Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1530/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh Ləğv prosesində olan «Bank Standart» Kommersiya Bankı qapalı səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisəsinə dair X2, "xxxx" MMC və X1 ilə “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş və əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra, cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə, eləcə də əvvəlki ilə eyni məzmunlu apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan (xx.xx.2022-ci il tarixli) cavabdeh tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi, apellyasiya şikayəti vermək müddətinin cavabdeh tərəfindən üzrlü səbəbdən buraxılmış hesab edilməsi və buraxılmış müddətin bərpası barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7180/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və cavabdehin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilib və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi, apellyasiya şikayəti vermək müddətinin cavabdeh tərəfindən üzrlü səbəbdən buraxılmış hesab edilməsi və buraxılmış müddətin bərpası barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı şikayətə etirazında bildirir ki, qərardadan verilmiş şikayət əsassız və qanunsuzdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi elan edilən zaman cavabdeh Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh Bank şikayətində göstərdiyi şikayət vermə müddətinin novruz bayramına təsadüf etməsi və bankın işçisinin 18 gün müddətində xəstə olduğundan e-məhkəmə sisteminə nəzarət edə bilməməsi kimi fikirlər qanunsuz olmaqla yanaşı, 6 ay müddətlə müqayisədə qısa bir vaxtdır. Deyilənlərə inansa belə, bank işçisinin e-məhkəmə sisteminə nəzarət imkanları yarandıqdan sonra da şikayət verilməmişdir. Əksinə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddətdən cox artıq vaxt ötürülmüşdür. Müddətin üzrlü hesab edilməsi üçün cavabdeh Bank tərəfindən göstərilən əsaslardan biri isə qətnamənin kağız daşıyıcıda göndəriləcəyinin güman edilməsi və gözlənilməsi səbəbidir. Bununla bağlı qanunvericiliyin aydın və anlaşılan göstərişi vardır. Yəni, xx.xx.2022-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə cavabdeh banka və Əmanətlərin Sığortalanması Fonduna məxsus elektron kabinetə yerləşdirilmişdir. Şikayət isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Qanunvericiliyin müvafiq göstərişi MPM-in 10-1.1, 10-1.3, 10-1.5, 135.5, 135.8-ci maddələrində öz əksini tapır. Müddətin bərpa edilməsi üçün cavabdeh tərəfindən göstərilən səbəblər özlüyündə ziddiyətlidir. Qətnamənin çıxarılmasından 6 ay keçdikdən sonra müddətin bərpa edilməsi üçün qətnamənin kağız daşıyıcıda göndəriləcəyinin güman edilməsi və gözlənilməsi ilə yanaşı cavabdeh Bank tərəfindən verilmiş şikayətdə növbəti yalan isə ondan ibarətdir ki, qətnamənin qanuni qüvvəsini almasını cavabdeh Banka yalnız xx.xx.2022-ci il tarixdə məlum olmasıdır. Belə ki, qətnamə qüvvəsini aldıqdan sonra tərəfindən mübahisə predmeti olan əmlakın çıxarışının ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi cavabdeh Bankı üçüncü şəxs qismində cəlb etməsi barədə xx.xx.2022-ci il tarixli zəruri cəlbetmə qərardadı qəbul edilmiş və cavabdeh Banka ünvanlanmışdır. Bank, qərardadı, iddia ərizəsini və bildirişi alması mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli poçt xəbərnaməsində öz təsdiqini tapır. Həmin iş üzrə mütəmadi olaraq bildirişlər, qərardadlar və digər sənədlər cavabdeh Banka müxtəlif vaxtlarda çatdırılmışdır (xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli poçt xəbərnamələri). Cavabdeh Bank, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində mübahisələndirilən predmet barəsində xx.xx.2022-ci il tarixdən Sumqayıt İnzibati Məhkəməsində məhkəmə çəkişməsinə qoşulmuşdur. Hətta Sumqayıt İnzibati Məhkəməsində keçirilən iclaslarda cavabdeh bankın nümayəndəsi xx.xx.2022-ci il tarixdə iştirak etmiş və qətnaməni əldə etməklə yanaşı, qüvvəsini aldığı barədə də növbəti dəfə məlumatlanmışlar. Sumqayıt İnzibati Məhkəməsi, məhkəmə araşdırması zamanı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini alması barədə kifayət qədər ətraflı məlumat verilmiş Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunu cavabdeh Banka göndərilmiş və mülki iş materiallarında olan xx.xx.2022-ci il poçt xəbərnaməsinə əsasən cavabdeh Banka çatdırılmışdır. Qeyd olunanlardan və iş materiallarında olan sənədlərdən də görünür ki, cavabdeh Bank xx.xx.2022-ci il tarixdən çox qabaq Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini almışdır. Nəsimi Rayon Məhkəməsi düzgün araşdırma aparmaqla düzgün qərara gəlmişdir ki, müddətin ötürülməsinin bərpa olunmasının əvvəlki səbəbləri ilə yanaşı məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən, işin faktiki hallarından da müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh Bankın qətnamənin qüvvəsini alması barədə məlumatı bankın bildirdiyi xx.xx.2022-ci il tarixdən cox qabaqlar olmuşdur. Prosessual müddətin məhz üzrsüz səbəbdən ötürülməsi ilə verildiyindən buraxılmış müddət bərpa edilməmişdir. Hesab edir ki, cavabdeh Bank Qətnaməni e-məhkəmə sisteminə yerləşdirilən zaman əldə etmişdir. Şikayətdə bildirilənlər müddətin bərpa edilməsi üçün əsassız bəhanələrdir. Odur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə həm LPO QSC “Bank Standart” KB-yə məxsus, həm də Əmanətlərin Sığortalanması Fonduna məxsus elektron kabinetə yerləşdirilmiş, cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti isə xx.xx.2022- ci il tarixdə elektron kabinetə daxil edilmişdir. Bu halda, məhkəmənin qətnaməsi Mülki Prosessual Məcəlləsinin 135.5-ci və 135.8ci maddələrinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixdə həm LPO QSC “Bank Standart” KB-yə, həm də Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada verilmiş hesab olunur. Ərizədə qeyd olunanlar qanunla müəyyən olunmuş müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, qətnamənin çıxarılmasından altı aydan artıq müddət keçmişdir. Həmçinin, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki prosessual hüquqlardan, o cümlədən Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, Mülki Prosessual Məcəllənin məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla (hətta illərlə) hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Əvvəla, iş materiallarının (cild.1.i.v; 213-214-cü vərəq) məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat ????-də xx.xx.2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnamə elektron imza ilə təsdiq edilməklə banka və Əmanətlərin Sığortalanması Fonduna məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 05 aprel 2022-ci il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitir. Həmin müddət bitdikdən sonra, 03 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini ən geci 04 aprel 2022-ci il tarixdə verməli olduğu halda 03 avqust 2022-ci il tarixdə vermişdir. Lakin cavabdeh qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 03 avqust 2022-ci il tarixdə apellyasiya şikayətini elektron kabinetdə yerləşdirmişdir. Qətnamənin kağız daşıyıcıda alınmaması müddətin bərpası üçün əsas ola bilməz. Çünki, MPM-də buna aydınlıq gətirilmişdir. Belə ki, MPM-in 135.6-cı maddəsinə əsasən.. məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Demək, elektron kabinetdə qətnamə yerləşdirildikdə məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin bu qətnaməni elektron kabinetdə gec görməsi yaxud oxuması məhkəmə sənədini həmin vaxtdan alması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1530/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1530/2023
01.02.2023 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver