Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1609/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailənin digər üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında yerləşən 3 otaqlı mənzilin layihədə göstərilən sahəsi 6,9 kv.m və 12,0 kv.m olan iki (2) otağından çıxarılmaları və onların həmin iki otağa köçürülərək otaqların istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli mənzil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında 6 sot torpaq sahəsində yerləşir. Mərhum ataları X19 1996-cı ildə həmin torpaq sahəsində ilkin olaraq 17 kv.m sahəsi olan bir otaqlı ev tikmiş və ailəliklə (cavabdehlər də daxil olmaqla) köçərək həmin evdə yaşamağa başlamış və hər biri həmin mənzilə qeydiyyata alınmışlar. Ailələri böyük olduğuna görə, həmin birotaqlı mənzil darısqallıq yaratdığından, ataları bütün ailə üçün həyətdə, yəni həmin birotaqlı mənzilin yanında ayrıca bütün kommunal xidmətləri olan üçotaqlı mənzil tikmişdir ki, cəmi dörd otaqdan ibarət evin iki otağı onların, iki otağı isə cavabdehlərin olsun. Ev hazır olduqda atası da daxil olmaqla, yeddi nəfər ailə üzvü belə razılığa gəlmişlər ki, xəstəliyi ilə əlaqədar sakit həyat tərzi tələb olunan Fərman Ələsgərov ailəsi (özü, həyat yoldaşı və oğlu) ilə birlikdə həmin təzə tikilmiş üçotaqlı evə köçsünlər, onlar- dörd nəfər ailə üzvü isə, ataları ilə birlikdə müvəqqəti olaraq əvvəl tikilmiş bir otaqda qalsınlar. Fərman Ələsgərovun 2006-cı ildə vəfatından sonra onlar yenə əvvəlki kimi birotaqlı mənzildə, cavabdehlər isə üçotaqlı mənzildə yaşamağa davam etmişlər. 2010-cu ildə cavabdehlər üç otaqdan birini onların istifadələrinə verməli olduqları halda, bunu etməyərək, əksinə, onları uzun illər yaşadıqları bir otaqdan da çıxarmaq üçün mübahisələrə başlamışlar. Atalarının 2019-cu ildə vəfatından bir müddət sonra, yəni atasının yas mərasimləri başa çatdıqdan sonra, onlar cavabdehlərdən üç otaqdan birini boşaldaraq onların istifadələrinə vermələrini xahiş etmişlər. Lakin cavabdehlər buna razı olmayaraq, onları yaşadıqları bir otaqdan da çıxaracaqlarını deyərək hədələməyə başlamışlar. Hazırda onlar dörd nəfərlik ailə üzvü ilə evsiz qalmışlar, yaşamağa yerləri yoxdur. Mərhum ataları tərəfindən tikilmiş dörd otağın ikisi onlar üçün nəzərdə tutulduğundan və onlar mənzillər tikildiyi vaxtdan qeydiyyatda olmaqla həmin evdə yaşadıqlarından, mərhum ataları tərəfindən tikilərkən onlar üçün nəzərdə tutulmuş iki otağa köçərək həmin otaqlarda yaşamaq istəyirlər. Cavabdehlər isə buna imkan vermirlər.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında yerləşən 3 otaqdan (yataq otaqlarının sahəsi 6,9 m2 və 12,0 m2, qonaq otağının sahəsi 17,15 m2), 1 dəhlizdən (sahəsi 8,55 m2), 1 mətbəxdən (sahəsi 6,0 m2), 1 sanitar qovşaqdan (sahəsi 5,29 m2) ibarət fərdi yaşayış evinin (özbaşına tikilinin) sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağından çıxarılmaları, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında yerləşən yuxarıda göstərilən 3 otaqdan ibarət fərdi yaşayış evinin (özbaşına tikilinin) sahələri 6,9 kv.m və 12,0 kv.m olan 2 otağına köçürülmələri və onların həmin evdən sərbəst şəkildə istifadə etmələrinə maneələrin cavabdehlərə qadağan edilməsi, 100 (bir yüz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan İddiaçı1 xeyrinə tutulması qət edilmişdir.
4. Rayon məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin tikili cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlərin həmin həyətdə mövcud olan bir otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə məhkəmə qətnaməsi icra edildiyindən, yəni cavabdehlər həmin evə köçürüldüklərindən, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçıların da mərhum ataları (İddiaçı2 isə babası) tərəfindən inşa edilmiş özbaşına tikiliyə köçürülərək, orada yaşamaq hüquqları vardır. Bunun əksi yanaşma, yəni iddiaçıların sözügedən evə köçürülmələrindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Eyni zamanda Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə mərhum Əli Ələsgərovun gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə onun almış olduğu fərdi yaşayış evinə köçürülmələri təmin olunduğundan, mərhum Əli Ələsgərovun övladları və nəvəsinin onun tərəfindən inşa edilmiş özbaşına tikiliyə köçürülmələrindən imtina edilməsi ədalətlilik prinsipinin pozulması olardı. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3945/2008 saylı, 14 noyabr 2008-ci il tarixli qətnaməsi ilə cavabdehlərin ünvan 1 ünvandakı 3 otaqdan ibarət evdən çıxarılmaları barədə Sabunçu rayon Məhkəməsinin 20 may 2008-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bundan sonra həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi 20 aprel 2009-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 14 noyabr 2008-ci il tarixli qətnaməsini dəyişiklik edilmədən saxlamışdır, yəni ünvan 1 ünvandakı tikilidən cavabdehlərin çıxarılmalarının qanunsuz olması barədə qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Daha sonra Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə X11 və İddiaçı1 cavabdehlərə qarşı evə köçürülmə, istifadə hüququnun və maneənin aradan qaldırılması barədə tələbləri rədd edilmiş, cavabdehlərin həmin ünvandakı yaşayış sahəsinə 8/10 hissədən bir hissəyə köçürülmələri qət olunmuşdur. Göründüyü kimi mübahisə predmeti olan tikili özbaşına tikili olaraq dövlət reyesterində qeydiyyata alınmamışdır və buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarı ilə həmin tikiliyə Azərbaycan Respublikasının Mülki Məcələsinun 180.2-ci maddəsinə uyğun olaraq heç bir hüquq əldə edilmir, həmin tikili barədə sərəncam verilmir və bu motivlərlə qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin 14 noyabr 2008-ci il tarixli qətnaməsi qanuni və əsaslı sayılmışdır. İddiaçıların mübahisə predmeti hesab etdikləri özbaşına tikilidə heç bir əşyaları olmamışdır və hazırda da yoxdur. Onların həmin tikiliyə köçürülmə barədə iddia tələbinin təmin olunmaması barədə qeyd olunan və bu gün də qanuni qüvvədə olan məhkəmə qərarlarının mövcudluğu cavabdehləri sübutetmə vəzifəsindən azad edir. İddiaçı3 və X9 İddiaçı1 ilə eyni məzmunlu iddia tələbi də qanuni və əsaslı sayıla bilməz, ona görə ki, onlar həmin özbaşına tikilidə heç vaxt yaşamamışlar. Onların orada heç bir əşyası olmamışdır və hazırda da yoxdur, iddiaçıların həmin özbaşına tikilidən (onun bir hissəsindən) cavabdehlərin çıxarılmaları və onların ora köçürülmələri barədə iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Bundan əlavə, mübahisələndirilən qətnamənin 2ci vərəqinin 4-cü abzasında məhkəmənin özü tərəfindən guya şahid kimi dindirilən X11 ifadəsini qeyd edən zaman Elazova (Ələsgərova) Çimnaz Əli qızının “özünün ayrıca evi olsa da” daha çox mübahisəli evdə yaşadığı bildirilir. Bundan başqa, Elazova (Ələsgərova) Çimnaz Əli qızının həyat yoldaşı X14 adına Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 1999-cu il tarixli 2007 saylı sərəncamı ilə 0,039 ha yaşayış evi tikilməsi üçün torpaq ayrılmışdır və həmin torpağın üzərində onların yaşayış evi mövcuddur. Bundan əlavə, İddiaçı3 adına yaşayış evinin mövcudluğu barədə texniki pasportun surəti də hazırki apellyasiya şikayətinə əlavə edilir və qeyd edilməlidir ki, İddiaçı3 və İddiaçı2 yaşayış evləri mövcuddur, onlar sadəcə olaraq Cavabdeh2 əlindən hazırki mübahisə predmeti olan yaşayış sahəsini (özbaşına tikilini) alıb, sonra onun özünü həmin sahəni onlardan almağa məcbur etmək məqsədi güdürlər. Qeyd edildiyi kimi tərəflərin arasında mübahisəyə baxıldığı barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğu halda, X12, İddiaçı3 və İddiaçı2 ünvan 3 ünvandakı özbaşına tikilinin 2 otağına köçürülmələri mövcud qanunvericiliyin tələblərinə ziddir, eyni zamanda Cavabdeh2 və X7 həmin ünvandakı özbaşına tikilidən çıxarılmaları yuxarıda göstərilən məhkəmə qətnamələrinin mövcudluğu halında mümkün deyildir. Beləliklə, məhkəmə hazırki qətnaməni çıxaran zaman maddi hüquq normasını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələblərini pozmuş, eləcə də yuxarı instansiya məhkəmələrinin qüvvədə olan qətnamə və qərarlarına hörmətsizlik nümunəsi göstərmişdir. Məhkəmə işə baxarkən əvvəlcədən məhkəmə iclasının gedişatına giriş qapısının yanında dayanaraq, gedişatı dinləyən şahidlərin ifadəsini almışdır, şahidlərdən biri Əlləzov Rafiq isə Əlləzova (Ələsgərova) Çimnazın həyat yoldaşı kimi bütün məhkəmə proseslərində iştirak etmiş olduğundan onların verdikləri şahid ifadələri obyektiv ifadə hesab oluna bilməzdi və bu barədə hakimə bildirmələrinə baxmayaraq, hakim buna əhəmiyyət verməyib “şahidləri” dindirib ifadələrini aldı ki, bu da prosessual qanun pozuntusu kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəməyə iddiaçıların hər birinin yaşayış yerlərinin mövcud olması barədə sənədlər təqdim olunsa da, məhkəmə həmin sənədləri məhkəmə qətnaməsində əks etdirməyib. Daha sonra məhkəmə yerli baxış keçirən zaman iddiaçılara məxsus olan heç bir əşyanın özbaşına tikilidə olmadığını gördüyü halda, onların orada yaşadığı barədə yanlış ifadələr qeyd edir, hansıki, yaşayan insanın yaşayış üçün ən zəruri əşyalarının həmin yaşayış sahəsində mövcudluğu əsas şərtlərdən biri hesab olunur. Məhkəmə bu hala da düzgün qiymət verməmiş, yalançı şahidlərin “o evi Əli kişi tikmişdir və iddiaçılar o evə gəlib-getdiklərini”- onların orada yaşaması kimi qiymətləndirmiş, hətta Orxanın “bu evdə mənim bir kuklam olmalı idi” ifadəsinə onun orada yaşaması kimi yanlış qiymət vermişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin tamamilə ləğv olunması və yeni qətnamə qəbul edilərək iddianın rədd olunması xahiş edilmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər və əlavə olaraq bildirdilər ki, iddiaçılar hazırkı iddianı cavabdehlərin həmin ünvanda mövcud paylı mülkiyyətində olan mənzilə köçürülməsinin əvəzi olaraq- “onlar bu evə köçüblərsə, biz də onların evinə niyə köçməyək” prinsipi ilə hərəkət etməklə vermişlər. Halbuki, cavabdehlər həmin ünvanda olan və rəsmi reyestrdə qeydə alınmış mənzilin böyük - 8/10 hissədə paya malik mülkiyyətçiləridi, iddiaçıların köçmək istədiyi mənzil isə özbaşına tikilidir, həmin tikilinin onlara hər hansı aidiyyəti yoxdur, həmin mənzil Cavabdeh2 mərhum əri tərəfindən öz vəsaiti hesabına inşa edilmiş, ilk gündən hal-hazıradək də orada Fərmanın ailəsicavabdehlər yaşamış, iddiaçılardan heç kəs, bir gün də olsa həmin özbaşına evdə yaşamamış, (iddiaçılar iddia ərizəsində də bunu təsdiq edirlər) onların buna ehtiyacı da olmamış, onların hər birinin ayrı-ayrılıqda öz yaşayış sahələri mövcuddur, iddiaçıların yeganə məqsədi həmin mənzili cavabdehlərin əlindən almaq, onu ələ keçirməkdir. Cavabdehin vəkili Nümayəndə bildirdi ki, İddiaçı1 və onun ərinin hazırkı iddia tələbi ilə tamamilə eyni olan, yəni cavabdehlərin yaşadığı özbaşına tikiliyə (mənzilə) köçürülməyə dair iddiası rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir, iddianı təmin edən məhkəmə MPM-in 82.3-cü madəsinin tələbini nəzərə almamışdır, hesab edir ki, ən azından iddiaçılardan İddiaçı1 münasibətdə iş üzrə icraata xitam verilməli, digərlərinin iddiası isə rədd olunmalıdır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Bundan başqa, İddiaçı1 hazırkı mülki işin materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də əri R.Ellazovla birlikdə eyni tələbi irəli surmələrinə baxmayaraq, rayon məhkəməsi onların istəyini düzgün müəyyən etməmiş, onların istəyini guya həmin ünvanda olan və hazırda yaşadıqları paylı mülkiyyətə olan mənzilə münasibətdə qiymət vermişdir, halbuki, onların yaşadıqları mənzilə köçmək istəməsi məntiqsiz və anlaşılmazdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının vəkili Vəkil da həmin qətnamədə anlaşılmazlıqların olduğunu, iddiaçıların həqiqi istəyi ilə rayon məhkəməsinin qiymət verdiyi tələbin tam aydınlaşdırılmadığını qeyd etdi.
8. İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı2 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evə paylı mülkiyyət hüququ vardır. İstinad olunan qətnamələr İddiaçı2 münasibətdə qəbul edilməmişdir. İşin mübahisəsiz halı da budur ki, İddiaçı2 lap körpə yaşlarından ana himayəsindən məhrum, nənə və baba yanında, onların himayəsi altında böyümüşdür. Daim nənə və babanın yanında yaşamışdır. Özbaşına tikili də həmin mülkiyyətdə olan həyətdə tikilmişdir. Məhkəmə iclasında dindirilən şahidlər də iddiaçıların həmin mübahisəli mənzildə yaşadıqlarını təsdiq etmişlər. Sübutların tədqiqi:
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3945/2008 saylı qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh2, X2 və X3 X15 və X8 qarşı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evə mülkiyyət paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, miras əmlak olan evin 8/10 hissəsinə Cavabdeh2, X2 və X3, 2/10 hissəsinə isə X13 və X5 mülkiyyət payları müəyyən edilmişdir. Həmin qətnamə ilə eyni zamanda X13 və X5 Cavabdeh2, X4 və X6 qarşı miras əmlakın onlar arasında bərabər payda (hər birinə 1/5) bölünməsi, həmin ünvanda yerləşən torpaq sahəsinin istifadə və icarə hüquqları əsasında bərabər paylarda miras qoyanın vərəsələrinə keçirilməsi, Cavabdeh2, E.Ələsgərova və K.Ələsgərovanın həmin torpaq sahəsində yerləşən Ə.Ələsgərovun maddi vəsaiti hesabına inşa edilmiş üç otaqlı tikilidən çıxarılmaları tələbinə dair qarşılıqlı iddiaları qismən- Cavabdeh2, E.Ələsgərova və K.Ələsgərovanın ünvan 4 ünvanda yerləşən üç otaqlı tikilidən çıxarılmalarına dair hissəsi təmin edilmiş, qalan hissədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3945/2008 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi Cavabdeh2, X2 və X1 ünvanda yerləşən üçotaqlı evdən çıxarılmalarına dair hissədə ləğv edilmiş və X13, X5 qarşılıqlı iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008) 3329/2014 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 ilə X2 cavabdehlər X21, X10, X16, İddiaçı2 Bəhrəm oğluna qarşı kompensasiya verilməklə yaşayış sahəsindən (ünvan 5 ünvanında yerləşən 70D saylı evdən) istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008) 8459/2014 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh2 İddiaçı3 və İddiaçı2 qarşı yaşayış sahəsindən (ünvan 5 ünvanında yerləşən 70D saylı evdən) istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
12. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsindən görünür ki, X11 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə, istifadə hüqunun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evin ona məxsus 8/10 hissədən bir hissəsinə və Cavabdeh1 azyaşlı uşaqları X17 və X23 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evin ona məxsus 8/10 hissədən bir hissəsinə köçürülmələri qət edilmişdir.
13. Həmin qətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən 70D saylı evə dair Cavabdeh2 8/10 hissədən bir hissə, X2 8/10 hissədən bir hissə, X3 8/10 hissədən bir hissə, İddiaçı1 2/10 hissədən bir hissə, İddiaçı2 2/10 hissədən bir hissə payları müəyyən edilmişdir.
14. Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru V.Alıyev və digər şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008) 4135/2022 saylı icra sənədi icra edilmişdir və buna görə də icra sənədi üzrə icraata xitam verilmişdir.
15. “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, ünvan 5 ünvanında yerləşən 70D saylı evə dair memarlıq və planlaşdırma layihəsindən görünür ki, mübahisə predmeti olan evin otaqları və sahələri göstərilmişdir: dəhliz 8,55 m2, mətbəx 6,0 m2, sanitar qovşaq 5,29 m2, yataq otağı 6,9 m2, zal 17,15 m2, yataq otağı 12,0 m2.
16. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 6 ünvanında keçirilmiş yerli baxışda müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən, bir həyətdə girişdən sağda təmirsiz halda üç otaq və bir mətbəxdən ibarət bir ev, girişdən düz istiqamətdə eyni həyətdə beş çarpayıdan ibarət bir otaqlı ev və həmçinin həmin otaqdan sağda əlavə bir otaq vardır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.
33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
34. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.
36. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya qismən şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməməlidir.
38. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
40. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
41. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»
42. Mülki iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 bacı-qardaş, İddiaçı2 isə İddiaçı3 oğludur. Cavabdeh2 Cavabdeh1 anası, iddiaçılar İddiaçı1 və İddiaçı3 qardaşı mərhum F.Ələsgərovun isə arvadı olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında iki yaşayış sahəsi yerləşir. Onlardan biri bir otaqdan ibarət olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin evə dair Cavabdeh2 8/10 hissədən bir hissə, E.Ələsgərovanın 8/10 hissədən bir hissə, K.Ələsgərovanın 8/10 hissədən bir hissə, İddiaçı1 2/10 hissədən bir hissə, İddiaçı2 2/10 hissədən bir hissə payları müəyyən edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə Cavabdeh2 həmin evin ona məxsus 8/10 hissədən bir hissəsinə və Cavabdeh1 azyaşlı uşaqları X17 və X23 ilə birlikdə həmin evin ona məxsus 8/10 hissədən bir hissəsinə köçürülmələri qət edilmişdir. Həmin qətnamə icra olunmuşdur. Həyətdə yerləşən evlərdən digəri isə, özbaşına tikili olmaqla həmin evin sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağı hazırkı məhkəmə baxışının predmetini təşkil edir. Hazırda həmin ev üç otaq və bir mətbəxdən ibarət olmaqla, cavabdehlərin istifadəsindədir.
43. Göründüyü kimi hazırda iddiaçıların köçürülmələrini və cavabdehlərin çıxarılmalarını xahiş etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında yerləşən 3 otaqdan (yataq otaqlarının sahəsi 6,9 m2 və 12,0 m2, qonaq otağının sahəsi 17,15 m2), 1 dəhlizdən (sahəsi 8,55 m2), 1 mətbəxdən (sahəsi 6,0 m2), 1 sanitar qovşaqdan (sahəsi 5,29 m2) ibarət fərdi yaşayış evi özbaşına tikili olmaqla həmin evə dair mülkiyyət hüquqları hər hansı şəxsin adına müvafiq qaydada qeydə alınmamışdır.
44. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi baxışı zamanı dindirilmiş şahid ifadələrinə münasibətdə bildirir ki, həmin ifadələrdə qeyd olunan – iddiaçıların hazırki mübahisə predmeti olan evdə yaşamaları işin digər sübutları ilə təsdiq edilməmişdir. Digər tərəfdən, iddiaçılar qeyd olunan evdə yaşadıqlarını bildirsələr də, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Rayon məhkəməsi yalnız şahid ifadələrinə istinad etmişdir, lakin həmin şahidlərin ifadələrindəki məlumatların daha çox ümumi olması, bəzən də aşkar ziddiyyətli olmasını nəzər almamışdır.
45. Belə ki, rayon məhkəməsi şahidlər A.Aslanovun, M.Mürsəlovun və R.Ellazovun ifadəsinə istinad etmişdir. a) şahid A.Aslanov ifadəsində qonşuluqda yaşadığını, iddiaçıların həmin ünvanda yaşadığını gördüyünü bildirmişdir. Məhkəmə həmin ünvanda iki ayrı-ayrı yaşayış evinin olmasını, onlardan birinin qeydiyatdan keçmiş ev, digərinin isə özbaşına tikili olmasını, iddiaçının həmin ünvandakı qeydə alınmış evdə yaşamasının mübahisəsiz olmasını diqqətdən qaçırmışdır. Demək ki, bu şahidin ifadəsi iddiaçıların istinad etdikləri halın sübutu hesab oluna bilməz. b) şahid M.Mürsəlov ifadəsində iddiaçılarla qonşu olduğunu bildirmiş, ümumi sözlərlə iddiaçıların köçmək istədiyi evin onların atasının tikdiyini bildirmiş, əsası kimi isə iddiaçıların həmin evdə yaşayıb-yaşamamalarından xəbəri olmadığını göstərmişdir. Demək ki, bu şahidin ifadəsi də iddiaçıların istinad etdikləri halın sübutu hesab oluna bilməz. c) şahid R.Ellazovun ifadəsinə gəldikdə qeyd olunmalıdır ki, o iddiaçı Ç. Ellazovanın əridir və onun özünün bundan əvvəl hazırkı cavabdehlərə qarşı eyni iddiası təmin olunmamışdır. Belə olan halda məlum olur ki, hazırkı işdə arvadının iddiasının təmin olunmasında müstəsna marağı olan R.Ellazov şahid ifadəsi subyektiv baxımdan yolverilməz idi. Bununla belə, onun ifadəsi də hazırkı iddianın əsaslılığına dair hər hansı halı təsdiq etmir. Həmin şahidin məhkəmənin qətnaməsində əks olunmuş ifadəsi belədir- “özünün ayrıca evi olsa da, İddiaçı1 daha çox mübahisəli evdə yaşamışdır.” Diqqət etmək lazımdır ki, əvvəla, bu şahid iddiaçılardan yalnız arvadı olan İddiaçı1 mübahisəli evdə yaşadığını bildirmiş, digər iddiaçılara aid heç bir məlumat verməmişdir. Başlıcası isə onun İddiaçı1 mübahisəli evdə yaşamasına dair bildirdiyinin uydurma olması, elə İddiaçı1 yazılı ərizəsi (bax: iddia ərizəsi. iş/vərəq 3) və məhkəməyə verdiyi izahatı (bax: 20 noyabr 2023cü il tarixli məhkəmə iclas protokolu, iş/ vərəq 137-128) ilə təsdiq olunur. Demək ki, bu şahidin ifadəsi də iddiaçıların istinad etdikləri halın sübutu hesab oluna bilməz.
46. İddiaçılar məhkəməyə başqa sübut verməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələnə görə onlar istinad etdikləri halı- yəni köçmək istədikləri evdə haçansa yaşamalarını, orada şəxsi əşyalarının olmasını sübut etmək vəzifəsini daşıyırlar.
47. Beləliklə də, məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 70D ünvanında yerləşən 3 otaqdan (yataq otaqlarının sahəsi 6,9 m2 və 12,0 m2, qonaq otağının sahəsi 17,15 m2), 1 dəhlizdən (sahəsi 8,55 m2), 1 mətbəxdən (sahəsi 6,0 m2), 1 sanitar qovşaqdan (sahəsi 5,29 m2) ibarət fərdi yaşayış evi özbaşına tikili olmaqla iddiaçıların həmin evə dair hər hansı hüquqları müəyyən edilməmişdir, onlar həmin evin tikilməsində iştirak etməmiş, həmin evdə heç vaxt yaşamamış, həmin evdən istifadə etməmişlər. Həminin də araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdehlərin iddiaçılara qarşı həmin ünvandakı reyestrdə qeydə alınmış və 8/10 paylarının olduğu evə köçürülməsinə cavab olaraq iddiaçılar da cavabdehlərin yaşadıqları özbaşına tikiliyə köçməkdə israrlı olmuşlar, onların həmin özbaşına tikilidə yaşamaq ehtiyacları yoxdur. Demək ki, onların iddiası təmin oluna bilməz.
48. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, iddianı təmin edərkən baxılan işin konkret hallarına və tədqiq olunan sübutlara və onlara müvafiq maddi hüquq normalarına deyil, öz mövqeyini ümumi və deklarativ xarakterli aktlarla təsbit olunmuş prinsiplərlə əsaslandırmağa çalışmışdır.
49. Məhkəmə kollegiyası hazırkı iş üzrə həm iddiaçı, həm də cavabdeh tərəfin iş materiallarına əlavə olunmuş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsinə münasibətdə səsləndirdikləri fikirlərlə, yəni həmin işdə iddiaçıların həqiqi tələbinin düzgün müəyyən olunmaması (bunu iddiaçı tərəf bildirmişdir), eləcə də həmin işdə də iddiaçı olan İddiaçı1 münasibətdə hazırkı iş üzrə icraata xitam verilməsi (bunu cavabdeh tərəf bildirmişdir) barədə bildirdikləri ilə bağlı qeyd edir ki, həmin qətnamə hazırda qüvvədədir və bu nəzərə alınmalıdır. Belə ki, həmin qətnamədən görünür ki, iddiaçılar hazırkı iş üzrə iddiaçılardan olan İddiaçı1 və onun əri R.Ellazovun hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə, istifadə hüqunun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair ilkin iddia tələbi, onların hazırkı işdə olduğu kimi, həmin ünvandakı özbaşına tikilmiş, cavabdehlərə məxsus və onların yaşadığı evə deyil, məhz İddiaçı1 həmin ünvanda yerləşən, reyestrdə qeydə alınmış paylı mülkiyyətdəki evin 2/10 payının bir hissəsinə faktiki olaraq yaşadığı hissəsinə yönəlik tələb kimi baxılmış və onların ilkin iddia tələbi rədd edilmişdir. Bu baxımdan, hazırkı iş üzrə iddiaçılardan İddiaçı1 münasibətədə iş üzrə icraata- eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə (MPM-in 261.0.2-ci maddəsinin birinci cümləsi) qüvvədə olan məhkəmə qətnaməsinin olması əsasına görə xitam verilməsi üçün əsaslar mövcud deyildir.
50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
51. Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:
52. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir.
53. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.