Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1449/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh1nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB cəlb olunmaqla qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqına əlavələrin, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddaçı İddiaçı Cavabdeh1nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB cəlb olunmaqla qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 24 avqust 2020-ci il tarixli, 020/304 saylı Əmrinin ləğv edilməsi, işə bərpa barədə, cavabdehdən onun xeyrinə 24.08.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə 4500 manat məbləğində orta aylıq əmək haqqının, normadan artıq işə görə 51576 manat pulun, gecə vaxtı yerinə yetirilən işə görə 29568 manat pulun, 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24 avqust 2020-ci İ tarixli, 020/304 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Cavabdeh1 24.08.2020-ci il tarixli, N020/304 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci naddəsinin "xxxx" bəndinə əsasən: “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”əsası ilə ləğv edilməsini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir və həmin səbəblərdən də sözügedən Əmrin ləğv edilməli olduğunu bildirmişdir: O, İddiaçı, 01 Mart 2001-ci ildə XƏZƏR-DƏNİZ-QAZMA TİKİNTİ TRESTİNDƏ əmək fəaliyətinə başlamışdır. 20.05.2013- cü ildə Cavabdeh1nə “Taxtabənd işləri üzərə briqadir” vəzifəsinə işə qəbul edilmişdir. 01.10.2015-ci il tarixində həmin şirkətdə “Taxtabənd işləri üzərə Supevayzer” vəzifəsinə təyin olunmaqla vəzifədə irəli çəkilmişdir. Ailəlidir, öhdəsində həyat yoldaşı və 3 azyaşlı övladı var. Məlum hadisə baş verməmişdən əvvəl Cavabdeh1 MMC-nin ofisindən ona zəng edərək işə (dənizə) gedəcəyini bildirmişlər. Bunun üçün də 10.08.2020-ci il tarixdə səhər saat 10:00-da “HOLİDAY İNN” otelinə 3 günlük karantin üçün daxil olmuşdur. Karantin başlayandan sonra, bundan əvvəl də 7 gün başqa oteldə karantini keçib və 4 həftə dənizdə işdə olduqdan sonra evə qayıtmışdır. Karantin və iş dövründə 35-40 gün evdən uzaq, qapalı və dəniz şəraitində işləmək hər bir işçi kimi onun üçün də çox ağırdır. “HOLİDAY İNN” otelinə yerləşdikdən sonra test olunmuş, test neqativ çıxmış və virus aşkarlanmamışdır. 13.08.2020-ci il səhər saat 06:00- da oteli tərk edib dənizə işə getməli idi. 12.08.2020- ci il axşam saat 9-10 radələrində qeydiyyatdan zəng edərək bildirdilər ki, dənizdə platformada yer yoxdur və 17.08.2020-ci il tarixinə qədər oteldə qalmalıdır. Bundan sonra o, Kordinatoru Nadir ilə telefon əlaqəsi saxlamış və oteldən çıxarılmağını bir gün sonra təkrar qayıtmağını xahiş eləmişdir. O isə buna müəyyən səbəblər gətirərək çıxmağını təmin etmədi. Oteldə qalmağ davam eləmişdir. 15.08.2020-ci il axşam saatlarında evdən zəng olunaraq kiçik oğlunun vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Otaqdan qeydiyyata zəng edərək əlaqə saxlamaq istəmiş, amma telefonla zəng eləmək mümkün olmamışdır. Oteli tərk eləyib evə gəlmişdir. Müəyyən tədbirlərdən sonra oğlunun vəziyyəti nisbətən yaxşılaşmış və səhər təzdən otelə qayıtmışdır. Otelin yaxınlığındakı köşkdən bir qutu siqaret alıb bir neçəsini çəkib, otelə daxil olmuşdur. Bu zaman ondan haradan gəldiyini soruşduqda, siqaret üçün çıxdığını bildirmişdir. Səhər otağın qapısını döyərək otaqdakı telefonun işləmədiyini bildirdilər, yoxlama zamanı müəyyən olundu ki, boşluq var və təmir etdilər. Uzun müddətli iş stajına malikdir, uzun müddətdir ki, əmək fəaliyyəti ilə məşğul olmur, neft sənayesində çalışmışdır. 20.05.2013-cü ildə Cavabdeh1nə “Taxtabənd işləri üzərə briqadir” vəzifəsinə işə qəbul edilmişdir. 01.10.2015-ci il tarixində həmin şirkətdə “Taxtabənd işləri üzərə Supevayzer” vəzifəsinə irəli çəkilmişdir. Lakin, Cavabdeh1 MMCnin 24 avqust 2020-ci il tarixli, № 020/304 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi ləğv edilərkən cavabdeh müəssisdə işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirməyi, vəzifədə irəli çəkilməyi, 3 azyaşlı övladının olması, peşəkarlığı, hadisənin is yerində olmaması, karantin qaydalarının Əmək Məcəlləsi ilə tənzimlənməməsi, karantin qaydalarını yozduğuma görə inzibati cəza almamğım, testin nəticəsinin neqativ olması və sair hallar nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia iddia tələbləri təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya baxışı zamanı həmçinin 28 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilən - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş məhkəmədə baxılmalı olmaması əsası ilə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçünçü şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq qeyd edir ki, iddia tələbləri birinci instansiya məhkəməsinin qətnaməsi ilə bütövlükdə rədd edilmiş, qətnaməni iddiaçı mübahisələndirmiş, apellyasiya baxışı zamanı isə 28 iyul 2021-ci il tarixli qərardadı ilə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilən - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş məhkəmədə baxılmalı olmaması əsası ilə mülki işin icraatına xitam verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə - əmək haqqına əlavələrin (normadan artıq işlədiyinə və gecə vaxtı işlədiyinə görə haqqın ödənilməsi), maddi və mənəvi ziyanın ödənilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əmək haqqına əlavələrin (normadan artıq işlədiyinə və gecə vaxtı işlədiyinə görə haqqın ödənilməsi), maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə əmək haqqına əlavələrin (normadan artıq işlədiyinə və gecə vaxtı işlədiyinə görə haqqın ödənilməsi), maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilərək işə, qeyd edilən hissədə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.05.2013-cü il tarixdə Socar Cape MMC-də “taxtabənd işləri üzrə briqadir” vəzifəsində işə qəbul edilmişdir. İş materiallarında olan Socar Cape MMC tərəfindən verilmiş 020/304 saylı, 24.08.2020-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Socar Cape MMC tərəfindən verilmiş 17.09.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı X3 tərəfindən mübahisələndirilən 020/304 nömrəli, 24.08.2020-ci il tarixli əmr "xxxx" MMC-nin 020/331 nömrəli 04.09.2020-ci il tarixli əmri ilə ləğv edilmiş və iddiaçı “taxtabənd işləri üzrə supervayzer” vəzifəsi üzrə işə bərpa edilmişdir. Bununla bağlı olaraq X2 məktub göndərilmiş və 07.09.2020-ci il tarixdən öz vəzifələrinin icrasına davam etməli olduğu ona bildirilmişdir. İş materiallarında olan Socar Cape MMC tərəfindən verilmiş 020/304 saylı, 04.09.2020-ci il tarixli əmrin surətindən görünür ki, 24 avqust 2020-ci il tarixli 020/304 saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmr qüvvədən düşmüş hesab edilmiş və Taxtabənd işləri üzrə supervayzer, İddiaçı qeyd edilən vəzifə (peşə) üzrə işə bərpa olunmuşdur. İddiaçı işdən azad edildiyi tarixdən işə bərpa edildiyi müddətədək məcburi iş buraxmaya görə əməkhaqqı ödənilmiş, əməkhaqqı hesablanarkən işdən azad edildiyi tarixdə işçiyə ödənilmiş son-haqq hesab nəzərə alınmış, İddiaçı əmək kitabçasında “əmək müqaviləsinə xitam verilməsi barədə” 24 avqust 2020-ci il tarixli qeydin etibarsız hesab edilməsi barədə müvafiq qeyd aparılmışdır. Apellyasiya baxışı zamanı 01 fevral 2021-ci il tarixli qərardad ilə iddiaçının vəsatəti qismən təmin edilərək, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və həll edilməsi üçün ekspert qarşısında – «İddiaçı Cavabdeh1ndə 24 avqust 2017-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək, həmçinin 24 avqust 2019-cu il tarixdən 24 avqust 2020-ci il tarixədək olan müddətdə əlavə iş saatına (normadan artıq işə və gecə saatına) cəlb edilmişdirmi və əgər cəlb edilmişdirsə, əlavə iş saatına görə (hər biri ayrılıqda göstərilməklə) ona nə qədər əmək haqqı hesablanmalıdır?» sualı qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış ərizədən görünür ki, ekspertiza ilə bağlı - əmək haqqı ödəniş qəbzləri, ərizələr, əmrlər və əmək qabiliyyətli olmama vərəqələri məhkəməyə təqdim edilmiş, bank çıxarışlarının isə iddiaçı tərəfindən təqdim edilə biləcəyi bildirilmişdir. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticəsinə dair təqdim edilmiş 16 iyun 2021-ci il tarixli 9/1118 saylı rəydən görünür ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə (əmək haqqı ödəniş qəbzləri, əmrlər, əmək müqaviləsi və s.) əsasən isə İddiaçı Cavabdeh1ndə 24 avqust 2017-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək, həmçinin 24 avqust 2019-cu il tarixdən 24 avqust 2020-ci il tarixədək olan müddətdə əlavə iş saatına (normadan artıq işə və gecə saatına) cəlb edilmişdirmi və əgər cəlb edilmişdirsə, əlavə iş saatına görə (hər biri ayrılıqda göstərilməklə) əmək haqqı hesablanmalı olması müəyyən olunmamışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tələbində normadan artıq işə görə 51576 manat pulun, gecə vaxtı yerinə yetirilən işə görə 29568 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Lakin iddiaçı normadan artıq eləcə də gecə vaxtı işləməsi barədə mötəbər sübutlar təqdim etməmiş, bu barədə ekspertiza təyin edilsə də iş materiallarında olan sənədlərlə həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Bir sözlə, iddiaçının əmək haqqına əlavələrin hesablanması üçün əsas yaradan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən iddiaçı 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Sadalanan maddələrin dispozisiya şərtlərindən göründüyü kimi hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını, habelə bunun nəticəsində dəymiş zərərin əvəzinin tələb etmək üçün həmin məlumatların yayıldığını sübut etməlidir. Məlumatların yayılması sübuta yetirildiyi halda onların həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Baxılan iş üzrə iddiaçı isə cavabdehin onun şərəfini və ya ləyaqətini ləkələyən məlumatları yaydığını, habelə ona zərər vurulduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddia tələbinin baxılan hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilməmiş, bu hissədə iddiaçının dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verdiyindən qətnamə baxılan hissədə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi apellyasiya baxışının premeti olan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçıya aid edilməli, eləcə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan dövlət hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddaçı İddiaçı Cavabdeh1nə qarşı “normadan artıq işə görə 51576 manat pulun, gecə vaxtı yerinə yetirilən işə görə 29568 manat pulun , 50000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1449/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1449/2021
28.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver