Məhkəmə qərarları › İş №2(103)-1623/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1623/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1623/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il 2(001)-5118/2023 nömrəli qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(001)- 5118/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qərara alınmışdır. Qətnamədən cavabdeh tərəfdən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il 2(001)-5118/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, məhkəmənin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Apellyasiya şikayətində müəyyən edilən hallar dolayısı ilə maddi və prosessual hüquqların pozulması halında ortaya məhkəmənin hansı halları diqqətə almadan aydınlaşdırılmadığı məsələsi çıxır ki, bu da digər qrafalarda münasibət bildirilməli haldır. Cavabdehin nümayəndəsinin qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş forma və məzmuna riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətində 2 saylı Əlavənin “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” başlıqlı 7-ci, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” başlıqlı 9-cu, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” başlıqlı 10-cu və “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” başlıqlı 11-ci bəndləri ümumiyyətlə göstərilməmişdir. Beləliklə, şikayət nəzərdə tutulmuş formada verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir. MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş forma və məzmunda verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin məzmununa həsr olunan MPM-in 361-ci maddəsində qeyd olunan məlumatların göstərilməsinin vacibliyi təsbit olunmamışdır. Buna baxmayaraq, məhkəmə cavabdehin ehtiyac görmədiyi və doldurulması zəruri olmayan hissələrin əks olunmamasına görə apellyasiya şikayətini geri qaytarmışdır. Odur ki, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin istinad etdiyi hal qanunvericiliyin müəyyən etdiyi forma-məzmuna dair tələblərin pozuntusu olmayıb apellyasiya şikayətinin geri qaytarılması üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə cavab verdiyi halda məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlər onu deməyə əsas verir ki, şikayət təmin edilməli, sözügedən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdehin şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il 2(001)-5118/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(001)- 5118/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilsin və apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar