Məhkəmə qərarları › İş №2(103)-1572/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1572/2025

05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1572/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məhəllə 5, ev 86B (ev 686) (Riad Əhmədov küçəsi, ev 35) ünvanında yerləşən yaşayış evinə dair İddiaçı birgə mülkiyyət (pay) hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, işin icraata qəbul edilməsini və mübahisəyə mövcud sübütlar əsasında baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq qərardadla iddia ərizəsini ərazi aidiyyətinin pozulması əsası ilə qaytarılmışdır, qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş icraata qəbul olunaraq baxılmalıdır. Belə ki, məhkəmə aktında iddia ərizəsi üzrə cavabdehin ünvanının ünvan 1B (ev 686 Riad Əhmədov küçəsi, ev 35) ünvanı göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən onun Gədəbəy rayonu, Kiçik Qaramurad Ərazi Dairəsi, Kiçik Qaramurad kəndində qeydiyyatda olduğunun müəyyən edildiyi vurğulanır. Düzgün qənaət deyil. Çünki iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı göstərilmişdir. Sadəcə iddia ərizəsi iddiaçının seçməsinə görə aidiyyət deyil, müstəsna aidiyyət qaydasına uyğun məhkəməyə təqdim edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətin təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı ünvan 1B (ev 686 Riad Əhmədov küçəsi, ev 35) ünvanı göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh Gədəbəy rayonu, Kiçik Qaramurad Ərazi Dairəsi, Kiçik Qaramurad kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin mənasından da göründüyü kimi, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 10.14-cü bəndinə əsasən Mülki Prosessual Məcəllənin işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq, həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edilmədən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar