Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1618/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlu katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 verdiyi apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan Fondunun nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh2 arasında bağlanmış 21.04.2015-ci il tarixli, 299/15 QDTİB nömrəli “Kredit xətti müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99.874,51 ABŞ dolları, əsas kredit borcuna müqavilə müddəti üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.224,24 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 10.04.2019-cu il tarixinə kimi illik 5% dərəcəsi ilə hesablanmış məbləğin – 14.729,94 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 55.294,41 ABŞ dolları, cəmi isə 175.123,10 ABŞ dolları məbləğində borcun, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə 30 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun Cavabdeh2 onun xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh1 mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsait hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin məbləğin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, ev satıldığı halda Cavabdeh1 ev üzərində olan hüquqlarına xitam verilməsi və onun 1 aydan gec olmayaraq evdən çıxarılaraq evin boşaldılması və evin Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.09.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99.874,51 ABŞ dolları, əsas kredit borcuna müqavilə müddəti üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.224,24 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 10.04.2019-cu il tarixinə kimi illik 5% dərəcəsi ilə hesablanmış məbləğin – 14.729,94 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 5.000 ABŞ dolları, cəmi isə 124.828,69 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə 30 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun Cavabdeh2 tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Fondun və Cavabdeh2 verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 27.02.2020-ci il tarixli qətnamə (İş № 2(103)-1162/2020) ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı Bankın apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19.09.2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin qismən təmin edilməsini, iddiaçı Bankın ipoteka hüququnun Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, “E” bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.metrdən ibarət 200 saylı mənzilə şamil edilməsini, həmin əmlak üzərində Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsini, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmasını, onun satışından əldə edilə biləcək pul vəsaiti hesabına 124.828,69 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra hüququn satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 09.10.2020-ci il tarixli qərarla (İş № 2(103)-4143/2020) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin 27.02.2020-ci il tarixli qətnaməsinin “ümumi borc məbləğinin müəyyən edilməsi” hissəsində və “Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmasına dair” hissədə ləğv edilməsini, həmin hissədə işə apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bu səbəbdən qeyd edilən hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) işə apellyasiya qaydasında yenidən baxır. İddiaçı Bankın ləğvedicisi olan fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi Fondun apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə digər tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Yuxarıda qeyd edilmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, aşağıda qeyd edilən məsələlər hazırki apellyasiya baxışının predmetinə daxil deyil: 1) iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh2 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra etməməsi səbəbindən onun mülki məsuliyyətinin yaranması; 2) öhdəliyin icra edilməməsi səbəbindən Cavabdeh2 Banka yaranmış borcunun ödənilməsi; 3) borcun ödənilməsi ilə bağlı Bankın tələbinin Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, “E” bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.metrdən ibarət 200 saylı mənzilə yönəldilməsinin əsaslı olması. Hazırki apellyasiya baxışının predmetini aşağıdakı məsələlər təşkil edir: 1) Bankın tələbinin Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, “E” bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.metrdən ibarət 200 saylı mənzilə yönəldilməsi Cavabdeh1 həmin mənzil üzərində olan hansı hüququna yönəldilməsi; 2) borclu Cavabdeh2 kreditor olan Bankın xeyrinə tutulmalı olan ümumi borc məbləğinin müəyyən edilməsi. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı Bankın ləğvedicisi olan Fondun apellyasiya şikayəti qismən əsaslı, Cavabdeh2 apellyasiya şikayəti isə əsaslı deyil. Apellyasiya baxışının predmeti olan birinci məsələ ilə bağlı Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Bank ilə Cavabdeh2 arasında 21.04.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə Cavabdeh2 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq Cavabdeh1 tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evi artıq mövcud olmadığından (söküldüyündən) Bankın iddiasının “tələbin ipoteka predmetinə yönəldilməsi barədə” hissəsini təmin edilə bilməz. Həmin məsələ ilə bağlı Bankın apellyasiya şikayətində ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, cavabdehlər ilə Bank arasında bağlanmış 21.04.2015-ci il tarixli “İpoteka müqaviləsinin” 4.1.7-ci bəndində ipoteka qoyanın vəzifələrindən biri kimi göstərilir ki, “ipoteka predmetinin məhv olunma və ya zədələnmə təhlükəsi və ya ipoteka predmetində hər hansı dəyişikliklər baş verməsi ehtimalı yarandıqda bu barədə kreditor/lpoteka saxlayana dərhal yazılı surətdə xəbərdar etməlidir”. Göründüyü kimi, ipoteka qoyan müqavilə üzrə öz vəzifələrini icra etməmiş, ipoteka saxlayana bu barədə heç bir məlumat verməmiş, ipoteka saxlayan yalnız məhkəmə gedişatı zamanı mövcud vəziyyət barədə məlumat əldə etmişdir. Eyni zamanda müqavilənin 4.1.8-ci bəndində göstərilir ki, ipoteka predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə, ipoteka predmetini tərəflər arasında razılaşdırılmış müddətdə bərpa edilməli və ya eyni dəyərli başqa əmlakla əvəz edilməlidir. Bankın əldə etdiyi məlumata əsasən ipoteka predmeti olan ev sökülən zaman söküntünü aparan iş üzrə üçüncü şəxs olan "xxxx" Şirkəti ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. "xxxx" Şirkətinin nümayəndəsi və cavabdehlər işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə iclasında iştirak etmədiklərindən, ipoteka qoyan Cavabdeh1 ipoteka predmeti olan evin sökülməsi müqabilində kompensasiya ödənilməsi və ya sonuncunun inşa olunan binadan yeni mənzillə təmin olunub-olunmaması və s. bu kimi hallarla bağlı yaranan mübahisələri müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, bu kimi halları müəyyənləşdirmədən hakim müvafiq mübahisəyə hüquqi müstəvidə düzgün qiymət verməyərək ipoteka saxlayanın hüquqlarını kobud surətdə pozmaqla yekun məhkəmə aktı qəbul etmişdir. İşə birinci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 27.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası müəyyən etmişdir ki, ipoteka predmeti olan ev sökülmüş və "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24.01.2017-ci il tarixli, 47 saylı müqaviləyə əsasən, sökülmüş evin yerində inşa ediləcək yaşayış binasının “E” blokunda 1-ci mərtəbə, 2 otaqlı, 98 kv.m 200 saylı mənzilin Cavabdeh1 verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Bunu müəyyən etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qətnamə ilə qət etmişdir ki, iddiaçı Bankın ipoteka hüququ həmin mənzilə şamil edilsin, Bankın tələbi həmin mənzil üzərində Cavabdeh1 sahiblik hüququna yönəldilsin, həmin hüquq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 09.10.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə istinad etməklə iddiaçı Bankın ipoteka hüququnun (yuxarıda qeyd edilən) 200 saylı mənzilə şamil olunması nəticəsinə gəlsə də, həmin əmlak üzərində Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, əmlaka sahiblik qanunla qorunan hüquqi vəziyyəti özündə əks etdirir. Ona görə də tutmanın Cavabdeh1 həmin mənzilə olan hüququna yönəldilməsi kimi qeyd olunması qanunvericiliyin tələbləri baxımından daha düzgündür. Çünki bu hüquq özlüyündə həm istifadə, həm qeyd olunan mənzilə gözlənilən mülkiyyət hüququnu da ehtiva edir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 09.10.2020-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə görə, sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddədən göründüyü kimi əmlaka sahiblik qanunla qorunan hüquqi vəziyyəti özündə əks etdirir. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, ipoteka və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Cavabdeh2 Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, Bank tələbin ipoteka ilə yüklü edilmiş evə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmeti olan ev artıq mövcud olmadığından (söküldüyündən) Bankın tələbi, ipoteka qoyan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 24.01.2017-ci il tarixli, 47 saylı müqavilədə nəzərdə tutulmuş və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən binanın “E” bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.metrdən ibarət 200 saylı mənzil üzərində Cavabdeh1 həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna şamil edilməlidir. Bu baxımdan iddiaçı Bankın müzakirə edilən iddia tələbi və apellyasiya şikayəti qismən əsaslı hesab edilir. Apellyasiya baxışının predmeti olan ikinci məsələ ilə bağlı Məhkəmə bildirir ki, bu hissədə Bankın tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2, onunla Bank arasında bağlanmış 21.04.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilənin şərtlərinə və “Ödəniş qrafikinə” uyğun olaraq aybaay, hissə-hissə ödəməmişdir. Nəticədə onun iddiaçı Banka 99.874,52 ABŞ doları məbləğində əsas kredit borcu, 5.224,24 ABŞ doları məbləğində əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcu, 14.729,94 ABŞ doları məbləğində müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu və əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi səbəbindən hesablanmış 55.294,41 ABŞ doları məbləğində cərimə (dəbbə) borcu, cəmi 175.123,10 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bank həmin borcun ödənilməsini Cavabdeh2 tələb etsə də, Cavabdeh2 borcu ödəməmişdir. Bu səbəbdən də, həmin borc Cavabdeh2 Bankın xeyrinə məhkəmə qaydasında tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi 99.874,51 ABŞ doları, əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.224,24 ABŞ doları, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 14.729,94 ABŞ doları, əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi səbəbindən hesablanmış cərimə borcunun ödənilməsi məqsədi ilə 5.000 ABŞ doları, ümumilikdə isə 124.828,69 ABŞ dolları (qətnamə icra ediləcək tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı) məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı Banka ödənilməlidir. Cavabdeh2 verdiyi apellyasiya şikayəti qətnamənin məhz bu hissəsi ilə bağlıdır. Apellyasiya şikayətində o xahiş etmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilsin və faiz borcu, habelə dəbbə pulu ilə bağlı Bankın iddia tələbi rədd edilsin. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxmış Rayon Məhkəməsi sübutlara qiymət verərkən araşdırmanı tam həyata keçirməmişdir. Belə ki, Rayon Məhkəməsi borcun məbləğini müəyyən edərkən yalnız iddiaçı Bankın təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır. İşə birinci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 27.02.2020-ci il tarixli qətnamədən görünür ki, həmin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh2 verdiyi apellyasiya şikayəti əsassızdır. Bunu müəyyən etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin bu apellyasiya şikayəti ilə mübahisələndirilən hissəsini dəyişdirilmədən saxlanılması qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 09.10.2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı əks olunmuş hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 apelyasiya şikayətində ümumi borc məbləğinin düzgün hesablanmamasını, həmin borc məbləğinin yalnız iddiaçı Bankın təqdim etdiyi maliyyə arayışına əsaslanmaqla düzgün müəyyən edilməməsini mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar tərəflərin hüquq bərabərliyi prinsipinə əsasən yalnız iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsaslanmamaqla, həmin mübahisəyə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə düzgün hüquqi qiymət verməli idi. Belə ki, MPM-nin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə, MPM-nin 420 və 97.1-ci maddəsinin tələblərini nəzərə alaraq qəbul etdiyi 16.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2021-ci il tarixli, 9/3873 saylı rəyini almışdır. Həmin rəydə göstərilir ki, Cavabdeh2 ilə Bank arasında bağlanmış 21.04.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Cavabdeh2 müqavilə müddətinin bitdiyi tarixə olan əsas kredit borcu 99.874,51 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcu 5.224,24 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 10.04.2019-cu il tarixə olan müddət üçün 5% dərəcəsi ilə hesablanmış faiz borcu 14.729,94 ABŞ dolları məbləğindədir. Göründüyü kimi, iddia ərizəsi ilə Cavabdeh2 Bankın xeyrinə tutulması xahiş edilən əsas borcun və faiz borclarının məbləğləri ekspert rəyi ilə təsdiq edilir. Cavabdeh2 borc məbləğinin göstərilən kimi deyil, daha aşağı məbləğdə olmasını təsdiq edə biləcək sübutu (məsələn: özü və ya bu sahədə zəruri biliyə malik olan mütəxəssis tərəfindən aparılmış hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh2 apellyasiya şikayətinin dəlili həmçinin cərimə borcu (dəbbə) ilə bağlı olduğundan Məhkəmə bildirir ki, iddiaçı Bank əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi səbəbindən onun tərəfindən borclu Cavabdeh2 hesablanmış 55.294,41 ABŞ doları məbləğində cərimə (dəbbə) borcunun tutulmasını da xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, bu məbləğdə cərimə tənasübsüz surətdə yüksək məbləğdir və buna görə də, cərimə borcunun azaldılmasını, azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 5.000 ABŞ doları məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçı Banka ödənilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə cərimə borcunun məbləği ilə bağlı Rayon Məhkəməsinin mövqeyini düzgün hesab edir və bildirir ki, Rayon Məhkəməsi cərimə borcunu azaldaraq 5.000 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Cərimənin bu məbləğdən daha aşağı müəyyən edilməsinə səbəb ola biləcək hallar apellyasiya baxışı zamanı müəyyən edilmədi. Bununla da müəyyən edilir ki, Cavabdeh2 iddiaçı Banka olan ümumi borcu (99.874,51 + 5.224,24 + 14.729,94 + 5.000=) 124.828,69 ABŞ dolları məbləğindədir. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi ümumi borcu qeyd edilən məbləğdə müəyyən etməkdə haqlı olmuşdur, qətnamənin bu hissəsinə aid Cavabdeh2 apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də apellyasiyanın nəticələrini, işin hallarını, apellyasiya baxışının həddini nəzərə alan və MPM-nin 384, 385-ci maddələrinin tələblərindən çıxış edən, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, qismən yəni iddiaçı Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2015ci il tarixli, 299/15 QDTİB nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Bankın tələbi ipoteka qoyan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 24 yanvar 2017-ci il tarixli, 47 saylı müqavilədə nəzərdə tutulmuş və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən binanın “E” bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.metrdən ibarət 200 saylı mənzil üzərində Cavabdeh1 həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna yönəlsin. Həmin hüquq açıq hərracdan satılsın və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcu ödənilsin. Həmin hüquq açıq hərracdan satıldığı halda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən binanın “E” bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.metrdən ibarət 200 saylı mənzili boşaldılsın. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə yaranmış ümumi borcun – 124.828,69 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1618/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1618/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver