Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1551/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) ərizəsi üzrə (Açar sözlər: barışıq sazişinin təsdiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil Ələddin oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. MTK “TROYA-LTD”-nin sədri Maraqlı şəxs ilə “Payçı” Ərizəçi arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Kooperativ Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 yerləşmiş MMC “TROYA-LTD”-nin tikilməkdə olan binasında 65 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 170000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı mənzilin dəyərini tam ödəmiş və ona MMC tərəfindən maliyyə arayışı verilmişdir.
2. 14.08.2024-cü il tarixdə, Qusar 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır: -“Birinci tərəf” Ərizəçi əks tərəf Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38-də yerləşən MMC “TROYALTD”-yə məxsus 65 №-li mənzilin əvəzinə, mənzilin dəyəri olan 175 000 manatı tələb edir; -“İkinci tərəf” Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38-də yerləşən MMC “TROYA-LTD”-yə məxsus 65 №-li mənzilin əvəzinə, mənzilin dəyəri olan 175 000 manatı Ərizəçi 2024-cü ilin sentyabr ayının 15-dək tamamilə, nağd şəkildə qaytarmağı öhdəsinə götürür.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə tərtib edilmiş MŞQ-MT-027—2024-01277 14 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, mediasiya təşkilatına ödənilmiş 400 manat və 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, o, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38-də yerləşən MMC “TROYA-LTD”-nin tikilməkdə olan binasından (kooperativ mənzil) ümumi sahəsi 154 kv metrdən ibarət olan 3 otaqlı mənzili almağı ilə bağlı MMC “TROYALTD”-nin direktoru Maraqlı şəxs ilə müqavilə bağlamışdır. Həmin mənzilin dəyəri isə 175.000 manat təşkil edirdi və o, həmin mənzilin dəyərini tam şəkildə ödəmişdir. Lakin “TROYA-LTD” müqavilədə göstərilmiş öhdəliyə əməl etməmiş və nəticədə mənzil ona təhvil verilməmişdir. Ona görə də onların arasında pul tələbi ilə bağlı mübahisə olmuşdur. Onlar öz aralarında olan pul mübahisəsini 14 avqust 2024-cü il tarixdə Qusar şəhəri 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişi ilə həll etmişlər. Qeyd olunan barışığın şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr tərəflərə aydın olmuş və tərəflər könüllü olaraq bu sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə görə ikinci tərəf Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38-də yerləşən "xxxx" MMC-yə məxsus 65 nömrəli mənzilin əvəzinə mənzilin dəyəri olan 175.000 manatı ona 2024-cü ilin sentyabr ayının 15-dək tamamilə nağd şəkildə qaytarmağı öhdəsinə götürür. Lakin ikinci tərəf saziş şərtlərinə əməl etməyərək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük könüllü müddət ərzində icra etməmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-6809/24 saylı iş üzrə 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ərizə təmin edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7, 355-23.1-ci maddələri və digər əlaqədar normalarla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü ildə TROYA MMCni satıb və həmin ildən MMC-yə aidiyyatı yoxdur. Dəqiq yadında qalmasa da iddiaçının ona təqdim etdiyi sənədlərdən bəlli olur ki, o, direktor olduğu dövrlərdə MMC-dən ev alıb, lakin MMC-nin sonrakı rəhbərliyi ona evi verməyib. Sonradan iddiaçının təkidindən sonra o, könülsüz olaraq onunla mediasiyada barışıq imzalayıb. Əvvəla, onun və ya Arzunun qeydiyyatı və ya yaşayış yeri Qusar rayonu deyildir. Bundan başqa Arzu ilə aralarında hər hansı bir borc məsələsi olmamış, münasibətlər TROYA MMC ilə Arzu arasında olmuşdur. İddiaçı tərəfindən ümumi iddia müddəti də ötürülmüşdür. Qeyd etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, ev və ya pul tələbi ilə bağlı iddia TROYA MMC-yə qarşı verilməli və eyni zamanda məhkəmə iddia müddətini tətbiq etməlidir. Məhkəmə iclası iştirakı olmadan keçirilmişdir, növbəti iclas vaxtı barədə ona məlumat verilməmişdir, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsi üçün şərait yaradılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçi və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
11. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26- cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Baxılan iş üzrə tərəflər arasında mənzilə görə ödənilmiş vəsaitin ərizəçiyə geri qaytarılması ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişi mövcuddur.
18. Mülki Məcəlləyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (maddə 355-23.1).
19. Göründüyü kimi, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
20. MPM-in 355-26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün aşağıdakı halların mövcudluğu tələb olunur: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə barışıq sazişinin mübahisələndirilən hissədə təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər.
22. Apellyator iddiaçının təkidindən sonra könülsüz olaraq onunla mediasiyada barışıq imzaladığını bildirir. Beləliklə, cavabdeh barışıq sazişini sazişdə göstərilən şərtlərlə imzalamasını mübahisələndirmir. Belə bir razılıq qanuna zidd deyil. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur.
23. Maraqlı şəxs ərizəçinin mənzili ondan deyil, əvvəllər rəhbəri olduğu "xxxx" MMC-dən aldığını, hazırkı mübahisənin ona aidiyyətinin olmadığını bildirsə də, barışıq sazişinin tərəfi olaraq özü iştirak etmiş, yuxarıda qeyd olunan şərtlərlə razılaşmış, üzərinə öhdəlik götürmüş və sazişi imzalamışdır. Kollegiya ərizəçinin şikayətdə irəli sürdüyü arqumentlərin iş materialları və sübutlarla əsaslandırılmadığını və təsdiq olunmadığını nəzərə alaraq həmin dəlilləri formal mülahizə xarakterli dəlillər sayır və hesab edir ki, bu dəlillər mahiyyəti üzrə düzgün və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsas yaratmır (MPM-in 385.2-ci maddəsi).
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 18 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.