Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1431/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi X3 və digər nümayəndəsi (vəkili) X5, Cavabdeh2, onun nümayəndəsi X1, digər nümayəndəsi (vəkili) Vəkil4 iştrakları ilə İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və əmlakın təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə (MMC) qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 da cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə (dəqiqləşdirmə) ilə məhkəməyə müraciət edərək, MMC və Cavabdeh2 arasında bağlanmış 26.01.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155.6 kv.m olan 37 saylı 3 otaqlı mənzilə dair Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsi və mənzilə girişlə bağlı yaradılacaq maneələrin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 155.6 kv.m olan 37 saylı 3 otaqlı mənzil Cavabdeh1 MMC ilə aralarında bağlanmış 13.07.2009-cu il tarixli müqaviləyə əsasən ona satılmış, mənzilin dəyəri tərəfindən tam ödənilmiş, lakin mənzil ona təhvil verilməmiş, MMC-nə göndərdiyi pretenziya məktubu da cavablandırılmamışdır. Sonradan məlum olmuşdur ki, mənzil MMC tərəfindən 26.09.2017-ci il tarixdə X11 da satılmış, sonuncunun adına ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20.10.2020-ci il tarixdə çıxarış verilmişdir. Lakin onunla bağlanmış 13.07.2009-cu il tarixli müqavilədən və maliyyə arayışından göründüyü kimi, həmin mənzil ilk növbədə ona satılmışdır, sonradan mənzil barəsində bağlanan müqavilələrin heç bir hüquqi qüvvəsi olmamaqla etibarsızdır. Belə ki, Cavabdeh2 ilə bağlanan müqavilədə tarix, alıcı qrafası, mənzilin nömrəsi, məbləğ və alıcının imzası hissəsi əlyazma ilə qeyd edilmiş, satıcı hissəsi kompyuter vasitəsilə yazılmışdır. Bu da onu göstərir ki, həmin müqavilə imzalı və möhürlü hazır formada mövcud olmuş və son zamanlarda, yəni onun müqaviləsindən sonra bağlanmışdır. Onunla bağlanmış 13.07.2009-cu il tarixli müqaviləyə diqqət yetirdikdə görünür ki, əlyazma ilə heç bir yazı mövcud deyildir. Cavabdeh2 adına olan müqavilədə alıcının eyniləşdirilməsi üçün heç bir məlumat, məsələn şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd olunmamışdır. Ona aid müqavilədə isə şəxsiyyət vəsiqəsinin seriya və nörməsi göstərilmişdir. Cavabdeh2 müqaviləsində qeyd olunan tarixdə MMC-nin rəhbəri olmuş şəxs Məzahir Cəfərov onun iştirakı ilə 30.01.2013-cü il tarixdə keçirilmiş audit yoxlaması zamanı mənzili ona satdığını bildirmişdir. Bu barədə audit rəyi və həmin audit rəyi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən vəkil sorğusu ilə əldə edilmiş 28.09.2021-ci il tarixli ********* nömrəli cavaba məktubu vardır. Əgər həqiqətən X10 adına belə bir müqavilə mövcud olsa idi, həmin audit rəyində bu barədə məlumat qeyd olunardı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması, iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi ayrıayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə düzgün əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol verilmiş, tətbiq edilməli olan qanun tətbiq edilməmiş, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə, İddiaçı iddia etdiyi və iddiasının əsasını təşkil edən, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin 13.07.2009-cu il tarixdə, yəni onunla Cavabdeh1 MMC arasında həmin mənzilə dair 26.01.2008-ci il tarixdə başlanmış müqavilədən sonra bağlanmasına əhəmiyyət vermədən, müqavilələrin həqiqiliyini, eləcə də həmin müqavilələrdə Cavabdeh1 MMC-nın direktoru tərəfındən icra edilən imzanın həqiqiliyini araşdırmadan 26.01.2008-ci il tarixli müqaviləni etibarsız hesab etmişdir. Məhkəmə yalnız bir sübuta - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinə əlavə edilmiş 30 yanvar 2013-cü il tarixli akta əlavə edilmiş siyahıya istinad edərək ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, umumi sahəsi 155,6 kv.m olan 3 otaqlı 37 saylı mənzilin qrafasının qarşısında İddiaçı adının göstərildiyinə əsaslansa da, həmin cinayət işi üzrə istintaqın hələ də davam etdiyini, sözügedən akta hüquqi qiymət verilmədiyini nəzərə almamışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi İddiaçı ilə müqavilə bağlanmadığını, onun təqdim etdiyi müqavilədəki imzanın MMC-nin direktoru Məzahir Cəfərov tərəfindən icra edilmədiyini bildirərək xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etsə də, məhkəmə həmin vəsatətə əhəmiyyət verməmişdir. Digər tərəfdən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mübahisəli mənzilin ona satılması ilə bağlı araşdırma aparılmış, adına olan müqavilə və maliyyə arayışı ekspertizadan keçmiş, həmin sənədlərin saxta olması və ya etibarsız olması müəyyən edilməmişdir. 26 yanvar 2008-cı ıl tarixli 611360 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı 37 saylı mənzilin alqı-satqısı Cavabdeh1 MMC-nin direktoru ilə onun arasında aparılmış, mənzilin hər kv.m-i 800 manat olmaqla, ümumi dəyən 124 480 manat müəyyən edilmiş, müqavilənin bağlandığı vaxt 40 000 manat, 10 oktyabr 2008-ci il tarixdə isə qalan 84 480 manat ödənilməklə mənzilin dəyəri tam olaraq ödənilmiş, həmin tarixdə bu barədə ona kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. X6 təqdim etdiyi 11 iyul 2009-cu il tarixli nömrəsiz müqavilədən isə görünür ki, həmin tarixdə mənzilin hər kv.m-nin qiyməti 400 manat göstərilmişdir. Halbuki, həmin vaxt sözügedən binada kvadratmetri 400 manata heç kəsə mənzil satılmamışdır. Çünki həmin vaxt sözügedən binada mənzilin 1 kv.m-nin maya dəyəri 720-750 manat civarinda olmuş, bu fakt Cavabdeh1 MMC-nin sorğuya vermiş olduğu cavabda da öz əksini tapmışdır. İddiaçı Nizamı qızının adına tərtib edilmiş müqavilədə mənzilin 1 kv.m-nin qiymətinin 400 manat məbləğində qeyd edilməsi bir daha həmin sənədin saxta olmasını göstərir. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışının tarixi belə yoxdur. Cavabdeh1 MMC-nin sorğuya verdiyi cavabda o da qeyd edilir ki, MMC tərəfindən ünvan 3 ünvanında inşa edilərək dövlət komissiyasına təqdim edilən və həmin komissiya tərəfindən istismarına icazə verilən 1,2,3 və 4 saylı binaların sakinləri haqqında olan siyahı ilk öncə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə təqdim edilmiş, siyahı həmin idarədə dəqiqləşdirildikdən sonra 04 dekabr 2017-ci ildən etibarən orada saxlanılan MMC-yə məxsus möhürlə təsdiq edilib DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, digər sakinlərlə yanaşı ona da mübahisəli mənzilə dair çıxarış verilmişdir. İddiaçı iddia etdiyi kimi əgər mənzili həqiqətən də 13.07.2009-cu il tarixdə almışdısa, ən azından mənzillə bu illər ərzində maraqlanmalı, MMC-dən mənzilini tələb etməli, binaya gəlib mənzilinə baxmalı idi. Bu illər arzində iddiaçının mənzilini tələb etmək yönündə heç bir hərəkət etməməsi onu göstərir ki, onunla MMC arasında 13.07.2009-cu il tarixdə də müqavilə bağlanmayıb, həmin müqavilə saxtadır. Mənzil ona satıldıqdan sonra mənzili təmir etdirmiş, orada yaşamağa başlamış, mənzilin dəyərindən başqa, binada liftin quraşdırılması və sair işlərə çəkilən xərclərdə də iştirak etmişdir. Mənzil üzərində mülkiyyət hüququ 20.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və mənzilin mülkiyyətçisidir. Məhkəmə nə bu halı, nə də mənzilin 26.01.2008-ci il tarixdən onun natamam mülkiyyət hüququ ilə yüklü olmasını nəzərə almamış, mənzilin mülkiyyətçi olaraq onun razılığı olmadan başqa şəxsə ozgəninkiləşdirilməsinin mümkün olmadığına əhəmiyyət verməmişdir. İşə baxan hakim onu da nəzərə almamışdır ki, mənzil iddiaçıya ümumiyyətlə təhvil verilməmiş, ondan mənzilə dair pul alınmamış, mənzil onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı 37 saylı mənzilə dair MMC və Cavabdeh2 arasında 26.01.2008-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə mənzilin Cavabdeh2 təhvil verilməsi, sonuncunun isə mənzilin dəyərini MMC-nə ödəməli olduğu razılaşdırılmışdır. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə ödənilmiş, MMC isə mənzili Cavabdeh2 təhvil vermişdir. Mənzilə dair 26.01.2003-cü il tarixli müqavilənin bağlanmasında səlahiyyətli şəxslər (Cavabdeh1 MMCnin direktoru və Cavabdeh2) iştirak etmiş, onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmuşdur. Mənzil Cavabdeh2 satıldıqdan sonra o, mənzili təmir etdirmiş və mənzildə yaşamağa başlamışdır. Cavabdeh2 ona satılan mənzilin dəyərindən başqa, həmçinin binada liftin quraşdırılması və sair işlərə çəkilən xərclərdə də iştirak etmişdir. Cavabdeh2 mənzil üzərində mülkiyyət hüququ 20.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydə alınmış və bu barədə onun adına çıxarış verilmişdir. Cavabdeh2 qanuni əsaslarla MMC-dən mənzil almış vicdanlı alıcıdır və mülkiyyətçidir. İddiaçı və MMC arasında bağlandığı iddia edilən müqavilənin etibarlı olması üçün ünsürlərdən biri - MMC-nin iradə ifadəsi mövcud olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi, onunla MMC arasında bağlandığı bildirilən 13.07.2009-cu il tarixli müqavilə və tarixi qeyd olunmayan maliyyə arayışı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Həmin sənədlərin mərhum direktor Məzahir Cəfərov tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən imzalanması adi baxışla da görünür. Bunun sübutu kimi məhkəməyə Məzahir Cəfərovun imzası olan sənədlərin (Cavabdeh1 MMC və "xxxx" MMC arasında bağlanmış 25.05.2010-cu il tarixli 71 və 72 №-li müqavilələr, X7 adına olan 28.01.2014-cü il tarixli, X4 adına olan 18.03.2014-cü il tarixli və 19 may 2015-ci il tarixli kassa mədaxil orderlərinin əsli) əsilləri təqdim edilmiş, xəttşünaslıq ekspertizasının və sənədlərin texniki ekspertizasının təyin edilməsi xahiş olunmuş, lakin işə baxan hakim sənədlərə baxış keçirməklə kifayətlənərək sənədləri geri qaytarmışdır. Halbuki, tərəflər arasındakı mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının, habelə sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsi və 13.07.2009-cu il tarixli müqavilə və maliyyə arayışındakı imzaların həqiqətən də Məzahir Cəfərova aid edilib-edilməməsinin, möhür əksinin Cavabdeh1 MMC-yə aid olubolmamasının, bununla da İddiaçı iddianı irəli sürmək üçün subyektiv hüququnun olubolmamasının müəyyən edilməsi zəruri idi. İddiaçı və Cavabdeh1 MMC arasında mübahisəli mənzilə dair hər hansı müqavilə balğlanmamış, İddiaçı MMC-yə mənzilə görə hər hansı ödəniş etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirmək üçün kəsici müddətləri buraxmışdır. Belə ki, işə baxılan zaman iddiaçı tərəfi təmsil edən hər iki nümayəndə və vəkil məhkəmə iclaslarında verdikləri izahatlarda göstərmişlər ki, iddiaçı hələ 2017-ci ildə mübahisəli mənzilin yerləşdiyi binanın həyətinə getmiş, orada mənzildə yaşayan Cavabdeh2 həyat yoldaşı X2 ilə görüşmüş, ona mənzilə dair adına müqavilə olduğunu bildirmiş, müqaviləni ona göstərmişlər. Ziyəddin İsgəndərov isə mənzilə dair həyat yoldaşı və MMC arasında 26.01.2008-ci il tarixdə müqavilənin bağlandığını bildirmiş, müqaviləni həmin şəxslərə göstərmişdir. Bundan sonra iddiaçı Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cavabdeh1 MMC-nin barəsində cinayət işini aparan müstəntiqə müraciət etmiş, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (əri) Ziyəddin İsgəndərov da izahatında təsdiq etmişdir ki, həqiqətən 2017-ci ildə onun əvvəllər tanımadığı bir qadın və iki kişi ona yaxınlaşaraq, mübahisəli mənzilə dair başqa bir müqavilənin mövcud olduğunu demişlər və onun xahişi ilə müqaviləni ona göstərmişlər. Həmin vaxt ona göstərilmiş müqavilə, hazırda iddiaçının məhkəməyə təqdim etdiyi müqavilədən fərqli olmuşdur. O da, həmin şəxslərə mənzilə dair arvadı Cavabdeh2 ilə MMC arasında hələ 26.01.2008-ci il tarixdə müqavilə bağlandığını bildirmiş, həmin müqaviləni iddiaçı və onunla gələn şəxslərə göstərmişdir. Göründüyü kimi iddiaçı, mənzilə dair Cavabdeh2 və MMC arasında müqavilənin bağlanması barədə 2017-ci ildə məlumatlı olmuşdur və müqavilnin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərədə tutulmuş müddətlərin keçdiyini də çox gözəl bilirdi. Bu səbəblə ilk dəfə verilmiş iddia ərizəsində iddiaçı yalnız Cavabdeh1 MMCyə iddia irəli sürmüşdür. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində mübahisəli mənzilin Cavabdeh2 satılması ilə bağlı araşdırma aparılmış, onun adına olan müqavilə və maliyyə arayışı müvafiq ekspertiza tədqiqatlarının predmeti olmuş, həmin sənədlərin saxta olması və ya digər əsaslarla etibarsız olması halları müəyyən edilməmişdir. Bundan sonra Cavabdeh2 mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. "xxxx" MMC də, mübahisəli mənzilə dair yalnız Cavabdeh2 ilə bağlanmış müqaviləni bəyənir və onu həmin mənzilin mülkiyyətçisi kimi tanıyır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X8, digər nümayəndəsi (vəkili) İradə Dünyamalılı, habelə Cavabdeh2, onun nümayəndəsi X2 və digər nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək şikayətlərin təmin olunmasını; İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətlərin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, hər iki şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan halına görə, Cavabdeh1 MMC-nin direktoru X12 (satıcı) və İddiaçı (alıcı) arasında 13 iyul 2009-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.metr olan 3 otaqlı 37 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində mənzilin hər kvadratmetrinə görə 400 manat olmaqla cəmi 62 240 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüş, əmlakın dəyərinin tam ödənildiyinə dair ona tarixi göstərilməyən maliyyə arayışı verilmişdir. İşin müəyyən olunan digər halına görə, iddiaçı ilə bağlanmış 13.07.2009-cu il tarixli müqavilənin predmetini təşkil edən mənzil Cavabdeh1 MMC-nin direktoru X12 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2008-ci il tarixli müqavilə əsasında sonuncuya satılmış, müqavilədə mənzilin hər kvadratmetrinin dəyərinin 800 manat, ümumi dəyərinin 124 480 manat olduğu razılaşdırılmış və həmin məbləğin 40 000 manatının əvvəlcədən ödənildiyi göstərilmiş, 10.10.2008-ci il tarixdə Cavabdeh2 qalıq 84 480 manatı ödəmiş və bununla bağlı ona kassa mədaxil orderi verilmiş, həmin tarixdə tərtib olunmuş maliyyə arayışında onun mənzilə görə borcunun qalmadığı qeyd edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 26.09.2017-ci il tarixdə Cavabdeh1 MMC və X13 arasında 286 saylı müqavilə bağlanmış, müqavilədə Cavabdeh2 ilə bağlanmıış 26.01.2008-ci il tarixli müqavilənin predmeti olan mənzilin ona təhvil verildiyi göstərilməklə mənzilin istismar qaydaları ilə bağlı hüquq və vəzifələr müəyyənləşdirilmiş, ünvan 4 ünvanında yerləşən 37 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M10, m5) Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 20.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Tərəflər, mənzilin Cavabdeh2 təhvil verildiyini, mənzilin onun tərəfindən təmir olunduğunu və ailəsi ilə birlikdə 2018-ci ildən (özünün bildirməsinə görə 2017-ci ildən) etibarən orada yaşadığını mübahisələndirmirlər; iş materiallarından da aydın olur ki, Cavabdeh2 ilə “Azəriqaz” İB arasında 07.08.2018-ci il tarixdə qazın alqı-satqısı ilə əlaqədar müqavilə bağlanaraq mənzilə qaz sayğacı quraşdırılmış, 10.03.2020-ci il tarixdə "xxxx" MMC ilə “Nəzarət sistemlərinin təmiri və servisi üzrə texniki xidmət müqaviləsi” bağlanmış, mənzilə telefon çəkdirilmiş, "xxxx" ASC ilə müqavilə bağlanmış, kommunal xidmətlərə görə ödənişlər həyata keçirilmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə İddiaçı Cavabdeh1 MMC-dən tələb etdiyi mənzilə dair ilk müqavilə 26.01.2008-ci il tarixdə Cavabdeh2 ilə bağlanmış, həmin müqavilə əsasında mənzil 2017-ci ildə Cavabdeh2 təhvil verilmiş və onun mülkiyyətinə keçirilmişdir. Mülki Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı, Cavabdeh1 MMC ilə bağlamış olduğu 13.07.2009-cu il tarixli müqaviləyə istinad etməklə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152-ci və 385.1-ci maddələrinə əsaslanmış, cavabdehin (Cavabdeh1 MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi, onunla həmin MMC arasında müqavilə bağlandığı zaman Cavabdeh2 ilə daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mənzil bu müqavilə əsasında sonuncunun sahibliyinə verilmişdir. Başqa sözlə Cavabdeh1 MMC, İddiaçı istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə İddiaçı daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, hazırda Cavabdeh2 mülkiyyətində olan mənzilin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunmalıdır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. Bu kontekstdə kollegiya, iddiaçının istinad etdiyi müqavilədəki imzanın yoxlanılması üçün ekspertiza keçirilməli olması barədə apellyatorların dəlilləri ilə bağlı araşdırma aparılmasına da zərurət görmür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı istinad etdiyi müqavilə imzalandığı zaman mənzil Cavabdeh2 satılmış olduğundan, Cavabdeh1 MMC həmin müqaviləni bağlamaq səlahiyyətinə sahib olmamışdır; bu isə o deməkdir ki, sözügedən müqavilədəki imzanın kimə məxsus olması hazırkı mübahisənin həlli baxımından əhəmiyyətli deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh olunan hüquqi mövqeyinə uyğun olaraq kollegiya, iddiaçının “müqavilənin etibarsız sayılması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir – İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı və həmin şəxslərin iradə vahidliyinin mövcudluğu mübahisə mövzusu deyildir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, yaxud sadalanan pozuntularla bağlandığı isə müəyyən edilməmişdir. Mübahisəsi gedən mənzilin Cavabdeh2 adına qeydiyyata alınması ilə bağlı verilmiş çıxarışın ləğv olunması üçün isə hər hansı əsas mövcud mövcud deyildir və buna görə görə də kollegiya, həmin tələblə bağlı gəlinən nəticənin əsassızlığı üzrə əlavə əsaslandırma aparılmasına ümumiyyətlə zərurət olmadığını vurğulamaqla kifayətlənir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini verərkən ödədiyi dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalı, apellyasiya şikayətləri üçün ödənilmiş rüsum məbləğləri isə ondan alınaraq apellyatorlara ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6436/2021 saylı iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və əmlakın təhvil verilməsi” tələbləri təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarına görə İddiaçı 50 (əlli) manat alınaraq Cavabdeh2, 15 (on beş) manat alınaraq Cavabdeh1 MMC-nə verilsin; iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği İddiaçı özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1431/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1431/2022
03.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver