Məhkəmə qərarları › İş №2(103)-1595/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1595/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1595/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 oğlunun, Cavabdeh2 vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı İnci Salamovanın ünvan 1 ünvanında yerləşən 50 saylı mənzili qanunvericiliyin tələblərinə əməl etməklə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın aldığını, qızının mənzili xx xxxxxx 2019-cu il tarixdə ona bağışladığını və adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq çıxarış verildiyini, qızı mənzili alarkən, alqı-satqı müqaviləsinin 8-ci bəndində satıcının üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 11-ci bəndində isə xx.xx.2018-ci il tarixədək mənzili yardımçı vasitələri ilə birlikdə alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürdüyünü, lakin onun bu öhdəliklərini yerinə yetirmədiyini və mənzildən çıxmadığını, bu halın isə mülkiyyətçi kimi özünün hüquqlarını pozduğunu bildirmiş, buna görə də Cavabdeh1 Ullu oğlunun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,10 m2 olan 50 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 vəfat etdiyi və mübahisəsi gedən mənzildə onun oğlu Cavabdeh2 yaşadığı müəyyən edildiyindən cavabdeh adı çəkilən şəxslə əvəz olunmuş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə isə iddia tələbləri təmin edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin faktiki girov-kredit müqaviləsi kimi qəbul edilməklə onlardan 28 000 manat qalıq borcun tutulub iddiaçıya ödənilməsi şərtilə həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, mərhum atasının əslində mənzili satmadığı, onun xəstəliyinin müalicəsi ilə bağlı pul lazım olduğundan mənzili girov qoyub iddiaçıdan borc almış olduqları, borcun böyük hissısini qaytarsalar da, pandemiya ilə əlaqədar qalıq borcu ödəyə bilmədikləri, hazırda qalıq 28 000 manat borcu ödəməyə hazır olduqları arqumentlər ilə əsaslandırmışdır. Cavabdeh2 məhkəmə iclasında iştirak edən vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçının qızı İnci Salamova (alıcı) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 36,10 m2 olan 50 nömrəli mənzili xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Cavabdeh1 (satıcı) 50 000 manata almış, müqavilənin 8-ci və 11-ci bəndlərinə görə satıcı, xx.xx.2018-ci il tarixinədək mənzili üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin mənzil xx.xx.2019-cu il tarixdə İnci Salamova tərəfindən İddiaçı bağışlanmış, xx.xx.2019-cu il tarixdə sonuncunun adına mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 xx.xx.2018-ci tarixdə vəfat etmişdir və hazırda mənzildə onun oğlu, Saatlı rayonunda qeydiyyatda olan Cavabdeh2 yaşamaqla iddiaçının mənzilə sahibliyinə maneə yaratmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehin mübahisəsi gedən mənzil üzərində hər hansı hüququ mövcud deyildir və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələblərini haqlı olaraq təmin etmişdir. Mübahisəsi gedən mənzilin alqı-satqısına dair müqavilənin əslində iddiaçı ilə aralarında borc münasibətlərini pərdələmək məqsədilə bağlandığı barədə cavabdehin apellyasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, heç bir sübuta əsaslanmadan irəli sürülən həmin arqument mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2138/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar