Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-146/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: “istehlakçı hüquqlarının müdafiəsi”) hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5697/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı X4 xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus “Kontakt Home” mağazasından “Gorenje GV671C60” markalı qabyuyanı 1.029,99 manata almış və ona zəmanət talonu verilmişdir.
2. Qabyuyan xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil verilmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə qabyuyanda yaranmış nasazlıqla bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdehin əməkdaşlıq etdiyi servis mərkəzinin xx.xx.2021-ci il tarixli “Texniki rəy”inə əsasən qabyuyan maşına baxış keçirilmiş, malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq aşkar edilmişdir. İdarəetmə blokunda maye və taxta kəpəyi aşkar olunmuşdur və bu zəmanətə daxil olmayan haldır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, avadanlığın eyni modelli yenisi ilə əvəz olunması və 3.000 manat dəyərində ona dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin üzərinə öhdəlik qoyulması ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə "ABC- Telecom” MMC-yə aid olan “Kontakt Home 44” mağazasından ödəniş edərək "Gorenje GV671C60" modelli qabyuyan avadanlığı almışdır. Evdə təmir işləri aparıldığına görə avadanlıq fevralın sonlarında və ya martın əvvəllərində ona çatdırılmış, mağazanın nümayəndəsi tərəfindən su xəttinə qoşulmuş və elə həmin anda ona zəmanət talonu təqdim olunmuşdur. Avadanlığı cəmi üç dəfə müxtəlif günlərdə işlətdikdən sonra bir daha işləməmişdir. O, şirkətə zəng edib problemi bildirdikdən sonra servisin nümayəndəsi gələrək avadanlığın ilkin müayinəsini apardıqdan sonra platanın sıradan çıxdığını ona bildirmişdir. Bunun mühüm qüsur olduğunu və avadanlığın demək olar ki, yeni olduğunu nəzərə alaraq o, şirkətə zəng edərək avadanlığın dəyişdirilməsini xahiş etdmişdir. Dəfələrlə şirkətə müraciət etdikdən sonra ona bildirilmişdir ki, məhsul yalnız on dörd gün ərzində dəyişdirilə bilər və buna görə ancaq təmir olunmasını təklif etmişlər. İddiaçı onların hansı qanuna istinad etdiklərini dedikdə, onlar heç bir əsas gətirə bilməmişlər. Şirkətin hüquqşünasına müraciət edərək "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə diqqət yetirməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra servisin nümayəndələri gələrək avadanlığı aparmış və onunla xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı bağlanmışdır. O, hələ də məsələnin müsbət həll olunacağına ümid etdiyinə görə bir neçə gündən sonra bir daha şirkətə zəng edərək məsələnin nəticəsi barədə məlumat almaq istəmişdir. Bir müddətdən sonra ona bildirilmişdir ki, avadanlığın qüsurunun səbəbkarı iddiaçıdır. O, rəsmi cavab istədikdə onlar iddiçıya bir neçə gündən sonra "Watsapp" mübadilə sistemi vasitəsilə nömrəsinə servis tərəfindən tərtib olunmuş tarixli texniki rəy göndərmişlər. Rəydə qeyd olunub ki, idarəetmə blokunda maye keçməsi və taxta kəpəyi aşkar olunub və buna görə plata dəyişilməlidir. Zəmanətə daxil olmayan haldır. Suyun və kəpəyin avadanlığın içinə hansı yollarla daxil olmasını şirkətdə və servisdə heç kəs ona başa sala bilməmişdir. Bununla da təmirin xərcinin ödənilməsi təklif olunmuşdur.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5697/2021 saylı qətnaməsi ilə (hakim O.Məmmədli) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2, 587.2, 587.3, 588.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları lazımınca araşdırılmamış, cavabdehə aid olan servisin tərtib etdiyi texniki rəy əsas götürülərək qanunsuz və qərəzli qətnamə qəbul edilmiş, bununla da iddiaçının istehlakçı kimi hüquqları tamamilə pozulmuşdur. Məhkəmə baxışı zamanı hakim tərəfindən qabyuyan avadanlıqda mövcud olan qüsurun səbəblərini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edəcəyi barədə fikir bildirildiyinə baxmayaraq sonradan o, bu sahədə ekspert təşkilatı tapa bilmədiyini bildirmiş və ekspert təşkilatını özü taparaq rəy təqdim etməyini iddiaçıya təklif etmişdir. Təəccüblüdür ki, məhkəmənin ekspert tapmaqda çətinlik çəkdiyi halda vətəndaş bu işi necə görə bilərdi. Bu istehlakçının qanunla qorunan hüquqlarını müdafiə etməkdə ona qarşı yaradılan əsassız maneə kimi başa düşülə bilər. Bununla da, qüsurun hansı səbəbdən yaranması məhkəmə tərəfindən müəyyən olunmamış və cavabdehə aid olan servisin tərtib etdiyinə görə şübhə doğuran texniki rəy hakim tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılaraq qiymətləndirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdirr. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Maddə 7.2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Maddə 7.3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırki işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni tam mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “avadanlığın eyni modelli yenisi ilə əvəz olunması” hissəsini təmin etməməklə səhv nəticəyə gəlmişdir.
23. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə məxsus mağazadan 1.029,99 manata aldığı “Gorenje GV671C60” markalı qabyuyan ona təhvil verildikdən bir neçə gün sonra aldığı malda yaranmış nasazlıqla bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin əməkdaşlıq etdiyi servis mərkəzinin “Texniki rəy”inə əsasən qabyuyan maşına baxış keçirilmiş, malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq aşkar edilmişdir.
24. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla məişət avadanlıqlarının istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssisin olmaması səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.
25. Daha sonra məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla eksprertizanın aparılması "xxxx" Şirkətinin mütəxəssislərinə həvalə edilmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə bildirilmişdir ki, şirkət “Gorenje” markalı məişət texnikasının satışını və texniki servisini həyata keçirmədiyi üçün “Gorenje GV671C60” markalı qabyuyanın onların mütəxəssisləri tərəfindən ekspertizasının keçirilməsi mümkünsüzdür. “Gorenje” markalı məhsulların satışı və texniki xidməti "xxxx" Şirkətinə aiddir.
26. Bundan sonra məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla eksprertizanın aparılması "xxxx" MMC-nin ("xxxx") mütəxəssislərinə həvalə edilmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə bildirilmişdir ki, MMC tərəfindən “Gorenje” markalı avadanlıqların yalnız satışı və təmiri həyata keçirilir. “Gorenje GV671C60” markalı qabyuyandakı nasazlığın ekspertizasının keçirilməsi üçün MMC-də lazımi laboratoriya mövcud olmadığından ekspertizanın keçirilməsi mümkün deyil.
27. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya satılmış “Gorenje GV671C60” markalı qabyuyanda əmələ gələn nasazlığın həmin markalı avadanlıqların satışını və təmirini həyata keçirən hüquqi şəxs tərəfindən laboratoriya mövcud olmadığından müəyyən edilməsi mümkün olmamışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh satdığı malda yaranmış nasazlığın yoxlanılmasını özünün əməkdaşlıq etdiyi servis mərkəzində həyata keçirmiş, yaranmış nasazlıqla bağlı həmin servis mərkəzinin rəyinə istinad etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlarla bağlı texniki rəy həmin markanın istehsalçısı və ya rəsmi nümayəndəliyi tərəfindən verilmədiyindən, cavabdehin əməkdaşlıq etdiyi texniki servis tərəfindən tərtib edilmiş rəy mötəbər sayıla bilməz. Bundan əlavə, həmin rəydə ümumiyyətlə texniki baxışın hansı şəraitdə keçirildiyi, texniki rəyi tərtib etmiş mütəxəssisin “Gorenje” markalı avadanlıqların texniki baxışının həyata keçirilməsi sahəsində xüsusi biliklərə malik olub-olmaması və bu kimi vacib məlumatlar əks olunmamışdır.
30. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, iddiaçı lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etməkdə haqlıdır.
31. Bununla belə, məhkəmə kollegiyası iddia tələbinin 3.000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, çünki bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
32. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5697/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı X1 “Gorenje GV671C60” markalı qabyuyanın eyni modelli yenisi ilə əvəz edilsin və iddiaçıya təhvil verilsin, bu mümkün olmadıqda onun dəyərini təşkil edən 1.029,99 (bir min iyirmi doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində vəsait iddiaçıya ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov