Məhkəmə qərarları › İş №2(103)-1397/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1397/2023

27.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1397/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli istehlak kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya illik 30% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 23000 AZN məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan 0.0683 ha yaşayış məntəqələrinin torpaqlarında xüsusi mülkiyyətlə məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 259.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (Dövlət Reyestrində 210 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici “FM” Consulting tərəfindən xx.xx.2019-cu il tarixində likvid dəyəri 110.000 (yüz on min) manat məbləğində qiymətləndirilmişdir.

2. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 25 iyul 2019-cu il tarixli 2019/00574-EY №-li İstehlak Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 259.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (Dövlət Reyestrində 210 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********24- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ünvanlı mənzilin İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, 4C mənzil (yeni qaydalarla: Abşeron rayonu ,Masazır kəndi, S.Vurğun küçəsi, 4) 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı BOKT ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 210 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş borc haqqında maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh banka kredit borcu üzrə 19262,85 AZN, faiz borcu üzrə 7751.50 AZN, dəbbə borcu üzrə 18331 AZN, X4 dərəcəsi əsasındakı hesablanan faiz 1036,72 AZN, cəmi 46382,07 borcu var.

5. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin surətinə əsasən cavabdehdən 25 iyul 2019-cu il tarixli 2019/00574-EY saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4 nömrəli mənzilə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574-EY №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 19262.85 (on doqquz min iki yüz altmış iki manat səksə beş qəpik) manat məbləğində qalıq, ona hesablanmış 3545.77 (üç min beş yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6555 (altı min beş yüz əlli beş) manat məbləğində dəbbə pulu, cəmi 29363.62 (iyirmi doqquz min üç yüz altmış üç manat altmış iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 110000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 19262.85 (on doqquz min iki yüz altmış iki manat səksə beş qəpik) manat məbləğində qalıq, ona hesablanmış 3545.77 (üç min beş yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6555 (altı min beş yüz əlli beş) manat məbləğində dəbbə pulu, cəmi 29363.62 (iyirmi doqquz min üç yüz altmış üç manat altmış iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574-EY №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 1 (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİ Reyestr № **********24-10301, Qeydiyyat № **********, tarix xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə xx.xx.2019-cu il tarixli, 2019/00574-EYİP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********).İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 110000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 06 noyabr 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 19262.85 (on doqquz min iki yüz altmış iki manat səksə beş qəpik) manat məbləğində qalıq, ona hesablanmış 3545.77 (üç min beş yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6555 (altı min beş yüz əlli beş) manat məbləğində dəbbə pulu, cəmi 29363.62 (iyirmi doqquz min üç yüz altmış üç manat altmış iki qəpik) manat məbləğində borc yaranmışdır.

8. İddiaçı BOKT ASC iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vermiş və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574-EY №-li istehlak Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 19262.85 manat məbləğində qalıq, ona hesablanmış 7751.50 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18331 manat məbləğində dəbbə pulu, X4 dərəcəsi əsasında hesablanmış 1036.72 manat, cəmi 46382.07 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 19262.85 manat məbləğində qalıq, ona hesablanmış 7751.50 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18331 manat məbləğində dəbbə pulu, X4 dərəcəsi əsasında hesablanmış 1036.72 manat, cəmi 46382.07 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 19262,85 (on doqquz min iki yüz altmış iki manat səksən beş qəpik) manat əsas borc, ona hesablanmış 7600,17 manat (yeddi min altı yüz manat on yeddi qəpik) manat məbləğində faiz borc, X4 dərəcəsi əsasında hesablanmış 665,70 manat (altı yüz altmış beş manat yetmiş qəpik), ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1800 (min səkkiz yüz) manat dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 500 (beş yüz) manat ekspertiza xərcinin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4 ümumi sahəsi 259.8 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4) ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4) ümumi sahəsi 259.8 kv.m–dən ibarət fərdi yaşayış evinin likvid satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. 10.1 Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsinə əsasən, 25 iyul 2021-ci il tarixinə ekspert rəyinə görə əsas borc üzrə-19.483,77 manat müəyyən olunsa da, məhkəmə iddia tələbindən kənara çıxmamaqla 19262.85 manat əsas borcun tutulmalı olması qənaətinə gəlir. 7751,50 manat faiz borcu və X4 dərəcəsi əsasında hesablanmış 1036.72 manat tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirməklə 25 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 7600,17 manat faiz borc, X4 dərəcəsi əsasında hesablanmış 665,70 manat faiz tutulmalıdır. 10.2. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 1800 AZN məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 10.3. Məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574- EY №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi” hissəsində belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, kredit müqaviləsi Cavabdeh ilə İddiaçı BOKT ASC arasında 24 ay müdddətinə bağlanmışdır. Hazırki vaxta bu tarixdən 3 il çox müddət keçmişdir. Buna görə də, iddia tələbi bu hissədə təmin oluna bilməz. 10.4. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 1 ümumi sahəsi 259.8 kv.m-dən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 110.000 manata qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: AZ 1072, Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4) ümumi sahəsi 259.8 kv.m-dən ibarət fərdi yaşayış evinin yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun dəyəri xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsində 110.000 manat məbləğində müəyyən edilmişdir. 10.5. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq X2 Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyər olaraq 110.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınaraq 110.000 min manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. 10.6. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4) ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.7, 269.4, 317.1, 319.1, 385.1, 423.2, 424.2, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-72/2022 nömrəli qətnaməsinin qismən, yəni Cavabdeh 7600,17 manat faiz borcunun və 1800 manat məbləğində dəbbə pulunun tutulması hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli istehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30% dərəcəsi ilə 23 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə № 1 ilə təsdiq olunmuş ödəniş qrafikinə əsasən Cavabdeh qeyd olunan kredit məbləği üzrə 24 ay müddətinə 7864 manat məbləğində faiz məbləği ödəməsi müyyənləşdirilmişdir. Beləliklə, Cavabdeh kreditin verildiyi tarixdən müqavilə müddətinin bitdiyi tarixə qədər olan müddət ərzində müqavilə faizi olaraq yalnız 7864 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı BOKT ASC-nin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən kredit üzrə cəmi 7872 manat ödəniş etmiş, həmin ödənişin 3737,15 manatı əsas məbləğ, 4134,85 manat isə faiz məbləğinə silinmişdir. Göründüyü kimi Cavabdeh kreditin verildiyi tarixdən müqavilə müddətinin bitdiyi tarixə qədər olan müddət ərzində müqavilə faizi olaraq ödəməli olduğu 7864 faiz məbləğinin 4134,85 manat hissəsinin ödənilməsini təmin etmişdir. Belə olan halda Cavabdeh müqavilə üzrə ödəməli olduğu faiz borcu 3729,15 manat təşkil edir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi qeyd olunan xüsusatı nəzərə almamış, yalnız Ekspert Rəyinə istinad edərək 7600,17 manat faiz borcunun tutulmasına dair qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tətqiq olunur və digər sübütlarla yanşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşə baxmış birinci instansiya məhkəməsi MPM-nin 101.7 və 103.1-ci maddələrinin tələbini pozaraq ekspertin rəyini digər sübutlarla yanaşı tətqiq edərək qiymətləndirməmiş, həmin rəyi mötəbər və yeganə sübut hesab edərək Cavabdeh kredit üzrə əsas borca görə 7600,17 manat məbləğində faiz borcunun tutulmasına dair əsassız qətnamə qəbul etmişdir. Həmçinin İddiaçı BOKT ASC iddia tələbində 18 331 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etmiş, işə baxmış birinci instaniya məhkəməsi isə iddiaçı tərəfindən həmin məbləği tələb edərkən tənasüblülüyün qorunmamasına dair nəticəyə gələrək, tutulmalı olan dəbbə pulunun məbləğini 1800 manat müəyyən etmişdir. Bununla bağlı qeyd edilir ki, işə baxmış məhkəmə iddiaçı tərəfindən tələb olunan 18 331 manat məbləğində dəbbə pulunun düzgün, yəni xx.xx.2019-cu il tarixli İstehlak Kredit Müqaviləsinin 3.1-ci bəndinə əsasən düzgün hesablanmasını araşdırmamışdır. Hətta məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilərkən ekspert qarşısında cərimə borcunun nə qədər təşkil etməsi barədə sual qoyulsa da, ekspert tərəfindən həmin suala cavab verilməmiş, məhkəmə isə bu hala əhəmiyyət verməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən tutulmuş 1800 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək hesab edilir. Qeyd olunanlara əsasən işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar və iş üzrə əhəmiyyətli olan faktiki hallar araşdrılmamış, bununla da iddia tələbinin faiz borcu və dəbbə pulunun tutulması hissəsində təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

16.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Mülki Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Mülki Məcəllənin 443.1-cü maddəsində qeyd edilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Mülki Məcəllənin 448.1-cü maddəsində qeyd edilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.2-ci maddəsində qeyd edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

20. Mülki Məcəllənin 462.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. Mülki Məcəllənin 463.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1800 (min səkkiz yüz) manat dəbbə pulunun tutulması” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

26. İddiaçı təşkilat xx.xx.2022-ci il tarixindək Cavabdeh 19262.85 manat əsas, 7751.50 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 18331 manat məbləğində dəbbə pulu borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, apellyator isə kredit borcunun mövcudluğunu faktiki olaraq inkar etməyərək yalnız borc məbləğlərini faiz borcu və dəbbə pulu hissəsində mübahisələndirmişdir.

27. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən faiz borcunun düzgün hesablanmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli № 9/6277 saylı ekspert rəyinə əsasən İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00574-EY saylı kredit müqaviləsi üzrə Cavabdeh 25 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) və 01 aprel 2022-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu - əsas borc üzrə-19.483,77 manat , 5 faizlə hesablanmış faiz borcu üzrə -665,70 manat, faiz borcu üzrə 25 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) 7600,17 manat hesablanmışdır.

29. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

31. Bununla belə kollegiya ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu məbləğinin düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

32. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

33. Hazırki işin hallarından görünür ki, borcalanın 19262.85 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı təşkilat 18331 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə cavabdehdən tutulmalı olan cəriməni 1800 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan ödəniş olunduğunu nəzərə alır.

34. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1800 (min səkkiz yüz) manat dəbbə pulu tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 (min) manat dəbbə pulu İddiaçı BOKT ASC-nin xeyrinə tutulması müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1800 (min səkkiz yüz) manat dəbbə pulu tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 (min) manat dəbbə pulu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar