Məhkəmə qərarları › İş №2(103)-1619/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1619/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1619/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.437 manat əsas borcun, 10.000 manat maddi və 5000 manat mənəvi ziyanın, cəmi 34.467 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun çalışdığı tikinti materialları mağazası vardır. Cavabdeh tikinti işləri ilə məşğul olduğundan 2014-cü il tarixdən başlayaraq onun Nərimanov rayonu tikinti materialları mağazasından 2015-ci ilin oktyabr ayına kimi müxtəlif vaxtlarda pullarını hissə-hissə ödəyəcəyi vədini verərək, dəyəri 19.437 manat olan təmirtikinti materiallarını qaimə vasitəsilə götürərərək, bu günə kimi qaytarmamışdır. Uzun mübahisələrdən sonra o, bu barədə Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin istintaq işi 2016-cı ildən başlayaraq aparılmağa başlanılmış və xx xxxxxx 2019-cu il tarixli qərarla pulun alındığı təsdiq olunsa da, həmin işdə cinayət tərkibinin olmamasından cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Dəfələrlə deyilməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu verməkdən imtina edir. 4 ildən çoxdur ki, həmin pulu özündə saxlamaqla ondan faydalanır, qazanc əldə edir. Cavabdeh artıq bir ildən çoxdur ki, həmin puldan faydalanır və ona bu müddətdə 10.000 manat maddi ziyan, 5000 manat isə mənəvi ziyan vurmuşdur. 5 ildən çoxdur ki, o bu işin arxasınca sürünür. Həmin hərəkətlərinə görə ümumilikdə cavabdeh ona cəmi 34.467 manat pul ödəməlidir. Bundan 19.437 manat əsas borc, 10.000 manat pul maddi və 5000 manat isə mənəvi ziyandır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də qətnamə ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 13345/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019cu il tarixli qətnamənin qismən, yəni əsas borca aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddianın həmin hissədə qismən təmin edilməsi, əsas borcun ödənilməsi məqsədilə 17.950 (on yeddi min doqquz yüz əlli) manat məbləğində pulun cavabdeh Sengül Hakandan tutularaq İddiaçı ödənilməsi, əsas borc ilə bağlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən cavabdeh Sengül Hakan kassasiya şikayəti vermiş və şikayətdə Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13345/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-4160/2020 saylı Qərarı ilə cavabdeh Sengül Hakan tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13345/2019 saylı qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmış, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Sengül Hakan məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh Sengül Hakanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin ona 19.437 manat pul borcu olması barədə heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunmuş və cavabdehin 19.437 manat dəyərində təmir-tikinti materiallarını nisyə götürməsini və borclu qalmasını təsdiq etdiyi iddia edilən qaimə sənədlərində cavabdehin və ümumiyyətlə heç bir şəxsin adı və imzası olmadığından və məhkəmədə cavabdeh iddiaçıya heç bir qaimə sənədi vermədiyini bildirdiyi üçün həmin qaimələr məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Eləcə də, iddiaçı xx xxxxxx 2019-cu il tarixli qərarla cavabdeh tərəfindən pulun alındığının təsdiq olunduğunu bildirsə də, işə sübut kimi əlavə edilmiş Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından da müəyyən olunur ki, aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında iddiaçıdan təmir-tikinti materialları aldığını etiraf etmiş, lakin aldığı malların pulunu qaytardığını, iddiaçıya heç bir borcu olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 443.2, 443.3, 445.2, 448.1, 448.2, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna görə də iddia tələbi əsas borcla bağlı hissədə, eləcə də maddi və mənəvi ziyanla bağlı hissədə də əsassız olduğuna görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan iddiaçı verdiyi apelyasiya şikayətində işin faktiki hallarının nəzərə alınmadığını, sübutların düzgün qiymətləndirilmədiyini, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulduğunu bildirmiş və bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə yoxlayıb hesab edir ki, apelyatorun dəlilləri qətnamənin ləğv üçün əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində təmir-tikinti materiallarının cavabdeh tərəfindən qaimə vasitəsi ilə götürüldüyünü qeyd etsə də, iş materiallarına əlavə edilmiş həmin qaimələrdə cavabdehin imzası olmadığından, yalnız iddiaçı tərəfindən tərtib olunan həmin qaimələr borcun mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin bir neçə dəfə nisyə materiallar götürməklə, sonradan aldığı tikinti materiallarının pulunu ödəməsinə dair izahat verməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbləri baxımından iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin maddəyə əsasən “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyinitəsdiqləyir”. Yəni tərəflər arasında rəsmi borc sənədi tərtib olunmadığından cavabdehin işgüzar münasibətlərə uyğun izahatı borcun mövcudluğu kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar