Məhkəmə qərarları › İş №2(103)-146/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-146/2022

19.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-146/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərcüməçi X6 və iddiaçının nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna və qeyrilərinə qarşı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2rixdə bağlanmış 4Ə/İ-25 reyestr nömrəli və 09 mart 2004-cü il tarixində bağlanmış 4Ə/1-101 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan və Cavabdeh2 tərəfindən zəbt olunmuş 24 kv.m hissəsinin sonuncunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2rixində bağlanmış 4Ə/1-101 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan və Cavabdeh2 tərəfindən zəbt olunmuş 24 kv.m hissəsinin sonuncunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması, eyni zamanda 15 aprel 2019-cu ildə tərtib edilmiş texniki pasportun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova, iş № 2(010)-1174/20) iddia təmin edilməmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini vərəsəlik qaydasında əldə etmiş və hal-hazırda da həmin ünvanda yerləşən evin 2 otaqdan ibarət yaşayış sahəsinin mülkiyyətçisidir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin digər ½ hissəsi vərəsəlik yolu ilə bacısı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovnaya məxsus olmuş, o, evin 2 otağını (10,0 kv.m + 9,0 kv.m və köməkçi sahəsi 23,4 kv.m + 5,0 kv.m) 10 saylı DNK-nın 4Ə/İ-25 reyestr nömrəli 27 yanvar 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. 10 saylı DNK-nın 4Ə-İ-100 reyestr nömrəli 07 mart 2003-cü il tarixli alqısatqı müqaviləsinə əsasən yaşayış sahəsi 19,0 kv.m və köməkçi sahəsi 28,4 kv.m olan 2 otağı X8 adına qeydiyyatdan keçmişdir. 10 saylı DNK-nın 4Ə/1-101 reyestr nömrəli 09 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsi 19,0 kv.m və köməkçi sahəsi 28,4 kv.m olan 2 otağı Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bununla yanaşı, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport alarkən ona məlum olmuşdur ki, cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna fərdi yaşayış evinin ona məxsus olan hissəsindən təxminən 24 kv.m sahəni də başqasına satmış və bununla da, onun pay satın almaqda üstünlük hüququ ilə yanaşı, mülkiyyət hüququnu da pozmuşdur. Hazırda həmin fərdi yaşayış evinin ona məxsus olan təxminən 24 kv.m zəbt olunmuş hissəsi faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçı ilə aralarında vərəsəlik qaydasında pay bölünərkən iddiaçıya verilən evin ½ hissəsinə ünvan 3 ünvanı və ona düşən ½ hissəsinə isə ünvan 1 ünvanı verilmişdir. Həmin evə dair çıxarış bir ədəddir və 1988-ci ildə verilib. Həmin çıxarışda da ona verilən hissə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov (Oktyabr) küçəsi, dalan 2, ev 16A-dır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 1963-cü ildə 16B ünvanı ilə bağlı onlara sənəd verilib və həmin sənədlərin hamısı müvafiq dövlət orqanları tərəfindən verilib. Həmin ünvanda o, 11 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatdadır. Onlar pul verib evi almışlar. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestrindən də məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən göründüyü kimi sənədləşmələr zamanı heç kimin üstünlük hüququ pozulmamış və hər bir tərəf yalnız öz payına düşən hissəni satmışdır. Həmçinin, qeyd olunan mülki iş üzrə iddia müddəti də ötmüşdür. Belə ki, bütün alqı-satqı işləri 18-20 il bundan əvvəl olmuşdur. Buna görə də ddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin rədd olunmasını iddia müddətinin ötürülməsi ilə əsaslandırılmış və hesab etmişdir ki, iddia qaldırmaq üçün son müddət 2010-cu ilin müvafiq ayıdır. Halbuki, iddiaçıya hüququnun pozulması mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport alarkən məlum olmuş və o zaman cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovnanın fərdi yaşayış evinin qardaşı İddiaçı məxsus olan hissəsindən təxminən 24 kv.m sahəni də başqasına satması aşkar olunmuşdur. İddiaçı fərdi yaşayış evinə dair Seriya RX ******* nömrəli Çıxarışı 17 aprel 2019-cu il tarixdə əldə etmiş, evə dair texniki pasport isə 15 aprel 2019-cu ildə tərtib edilmişdir. Məhkəməyə hazırkı iddia ərizəsi ilə 2020-ci ilin yanvar ayında müraciət olunmuşdur. İddiaçı hazırkı iş üzrə iddia müddətini ötürməmişdir və ona görə də iddia müddətinin tətbiqi əsassızdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı və cavabdeh X1rdaş-bacıdırlar. Mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Kazımov küçəsi, dalan 2, 16A saylı evdir. 1331,8 kv.m. torpaq sahəsi olan həmin evin ilkin mülkiyyətçisi X7 olmuşdur. Onun ölümündən sonra ev vərəsəlik qaydasında bərabər paylarla (1/2 hissədə) İddiaçı və cavabdeh X4 çatmışdır. Yefrosinya Fərəcullayeva notariat qaydasında təsdiq olunmuş 27.01.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin özünə məxsus 2 otağını (10.0 kv.m+9.0 kv.m və köməkçi sahəsi 23.4 kv.m+5.0 kv.m) X3. Tofiq Səmədov həmin sahəni 07.03.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X10, İrina Kazakova isə 09.03.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır və hazırda həmin sahə sonuncunun mülkiyyətindədir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 27 yanvar 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən zəbt olunmuş 24 kv.m hissəsinin sonuncunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması, eyni zamanda 15 aprel 2019-cu ildə tərtib edilmiş texniki pasportun ləğv olunması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsasız sayaraq rədd etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 218, 372, 374, 375, 377-ci maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin 2002, 2003 və 2004-cü illərdə müxtəlif şəxslər arasında alqı-satqı müqavilələrinin predmeti olmasını, habelə, mübahisəli sahənin həmin şəxslərin istifadəsində olmasını, müvafiq texniki sənədlərin o zaman tərtib olunmasını bilmiş, lakin 2004-cü ildə bağlanmış sonuncu alqı-satqı müqaviləsindən hesablansa belə, 14 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, həmin iddianı qaldırmaq üçün son müddət 2010-cu ilin müvafiq ayı hesab olunur. İddiaçı bildirir ki, texniki pasport alan zaman ona məlum olmuşdur ki, cavabdehə artıq sahə satılıb. Məhkəmə bu arqumentlə razılaşmayaraq qeyd etmişdir ki, ilkin alqı-satqı müqaviləsində satıcı yalnız ona məxsus olmuş sahəni satıb, alıcı isə alıb. Texniki pasportda hansısa sahənin sonradan artırılması həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olmadığı üçün, buna istinad edərək iddia müddətinin daha sonrakı tarixdən hesablanması yolverilməzdir. Beləliklə, iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürməsi ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq hazırkı iddia tələblərinə iddia müddətinin tətbiq edilməli olması, iddiaçının iddia vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü və bunun hər hansı bir üzrlü səbəblə bağlılığını əsaslandıra bilmədiyi qənaətinə gəlmişdir. Apelyatorun mövqeyinə görə, iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini isə əsaslı sayaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi birmənalıdır və hüququnun pozulduğunu texniki pasportun verildiyi tarixdən bilməsi ilə bağlı iddiaçının dəlilləri əsassızdır. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Qanun maddi mənada iddianın əmələ gəlmə əsasına subyektiv xarakter verərək, həmin əsası subyektiv anla bağlayır. Bu an şəxsin öz subyektiv hüququnun pozulmasını bildiyi, qavradığı və dərk etdiyi gündür. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbinin digər hissəsi fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən zəbt olunmuş 24 kv.m hissəsinin sonuncunun qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılması barədədir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iddia tələbinin həmin hissəsinə, yəni torpağın zəbt edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyi ilə belə halın olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5160 saylı, 26 noyabr 2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, 16A saylı evin İddiaçı məxsus hissələrinin sərhədləri müəyyən edildi. Belə ki, tərəflərin iştirakı ilə ünvana baxış keçirilən zaman Fərəcullayev Valerinin texniki pasportunun baş planında göstərilən və istifadəsində olan torpaq sahəsindən eni 1.10 metr, uzunluğu 15.50 metr olmaqla avtomobil yoluna tərəf istiqamətdə küçəyə çıxdığı, eni 1.10 metr olan, lakin texniki pasportda olmayan hissədən giriş-çıxış qapısının açıldığı, uzunluğu 15,50 metr olan hissədə darvazanın qoyulduğu müəyyən edildi. Tərəflərin iştirakı ilə keçirilmiş baxışda əldə olunan məlumatlara, eləcə də, çıxarış və texniki pasporta əsasən Cavabdeh2 tərəfindən görülən tikinti işlərinin texniki pasporta əsasən ona ayrılmış və istifadəsində olan torpaq sahəsində aparıldığı və texniki pasportda göstərilən sərhəd ölçüləri ilə faktiki vəziyyətin sərhəd ölçülərinin eynilik təşkil etdiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, 16A saylı evin İddiaçı məxsus hissəsinin Cavabdeh2 tərəfindən zəbt edilməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi 26 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə razı olmadığını bildirərək təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin əsaslı, aydın və tam olduğunu və MPM-nin 102-ci maddəsində nəzərdə tutulan əsasların mövcud olmadığını nəzərə alaraq təkrar ekspertiza təyin olunması barədə vəsatəti təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar