-yə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4968/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə araşdırılma aparılarkən faiz və əsas borc məbləğinin düzgün hesablanmamasına dair onun şübhələri var. Bank tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışında hansı meyarlar əsasında hesablanılması naməlumdur. Bank tərəfindən əsassız olaraq ondan 1718 manat məbləğində faiz borcunun tələb edilməsi əsassızdır. Hesab edir ki, iş üzrə qətnamə qəbul edilərkən bu hallar nəzərə alınaraq zəruri şəkildə ekspertiza keçirilməli və ekspertin rəyi alındıqdan sonra qətnamə qəbul edilməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421, 421.2, 442, 445, 448.1, 739.1, 739.2, 741, 470.1, 472.2, 475.1, 269.1, 269.4, 276.1, 319.1-ci; “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2-ci; Mülki Prosessual Məcəllənin 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3, 217.4-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC Cavabdeh1 12 ay müddətinə, illik 24% ödəmək şərti ilə 7000 manat məbləğində kredit vermiş, müvafiq müqavilə üzrə öhdəliklərin təminatı qismində tərəflər arasında 24.02.2020-ci il tarixli, ***-*******ALİ210220- 01/ZM/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus olan “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin lazımi dərəcədə icra olunmasının təminatı kimi zamin durmuşdur. İş üzrə iddiaçı LPO İddiaçı ASC müvafiq kredit müqaviləsində göstərilən məbləğdə Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliklərin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın tam təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində təmin edilən əsas və faiz borcu məbləğlərinin düzgün hesablanmadığını bildirir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından faiz borcunun məbləği istisna olmaqla, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/1159 saylı, 29.03.2022-ci il tarixli rəyində qeyd edilir ki, rəyin tədqiqat hisssəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, ***-*******ALİ210220-01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka borcu müqavilə müddətinə, yəni 24.02.2021-ci il tarixinədək əsas borc üzrə 6065,32 manat, faiz borcu üzrə 1212,82 manat; 24 fevral 2021-ci ildən 25 iyun 2021-ci il tarixə illik 5 faizlə isə əsas borc üzrə 6065,32 manat, faiz borcu üzrə 1314,75 manat müəyyən olunur. Göründüyü kimi, ekspert rəyində əsas borcun məbləği tələb ediləndən 42 qəpik az müəyyən edilsə də, faiz borcunun məbləği müqavilə müddətinə, yəni 24 fevral 2021-ci il tarixə 1212,82 manat müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi faiz borcunun məbləğini 05 iyul 2021-ci il tarixli maliyyə arayışında göstərilən 1718,34 manatı əsas götürmüşdür. Göründüyü kimi, faiz borcunun məbləği ilə bağlı şikayətin dəlilləri qismən əsaslı olduğundan həmin məbləğ azaldılaraq 1212,82manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4968/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilməli və faiz borcu azaldılaraq 1212,82 (min iki yüz on iki manat səksən iki qəpik) manat; 6065,74 (altı min altmış beş manat yetmiş dörd qəpik) manat əsas borcun və faiz borcunun, eləcə də illik 5% olan 101,64 (yüz bir manat altmış dörd qəpik) manat pulun və 30 manat dövlət rüsumunun cəmi 7410,20 (yeddi min dörd yüz on manat, iyirmi qəpik) manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4968/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilsin və faiz borcu azaldılaraq 1212,82 (min iki yüz on iki manat səksən iki qəpik) manat müəyyən edilsin, əsas, faiz, illik 5% olan məbləğin və ödənilmiş dövlət rüsumu əvəzinin cəmi isə 7410,20 (yeddi min dörd yüz on manat, iyirmi qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1387/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1387/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver