Məhkəmə qərarları › İş №2(103)-1621/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1621/2021

22.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1621/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X4, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, X1 cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-4135/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 cavabdeh “xxxx” ASC-yə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin xx.xx.2020-ci il tarixli K/20-02537 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa, xx.xx.2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, əmək haqqının gecikdirildiyi hər gün üçün onun 2%-i həcmində ödəncin və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən “xxxx” ASC-nin Hüquq İdarəsində hüquqşünas vəzifəsində işləmiş, əmək funksiyalarının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə və müddətinə görə vəzifə üzrə gördüyü işlərin daimi xarakter daşımasına baxmayaraq cavabdeh müəssisə tərəfindən hər dəfə 3 ay olmaqla onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh müəssisə tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli K/20-02537 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. Bu barədə 38 nömrəli şəhər poliklinikası tərəfindən 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Buna baxmayaraq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunsuz olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Əmr əsaslandırılmamış və lazımi qaydada rəsmləşdirilməmişdir, belə ki, xx.xx.2015-ci ildən hər dəfə 3 ay artırılmaqla fasiləsiz olaraq xx.xx.2020-ci ilədək davam edən əmək münasibətlərinə işəgötürən tərəfindən müqavilə müddətinin bitməsi ilə bağlı qəflətən xitam verilməsinin hansı səbəblə əlaqədar olması sözügedən əmrdə əsaslandırılmamışdır. Üstəlik bu əmr müəssisənin möhrü ilə təsdiqlənməmişdir. Əmək müqaviləsinin xəstələnməyi ilə bağlı işə gəlmədiyi dövrdə ləğv edilməsini nəzərə aldıqda, işəgötürən tərəfindən sözügedən əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın sonuncu iş günü ona verilmədiyi açıq-aydın anlaşılır. Bu hal sözügedən əmrdə xüsusilə qeyd edilməsinə baxmayaraq əmək qanunvericiliyin bu tələblərinə də işəgötürən tərəfindən əməl edilməmişdir. Cavabdeh müəssisə Əmək Məcəlləsinin maddələrini pozmaqla əmək münasibətlərinə xitam verərkən ona həmçinin mənəvi ziyan vurmuşdur. Belə ki, onun həyat yoldaşı, iki azyaşlı övladı və təqaüdçü valideynləri onun öhdəliyindədirlər. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildiyi dövrdən hazırkı vaxtadək o, heç bir yerdə işə düzələ bilmədiyi üçün ailəsində ağır maddi durum yaranmış və bu hal ona ağır mənəvi istirab və sarsıntı yaşatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4135/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli, k/20-02537 saylı əmrinin ləğv edilməsi, X3 əvvəlki, “xxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin ediməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə görə məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. “Əmək qabiliyyətinin olmaması vərəqəsinin” məlum olmayan şəkildə əldə edilməsi, bu barədə iş yerinə məlumat verilməməsi və təqdim edilməməsi, əksinə iddiaçının 30 iyun, 01 iyul və 02 iyul tarixlərində Ofisdə öz əmək funksiyasında olması və icra etməsi barədə tərtib edilmiş akta və digər hallara birtərəfli qiymət verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verib, onu müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə qismən iddianın təmin edilmiş hissəsində qətnamənin ləğvini xahiş edərək, həmin hissədə qətnaməni mübahisələndirmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, X5 xx.xx.2015-ci il tarixdən “xxxx” ASC-də hüquqşünas kimi işə qəbul edilmiş, xx.xx.2020-ci ildə tarixdə isə tərəflər arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunsuz olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyini iddia edir və tələbini 38 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ilə əsaslandırır. Apelyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində qeyd edilmişdir ki, X5 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx xxxx 2020-ci il tarix göstərilmişdir. Kollegiya tərəfindən 38 saylı şəhər Poliklinikasına ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, X5 xx.xx.2020-ci il tarixində halsızlıq, baş gicəllənməsi şikayətləri ilə sahə həkiminə müraciət etmiş, sahə həkimi tərəfindən müayinə edildikdən sonra “NSD hipotonik tipli” diaqnozu ilə xx.xx.2020-ci il tarixdə xəstəlik vərəqəsi açılmış və işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixədək artırılmışdır. xx.xx.2020-ci il tarixində yenidən həkimə müraciət etmiş və müalicə davam etdiyindən, vəziyyəti nəzərə alınaraq, x/v-i xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artırılmışdır. Vəziyyəti nisbətən yaxşılaşdığından xx.xx.2020-ci il tarixdə x/v bağlanmış və xx.xx.2020-ci il tarixdən işə yazılmışdır. Cavabdeh tərəf isə iddiaçının əmək qabiliyyətinin olmaması barədə vərəqəni Cəmiyyətə təqdim etmədiyinə və bu barədə Cəmiyyətə məlumat vermədiyinə, həmçinin X3 30 iyun, 01 iyul və 02 iyul tarixlərində “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən ofis binasında öz əmək funksiyalarını icra etməsinə və bunun “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt və digər sənədlərlə öz təsdiqini tapdığına əsaslanaraq iddianın əsassız olduğunu iddia edir. Məhkəmə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ambulator müalicədə olan X3 əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar onun müalicədə olduğu dövrdən - xx.xx.2020-ci il tarixindən xitam verilməsi barədə “xxxx” ASCnin xx.xx.2020-ci il tarixli, k/20-02537 saylı əmrinin əsassız olması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qənaəti yalnışdır. İddiaçının tələbinin əsası kimi istinad etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ambulator müalicədə olmasına baxmayaraq, həmin dövrdə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi halı iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində X3 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ambulator müalicədə olması, işə başlamalı olduğu tarix xx xxxx 2020-ci il tarix göstərilsə də, iş materiallarında olan İş saatının (vaxtının) istifadəsinin hesabatının tabelindən (Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatını göstərən) müəyyən edilir ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə, xx xxxx 2020-ci il tarixdə işdə olmuş, xx xxxx 2020-ci il tarixdə isə işdən azad edilib. Həmçinin “xxxx” ASC-nin ünvan 2 ünvanında yerləşən ofis binasında işləyən Hüquq idarəsinin aparıcı hüquqşünası X6 və idarənin hüquqşünasları X7, X8, X10, X16 və mütəxəssis X13 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, “həqiqətən idarənin hüquqşünası X5 30 iyun, 01 iyul və xx xxxx 2020-ci il tarixlərində yuxarıda qeyd olunan ünvanda iş yerində olmuş və bizimlə birlikdə əmək funksiyasını icra etmişdir”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 göstərmişdir ki, “o, "xxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışır. X3 30 iyun, 01 iyul və 02 iyul tarixlərində işdə olması ilə bağlı akt tərtib etmişlər. Araz Allahverdiyev əmək müqaviləsinə xitam verilən gün işdə olmuşdur. X12 həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı yoxdur. Şahid qismində dindirilən X8 göstərmişdir ki, “o, "xxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışır. X5 əmək müqaviləsinə xitam verilən gün işdə olmuşdur. Lakin onun da Araz Allahverdiyevin həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı yoxdur”. İddiaçı, əgər iddia etdiyi kimi, həqiqətən xx xxxx 2020-ci il tarixdən xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxmışdırsa, bu barədə işəgötürənə məlumat verməli olduğu halda, bu halı göstərən hər hansı sübut təqdim etməmişdir, işəgötürən isə bu barədə işçi tərəfindən məlumat verilmədiyini, əksinə həmin tarixlərdə işçinin iş yerində olduğunu və bunun da tərtib edilmiş aktla, istinad olunan cədvəllə, həmçinin şahid ifadələri ilə sübuta yetirildiyini bildirir. Göründüyü kimi, işə davamiyyətin qeydiyyatı cədvəli, xx.xx.2020-ci il tarixli akt, həmçinin şahid ifadələri ilə iddiaçının 30 iyun, 01 iyul və xx xxxx 2020-ci il tarixlərində iş yerində olması öz təsdiqi tapır, belə olan halda, iddiaçının istinad etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinin həqiqiliyi şübhə doğurur və mötəbər sübut hesab olunmur. “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli k/20-02537 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə “xxxx” ASC-nin hüquq idarəsinin hüquqşünası X3 əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçının istinad etdiyi Əmək müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin möhürü ilə təsdiqlənməməsi ilə bağlı dəlilə münasibətdə Kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmr işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdeh tərəfindən haqlı olaraq, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir, iddiaçının tələbi əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4135/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, k/20-02537 saylı əmri ləğv edilməsi, X3 əvvəlki, “xxxx” ASC-nin Hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi) hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar