Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İlk iddia üzrə cavabdehin hüquqi varislərinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “əmlakın boşaldılması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnamədən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 16 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1046 saylı fərdi yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd edilməsi, tərəflər arasında bağlanmış AN-İ seriyalı ******* saylı 06 may 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı bir neçə ildir ki, tanıyır. O, bankdan kredit götürmüş, 2011-ci ildə həmin kreditin ödənilməsində bir müddət ləngimələr olmuş, bundan sonra bankın əməkdaşları tərəfindən çağırılaraq ona kreditin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1046 saylı fərdi yaşayış evini banka girov qoyulması bildirilmişdir. Bundan sonra o, evin sənədlərini bankın əməkdaşı İddiaçı təqdim etmiş, onunla, İddiaçı və bankın əməkdaşı arasında notariusda müqavilə imzalanmışdır. Müqavilə imzalanan zaman İddiaçı ona müqavilənin formal olaraq imzalandığını, bankın pulu qaytarılan zaman isə ipoteka müqaviləsinin ləğvinə dair ərizənin veriləcəyini bildirmişdir. O da onun sözlərinə inanmışdır. Bir müddət sonra o, bankın pulunu artıqlaması ilə ödəmiş və o, müqavilənin ləğv edilməsinə dair İddiaçı müraciət etmiş, o da hazırda işlərinin çox olduğunu, işlərini səhmana saldıqdan sonra ona xəbər edəcəyini bildirmişdir. Həmçinin bank pul tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin aparılmış araşdırma zamanı pulun ödənilməsinin müəyyən edilməsi ilə əlaqədar ərizə baxılmamış saxlanılmışdır. Notariusda alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı tərəfindən ona həmin mənzilin qarşılığında pul ödənilməmişdir. Hesab edir ki, müqavilə etibarsız sayılmalıdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, ümumi sahəsi 0.02404 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1046 saylı fərdi yaşayış evinin boşaldılaraq həmin evdən çıxarılması, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə qətnaməsini əsassız, ədalətsiz və qanunsuz hesab edir. Məhkəmə tərəfindən işin halları obyektiv olaraq hərtərəfli araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, tətqiq edilməli hüquq normaları düzgün tətbiq edilməmiş və nəticə etibarı ilə qeyri-obyektiv və qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə müqavilənin əslində fərdi yaşayış evinin alqısatqısı məqsədilə deyil, banka olan borcunda ləngimələr olması səbəbindən formal olaraq girov adı ilə rəsmiləşdirməsini araşdırmamışdır. O, həm fiziki, həm də hüquqi şəxs kimi bankdan bir neçə dəfə kredit götürərək kredit müqavilələri bağlamış və sözügedən əmlak ipoteka predmeti olmuşdur. Mübahisə yaranmış kredit ödənişləri 29.12.2007-ci il tarixli müqaviləyə əsasən 85000 AZN, 06.05.2008-ci il tarixli müqaviləyə əsasən 180.00 AZN, 28.10.2008-ci il tarixli müqaviləyə görə 45000 AZN olmaqla, ümumilikdə 310.000 AZN dəyərindəki kreditlərə görə olmuşdur. Həmin kreditlərin ödənişində 2009-cu ildə dünya iqtisadi böhranı dönəmində gecikmələr olmuşdur. Belə olan halda bank əməkdaşları sahibkara dəstək olmaq əvəzinə, sahibkara maliyyə dələduzluğu hesab ediləcək təklif və təhdidlər etmişdir. O da fiziki şəxs kimi öz adına 27.02.2009-cu il tarixdə dəyəri 200.000 ABŞ dolları olmaqla (əslində real olaraq əlinə almadığı) kredit müqaviləsini imzalamış və bundan sonra elə həmin gün 10.12.2007-ci il tarixdə 85.000 AZN dəyərində olan kredit müqaviləsi və 28.10.2008-ci il tarixli müqavilə ilə 45000 AZN dəyərindəki kredit müqavilələrini bağlamış elan edilmişdir. Bu müqavilələr üzrə bir müddət ödənişlər etməsinə baxmayaraq bank əməkdaşları müddətin azlığını bəhanə gətirərək, ona yenidən 22.06.2010-cu il tarixində 240.000 ABŞ dolları dəyərində yeni kredit müqaviləsi imzalatmışdır. Bank əməkdaşlarının təhdidlərindən çəkinərək 05.05.2011-ci il tarixdə 139/M saylı kredit müqaviləsini imzalamış və həmçinin istifadəsində olan yaşayış evini bank əməkdaşının adına rəsmiləşdirmişdir. Onun ailə üzvlərinin bank rəhbərliyi ilə görüşmək cəhdləri heç bir nəticə verməmişdir. Məhkəmə müqavilənin formal olaraq 2011-ci il tarixdə bağlanmasını, hadisədən 8 il keçməsini, iddiaçının həmin dövrdə sözügedən evə hansı səbəbdən gəlməməsini, məhkəmə prosesindən iştirakdan yayınmasını araşdırmamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 16 mart 2022-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilən məhkəmə iclasında ilk iddia üzrə iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İşdə iştirak edən şəxs hazırki işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehin hüquqi varislərinin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək təmin olunmasını, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti ilk iddia üzrə cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılır. Belə ki, qətnamə ilk iddianın təmin edilmədiyi hissədə ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-45/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək, ilk iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddianın rədd edildiyi hissədə yoxlanılır. Apellyasiya baxışı zamanı təqdim edilmiş AZ-İ seriyalı 985186 saylı 13.12.2018-ci il tarixli «Ölüm haqqında tibbi şəhadətnamə»dən görünür ki, Cavabdeh 06.11.2018-ci il tarixdə vəfat etmiş, bu səbəbdən də müvafiq məhkəmə qərardadı ilə iş üzrə icraatın Cavabdeh hüquq varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh mərhum Cavabdeh hüquqi varisinin olub-olmamasının, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçib-keçməməsi barədə Bakı şəhəri 28 saylı Notariat ofisinə sorğular verilmiş, həmin sorğulara cavab olaraq Bakı şəhəri 28 saylı Notariat ofisinin məktublarından görünür ki, Cavabdeh həyat yoldaşı X2, övladları X3, X6 və X1 04.05.2019-cu il tarixli ərizələri əsasında vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək, Cavabdeh prosessual hüquq varislərinin həyat yoldaşı X2, övladları X3, X6 və X4 ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra qarşılıqlı iddia ilə bağlı araşdırmalar davam etdirilmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı 06 may 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, sözügedən ünvanda yerləşən ev 340000 manat məbləğinə Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Müqavilənin 5-ci bəndində müəyyən edilmiş, tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydasına görə alıcı nəzərdə tutulan məbləği satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. MA seriyalı ******* saylı 10 iyun 2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 yaşayış massivində yerləşən 1046 saylı fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 18 avqust 2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 yaşayış massivində yerləşən 1046 saylı fərdi yaşayış evi 15 aprel 2005-ci il tarixdə Cavabdeh, 06 may 2011ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı mərhum Cavabdeh tələbi onunla İddiaçı arasında bağlanmış 06 may 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Cavabdeh qarşılıqlı iddiasının əsası kimi mübahisələndirilən müqavilənin əsində fərdi yaşayış evinin alqı-satqısı məqsədi ilə deyil, onun banka olan kredit müqaviləsində ləngimələr olduğundan, banka olan borcunun təminatı kimi formal olaraq girov adı ilə rəsmiləşdirilməsini, sonradan banka olan borcunu ödədikdən sonra evin əvvəlki vəziyyətinə qaytarılmasına dair bankla razılığa gəldiklərini və müqavilədə qeyd olunan fərdi yaşayış evinə görə 340.000 manat məbləğində ödənişin İddiaçı tərəfindən ona ödənilmədiyini dəlil kimi göstərsə də, bu halların təsdiqinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksi olaraq mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, satılan fərdi yaşayış evi "xxxx" ASC ilə Bakı şəhər 41 saylı DNK arasında 11.10.2007-ci il tarixdə bağlanmış 3M/1105 nömrəli ipoteka müqaviləsi və 05.05.2011-ci il tarixli 3M/4-394 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında həmin bankdan satıcının götürdüyü kreditin təminatı olaraq banka girov qoyulmuş, Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilmiş, lakin həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Müqavilə xeyrinə yüklü edilmiş "xxxx" ASC-də girovda qalmaq şərtilə satılmasına razılığına dair 06.05.2011-ci il tarixli M/03- 1880 saylı məktubu əsasında rəsmiləşdirilmişdir, qeyd olunan müqaviləyə uyğun olaraq tərəflərin razılaşmasına əsasən müəyyən edilmiş mənzilin dəyəri 340.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Ceyhun Nəbiyevə ödənilməsi məqsədilə notariusun depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası mərhum Cavabdeh gətirdiyi dəlilllərə hüquqi qiymət verərək, qeyd edir ki, Cavabdeh tələbinin əsası kimi, İddiaçı ilə bağladığı alqı-satqı müqaviləsinin Mülki Məcəllənin 340.2-ci maddəsi ilə əhəmiyyətsiz əqdlərə aid edilən yalan əqd, yəni başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olmasını təsdiq edən hər hansi bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilə bağlamaq, onların məzmununu müəyyənləşdirmək. habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil. Qanunla birbaşa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb – bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gərçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Beləliklə, məhkəmə tərəfindən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16.05.2011-ci il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansi bir əsas müəyyən edilməmişdir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin bağlanılmasında etibarsızlığına səbəb olan hallara yol verilmədiyindən və Cavabdeh tərəfindən həmin əqdin etibarız hesab edilməsinə dair iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutlar təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (340.2). Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəlləsin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəlləsin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinəəsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1.-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Qarşılıqlı iddia ərizəsinin və həmin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdu ki, iddiaçı tərəfindən cavabdehə ev satılmamış, hazırki alqı-satqı müqaviləsi saxtadır və iddiaçı həmin müqaviləyə aldadılaraq imza etmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bu hallarla bağlı nə birinci instansiya məhkəməsinə, nə də varisləri tərəfindən apellyasiya baxışı zamanı hər hansı sübut təqdim edilməmişdir. Halbuki MPM-ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, mərhum iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar, o cümlədən bank əməkdaşları tərəfindən təhdid edildiyi halda onun hər hansı hüquq mühafizə orqanına müraciət etməsinə dair yazılı (şifahi) ərizə, həmin ərizəyə verilən cavab məktubu məhkəməyə təqdim edilməmişdir. Bir daha qeyd olunması zəruridir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində göstərdiyi dəlilləri apelyasiya şikayətində də təkrarlamaqla kifayətlənmiş, məhkəmə qətnaməsinin əsassızlığını sübuta yetirəcək hər hansı dəlil bildirməmişdir. Beləliklə, hazırkı işdə mübahisələndirilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı üçün “əqdin etibarsızlığı”nı nəzərdə tutan meyarlar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2(103)-15/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15/2022
16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver