Məhkəmə qərarları › İş №2(103)-1638/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1638/2023

28.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1638/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(010)-3969/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 İddiaçı yanında qalmaları, cavabdehdən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. 03.12.202-ci il tarixli qaimə fakturaya əsasən Cavabdeh tərəfindən 510 manat dəyərində Merlin-yataq-paltar dolabı 4 qapılı-cream, 92 manat dəyərində döşəkf/goods, 266 manat məbləğində vogo-yataq-çarpayı MW1600-Metallic inci/A.Kapı Cream, 84 manat məbləğində çarpayı içi baza, 267 manat məbləğində Elegiya- Modulyar Masa (dairəvi)-Ceviz, 158 manat məbləğində 2 ədəd chair-st-kosmo natural, 349 manat məbləğində alyans-yataq-kamod-cream/ceviz hareli alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin valideynlərinə məxsus ünvan 1 ünvanında qalmış ona məxsus 1 ədəd televizor, 1 ədəd paltaryuyan Samsung, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşını, 1 ədəd blender, 1 ədəd X11, 1 ədəd Galaxy qazan dəsti, 1 ədəd Galaxy qazan dəsti, 1 ədəd Şirli qazan dəsti, 1 ədəd mantı qazanı, 1 ədəd elektrik qazanı, 1 ədəd toster, 1 ədəd Vitek elektrik çaydanı, 1 ədəd servis-çay-yemək dəsti+qaşıq dəsti, 3 dəst yorğan-döşək+4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd uşaq beşiyi, 1 ədəd manej, 1 ədəd manej, 1 ədəd uşaq üçün oturacaq, 1 ədəd telefon İphone 5s, 1 ədəd Toshiba Kompüter, 1 ədəd pərdə, 1 ədəd meyvə+konfet qabları, 1 ədəd saat, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, 3 ədəd meyvə qabları, 1 ədəd divan örtüyü, 1 ədəd qonaq dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd sandıq, 1 ədəd kalyaska, 1 ədəd lüstur, 1 ədəd elektrik soğançəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 2 ədəd siri vedrə, 1 ədəd ütü stolu, 1 ədəd iri qazan, 1 ədəd paltar setkası, 1 ədəd uşaq vannası, 2 ədəd xalça, 1 ədəd xalça, 1 ədəd ütü, ümumi dəyəri 19615 manat, 1 ədəd nişan üzüyü, 1 ədəd uşaq qolbağı, 1 ədəd 5-lik, 1 ədəd 22,09 qram sep (boyunbağı sepi), 1 ədəd 4,65 qram sırğa, 1 ədəd 9,3 qram qolbaq, 1 ədəd 6,9 qram üzük, ümumi dəyəri 5520 manat, həmin əmlaklar olmadıqda isə həmin əmlakların dəyəri qismində cəmi 25135 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, aralarında 2019-cu il tarixdə nikah bağlanmış, birgə nikahdan iki uşaqları doğulmuş, evlənən zaman cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüş və bütün cehiz əmlaklarını həmin evə yerləşdirmişdir. 2021ci ilin aprel ayında xəstələnmiş, cavabdeh onu bacısının evinə apararaq bir müddət orada qalmağını tövsiyə etmiş, o uşaqlarla birlikdə bacısının evində qalmışdır. Sonradan cavabdeh böyük oğlunu aparmış, ona bir daha evə qayıtmamağını bildirmişdir. 2021-ci ilin aprel ayında bacısının evinə qalmaq üçün getdikdə yalnız uşaqlar üçün bir-iki ədəd dəyişik paltar götürmüş, başqa heç bir paltar, əmlak götürməmiş, o, evdən qovulacağını bilməmişdir. Aralarında olan nikah pozulduqdan sonra cavabdehdən ona məxsus əmlakları tələb etdikdə, cavabdeh əmlakların böyük bir qismini, o cümlədən qızıl-zinət əşyalarını ona verməkdən imtina etmişdir. Öz aralarında danışarkən cavabdeh ona məhkəmədən sonra qızılları qaytaracağını desə də, sonradan həmin qızılları qaytarmaqdan imtina etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(010)- 3969/2022 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında qalmış İddiaçı məxsus 1 ədəd televizor (1500 manat), 1 ədəd paltaryuyan Samsung (1500 manat), 1 ədəd tozsoran (250 manat), 1 ədəd ətçəkən maşını (250 manat), 1 ədəd blender (100 manat), 1 ədəd Galaxy qazan dəsti (260 manat), 1 ədəd Galaxy qazan dəsti (280 manat), 1 ədəd Şirli qazan dəsti (150 manat), 1 ədəd servis-çay-yemək dəsti+qaşıq dəsti, 3 dəst yorğan-döşək (800 manat), 1 ədəd uşaq beşiyi (350 manat), 1 ədəd manej (100 manat), 1 ədəd pərdə (550 manat), 1 ədəd meyvə+konfet qabları (150 manat), 1 ədəd saat (80 manat), 1 ədəd divan örtüyü (200 manat), 1 ədəd sandıq (380 manat), 1 ədəd ütü stolu (52 manat), 1 ədəd paltar setkası (90 manat), 1 ədəd uşaq vannası (63 manat), 2 ədəd xalça (300 manat), 1 ədəd xalça (250 manat), onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 7655 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 84 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 81 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16(010)-33/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra şöbəsi tərəfindən tərtib edilmiş aktın məhkəməyə təqdim edilməsi və cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatında həmin hissədə iddiaçının tələb etdiyi əşyaların hal-hazırda onlara məxsus evdə olmasını etiraf etməsi iddiaçını həmin hissədə sübutetmə yükündən azad edir. Göründüyü kimi, iddiaçı ona məxsus əşyaları bunu özündə saxlamaq hüququ olmayan cavabdehdən tələb etməkdə haqlıdır. Lakin cavabdeh tərəfindən etiraf edilməyən və aktda göstərilən digər cehiz əşyalarının, yəni X11, 1 ədəd mantı qazanı, 1 ədəd elektrik qazanı, 1 ədəd toster, 1 ədəd Vitek elektrik çaydanı, 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd manej, 1 ədəd uşaq üçün oturacaq, 1 ədəd telefon İphone 5s, 1 ədəd Toshiba Kompüter, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, 3 ədəd meyvə qabları, 1 ədəd kalyaska, 1 ədəd lüstur, 1 ədəd elektrik soğançəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 2 ədəd siri vedrə, 1 ədəd iri qazan, 1 ədəd ütünün mövcudluğunu iddiaçı sübut edə bilmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz.

7. İddia tələbinin mebellər (1 ədəd qonaq dəsti və 1 ədəd yataq dəsti) ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin mebellər satılaraq əvəzinə yeni mebellər alındığı üçün iddiaçıya məxsus cehiz əmlaklar hesab oluna bilməz. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, qeyd olunan mebellər xx.xx.2020ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alınmışdır. Göründüyü kimi mübahisə predmeti olan mebel əşyaları tərəflərin nikah dövründə alındığı üçün onların ümumi birgə mülkiyyəti hesab olunur və həmin münasibətlərə “ər-arvadın birgə mülkiyyəti” qaydalarını nizamlayan Ailə Məcəlləsinin 32-ci maddəsi tətbiq edilməlidir.

8. İddiaçı sadaladığı qızıl-zinət əşyalarının cavabdehlə birlikdə yaşadığı evdən getdiyi zaman cavabdehdə qaldığını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının cavabdehlə birlikdə yaşadığı evdən gedərkən, ona heç bir maneənin olmaması və istədiyi əşyaları götürə bilməsi, evdən getmə şəraiti nəzərə alındığında isə onun qızıl-zinət əşyalarını həmin evdə saxlamış olduğu ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Göründüyü kimi iddiaçının evi tərk etməsi zamanı vəziyyətin gərgin olmaması bu mülahizəni məntiqli hesab etməyə imkan verir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özüözlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Həmçinin, məhkəmə tərəfindən sorğu edilərək tələb olunan polis materiallarından görünür ki, cavabdeh iddiaçının getməsindən bir müddət sonra qızılların və pul məbləğinin iddiaçı tərəfindən aparılması ilə bağlı müraciət etmişdir. Buna görə də iddiaçı tələb etdiyi qızıl-zinət əşyaları ilə bağlı sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə rədd olunmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Ailə Məcəlləsinin 34, Mülki Məcəllənin 157, MPM-nin 2, 4, 14, 88, 106, 217.4, 218.3, 222.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya məxsus mebellərin cavabdeh tərəfindən satılaraq yeni mebel alınması, yeni mebellərin cavabdehə məxsus olması və onun mülkiyyətində qalması cavabdehin öz etirafı ilə, iddiaçıya məxsus mebellərin dəyəri isə ekspert rəyi ilə sübuta yetirilmiş, lakin məhkəmə bu hala düzgün qiymət verməmişdir. Cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmış, bu zaman iddiaçının cavabdehdən öz əmlakının dəyərini əsassız varlanma qaydasında tələb etmək hüququ yaranmışdır. Qızıl-zinət əşyaları ilə bağlı məhkəmə düzgün nəticəyə gəlməmişdir, cavabdeh izahatında qızıl-zinət əşyalarının mövcudluğunu, yataq otağında qabda olmasını etiraf etmiş, bu hissədə iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və cavabdehin evində olmasını sübut etmək vəzifəsindən azad olunmuşdur. Cavabdeh isə etirazının əsaslandığı hal kimi iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını da özü ilə aparmasını bildirmiş, artıq onun bu halı sübut etmək vəzifəsi yaranmışdır. İddiaçı evdən həmişəlik getmək məqsədi ilə çıxmamışdır. Cavabdeh əmlakla əlaqədar 25 sentyabr 2021-ci il tarixdə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə səs göndərərək, “qızılları məhkəmədən sonra” veriləcəyini bildirmiş, iddiaçı da bu səsyazısını sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə digər cehiz əşyalarına münasibətdə də düzgün olmayan nəticəyə gəlmiş, icra məmurunun aktı ilə mövcudluğu sübuta yetən bəzi əmlakların cavabdehdən alınması hissəsində iddianı rədd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehdən tələb etdiyi əmlaklar üzərinə həbs qoyulmuş və həmin qərardad icra edilərkən yalnız nişan üzüyü, uşaq qolbağı, 5-lik qızıl, sep, sırğa, qolbaq, üzük, Vest Mikser stolüstü, mantı qazanı, elektrin qazanı, toster, Vitek elektrik çaydanı, manej, telefon İphone 5S, Toshiba komputer, qonaq dəsti, yataq dəsti, elektrik soğançəkən, mikrodalğalı soba, şiri vedrə, iri qazan və ütü yerində aşkar edilməmiş, digər əmlaklar isə yerində olduğuna görə qalan bütün əmlakların üzərinə həbs qoyulmuş, bu barədə akt tərtib edilmişdir. Lakin məhkəmə iddiaçının tələb etdiyi və üzərinə həbs qoyulmuş 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd uşaq üçün oturacaq, 3 dəst gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kolyaska, lüsturlar, şirəçəkənin cavabdehdən alınması hissəsində iddianı rədd etmişdir. İddiaçı evdən gedərkən qızılları və ya hər hansı bir əşyanı özü ilə aparması üçün heç bir əsas olmamış, onların həmin zaman münasibətləri yaxşı olmuşdur. Tərəflərin münasibətləri iddiaçı öz anasının yanında qalandan sonra pozulmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Nümayəndə-vəkil qeyd etdi ki, iş materiallarında icra məmuru tərəfindən tərtib edilmiş iki akt mövcuddur, birinci akt tərtib edilərkən onların iştirakı olmamış, cavabdehin deməsinə əsasən hansı əşyaların olub-olmaması göstərilmişdir. Bundan sonra isə onların da iştirakı ilə yenidən akt tərtib edilmişdir, hansı ki, həmin aktda mövcudluğu göstərilən əşyaların bir çoxu birinci aktda olmayan əşya kimi qeyd edilmişdir. Məhkəmə isə ikinci akta əhəmiyyət vermədən, yalnız birinci akta istinad edərək, orada aşkar edilməyən əşyalara aid hissədə iddianı rədd etmişdir. Mebel dəstinə aid hissədə də məhkəmə yalnış nəticəyə gəlmişdir. Onlar iddiaçının cehiz gətirdiyi mebel dəstini, olmadıqda isə dəyərini tələb etmişlər.

14. İddiaçı qeyd etdi ki, kalyaskanı cavabdeh sonradan gətirib verib, onunla bağlı tələbi yoxdur. Cehiz olaraq apardığı mebelə yataq otağı üçün çarpayı, çarpayının qarşısında sandıq, şkaf, güzgülü termo, qonaq otağı üçün stol-stul, künc divanı, jurnal masası, iki qorka, dördqapılı termo, televizoraltı daxil idi. Bacısı tərəfindən «Bizim Ev» Ticarət Mərkəzindən kreditlə alınmışdır, dəqiq məbləği barədə məlumatı olmamışdır. Mebelin markası «Royal» idi. Mebellərdən xoşu gəlmədiyi üçün dəyişmək istədiyini bildirmişdir. Cavabdehin anasıgilnən bir həyətdə yaşayırdılar, onu anasıgilə göndərib, sonra evə usta gəlib, ölçüblər, onun mebellərin hansı qiymətə satılmasından, yeni mebellərin hansı qiymətə alınmasından məlumatı olmamışdır.

15. Cavabdeh qeyd etdi ki, birinci aktı icra məmuru əşyalara baxış keçirmədən onun sözlərinə əsasən tərtib etmişdir. İkinci akt tərtib edilərkən isə icra məmuru gəlmiş, iddiaçı tərəf də iştirak etmiş, evdə olan əşyalar aktlaşdırılmışdır. İddiaçı gedərkən manej, uşağın kalyaskası, oturacaq, doğum haqqında şəhadətnamələr, qızılları, özünə aid sənədləri də özü ilə aparmışdır. İddiaçının cehiz gətirdiyi mebellər sex malı idi, iddiaçının öz istəyi ilə həmin mebelləri satmışlar, uşaqlar balaca olduğu və pandemiya vaxtı olduğu üçün yeni mebelərin alınması üçün iddiaçı özü onunla getməmişdir. Həmin mebelləri 800-850 manata satmış, üstünə özü pul qoyaraq 2000-2500 manata yeni mebellər almışdır. İddiaçının gətirdiyi mebellərə çarpayı, şkaf, termo, televizor altı, stol daxil idi. Şəkillərdə olan qızıllar tələb edilən qızıllardır, onların çeşidi və növü düzgün əks olunub. Lakin iddiaçı evdən sərbəst şəkildə getmiş, o, gedərkən evdə heç kim olmamışdır, ona hər hansı təsir göstərilməmişdir. Qızılları gedərkən iddiaçı özü ilə aparmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

18. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.

19. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən yalnız iddiaçı şikayət verərək, iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirdiyi üçün qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

27. Mebellərə aid hissədə Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

28. İddiaçının cehiz olaraq gətirdiyi mebellər birgə nikah dövründə hər iki tərəfin qarşılıqlı razılığı ilə satılmış və əvəzinə yeni mebellər alınmışdır.

29. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini ilə bağlı Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

31. İddiaçı mebellərin hansı qiymətə alındığını, hansı qiymətə satılmasını, yeni mebellərin hansı məbləğə alınmasını bilmədiyini qeyd etmişdir.

32. Birgə nikah dövründə həmin mebellərin satılması və yeni mebel alınması mübahisəsizdir.

33. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, mebellər birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur və həmin münasibətlərə “ər-arvadın birgə mülkiyyəti” qaydalarını nizamlayan Ailə Məcəlləsinin 32-ci maddəsi tətbiq edilməlidir.

34. Kollegiya qeyd edir ki, ümumi birgə mülkiyyətdə olan əmlakın Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək tələb edilməsi yolverilməzdir.

35. İddiaçının ümumi birgə mülkiyyətdə olan əmlak üzərində payının müəyyən edilməsi və paya uyğun olaraq əmlakın tələb edilməsi barədə iddia qaldırmaq hüququ vardır. Yeni mebellərin alınmasına sərf olunan vəsaitin bir hissəsinin iddiaçının mebellərinin satışından əldə olunmuş vəsait təşkil etməsi isə yeni mebellərə tərəflərin payı müəyyən olunarkən qeyri-bərabər (iddiaçının xeyrinə) bölgü üçün əsas ola bilər.

36. Ona görə də bu hissədə iddia təmin edilə bilməz.

37. Qızıl-zinət tələbinə aid hissədə Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.

38. Apelyasiya baxışı zamanı cavabdeh iş materiallarında olan fotoşəkillərdəki qızıl-zinət əşyalarının tələb edilən qızıl-zinət əşyaları ilə tam olaraq eynilik təşkil etdiyini və mövcudluğunu təsdiqləmişdir.

39. Apelyasiya baxışı zamanı iş materiallarında olan CD diskdəki səs yazıları dinlənilmiş və cavabdeh səs yazısının ona məxsus olduğunu bildirmişdir. Həmin səs yazılarında cavabdeh tərəfindən deyilir ki, “qızılları yox, qızılları məhkəmədən sonra. Qızıllar məhkəmədən sonra, amma qızıllara qədər nə varsa hamısını götürsün aparsın.”

40. Göründüyü kimi cavabdeh tərəf qızılların məhkəmədən sonra veriləcəyini bildirmişdir. Aşkardır ki, qızıllar cavabdehdə qalmışdır, qanunvericiliyin tələbinə əsasən isə həmin qızıllar iddiaçıya məxsus olmaqla onun mülkiyyətidir. Ona görə də iddiaçı haqlı olaraq cavabdehin qanunsuz sahibliyindən özünə məxsus həmin əmlakı tələb edir.

41. Bu hissədə iddia tələbi təmin edilməlidir, iddia tələbində göstərilən 1 ədəd nişan üzüyü, 1 ədəd uşaq qolbağı, 1 ədəd 5-lik, 1 ədəd 22,09 qram sep (boyunbağı sepi), 1 ədəd 4,65 qram sırğa, 1 ədəd 9,3 qram qolbaq, 1 ədəd 6,9 qram üzük, olmadıqda isə dəyəri ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən qızılların dəyəri 5520 manat müəyyən edilmişdir) 5520 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

42. İddia tələbinin təmin edilməyən digər cehiz əşyalarına aid hissədə Kollegiya aşağıdakıları qeyd edir.

43. İş materiallarında icra məmuru tərəfindən tərtib edilmiş iki akt mövcuddur.

44. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurları X8, X1, hal şahidləri X5, X6 və borclu Cavabdeh iştirakı ilə tərtib edilmiş birinci aktdan görünür ki,16(010)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh yaşadığı ünvan 1 ünvanında olan tələbkar İddiaçı məxsus icra sənədində qeyd olunan və yerində aşkar olunan əmlaklara həbs qoyulmuşdur. Aşkar edilməyən əmlaklar: nişan üzüyü, uşaq qolbağı, 5-lik, sep (boyunbağı sepi), sırğa, qolbaq, üzük, X11, 1 ədəd mantı qazanı, 1 ədəd elektrik qazanı, 1 ədəd toster, 1 ədəd Vitek elektrik çaydanı, 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd manej, 1 ədəd uşaq üçün oturacaq, 1 ədəd telefon İphone 5s, 1 ədəd Toshiba Kompüter, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, 3 ədəd meyvə qabları, 1 ədəd qonaq dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd kalyaska, 1 ədəd lüstur, 1 ədəd elektrik soğançəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 2 ədəd siri vedrə, 1 ədəd iri qazan, 1 ədəd ütü.

45. Cavabdeh apelyasiya baxışı zamanı bildirmişdir ki, birinci akt icra məmuru gəlmədən, onun sözlərinə əsasən tərtib etmişdir. İkinci akt tərtib edilərkən isə iddiaçı tərəf də iştirak etmişdir.

46. Tərtib edilmiş ikinci aktda isə göstərilmişdir ki, tələbkar İddiaçı məxsus icra sənədində qeyd olunan və yerində aşkar olunan əmlaklara həbs qoyulmuşdur. Aşağıda qeyd olunan və icra sənədində göstərilən əmlaklar yerində aşkar edilmədi: qızıl nişan üzüyü, uşaq qolbağı, 5-lik, sep (boyunbağı sepi), qolbaq, üzük, X11, mantı qazanı, elektrik qazanı, toster (yandığı üçün atılıb), Vitek elektrik çaydanı, manej, telefon İphone 5s, Toshiba Kompüter, qonaq dəsti, yataq dəsti, elektrik soğançəkən, mikrodalğalı soba, siri vedrə, iri qazan, ütü.

47. Göründüyü kimi birinci aktda aşkar edilməyən əşya kimi göstərilmiş – 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kalyaska, lüstur, şirəçəkən – ikinci aktda aşkar edilməyən əşyalar sırasında göstərilməmişdir. Yəni bu sadalanan əşyalar evdə aşkarlanmışdır.

48. Birinci instansiya məhkəməsi isə ikinci aktı nəzərə almadan birinci akta əsasən aşkarlanmamış əşyalara aid hissədə iddianı rədd etmişdir.

49. Lakin tərəflərin iştirakı ilə tərtib edilmiş digər aktda aşkarlanmış əşyalar sırasında 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kalyaska, lüstur (çılçıraq), şirəçəkən də olmuşdur.

50. Kalyaskaya münasibətdə apelyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, tələbi yoxdur, çünki cavabdeh özü sonradan kalyaskanı gətirib vermişdir.

51. İkinci akta əsasən evdə aşkarlanmış digər əşyalara aid hissədə isə Kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, həmin əşyalar - 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq (170 manat), 3 gündəlik yemək servisi (120 manat), 2 dəst çay servisi (220 manat), meyvə qabları (100 manat), lüstur (250 manat), şirəçəkən (50 manat), naturada olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

52. 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəstinin dəyəri ilə bağlı Kollegiya qeyd edir ki, iddia tələbində «servis-çay-yemək dəsti+qaşıq dəsti; 3 dəst yorğan-döşək+4 dəst yastıq və 4 ədəd pastel dəsti+dəsmal dəsti» olmaqla hamısının dəyəri birlikdə 800 manat göstərilmiş, birinci instansiya məhkəməsi servis-çay-yemək dəsti+qaşıq dəsti; 3 dəst yorğan-döşək dəstinə aid hissədə iddianı təmin edib, həmin əşyaların, naturada olmadıqda isə dəyərinin iddiaçıya verilməsini qət etmiş və həmin əşyaların dəyərini ümumi məbləğ olan 800 manat götürmüşdür. Hazırda isə 4 dəst yastıq və 4 ədəd pastel dəsti+dəsmal dəstinin də iddiaçıya verilməsi qənaətinə gəlindiyi üçün, onların da dəyəri ümumi məbləğə aid olan 800 manata daxildir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3969/2022 saylı iş 09 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən (4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, lüstur (çılçıraq), şirəçəkən və qızıl-zinət əşyalarına aid hissədə) ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Dəyəri 1000 manat olan 1 ədəd nişan üzüyü; dəyəri 320 manat olan 1 ədəd uşaq qolbağı; dəyəri 500 manat olan 1 ədəd 5-lik; ümum dəyəri 3700 manat olan 1 ədəd 22,09 qram boyunbağı (1900 manat), 1 ədəd 4,65 qram sırğa (400 manat), 1 ədəd 9,3 qram qolbaq (800 manat) və 1 ədəd 6,9 qram üzükdən (600 manat) ibarət qızıl-bəzək dəsti, özləri olmadıqda isə dəyəri; 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti (ümumi 800 manatın tərkibində), uşaq üçün oturacaq (170 manat), 3 gündəlik yemək servisi (120 manat), 2 dəst çay servisi (220 manat), meyvə qabları (100 manat), lüstur (250 manat), şirəçəkən (50 manat), onlar naturada mövcud olmadıqda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (mebellərə aid hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar