Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1660/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2885/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı verilmiş 075/k saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi tələbinə dair iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2885/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddətin ötürülməsini üzrlü hesab edərək, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, qətnamə hazırki vaxta kimi iddiaçıya rəsmi qaydada (poçt vasitəsilə) çatmamış, qətnamənin ona təqdim edilməsini gözləsə də, qətnamə gəlib ona çatmamışdır. Təxminən bir ay sonra qətnamənin iddiaçıya göndərilmədiyini görüb Nərimanov Rayon Məhkəməsi ilə əlaqə saxlamış və məhkəmə işçisi ona bildirmişdir ki, həmin qətnamə poçt vasitəsilə guya vaxtında iddiaçıya göndərilmiş, lakin qeydiyyatda olduğu ünvanda heç kim yaşamadığından həmin qətnamə ona çatdırılmadan geri qaytarılmışdır. İddiaçı bildirir ki, özü Lənkəran rayonunda yaşadığından dərhal Bakı şəhərinə gəlib həmin qətnaməni götürə bilməmişdir. Bir neçə gündən sonra yenidən məhkəmə ilə əlaqə saxlamış və oradan ona bildirilmişdir ki, həmin qətnaməni ya şəxsən məhkəmənin inzibati binasına yaxınlaşıb götürə bilər, ya da gücləndirilmiş elektron imzadan istifadə etməklə şəxsi kabinetə daxil olmaqla özü də məhkəməyə gəlmədən götürə bilər. Bundan sonra mobil operatora yaxınlaşıb asan imza növündə olan elektron imza əldə etdikdən sonra məhkəmə elektron portala daxil olub həmin qətnaməni 29 noyabr 2023-cü il tarixdə çap etməklə rəsmi qaydada almışdır. Lakin 20 sentyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək, 04 dekabr 2023-cü il tarixdən isə 14 dekabr 2023-cü il tarixlərdə səhhəti ilə əlaqədar olaraq müalicə aldığından bületendə olmuşdur. Bu səbəbdən də vaxtında apelyasiya şikayətini verə bilməmişdir (bületenlər ərizəyə əlavə olunur). Bu səbəbdən də üzrlü səbəb olmaqla xəstəliyi ilə əlaqədar olaraq prosessual müddəti buraxmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair İddiaçı tərəfindən verilmiş "prosessual müddətin bərpa olunmasına dair” ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.5, 133.6, 360, 363.1.3, 363.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı EMİS-də yaradılmış elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ambulator müalicələrdə olması barədə Lənkəran Ailə Sağlamlıq Mərkəzindən arayış təqdim etmişdir. Həmin arayışdan görünür ki, iddiaçı fasilələrlə ambulator müalicədə olmuş, xəstəliyi uzunmüddətli və davamlı olmamışdır. Nəticə etibarilə iddiaçının xəstəliyi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmadığı qənaətinə gəlmək üçün kifayət deyildir. Göründüyü kimi, iddiaçının ambulator müalicədə olması buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. İddiaçı şikayət verərək Bakı Şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-2885/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilib, Bakı Şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2885/2023 saylı qətnaməsindən tərəfindən verilmiş müddətin bərpa olunmasına dair ərizənin təmin olunaraq həmin apellyasiya şikayətini mahiyyəti üzrə baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 133.1-ci maddəsinə istinadən verilmiş şikayətində qeyd edilmişdir ki, məhkəmənin qətnaməsi poçt vasitəsilə ünvanına göndərilsə də, lakin həmin ünvanda yaşamadığından geri qaytarılmış, sonradan məhkəmə ilə əlaqə saxaldıqda bildirmişlər ki, gəlib məhkəmədən götürə bilər və ya şəxsi kabinetə daxil olaraq məhkəməyə gəlmədən də götürə bilər. Bundan sonra mobil operatora yaxınlaşıb asan imza əldə etdikdən sonra məhkəmə elektron portalına daxil olub həmin qətnaməni xx.xx.2023-cü il tarixdə çap etməklə rəsmi qaydada almışdır. Eyni zamanda, səhhətində olan xəstəliklərlə əlaqədar müalicə aldığından bülletendə olmuş və bu səbədən də vaxtında apellyasiya şikayətini verə bilməmiş. Xəstəliyi ilə əlaqədar tibb sənədlərini də məhkəmənin elektron portalına əlavə etmiş, lakin təəssüf ki, məhkəmə işə baxarkən iş üzrə əhəmiyyət kəsb edən bu faktiki halları tam, obyektiv və hərtərəfli şəkildə araşdırmadan qərəzli şəkildə ərizənin təmin olunmaması haqqında qərardad qəbul etmiş, bununla da onun məhkəmə müdafiə hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2885/2023 saylı işi üzrə xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 146, 395, 397-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, o bir tərəfdən müddətin ötürülmədiyinə (qətnamənin gec əldə edilməsinə) işarə etsə də, digər tərəfdən müddətin ötürülməsini özü etiraf edir, lakin bunun ondan asılı olmayan, üzrlü səbəbdən (xəstəliyi ilə əlaqədar) baş verdiyini bildirir. Qeyd edilməlidir ki, qətnamə 23 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus elektron kabinetinə yerləşdirilmiş, 25 sentyabr 2023-cü il tarixində çap edilmişdir, iddiaçı isə 26 dekabr 2023-cü il tarixdə şikayət təqdim etmişdir. Şikayətdə sadalanan ziddiyyətli dəlillər sübuta yetirilmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş, 2 saylı Lənkəran Ailə Sağlamlıq Mərkəzindən 28.11.23 və 14.12.23 tarixli çıxarışla ayrı-ayrı günlərdə (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023, xx.xx.2023,xx.xx.2023-cü il tarixlərdə) ambulator müalicələrdə olması onun bütün bu müddət ərzində şikayət vermək hüququndan mərhum olunmasını istisna etməmişdir. Elektron məhkəmə sistemi vasitəsi ilə qətnamənin iddiaçının elektron kabinetinə yerləşdirilməsi və onun əldə edilməsinin sonradan (elektron imza əldə ediləndən sonra) mümkünlüyü barədə özü-özlüyündə ziddidiyyətlidir. Belə ki, elektron məhkəmə sistemində elektron kabinet şəxsin özü tərəfindən yaradılır. Bundan əlavə İddiaçı 04 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək Cavabdeh firması ilə aralarında tərtib edilən aktın əslini məhkəməyə təqdim etdiyini bildirmiş və həmin aktın əslinin ona geri qaytarılmasını, xahiş etmişdir,29 dekabr 2023-cü il tarixdə isə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi, məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" firması tərəfindən verilmiş 075/k saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 2 (049)- 2885/2023 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi barədə qatnamə qəbul edilmişdir. Həmin iddia tələbi ilə məhkəməyə müraciət olunarkən qiymətləndirilməyən iddia tələbləri üzrə 100 azn məbləğində dövlət rüsumu ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əmək münasibətləri ilə əlaqədar olaraq məhkəməyə müraciət edən iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin qərardaddan şikayət verilməmiş, və qanuni qüvvəsini almışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlər ona qaytarılsa da həmin dövlət rüsumu geri qaytarılmamış və Nərimanov Rayon məhkəməsində iddia qaldırarkən məcbur qalıb yenidən 100 azn dövlət rüsumu ödəmişdir. Hazırki vəziyyətdə həmin iddia tələbi ilə bağlı olaraq yenidən məhkəməyə müraciət etmək isdəmədiyini, ona görə də iddia qaldırılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə ödədiyi 100 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə ödəniş qəbzi onda olmadığından qəbzin nömrəsi ödəniş barədə məlumatları Kapitalbank ASC-də çıxarış formasında əldə etmişdir, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini isə 26 dekabr 2023-cü ildə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir ( iş səh 67, 71, 89). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır ki, 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10- 1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin133-cü maddəsinin tələblərinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina edildikdə bu barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Hazırki ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu zamanda şikayətin təqdim etmək imkanın olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərə və sübuta yetirilməyən əsassız dəlillərə görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin olması barədə prosessual səlahiyyətlərin hədlərini müəyyən edən qanunvericiliyin tələbləri baxımından şikayət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398-403 –cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2885/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1660/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1660/2024
12.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver