Məhkəmə qərarları › İş №2(103)-1582/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1582/2024

29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1582/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4786/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkilləri Vəkil1, Nümayəndə və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri, hazırki iş üzrə Cavabdeh1 borc öhdəliyinin Cavabdeh1la onun birgə mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi dəyəri ******* manat qiymətləndirilən 2 ədəd yaşayış evindəki və 1 ədəd 4 mərtəbədən ibarət qeyri-yaşayış sahəsindəki payının 725355 manat olmasının müəyyən edilməsi, bu məbləğin sözügedən tikililəti 30 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC-də keçirilmiş hərracda qanunsuz alan 17 nəfərdən (cavabdehlərdən) onun xeyrinə tutulması, ona çatası məbləğin hərraca çıxarılmış 2 yaşayış evinin ümumi dəyəri olan 648810 manatdan 76545 manat çox olması nəzərə alınaraq, evlərin geri, onun mülkiyyətinə qaytarılması və qeyri-yaşayış binasının satışından əldə edilmiş məbləğdən də onun xeyrinə 76545 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4786/2023 saylı qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkilləri Vəkil1, Nümayəndə və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri təqdim edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanun 8.1.4-ci maddəsinə görə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, apellyator Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə bütövlükdə razılaşmayaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Göründüyü kimi, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə görə iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməli olan məbləği 1015,35 manat olmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayəti verilməsinə görə 8.1-ci və 8.2-ci maddələrdə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən, ümumiyyətlə, dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin, ümumiyyətlə, apellyasiya şikayəti vermək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Qeyd olunan norma kassasiya şikayətinin verilməsi ilə birbaşa bağlı olsa da, həmin məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Hazırkı halda isə iddiaçının cavabdehlərə qarşı, o cümlədən Cavabdeh1 qarşı tələbi təmin olunmamışdır Göründüyü kimi, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən şikayət verilmiş, həmçinin apellyator tərəfindən dövlət rüsumu ödənilməmiş, lakin buna baxmayaraq, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin verilmiş apellyasiya şikayətinin formasına diqqət yetirdikdə görünür ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-nin 6-cı bəndinə əsasən, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4786/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4786/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar