Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1524/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı ilkin, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma” barədə ilkin, Cavabdeh3 İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən A girişinin, Xİ mərtəbəsində ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı 59 saylı mənzil və ümumi sahəsi 17,2 kv.m-dan ibarət qaraj sahəsi 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir.
2. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s” tələbləri Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə “Tac Mahal" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolu və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi təmin edilməmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh1 xüsusi notariusu tərəfindən 19 may 2020-ci il tarixdə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair Cavabdeh3 adına qeydiyyat aparılmış, xx.xx.2020-ci il tarixdə ona müvafiq çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59-un (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab olunması; mənzilin qeydiyyatı ilə bağlı sonrakı hüquqi nəticələrin ləğv edilməsi; Cavabdeh3 həmin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddiaya dəqiqləşmə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunması; mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi; Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq mənzilin ona təhvil verilməsı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh3 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13 000 manatın, mənəvi ziyanın əvəzi olaraq 15 000 manatın, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, habelə hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh3 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 19 may 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən mənzil mülkiyyətinə verilmiş, 07 avqust 2020-ci il tarixdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyat aparılmış, alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil ona təhvil verilmiş, bundan sonra mənzildə təmir işlərinə başlanılmışdır. Lakin İddiaçı tərəfindən mənzillə bağlı Cavabdeh2 Allaheverdi qızına və "Tac Mahal” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, həmin iddia ərizəsi üzrə işə baxılması zamanı Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərardadı ilə iddia təminetmə/müvəqqəti təminat tədbirinin tətbiq olunması ilə əlaqədar mənzildən istifadə hüququndan tamamilə məhrum olunmuşdur. Həmin işə məhkəmə instansiyaları tərəfindən baxılmış və qəbul edilmiş məhkəmə aktlarına görə, İddiaçı iddiasının təmin olunması qət edilmişdir. Göründüyü kimi, İddiaçı əvvəlki iddia tələbi ona qarşı yönəlməmiş, lakin iddiası ilə əlaqədar faktiki olaraq mülkyyətində olan mənzildən istifadə edə bilməmişdir. Nəticədə bu müddət ərzində ailə üzvləri ilə birgə Yasamal rayonu ərazisində kirayə mənzildə yaşamağa məcbur qalmışdır. 2021-ci ilin iyun ayının əvvəlindən etibarən hər ay 500 manat olmaqla, ümumilikdə 13 000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalmış, bundan əlavə, bütün bu müddət ərzində əsəb, mənəvi sarsıntı və iztirab keçirmiş, bu stress həm də şəkər xəstəliyinin ağırlaşmasına səbəb olmuşdur. Bununla da maddi zərərdən əlavə, mənəvi zərərə məruz qalmışdır.
10. Birinci instansiya məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə İddiaçı iddia tələblərinin təmin olunması qət edilmişdir.
11. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə tələbə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qiymət verilməklə, həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 İddiaçı qarşı həmçinin “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiası təmin olunmamışdır.
12. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.
13. Həmin qərardaddan Cavabdeh3 nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmənin MPM-nin 261.0.2-ci maddəsini düzgün tətbiq etmədiyini, hazırkı iddia tələbinin 2021-ci ilin iyunundan sonrakı dövrü əhatə edən ziyanla bağlı olduğunu nəzərə almadığını irəli sürmüşdür.
14. Şikayət, məhkəmənin 11 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı
15. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
17. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
19. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
20. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.
21. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
22. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, Cavabdeh3 qarşılıqlı iddia tələbi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
23. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
24. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
25. İşdən görünür ki, Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işdə baxılan iddia tələbini hazırda irəli sürdüyü qarşılıqlı iddia tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki olaraq hüquqi qiymət verilmişdir.
26. Sözügedən işə baxan məhkəmələr vurğulamışlar ki, “Cavabdeh3 cavabdehlər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçiliklər yaratmaları, bu maneçiliyin nədən ibarət olduğunu göstərməmiş, həmçinin, ona hər hansı maddi ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir”.
27. Buna görə də kollegiya hesab edir ki, hazırkı iş üzrə qarşılıqlı iddia tələblərinə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 16-17), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Cavabdeh3 tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə