Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1668/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2863/2024 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış MSB/9/2023-01734 saylı Barışıq Sazişinin məcburi icrası üçün həmin Barışıq Sazişinin təsdiq edilməsi və məcburi icraya göndərilməsi, 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardaddan Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv olunması və mülki işin apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə bütün faktiki halları tam araşdırmayaraq məhkəmədə dinlənilmək hüququnu təmin etməmişdir. Həmin qətnamədən qanuna müvafiq qaydada tərəfindən apellyasiya şikayəti verilsə də, apellyasiya şikayəti müddətin ötürülməsi bəhanəsi ilə geri qaytarılmışdır. Məhkəmə iclaslarından xəbəri olmadığı halda, məhkəmə qətnaməsini alması qeyd edilmişdir. Halbuki, məhkəmə qətnaməsindən ancaq elektron məhkəmə sisteminə qoşulduğu vaxt xəbəri olmuş, dərhal tərəfindən apellyasiya şikayəti göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) 2863/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi maraqlı şəxsin qeydiyyatda olduğu ünvana göndərilməklə onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti maraqlı şəxs tərəfindən 07 yanvar 2025-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş, bununla belə şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Qeyd edilən hallar isə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamənin ona rəsmi qaydada verilmədiyinə istinad etsə də iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş və qətnamə 04 iyun 2024-cü il tarixdə maraqlı şəxsə çatdırılmışdır ( i.v.43). Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Bu baxımdan, məhkəmə kollegiyası maraqlı şəxs tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2863/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1668/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1668/2025
17.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver