Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-161/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qeyd etmişdir ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, belə ki, maddi hüquq normalarının tələbləri nəzərə alınmadan iddia tələbini rədd etmiş, nə iddiaçının mübahisəli evə mülkiyət, nə də evdən istifadə və sahiblik hüquqlarını nəzərə almamış, həmçinin tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatət də təmin olunmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Nadirov apellyasiya şikayətini müdafiə edərək cavabdehin tikilisinin onların evdən istifadəsinə maneə yaratdığını, həmin tikililərin 2000-ci ildən sonra tikildiyini, bu səbəbdən də şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətini müdafiə edərək ekspert rəyi ilə razılaşmadığını, ekspert rəyinin mübahisəlini olduğunu, belə ki, ekspert rəyinə əsasən, tikilinin normalara uyğun olmadığı göstərilmiş, bununla belə həmin tikililəri evə giriş-çıxışa və istifadəyə hər hansı maneə yaratmadığı təsbit olunmuşdur. Evin texniki pasportunda ayrıca giriş-çıxış göstərilməyib, ancaq ekspert rəyində göstərilib, həmin giriş-çıxışlar sonradan yaradıb. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, onlara məxsus ev 1861-ci ildə tikilsə də, İddiaçı evi 1905-ci ildə tikilmişdir, son 30 ildə həmin ünvanda hər hansı tikinti artırma işləri aparılmamış, iddiaçının nə istədiyi onlara məlum deyil, hərənin öz ayrı giriş–çıxışı var, onların evlərinin iddiaçının evinə giriş-çıxışına və istifadəsinə hər hansı maneəsi yoxdur, bu fakt ekpert rəyi ilə də müəyyən olunmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat verərək apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 52,54,56 saylı fərdi yaşayış evləri X2, X8 və X3 adlarına qeydiyyata alınmışdır. Sabunçu rayon VVADQ şöbəsi tərəfinən verilmiş AZ 035406 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan SSR Lenin rayonu Balaxanı qəsəbəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş İV-ЖГ 268261 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. 4 saylı Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 2 ünvanladığı məktubdan görünür ki, İddiaçı babası X1 qalmış miras əmlaka (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi) ölən X2 hüquqlarının qeydiyyata alınmadığı üçün vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 10/6852 nömrəli, 17 may 2022-ci il tarixli tikintitexniki ekspertizası rəyinə əsasən 1-ci sual üzrə 54 saylı yaşayış evinə aid olan 3 saylı otağın qarşısnda ümumi istifadədə olan taxta materialdan quraşdırılmış meydançanın bir hissəsinin mişar daşı ilə hörülərək 54 saylı evin yaşayış sahəsinə əlavə edildiyi və bununla müvafiq normaların tələblərinin pozulduğu müəyyən olunmuşdur. Həmçinin 52,54 və 56 saylı evlərə ayrı-ayrılıqda giriş-çıxış yolu olduğundan, eləcə də 54 saylı evin mülkiyyətçisi tərəfindən taxta meydançada aparılmış tikinti işlərinin yalnız 54 saylı evə aid olduğunu nəzərə alınaraq həmin evlərin istifadəsinə mane (giriş,çıxış və s.) yaratmadığı, 54 saylı evdə aparılmış rekonstruksiya işlərinin iddiaçıya məxsus 56 saylı evdə dam örtüyü inşa edilməsinə mane olmaması və hava axının kəsilmədiyi qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisəli evə dair mülkiyyət hüqununun tanınmasını xahiş etdiyi ev vaxtilə onun babasının və digər şəxslərin sahibliyinə verilsə də, sonradan həmin şəxslər tərəfindən dövlət qeydiyyatına alınmalı idi. Mübahisəli ev yalnız qeydiyyata alındığı təqdirdə babasının vəfatından sonra onun vərəsələri arasında bölünə bilərdi. İddiaçı ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariusa müraciət etsə də, qeyd olunan evə dair onun babasının hüquqlarının dövlət qeydiyyatına alınmaması səbəbilə ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Göründüyü kimi hazırda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasına əsas verən hər hansısa bir hal müəyyən olunmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 67.1.). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3.). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4.). Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzinin 10/6852 nömrəli, 17 may 2022-ci il tarixli tikinti-texniki ekspertizası rəyinə əsasən 1-ci sual üzrə 54 saylı yaşayış evinə aid olan 3 saylı otağın qarşısnda ümumi istifadədə olan taxta materialdan quraşdırılmış meydançanın bir hissəsinin mişar daşı ilə hörülərək 54 saylı evin yaşayış sahəsinə əlavə edildiyi və bununla müvafiq normaların tələblərinin pozulduğu müəyyən olunmuşdur. Həmçinin 52,54 və 56 saylı evlərə ayrı-ayrılıqda giriş-çıxış yolu olduğundan, eləcə də 54 saylı evin mülkiyyətçisi tərəfindən taxta meydançada aparılmış tikinti işlərinin yalnız 54 saylı evə aid olduğunu nəzərə alınaraq həmin evlərin istifadəsinə mane (giriş, çıxış və s.) yaratmadığı, 54 saylı evdə aparılmış rekonstruksiya işlərinin iddiaçıya məxsus 56 saylı evdə dam örtüyü inşa edilməsinə mane olmaması və hava axının kəsilmədiyi qeyd edilmişdir. Beləliklə, Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində və ekspert rəyinə əsasən cavabdehə məxsus tikililərin iddiaçıya məxsus evlərə münasibətdə hər hansı maneəçilik törətmədiyi müəyyən edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına İddiaçı tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-161/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-161/2022
09.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver