Məhkəmə qərarları › İş №2(103)-157/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-157/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-157/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” X1 (“xxxx” ASC) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə “xxxx” İKB ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” X1 (bank) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 37054,11 ABŞ dolları əsas, 18807,38 ABŞ dolları faiz, 1713,72 ABŞ dolları dəbbə pulu borcunun, yəni cəmi 57575,21 ABŞ dollarının, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 bankın xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin bankın xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra olunması, mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilməklə həmin şəxslərin evdən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək “xxxx” X1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli 1-G-1-0-27-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 37 007,98 ABŞ dolları əsas, 18 407,24 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 100 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 55515,22 ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının bankın xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin, 27 saylı mənzilinin ilkin satış qiymətinin 103 000 manat müəyyən olunması, tələbin həmin mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin 27 saylı mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətlərini borc məbləğinin düzgün hesablanmaması, keçirilmiş ekspertizanın nəticəsinin yanlış olması, maddia imkanlarının pis olması, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və krediti manatla alsalar da bank əməkdaşları tərəfindən aldadılmaları nəticəsində müqavilənin ABŞ dolları ilə bağlandığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu qeyd etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamə yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisələndirilmiş olsa da, onların şikayəti digər cavabdehin mənafeyini də əhatə etməkdədir. Eyni zamanda iddianın əsas borcluya və ipoteka qoyana qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir. Bununla yanaşı, qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən, qətnamə iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 (borcalan) 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 43 000 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin 27 saylı mənzili eyni tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsinə, xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə (dəyişiklik) edilərək müqavilənin müddəti 54 ay 1 gün (xx.xx.2019-cu il tarixinədək) uzadılmış, faiz dərəcəsi isə 24%-ə azaldılmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (iddianın qaldırıldığı tarixə) 37 007,98 ABŞ dolları əsas, 18 407,24 ABŞ dolları faiz borcunun olduğunu müəyyənləşdirərək həmin borc məbləğlərini əsas götürməklə müvafiq nəticəyə gəlmiş, bankın cərimə tələbini isə ağlabatan həddədək azaldaraq qismən təmin etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Kredit müqaviləsinin bağlanması zamanı borcalanın aldadılmış olması barədə apellyatorların irəli sürdüklərini isə kollegiya əsassız hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5ci maddələri). Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Konkret halda, müqavilə bağlanan tarixdə ölkədə hələ manatın devolvasiyası baş verməmişdi və buna görə kollegiya hesab edir ki, Cavabdeh1 bank əməkdaşları tərəfindən aldadılaraq müqavilənin ABŞ dolları ilə bağlandığı arqumentləri inandırıcı və ağlabatan deyildir. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, həm kredit, həm də ipoteka müqavilələrinə dair hüquqi proseslər barəsində apellyatorların müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Cavabdeh1 “kredit müqaviləsinin etibarsız edilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə qanuni qüvvəsini almışdır Apellyasiya şikayətlərində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyatorlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə müvafiq məbləğlər müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyatorların, mənzilin dəyərinin daha yüksək olması barədə arqumentlərini də əsassız hesab edir: Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin 27 saylı mənzilinin ilkin satış qiyməti təxminən 103 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2014-cü ilin noyabr ayında bağlanmış ipoteka müqaviləsində əmlak 43 000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir; bu qiymətlə müqayisədə isə qiymətləndiricinin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3245/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar