Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1499/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(011)-4845/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah 27 iyul 2019-cu il tarixdə qeydə alınmış, həmin nikahdan 27 iyul 2020-ci il tarixdə X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Neftçala Rayon Məhkəməsinin 2(053)-43/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 1200 manat dəyərində olan 750 əyarlı sarı qızıl qolbağın, 1000 manat dəyərində olan 750 əyarlı Pandora kulon boyunbağının, 1000 manat dəyərində olan 750 əyarlı Pandora sırğanın, 500 manat dəyərində olan 585 əyarlı üzüyün, 2000 manat dəyərində olan 750 əyarlı nişan üzüyünün cavabdehlərdən alınaraq ona verilməsi, həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyərinin, yəni 5.700 manat pul məbləğinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında 27 iyul 2019-cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 27 iyul 2020-ci il tarixdə X7 doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra nikahları formal xarakter almışdır. Belə ki, 26 aprel 2020-ci il tarixdən cavabdehdən faktiki olaraq ayrı yaşayır. Neftçala Rayon Məhkəməsinin 2(053)-43/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. 26 aprel 2020-ci il tarixində cavabdehdən faktiki olaraq ayrılan zamanı o, özünə məxsus qızıl-zinət əşyalarını, həmçinin cehiz əşyalarını apara bilməmişdir. Onun əri ilə faktiki ailə münasibətləri kəsilərkən həmin əşyaları götürmək imkanı olmamış, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı onun iradəsindən asılı olmayaraq məhdudlaşdırılmışdır. Belə ki, cavabdehlər ona məxsus qızıl-zinət əşyalarını zorla ondan almışlar. Daha sonra Neftçala Rayon Məhkəməsinin 2(053)-44/2022 saylı, 04 mart 2022-ci il qətnaməsi ilə qət edilmişdir ki, ona məxsus cehiz əşyaları ona təhvil verilsin. Onunla cavabdehlərdən biri olan Cavabdeh2 arasında mübahisə predmeti olan qızıl-zinət əşyalarının ona təhvil verilməsi barədə dəfələrlə danışıqlar olsa da, həm nikahının pozulmasından əvvəl, həm də sonra cavabdeh tərəf könüllü şəkildə ona məxsus qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasından imtina etmişdir. Hesab edir ki, cavabdehlərdən Cavabdeh2 passiv, digər Cavabdeh1 isə aktiv şəkildə onun mülkiyyətində olmalı olan qızıl-zinət əşyalarının onun sahibliyində və istifadəsində olmasına maneəçilik törətmişlər. O, son istinad yeri olaraq məhkəmə yolu ilə pozulmuş hüququnu bərpa etməyə qərar vermişdir. Ona məxsus qızıl-zinət əşyaları onlar birgə nikaha daxil olmazdan əvvəl ona bağışlanmışdır. Bu bağışlama faktları onunla cavabdeh arasında gələcək ər-arvad münasibətlərinin təməli atılandan sonra xalqın mentalitetinə, milli adət-ənənələrə uyğun həyata keçirilmişdir. Məsələn, “elçilik məclisi”, “bayramlaşma”, “nişan”, “qız toyu” kimi el adətində özünə yer etmiş xoş tədbirlər zamanı ona mübahisə predmetini təşkil edən qızıl-zinət əşyaları bağışlanmışdır. Qızıl-zinət əşyalarının ümumi dəyəri – 15.700 manat təşkil edir. Belə ki, cavabdeh tərəfindən 10.000 manat dəyərində ağ qızıl komplekt (750 əyar) – 06 avqust 2019-cu il tarixdə alınmış, 10 avqust 2019-cu il tarixdə bağışlanmışdır. 1.200 manat dəyərində sarı qızıl qolbaq (750 əyar) – cavabdehin nənəsi tərəfindən bağışlanmışdır. 1.000 manat dəyərində Pandora kulon boyunbağı (750 əyyar) – toy zamanı bağışlanmışdır. 1.000 manat dəyərində Pandora sırğa (750 əyar) - cavabdehin anası tərəfindən bağışlanmışdır. 500 manat dəyərində üzük (585 əyar) 16 fevral 2019-cu il tarixdə keçirilmiş elçilik mərasimində bağışlanmışdır. 2.000 manat dəyərində nişan üzüyü (750 əyar) – 09 mart 2019-cu il tarixdə bağışlanmışdır. Qızıl-zinət əşyaları ona cavabdeh və onun ailəsi tərəfindən hədiyyə edildiyi üçün ər-arvadın birgə mülkiyyəti rejiminin təsiri dairəsinə düşmür. İddia ərizəsinə əlavə edilmiş foto-video şəkillər tələbin faktiki əsasını təşkil edən halları tam olaraq təsdiqləyir.
4. Cavabdeh2 Səbirəddin oğlu məhkəməyə təqdim etdiyi izahatında (mahiyyət etibarı ilə iddiaya qarşı yazılı etiraz) bildirmişdir ki, o, Bakı şəhərində yaşayır və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşıdır. Anası və atası Neftçala rayonu, Beştalı kəndində yaşayır. Onların arasında 27 iyul 2019-cu il tarixdə nikah bağlanmışdır. 2020-ci ilin mart ayının 27-də aralarında söz-söhbət yaranmış və atasının evinə gəldikdən sonra iddiaçı bacısı ilə birlikdə evinə getmişdir. Belə ki, anası da aralarında yaranmış mübahisənin şahidi olmuş və onları sakitləşdirməyə çalışmışdır. Bir müddət sonra iddiaçının böyük bacısı Mailə gəlmiş və iddiaçı ilə birlikdə gedəcəklərini bildirmişdir. O, Mailəyə iddiaçının evdən getdiyi təqdirdə bir daha qayıtmayacağını bildirmişdir. Evi tərk etməmişdən əvvəl Mailə otağa getmiş və iddiaçı ilə birlikdə onun əşyalarını yığmağa başlamışdır. Onlar iki bacı otaqdan çıxanda 7 ədəd, o cümlədən 1 ədəd iri yol sumkası, 6 ədəd sellofan sumkalarla dolu şəkildə çıxmışdılar. Buna etiraz edən olmamış, o, əsəbi olduğundan evdən getmişdir. Bundan sonra uşaqları doğulmuş və aralarında bir neçə məhkəmə mübahisəsi olmuş, o cümlədən onun tərəfindən nikahın pozulması, atası tərəfindən isə cehiz əşyalarının evdən çıxarılması barədə iddia qaldırılmışdır. Onlar da gəlib bütün əşyalarını aparmışdılar. Bu səbəbdən iddiaçının iddiada göstərdiyi hallar əsassızdır. İddiaçının qızıl-zinət əşyalarını götürmək imkanının olmaması, həmin əşyaların zorla ondan alınması barədə dəlilləri hər hansı sübutla əsaslandırılmamışdır. Onun qaytardığı qızıl-zinət əşyalarından başqa 800 manat pula aldığı nişan üzüyü və 500 manat pula aldığı elçilik üzüyü daim iddiaçının istifadəsində və üzərində olmuşdur. Qızıl-zinət əşyaları ilə bağlı ondan heç vaxt heçnə soruşulmamışdır. Həmin qızıl-zinət əşyalarının hansının ondan, hansının isə anasından tələb edildiyi də əsaslandırılmamıdşır. Qızıl-zinət əşyalarının göstərilən qiymətləri də şişirdilmişdir. 2000 manat dəyərində göstərilmiş nişan üzüyü 800 manata alınmış və 750 əyarlı olmuşdur. Elçilik üzüyü isə 585 əyarlı olmuş və 500 manat pula alınmışdır. Təqdim edilmiş sübutlardan da görünür ki, qızıl-zinət əşyaları daim iddiaçının istifadəsində olmuşdur. 2019-cu ilə aid şəkil X6 çəkilmiş və həmin vaxt karatı, əyarı və çəkisi, habelə qızıl olduğu müəyyən edilməyən əşyaların onun istifadəsində olduğu açıq şəkildə görünür. Həmin əşyaların konkret olaraq hədiyyə edildiyi görünmür. Həmin şəkillər görünüş üçün çəkilmiş şəkillərdir və sübut əhəmiyyəti yoxdur.
5. Cavabdeh1 məhkəməyə təqdim etdiyi izahatında (mahiyyət etibarı ilə iddiaya qarşı yazılı etiraz) Cavabdeh2 Səbirəddin oğlunun izahatında olan mövqedən çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı evi tərk etdikdən sonra o, yoldaşı ilə birlikdə otağa baxmış və həmin vaxt dolabda olan paltarların iddiaçı tərəfindən götürüldüyünü, götürmədiklərini isə otağın ortasına atdığını, əşyaların dağıdıldığını, dolabda yalnız Cavabdeh2 Səbirəddin oğlunun nişan üzüyünün qutusunun və qiymət kağızının qaldığını müəyyən etmişdir. Həyat yoldaşının cehiz əşyalarının çıxarılması barədə iddia qaldırdıqdan sonra isə gəlib cehiz əşyalarını, hətta həmin qutunu və qiymət kağızını da aparmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(011)- 4845/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 1.200 manat dəyərində sarı qızıl qolbağın (750 əyar), 1.000 manat dəyərində Pandora kulon boyunbağının (750 əyar), 1.000 manat dəyərində Pandora sırğanın (750 əyar), 500 manat dəyərində üzüyün (585 əyar - elçilik mərasimində hədiyyə verilən), 2.000 manat dəyərində nişan üzüyünün (750 əyar) alınaraq İddiaçı verilməsi, həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyərinin, yəni 5.700 manat pul məbləğinin və 138 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. İddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, həmçinin, tələb olunan qızılzinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu və hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər yetirildiyini sübuta yetirməlidir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyaları Cavabdeh2 alınaraq, iddiaçıya verilməlidir. Belə ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu mülki işdə olan fotoşəkillərlə təsdiq edilməklə, cavabdehlərin nümayəndəsi tərəfindən nişan və elçilik üzüyünün mövcudluğu məhkəmə iclasında etiraf edilmişdir, lakin nümayəndə iddiaçı tərəfindən həmin qızıl zinət əşyalarının aparıldığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən evdən gedərkən dəyəri daha az olan qızılzinət əşyalarını aparması və ən bahalı qızıl-zinət əşyasını qoyub getməsi dəlili ağlabatan deyil və hər hansı mötəbər sübutla təsdiq edilmir. Əksinə ən bahalı qızıl-zinət əşyasının aparılmaması digər qızıl-zinət əşyalarının da aparılmamasına dəlalət edir və iş materialları ilə təsdiq edilir. Qızıl-zinət əşyalarının qiymətinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf həmin əşyaların mövcudluğunu təkzib etdiyinə və qiymətlərini mübahisələndirmədiyinə görə həmin qiymətlər ağlabatan hesab edilməlidir. İddia tələbi digər Cavabdeh1 qarşı əsassız olduğundan təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 77.3-cü, 106.2-ci və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən hallar heç bir əsasla sübuta yetirilmir. O, Bakı şəhərində, digər Cavabdeh1 isə Neftçala rayonunda yaşayır. Belə olan halda o, necə qızlları iddiaçıdan ala bilər. Bu mümkün olan bir hal deyil. Qızıl-zinət əşyalarının onda olmasını təsdiq edən hal mövcud deyil, həmin əşyalar fotoşəkillərdə iddiaçının üzərində və əlindədir. Qızıl-zinət əşyalarının alınması barədə danışıqlar olduğunu bildirən iddiaçı onun faktiki təqdim etdiyi qızılları ona rəsmi qaydada qaytarmaq fikrinin olduğunu məhkəmədən gizlətmişdir. Belə ki, iddiaçının fikri dolayısı ilə bütün qızılların cavabdehlərdə olduğuna məhkəməni inandırmaqdır. Onun hansı şəkildə passiv, digər cavabdehin isə hansı şəkildə aktiv olmaqla maneəçilik törətməkləri əsaslandırılmamışdır. İddiaçı öz mülahizəsinə uyğun qiymətləndirmə aparmaqla iddia irəli sürmüşdür. Qızıl-zinət əşyalarının ayrı-ayrı ünvanlarda yaşayan cavabdehlərdə olması da konkret faktlarla əsaslandırılmamışdır. Qızıl-zinət əşyalarının onda olmasını təsdiq edən sübut mövcud deyil. Qızıl-zinət əşyaları onda olsa idi, sənədlərdə onda olardı. Lakin nikah haqqında şəhadətnamə iddiaçıda olmuşdur. O, yalnız təkrar arayışlarla sənədləri düzəltdikdən sonra iddia qaldırmışdır. Belə olan halda, qızıl-zinət əşyalarının iddiaçı tərəfin götürdüyü sübuta yetirilir. İddiaçının öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanının onun iradəsindən asılı olmayaraq, məhdudlaşdırılması, cavabdehlərin qızıl-zinət əşyalarını ondan zorla almasını təsdiq edən hər hansı sübut mövcud deyil. Həmçinin, qızıl-zinət əşyalarının qiymətləndirilməsi də həyata keçirilməmişdir. Bu əşyaların iddiaçı tərəfindən göstərilən dəyərini sübut edən hər hansı bir əsas yoxdur, iddiaçının göstərdiyi sadəcə rəqəmlərdir. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyi və bu rəyin alınması mümkün olmadığı, ekspertizanın keçirilməsi zəruri olduğu halda, birinci instansiya məhkəməsi heç bir qiymətləndirmə aparmadan, rəy almadan qızıl-zinət əşyalarının 5.700 manat olması barədə qətnamə qəbul etmişdir. Halbuki, bu əşyalar istehsal edildiyi ölkə, çəkisi, əyarı dəqiq göstərilməklə qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi isə şəkilləri əsas götürərək, qızıl-zinət əşyalarına qiymət qoymaqla əsassız olaraq bu əşyaların onda olması qənaətinə gəlmişdir. Qətnamədə həmçinin, onların arasında “whatsapp” yazışmalarının olduğu və həmin yazışmalardan qızıl-zinət əşyalarının onda olmasının təsdiq edildiyi göstərilmişdir. Həmin yazışmaların mənbəyi sübut olunmamış və adi screen edilmiş şəkillərdir. Bu səbəbdən onun sübut kimi qiymətləndirilməsi əsassızdır. Yazışmalar sübut kimi qiymətləndirilsə belə, qızıl-zinət əşyalarının onda olması təsdiq edilmir. Eyni zamanda əgər qətnamə əsaslı hesab edilərsə, yenə də məhkəmə qətnamə qəbul edərkən rüsumun tutulması hissəsində düzgün qənaətə gəlməmişdir. Belə ki, iddia tələbi azaldılaraq 5.700 manat olduğu halda rüsum da bu tələbə uyğun cavabdehdən 77 manat tutulmalı olduğu halda 138 manat tutulmuşdur. Apellyasiya şikayəti üzrə rüsum da bu məbləğə uyğun olaraq 38 manat ödənilmişdir. Çünki mübahisələndirilən məbləğ 5.700 manatdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Kamal oğlu apellyasiya şikayətini əsassız hesab edərək, bildirmişdir ki, cavabdeh “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə istinad edərək, əmlakın məcburi qiymətləndirilməsi məsələsini qaldırmışdır. Lakin həmin maddədə göstərilənlərdən fərqli olaraq, irəli sürülən tələb əmlak bölgüsü ilə deyil, özgənin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması ilə bağlıdır və iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Cavabdeh tərəf həmin əşyaların mövcudluğunu təkzib etmiş və qiymətlərini mübahisələndirməmişdir. İddiaçının qızıl-zinət əşyalarının hər iki cavabdehdən tələb etməsi onunla bağlı olmuşdur ki, iddiaçı qızıl-zinət əşyalarının hər iki cavabdehin eyni vaxtda olduğu eyni evdə qoymaq məcburiyyəti qarşısında həmin evi tərk etmişdir. İddiaçının evdən gedərkən dəyəri daha az olan qızılzinət əşyalarını aparması və ən bahalı qızıl-zinət əşyasını qoyub getməsi dəlili ağlabatan deyil və hər hansı mötəbər sübutla təsdiq edilmir. Əksinə ən bahalı qızıl-zinət əşyasının aparılmaması digər qızıl-zinət əşyalarının da aparılmamasına dəlalət edir. İddiaçı 2020-ci ilin mart ayında cavabdehlə ailə münasibətlərinə son qoyaraq, öz valideynlərinin yaşadığı Salyan şəhərinə getmişdir. 7 ay sonra birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulmuşdur. 2 il sonra isə iddiaçıya məxsus cehiz əşyaları məhkəmə qaydasında ona təhvil verilmişdir. 07 aprel 2022-ci il tarixdə isə onların arasında bağlanmış nikah pozulmuşdur. Bütün həmin müddət ərzində cavabdeh qızılzinət əşyalarını özündə saxlayaraq, qaytarmaqdan imtina etmiş və yalnız sonradan bir hissəsini qaytarmağa razı olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh1 vəkili Vəkil Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olması, həmin əşyaların iddiçıaya məxsus olması və bu əşyaların hazırda Cavabdeh2 qanunsuz istifadə və sahibliyində olması qənaətinə gəlmişdir. Qətnamə bu hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.
22. Məhkəmənin bu qənaəti iş materiallarında olan fotoşəkillər, tərəflər arasında “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışma, Cavabdeh2 izahatı, hərəkətləri, habelə digər hallarla təsdiq olunur.
23. Belə ki, iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının hər birinə dair fotoşəkil mövcuddur və həmin fotoşəkillər tərəflər arasında münasibətlərin yarandığı tarixdən sonrakı dövrə aiddir (pandora sırğa və pandora kulon boyunbağının əks olunduğu fotoşəkil 12 oktyabr 2019-cu il tarixdə, yəni tərəflərin artıq nikahda olduğu vaxt çəkilmişdir). Bu əşyalardan nişan üzüyü və elçilik mərasimində hədiyyə verilən üzüyün mövcudluğunu isə cavabdeh öz izahatında bilavasitə etiraf edir.
24. Cavabdeh apellyasiya şikayətində iddiaçının qızıl-zinət əşyalarının onda olmaması, evi tərk edən zaman apara bilməməsi, habelə bu əşyaların onda olması barədə mövqeyinin əsassız olduğunu, bu barədə iddiaçı tərəfindən hər hansı sübutun təqdim edilmədiyini, iddiaçının onda olan qızıl-zinət əşyalarını qaytarmaq istədiyini, işin hələ mediasiya prosesində olan zaman bu barədə təklif göndərdiyini məhkəmədən gizlətdiyini bildirir. Halbuki, tərəflər arasında “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə 2022-ci ilin may ayında aparılmış yazışmadan birmənalı şəkildə iddiaçıya aid qızıl-zinət əşyalarının cavabdehdə olduğu müəyyən edilir, lakin onun bu əşyaları məhz iddiaçının müraciətinə əsasən və real olaraq qaytarmaq istəyində olduğu müəyyən edilmir. Yazışmada iddiaçıya ünvanladığı “Oldu əlaqə saxlanılacaq vəkil tərəfindən, hər şey qanuni olsun” (22:14) ismarıcı isə onun apellyasiya şikayətində “qızıl-zinət əşyalarının qaytarmaq istəyində olması və bu barədə təklif göndərməsi” barədə fikirləri ilə ziddiyyət təşkil edir. Hər bir halda, cavabdehin belə bir istəyi olsa idi, onda olan qızıl-zinət əşyalarını işə məhkəmədə baxılan zaman deyil, daha əvvəl təqdim edərdi.
25. Cavabdeh apellyasiya şikayətində yazışmaların mənbəyinin sübut olunmadığını, yazışmanın adi screen edilmiş şəkillərdən ibarəd olduğunu bildirir. Lakin, iddiaçı ilə aralarında belə bir yazışmanın olmadığını bildirmir, iddiaçının belə bir mövzularda hər hansı digər şəxslə yazışmasının mümkünlüyü barədə fikir söyləmir. Məhkəmə də bununla bağlı hər hansı hal müəyyən etməmişdir. Hər bir halda, iddiaçı iddia ərizəsinə bu yazışmanın aparıldığı mobil telefon aparatını əlavə edə bilməzdi. Məhkəməyə də məhz bu yazışmadan çıxarış əlavə edilmişdir. Bu səbəbdən cavabdehin bununla bağlı dəlilləri əsaslı hesab edilmir.
26. Yazışma zamanı qızıl-zinət əşyalarına da hər hansı aydınlıq gətirilmir, o cümlədən iddiaçı öz müraciətlərində konkret olaraq komplektin və ya hər hansı qızıl-zinət əşyasının qaytarılmasını deyil (“üzüyümü və ya qolbağımı nə vaxt qaytaracaqsan?” demir), ümumilikdə qızıl-zinət əşyalarının qaytarılmasını xahiş edir (“Salam. Demişdin qızıllar sənindi nə vaxt gətirirsən inşallah” 24 may 2022, 20:03, “men dedim normal verəsən qızılları” 22:12, “Adət ənənə də, hüquqda bilirki qızıllar gəlinin haqqıdı” 22:14), cavabdeh də bu məsələyə hər hansı formada aydınlıq gətirmir və onda olan qızıl-zinət əşyalarını açıqlamır. Bu da öz növbəsində iddiaçıya məxsus olan bütün qızıl-zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlməyə əsas verir.
27. Cavabdehin işə məhkəmədə baxılan zaman iddia üzrə tələb edilən əşyalardan olan ağ qızıl komplektinin iddiaçıya təhvil verməsi, tələb edilən digər əşyaların artıq onda olmamasını təsdiq edən hal deyil. Belə ki, iddiaçının evi tərk edən zaman 7 ədəd əşya ilə dolu zənbil aparması və bu zaman qızıl-zinət əşyalarını da götürməsi, nişan və elçilikdə verilən üzüyün isə daim iddiaçının istifadəsində olması mövqeyindən çıxış edən cavabdeh ağ qızıl kompektinin iddiaçıda deyil, onda olması səbəbinə aydınlıq gətirməli idi. Lakin həm birinci instansiyada yazılı izahat vermiş, həm də apellyasiya şikayəti təqdim etmiş cavabdeh bu məsələyə hər hansı formada münasibət bildirməmiş, o cümlədən bu komplektin də iddiaçıya məxsus olduğu halda hansı səbəblərdən digər qızıl-zinət əşyaları ilə birgə saxlanmaması, iddiaçının evi tərk edən zaman hansı səbəbdən bu kompekti də apara bilməməsi məsələlərinə toxunmamışdır. Bununla belə, bu komplekt əlçatımlı olmaması, habelə hər hansı digər səbəblərdən iddiaçı tərəfindən götürülməmişdir. Qeyd edilən, habelə müəyyən edilmiş digər hallar, nəzərə alınmaqla sübutetmə yükü baxımından iddiaçının digər qızıl-zinət əşyalarını götürməməsi barədə mövqeyinin cavabdehin bu əşyaların iddiaçıda olması barədə mövqeyinə münasibətdə daha əsaslı olması açıq və aşkardır.
28. Bununla belə, məhkəmə kollegiyası obyektiv həqiqət prinsipini rəhbər tutaraq və aparılmış araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlmiş və onların iddiaçıya qaytarılmasını qət etmişdir. Cavabdehin qeyd edilən əşyaların onda olmaması və onda olmasının sübuta yetirilməməsi barədə dəlilləri yalnız formal mülahizələrdən ibarət olmaqla əsassızdır.
29. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsini qət edərkən, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bu əşyaların qətnamə icra olunan vaxt mövcud olmadığı halda, cavabdehdən alınmalı olan bu əşyaların dəyəri ilə bağlı məsələyə də aydınlıq gətirmiş və bu məsələdə iddiaçının mövqeyindən çıxış edərək, əşyaların 5.700 manat dəyərində olduğunu göstərmişdir. Halbuki, iddiaçı qızıl-zinət əşyalarının dəyərinə dair hər hansı sübut, o cümlədən qiymət qəbzi verməmiş, yalnız təqdim etdiyi fotoşəkillər üzərində sadə əlyazma ilə qızıl-zinət əşyalarının adlarını və onların dəyərini göstərmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi yazılı izahatında iddiaçı tərəfindən göstərilən qiymətlərin şişirdilmiş olduğunu vurğulamış və 2.000 manat dəyərində göstərilmiş nişan üzüyünün 800 manat, elçilik üzüyünün isə 500 manat pula alındığını göstərmişdir. İddiaçının tələb etdiyi əşyaların qiymətləri ilə bağlı mötəbər sübut təqdim etməməsinə və cavabdehin qiymətlərlə razılaşmamasına baxmayaraq, birinci instansiya məhkəməsi bu əşyaların qiymətləndirilməsini həyata keçirməmiş, əsassız olaraq cavabdehin qiymətləri mübahisələndirmədiyini bildirmişdir.
30. Hazırki apellyasiya şikayətində də cavabdeh həmçinin, əşyaların çəkisinin göstərilmədiyini, heç bir qiymətləndirmə aparılmadan və hər hansı rəy olmadan qızıl-zinət əşyalarının 5.700 manat dəyərində olduğunun göstərildiyini bildirir və əşyaların qətnamə ilə müəyyən edilmiş qiymətini də mübahisələndirir. Bu da öz növbəsində həmin əşyaların qiymətləndirilməsinin həyata keçirilməsini şərtləndirmişdir. Bununla bağlı dəvət edilmiş "xxxx" MMC-nin mütəxəssis tərəfindən əşyaların qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/M 42-145/23 saylı mütəxəssis rəyində kulon boyunbağının (pandora) çəkisinin 3,7 qram, əyarının 585, qiymətinin 670 manat, qaşlı qızıl üzüyün çəkisinin 5 qram, əyarının 585, qiymətinin 450 manat, qaşlı nişan üzüyünün çəkisinin 4,7 qram, əyarının 750, qiymətinin 550 manat, sırğa çütünün (pandora) çəkisinin 8 qram, əyarının 585, qiymətinin 720 manat və qolbağın çəkisinin 8,6 qram, əyarının 750 manat, qiymətinin 1.030 manat olduğu göstərilmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qiyməti ilə bağlı hər hansı sübut təqdim etməməsini nəzərə alıb, bu sahədə ixtisaslaşan mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi alınmalı olan əşyaların qiymətini 5.700 manat müəyyən etməkdə haqlı olmamışdır. Həmin əşyaların qiyməti qeyd edilən rəy nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu mövqeyinə uyğun olaraq, cavabdehin əşyaların qızıl olmaması barədə dəlillərini də qəbul etmir.
32. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin etirafı nəzərə alınmaqla qaşlı nişan üzüyünün və elçilik vaxtı hədiyyə verilmiş qaşlı qızıl üzüyün qiyməti mütəxəssis rəyi deyil, cavabdehin etirafı əsas götürülməklə, yəni müvafiq olaraq, 800 manat və 500 manat məbləğində müəyyən edilməlidir. Hər bir halda, bu əşyaların real qiyməti mütəxəssis rəyində göstərilsə də, onların cavabdeh tərəfindən daha yüksək qiymətə alınması istisna deyil və göründüyü kimi daha yüksək qiymətə də alınmışdır.
33. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həcminin azaldılmasına baxmayaraq, birinci instansiya məhkəməsi tutulmalı olan dövlət rüsumunun məbləğini iddianın qiymətinə uyğunlaşdırmamış və əsassız olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 138 manat məbləğində pul tutmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası alınmalı olan əmlakın ümumi qiymətini (670 + 500 + 800 + 720 + 1.030 = 3.720) manat olduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 57,20 manat hissəsinin əvəzi tutulmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(011)-4845/2022 saylı qətnaməsi “qızıl-zinət əşyalarının dəyəri və tutulmuş dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilməli, dəyəri 670 manat olan 1 ədəd 3,7 qram çəkidə, 585 əyarlı kulon boyunbağı (pandora), dəyəri 500 manat olan 1 ədəd 5 qram çəkidə 585 əyarlı qızıl qaşlı üzük (elçilik zamanı hədiyyə verilən), dəyəri 800 manat olan 1 ədəd 4,7 qram çəkidə 750 əyarlı qaşlı nişan üzüyü, dəyəri 720 manat olan 1 ədəd 8 qram çəkidə 585 əyarlı sırğa cütü (pandora), dəyəri 1.030 manat olan 1 ədəd 8,6 qram çəkidə 750 əyarlı qolbaq, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, habelə ödənilmiş dövlət rüsumunun 57,20 manat hissəsinin əvəzi Cavabdeh2 alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.
35. Hazırkı iş üzrə iddianın məhkəmə tərəfindən müəyyən edilmiş qiyməti, habelə bu qiymətlə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymət arasında yaranmış fərq beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(011)- 4845/2022 saylı qətnaməsi “qızıl-zinət əşyalarının dəyəri və tutulmuş dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilsin. Dəyəri 670 (altı yüz yetmiş) manat olan 1 ədəd 3,7 qram çəkidə, 585 əyarlı kulon boyunbağı (pandora), dəyəri 500 (beş yüz) manat olan 1 ədəd 5 qram çəkidə 585 əyarlı qızıl qaşlı üzük (elçilik zamanı hədiyyə verilən), dəyəri 800 (səkkiz yüz) manat olan 1 ədəd 4,7 qram çəkidə 750 əyarlı qaşlı nişan üzüyü, dəyəri 720 (yeddi yüz iyirmi) manat olan 1 ədəd 8 qram çəkidə 585 əyarlı sırğa cütü (pandora), dəyəri 1.030 (bir min otuz) manat olan 1 ədəd 8,6 qram çəkidə 750 əyarlı qolbaq, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, habelə ödənilmiş dövlət rüsumunun 57,20 (əlli yeddi manat, iyirmi qəpik) manat hissəsinin əvəzi Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Sədirlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov