Məhkəmə qərarları › İş №2(103)-1635/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1635/2021

28.01.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1635/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1071/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipotekaya xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "Cavabdeh" İKB-nin S.U.Səlimova və S.Q.Əsgərovaya qarşı iddia tələbi qismən təmin edilərək, kreditin təminatı üçün yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 27 saylı ünvanda, 7-ci mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin kreditin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin iş üzrə məhkəmə qətnaməsi yuxarı instansiyalarda uzun müddət mübahisələndirilmiş və nəhayət məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda adıçəkilən məhkəmə qətnaməsinin icra olunması ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin sifarişi ilə "xxxx" MMC kreditin geri qaytarılması üçün ipoteka ilə yüklü edilmiş həmin ünvandakı mənzili 20.000manat qiymətləndirmişdir. Səbail rayonu İcra Şöbəsinin sifarişi ilə hərrac təşkilatı ilk hərracı xx.xx.2014-cü il tarixə təyin etmişdir, 2-ci hərrac isə 41 gün sonraya, yəni xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Hər iki halda alıcı olmadığına görə hərrac baş tutmamışdır. Hərrac təşkilatının xx.xx.2014-cü il tarixli, 01/1962 saylı məktubu ilə bildirmişdir ki, "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən ipotekaya qoyulmuş əmlak 30 təqvim günü satılmazsa, əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 12.750 manat olmaqla ala bilərsiniz. Son hərracdan 147 təqvim günü keçirdikdən sonra ipoteka predmetini, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 27 saylı ünvanda 7-ci mənzili ipoteka saxlayana ipoteka predmetini əldə edilməsi barədə 82/1 saylı, xx.xx.2014-cü il tarixli hərrac təşkilatının protokoluna əsasən həmin əmlak 12.750 manata ipoteka saxlayana satılması rəsmiləşdirilmişdir. Hərrac təşkilatının sözügedən protokolu tam qanunsuz və əsassızdır. xx.xx.2014-cü il tarixli Hərrac təşkilatı ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərrac barədə iddiaçıya məlumat verməmiş, həm də sifarişçi Səbail rayonu İcra Şöbənin icra məmuru Ayaz Nuqaylı iştirak etməmişdir. Hərrac təşkilatı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsini rəsmiləşdirərkən "İpoteka haqqında" Qanunun normalarına əməl etməmişdir. Göstərilənlərə əsasən cavabdeh "Cavabdeh" İKB ilə kredit müqaviləsinin təminatı kimi ünvan 2 saylı ünvanda 7- ci mənzilə ipotekaya xitam verilməsi və həmin daşınmaz əmlakın geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1071/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh" İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipotekaya xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1071/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin həmin iş üzrə qətnaməsini tam qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədbiqinə lazımı şərait yaratmalıdır. Lakin birinci instansiya məhkəməsi həmin Məcəllənin göstərilən normasına əməl etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd olunması nəticəsinə gələrkən belə nəticəyə gəlmişdir ki, həmin iş üzrə Səbail rayon məhkəməsinin 2(009)-20818/2011 saylı xx.xx.2011-ci il qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il tarixli, 4FKBB46 saylı kredit müqaviləsi üzrə 13626 manat əsas borc, 4200 manat faiz borcu, 500 manat dəbbə pulu tutulması, tutmanın ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 2 saylı ünvanda sahəsi 29,86 kv.m ümumi 13,58 yaşayış sahəsindən ibarət 1 otaqlı, 7-ci mənzilə yönəldilməsi və həmin mənzilin acıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməsi, iddianın qalan hissəsində təmin olunmaması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin əmlak satılması üçün hərraca çıxarılmış,- hərracın yekunları barədə xx.xx.2014-cü il tarixdə,82/01 saylı protokol ilə rəsmiləşdirilmişdir. Həmin mənzilin 12.750 manata alınması barədə razılığa gələrək protokolu imza etmişdirlər. Həmin iş üzrə qətnaməsindən onun apelyasiya və kasassiya şikayətləri təmin edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsində "İpoteka haqqında" AR Qanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvüləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürülmüş olsunlar. Birinci instansiya məhkəməsinin belə nəticəyə gəlməsini tam qanunsuz və əsassız hesab edir. Düzdür cavabdeh təşkilat ilə bir çox tələblər üzrə məhkəmədə mübahisələrə baxılmışdır. Lakin hazırki tələbdə eyni tərəf olsa da iddia tələbinin predmeti tamam başqadır. Birinci instansiya məhkəməsi həmin iş üzrə qətnamədə iddia müddətinin keçirilməsini də əsas götürərək iddia tələbinin təmin olunmaması nəticəsinə gəlmişdir. Məhkəmənin belə nəticəyə gəlməsini də tam qanunsuz və əsassız hesab edir. Məhkəmə belə nəticəyə gələrkən Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İş materiallarından görünür ki, həmin mübahisəli predmet barəsində məhkəmələr bir necə dəfə birinci instansiya məhkəməsinin günahı üzündən qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmamışdır. Sonuncu iddia tələbi ilə Nəsimi rayon məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etdiyini bildirmişdir. Həmin işə məhkəmənin xx.xx.2020-ci il tarixdə baxıldığını qeyd etmişdir. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti keçmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin birinci instansiya məhkəməsi işin hər tərəfli tam və obyektiv araşdırılmasına nail olmamışdır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apelyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarındakı ipoteka saxlayan "Cavabdeh" İKB ASC ilə ipoteka qoyan İddiaçı və borclu “xxxx” MMC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli, 4F KBB 03 (Ə)saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində istifadədə olan 0,0162 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 29,86 kv.m ümumi, 13,58 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzil öhdəliklərin təminatı kimi "Cavabdeh" İKB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 30.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2818/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 iddiaçı Cavabdeh İKB ASC-nin xeyrinə xx xxxxxxx 2009-cu il tarixli, 4FKBB46 saylı kredit müqaviləsi üzrə 13626 manat əsas borc, 4200 manat faiz borcu, 500 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində istifadədə olan 0,0162 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 29,86 kv.m ümumi, 13,58 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi və tutulmalı məbləğin həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(103)-466/2013 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X2 apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarındakı «xxxx» MMCnin tələbkar Cavabdeh İKB ASC-yə, borclu İddiaçı ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2014-cü il tarixli, 01/949 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 27 saylı ünvanda, 7-ci mənzilin ilkin satış qiyməti 20.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxx 2014-cü il tarixə təyin edilmişdir. İş materiallarındakı «xxxx» MMCnin tələbkar Cavabdeh İKB ASC-yə, borclu İddiaçıünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2014-cü il tarixli, 01/1597 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 27 saylı ünvanda, 7-ci mənzilin satış qiyməti 17.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxx 2014-cü il tarixə təyin edilmişdir. İşin materiallarında olan «Hərracın yekunları barədə» xx xxxxxxx 2014-cü il tarixli, 82/01 №-li protokoldangörünür ki, hərracın təşkilatçısı – «xxxx» MMC-nin direktoru R.Abbasovilə alıcı Cavabdeh İKB ASC-nin etibarnamə üzrə nümayəndəsi M.Əmiraslanov Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 27 saylı ünvanda, 7-ci mənzilin 12750 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2483/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə, üçüncü şəxslər Səbail Rayon İcra Şöbəsinə və Cavabdeh İKB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirilmənin ləğv edilməsi tələbi”nə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın İddiaçı alınıb “X3” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-901/2016 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2483/2015 saylı qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-3388/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpotekahaqqında» AzərbaycanRespublikasıQanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı ipoteka müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ipotekaya xitam verilməsi üçün əsas yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi sözügedən mübahisəli ipoteka predmeti ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və həmin aktlarda tutmanın ipoteka müqaviləsinin predmeti olan əmlaka - Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 27 saylı ünvanda, 7-ci mənzilə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Məhkəmə kollegiyası, iddiaçının ona məxsus əmlakla bağlı hərracın düzgün keçirilməməsini əsas gətirərək, ipotekaya xitam verilməsi ilə bağlı tələbinə qiymət verərək qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı cavabdeh «xxxx» MMCyə, üçüncü şəxslər Səbail Rayon İcra Şöbəsinə və Cavabdeh İKB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirilmənin ləğv edilməsi tələbi”nə dair iddiası rədd edilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qeyd olunan Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmçinin, Mülki Məcəllənin 375-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 373.2-ci maddəsində göstərilən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipotekaya xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipotekaya xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1071/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar