Məhkəmə qərarları › İş №2(103)-1648/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1648/2021

12.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1648/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Qətnamə maraqlarına toxunan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluq məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməklə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzili İddiaçı məxsus 2 (iki) otaq şəklində və Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məxsus 3 (üç) otaq şəklində bir-birindən təcrid olunmuş qaydada faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi qət edilmişdir. Qətnamədən, prosessual statusunu qətnamə hüquq və vəzifələrinə toxunan şəxs adlandıran AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 13, 2 saylı mənzil paylı mülkiyyətdə olmaqla, 3 otaqdan 1/5 hissə Cavabdeh1, 3 otaqdan 1/5 hissə Cavabdeh2, 3 otaqdan 1/5 hissə Cavabdeh3, 2 otaq İddiaçı, 3 otaqdan 2/5 hissə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin mütəxəssislərinə yoxlamaölçü işlərinin aparılmasına tam şərait yaradılmamışdır. Bu səbəbdən də müvafiq ünvanda yerləşən əmlaka kənardan baxış keçirilmiş və məlum olmuşdur ki, mənzildə özbaşına olaraq yenidənqurma (rekonstrukisya) işləri aparılmışdır. Belə ki, pəncərə oyuğundan küçəyə qapı açılmış və ön girişdə ölçüsü 6.8 kv.m olan əlavə sahə inşa edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsində əlavə sahə inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq mənzilin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər (sərəncam, təsdiq edilmiş layihə və istismarına icazə və s.) və mənzilin naturada ayrılması ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. İdarə müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilməsə də, məhkəmə qətnaməsi birbaşa icra olunması üçün İdarəyə göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan İdarənin müvafiq qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə maraqlarına toxunan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə işdə iştirak etməli olan şəxslərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən iddiaçı və cavabdehlər gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmamış, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsiplərinə əsaslanan düşünülmüş bir addım olmuşdur. Başqa cür yanaşma, yəni istənilən şəxsin, istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil etmiş olardı. Hazırki iş üzrə, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 357.1ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırki iş üzrə ərizəçi, maraqlı şəxs yaxud da üçüncü şəxs olmamışdır. Belə olan halda onun Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya şikayətində qətnamənin ləğvi üçün göstərilən dəlillərin məzmunundan açıq-aşkar görünür ki, qəbul edilmiş həmin qətnamə DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin hər hansı hüquq və vəzifələrinə toxunmur. Apellyasiya şikayətində mənzildə özbaşına olaraq yenidənqurma (rekonstrukisya) işlərinin aparılması, pəncərə oyuğundan küçəyə qapının açılmış olması və ön girişdə ölçüsü 6.8 kv.m olan əlavə sahənin inşa edilməsi, qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsində əlavə sahə inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığın olmaması, mənzilin naturada ayrılması ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsini şikayətçi İdarənin hüquq və vəzifələrinin pozulması kimi qiymətləndirir. Əslində, mənzilinin naturada bölünməsi daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın hansısa hüquq və vəzifələrinə toxunduğunu iddia etməsi özü anlaşılmazdır. Çünki, mülki mühakimə icraatı qaydasında baxılan işlər üzrə icraatın növündən- istər iddia, istərsə də xüsusi icraat qaydasında olsun, asılı olmayaraq, məhkəməyə verilən ərizələrdə yanlış olaraq hansısa şəxsin cavabdeh və ya üçüncü şəxs yaxud da maraqlı şəxs kimi qeyd olunması-göstərilməsi, hələ öz-özlüyündə bu şəxslərin mütləq qaydada həmin prosessual statusa sahib olması, başqa sözlə, həmin prosessual statusun daşıyıcısı kimi qəbul olunması üçün əsas ola bilməz. Başqa sözlə, məhkəmələrə verilən ərizələrdə (bir çox hallarda olduğu kimi) bəzən anlaşılmazlıqdan və ya formal olaraq hansısa şəxsin cavabdeh, üçüncü şəxs və ya maraqlı şəxs kimi qeyd edilməsi hələ onların həmin statusa sahib olmaları üçün yetərli deyil. Həmin şəxslərin qanunda nəzərdə tutulmuş prosessual statusun (hüquq və vəzifələrin) daşıyıcısı olmaları baxılan hər bir konkret işin mahiyyətindən irəli gəlməlidir. Əks yanaşma, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik kimi fundamental prinsiplərə xələl gətirmiş olardı. Mənzildə özbaşına olaraq yenidənqurma (rekonstrukisya) işlərinin aparılması, pəncərə oyuğundan küçəyə qapının açılmış olması və ön girişdə ölçüsü 6.8 kv.m olan əlavə sahənin inşa edilməsi, qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsində əlavə sahə inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığın olmaması, mənzilin naturada ayrılması ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi həmin İdarənin bu qətnaməni mübahisələndirməsi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsində belə bir göstərişin olub-olmamasından asılı olmayaraq, müvafiq icra orqanı həmin hərəkətləri həyata keçirməyə qanuna əsasən borcludur. Qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakla bağlı hüquqların qeydə alınması isə müvafiq icra orqanının- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin vəzifəsidir. Belə olan halda aydın olur ki, məhkəmə qərarlarında müvafiq göstərişlərin qeyd edilib-edilməməsindən asılı olmayaraq, həmin məhkəmə aktlarından irəli gələn hərəkətlərin müvafiq icra orqanları tərəfindən, həm də mütləq qaydada yerinə yetirilməsi qanunun tələbidir. Çünki,, məhkəmə aktlarındakı göstərişdən asılı olmayaraq, həmin orqanlar məhkəmə aktlarından irəli gələn müvafiq hərəkətləri etməyə borcludurlar. Buna baxmayaraq, hazırkı mülki işdə olduğu kimi, subyektiv hüquqların və qanuni əsasların olmamasına baxmayaraq, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tam əsassız yerə hazırki qətnaməni mübahisələndirir ki, bu da dövlət resurslarının izafi yerə itirilməsinə, eləcə də (onsuz da iş yükü çox olan) məhkəmələrin lüzumsuz yerə əlavə yüklənməsinə gətirib çıxarır ki, bu isə öz növbəsidə ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi Mülki Prosessual Məcəllənin 357-ci maddəsində göstərilmiş şəxslər sırasına daxil olmadığından və həmin qətnamə onun hər hansı hüquq və vəzifələrinə toxunmadığından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar