Məhkəmə qərarları › İş №2(103)-1505/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1505/2022

11.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1505/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1661/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “evin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1661/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə üçüncü şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa, üçüncü şəxs X1 tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən şikayətlərin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1 -ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsi ilə nəzərdə tutulmuş apellyasiya şikayətinin tərtib edilməsi qaydaları pozulmuşdur. Belə ki, tərəfin apellyasiya məhkəməsindən etdiyi xahiş qeyri-müəyyəndir, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1661/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edildiyi halda, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1661/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti üçüncü şəxs X1 geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar