Məhkəmə qərarları › İş №2(103)-1709/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1709/2024

17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1709/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(009)-1221/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Natıq qızı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən, tam sahəsi 140,3 kv.m olan yaşayış mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanılmışdır. Əmlakın dəyəri iddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş və bununla bağlı müvafiq kassa mədaxil orderləri və maliyyə arayışları verilmişdir. 2.İddiaçı müqavilə öhdəiliklərinin cavabdeh tərəfindən icra edilmədiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və s.” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, blok 1, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140, kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzilə dair onunla Cavabdeh arasında 20 may 2013-ci il tarixində müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə “Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir. 1.2-ci “Podratçı” tikintiquraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. “Podratçı” aşağıdakı tikinti quraşdırma işlərini yerinə yetirir: 1) Binanın bütün dəmir-beton və hörgü-suvaq işləri. 2) Binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması. 3) Binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması. 4) Binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi. 5) Binanın daxilisu kəməri və kanalizasiya xətləri (stoyakların) quraşdırılması və sınanması. 6) Xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və maqistral şəbəkəyə qoşulması. 7) Məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması. 8) Məhəllənin mühafizə zolağının yaradılması. 9) Ərazinin abadlaşdırılması. “Payçı” ona düşən 1-ci blok 11-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m-i üçün 850 (səkkiz yüz əlli) manat, cəmi 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. «Payçı» ilkin pay kimi tam məbləği 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. Müqavilə bağlandıqdan sonra, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər onun tərəfindən icra edilmiş, mənzilin ümumi dəyəri olan 119.255 manat məbləğində vəsait Cavabdeh MTK-ya ödənilmişdir. Mənzilin dəyərinin tərəfindən ödənilməsi barədə Cavabdeh MTK tərəfindən xx.xx.2013-cü il tarixli, 014501-1 nömrəli kassa mədaxil orderi qəbzi və maliyyə arayışı ilə təsdiq olunur. Qeyd edilən sənədlərdə göstərilir ki, 119.155 manat Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş, onun MTK-ya heç bir borcu yoxdur. Bundan sonra mübahisəli mənzil Cavabdeh MTK tərəfindən ona təhvil verilmiş, mənzilə giriş qapısı açaraq, qapının açarları daimi onda olmuşdur. Lakin 2021-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, mülkiyyətində olan mənzilin giriş qapısının açarı Cavabdeh MTK tərəfindən onun xəbəri olmadan dəyişdirilmişdir. Bundan sonra Cavabdeh MTK ilə həyat yoldaşı X8 ilə Cavabdeh arasında 19 may 2022-ci il tarixdə aşağıdakı “Qarşılıqlı Razılaşma” imzalanmışdır. Mən, Cavabdeh X2 yazaraq bildirirəm ki, X12 oglu (Ş/VAZE ********) ünvan 2 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yasayış binasının 1 blok, yaşayışın 10-cu mərtəbəsinə yerləşən, ümümi sahəsi 140,3 k.m. olan 3 otaqlı mənzili əldə etmişdir. xx.xx.2022-ci il tarixində X8 şirkətə müraciət edərək mübahisəli mənzilin şirkət tərəfindən satılmasına və ya MTK-nın öz vəsaiti hesabına qarşılıqlı razılaşmaya əsasan ona 150.000 (yüz əlli min) manat ödənilməsini xahiş etdi. Bu təklif Cavabdeh MTK-nin təsisçiləri tərəfindən müzakirə edilərək buna müsbət razılıq verilmişdir. Belə ki, qarşılıqlı razılaşmaya əsasən Cavabdeh, müəyyən edilmiş 150.000 (yüz əlli min) manat vəsaitdən ilkin avans olaraq 30.000 (otuz min) manat ödəməyi, qalan 120.000 manat vəsaiti isə hissə-hissə 4 (dörd) ay müddətinə, yəni hər ay 30.000 (otuz min) manat ödəməklə xx.xx.2022-ci il tarixədək X5 tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd olunan müqavilənin və qarşılıqlı razılaşmanın qüvvədə olmasına baxmayaraq, Cavabdeh müqavilənin və razılaşmanın şərtlərini pozmuş, MTK nə mənzilin əvəzinə razılaşdırılmış məbləğin qalığı olan 120.000 manatı ona ödəmir, nə də ki, mənzili ona təhvil vermir. Halbuki, MTK tərəfindən həmin mənzilin ona məxsus olması, və mənzilin dəyərinin tərəfindən ödənilməsi barədə kassa mədaxil orderi və maliyyə arayışı vardır. Cavabdeh müqavilədə qeyd olunan mənzili ona təhvil verməkdən imtina edir, həmin mənzilin ona təhvil verilməsinə Cavabdeh tərəfindən maneələr törədilir. Cavabdeh tərəfindən onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin mənzilin dəyərini ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək, ya ona məxsus mənzilin dəyəri olan pulu, ya da mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Lakin cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq nə pulu, nə də mənzili ona təhvil verməmiş və onun mülkiyyət hüquqlarımı pozmuşdur. Mənzili təmir etməyə Cavabdeh sədri A.Abduləzimov maneçilik törədir, həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarını pozur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıdakı sadaladığı halları əsas gətirərək hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan müqavilələr üzrə mənzil istifadəsinə, sahibliyinə və mülkiyyətinə verilməli, mənzil ona təhvil verilməlidir. 5.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 avqust 2023-cü il tarixli, 2(009)-1221/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Şəhla Süleymanova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, blok 1, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140, kv.m olan 3 otaqlı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzildən iddiaçının sahiblik və istifadə etmə hüquqlarını məhdudlaşdıran hərəkətlərin edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6.20 may 2013-cü il tarixli müqavilədən görünür ki, “Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir. 1.2ci “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. “Podratçı” aşağıdakı tikinti quraşdırma işlərini yerinə yetirir: 1) Binanın bütün dəmir-beton və hörgüsuvaq işləri. 2) Binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması. 3) Binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması. 4) Binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi. 5) Binanın daxili su kəməri və kanalizasiya xətləri (stoyakların) quraşdırılması və sınanması. 6) Xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və maqistral şəbəkəyə goşulması. 7) Məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması. 8) Məhəllənin mühafizə zolağının yaradılması. 9) Ərazinin abadlaşdırılması. «Payçı» ona düşən 1-ci blok 11-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 850 (səkkiz yüz əlli) manat, cəmi 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. «Payçı» ilkin pay kimi tam məbləği 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. Müqavilə bağlandıqdan sonra, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər onun tərəfindən icra edilmiş, mənzilin ümumi dəyəri olan 119.255 manat məbləğində vəsait cavabdeh "xxxx" MTK-ya ödənilmişdir. 7.Maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya borcu yoxdur. 8.xx.xx.2013-cü il tarixli, 014501-1 saylı kassa mədaxil orderi qəbzindən, maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya mənzil üçün 119255 manat pul ödəmişdir. 9.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən, tam sahəsi 140,3 kv.m olan yaşayış mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanılmışdır. Əmlakın dəyəri iddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş və bununla bağlı müvafiq kassa mədaxil orderləri və maliyyə arayışları verilmişdir. 10.Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri 2013-cü il tarixdə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. 11.Məhkəmə xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə və Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına istinadən qeyd etmişdir ki, qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi və mənzildə təmir-tikinti işlərinin aparılması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmiş və iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etsə belə həmin daşınmaz əmlaka gələcəkdə iddiaçı həyat yoldaşı X8 ilə mülkiyyət hüququ əldə etmək hüquqları olduğundan onlardan hər biri paylarına uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq inzibati orqana müraciət edə bilər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilməməlidir. 13.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MTK müqavilələr üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. 14.Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə dair müqavilə 2013-cü il tarixdə bağlanıldığından və iddiaçı binanın hazırda tikintisinin başa çatmasını iddia etdiyindən, lakin cavabdeh iddiaçıya mənzili təhvil verməkdən və orada sahibilk və istifadə hüquqlarının həyata keçirilməsi, mənzildə təmir işlərinin aparılması ilə bağlı maneçilik törətdiyindən, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.. 15.Belə ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən cavabdeh MTK müqavilələr üzrə öhədliklərini icra etməli, mənzili iddiaçıya təhvil verməlidir. 16.Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 17.Məhkəmə öz mövqeyini xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 427.2-ci; Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 106.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, işin iş materialları ilə öz təsdiqini tapan faktiki halı bundan ibarətdir ki, tərəflər arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə həmin müqavilə ilə eyni formada (yazılı formada) razılaşma ilə 19 may 2022-ci il tarixdə tərəflərin öz razılığı ilə ləğv edilmiş və müqavilənin ləğvi şərtlərinə əsasən podratçı sifarişçinin mənzil üçün ödədiyi pulu hissəhissə ona geri qaytarmalı idi. Eyni zamanda həmin pulun 30.000 (otuz min) manatı 19 may 2022-ci il tarixli müqavilənin ləğvinə dair razılaşma bağlanan zaman iddiaçıya ödənilmişdir. Müqavilənin ləğvi barədə 19 may 2022-ci il tarixli Razılaşmadan görünür ki, podratçı tərəf və sifarişçi tərəfin öhdəlikləri mövcud idi və həmin Razılaşmaya əsasən podratçı sifarişçinin mənzil üçün ödədiyi pulu ona hissə-hissə geri qaytarmaq öhdəliyi daşıyırdı. Lakin buna baxmayaraq məhkəmə Mülki Məcəllənin 423.1 və 424.3-cü maddələrinin tələblərini hazırki mübahisəyə düzgün tətbiq etmədən hesab etmişdir ki, cavabdeh artıq ləğv olunmuş müqavilə üzrə olan öhdəliyi daşımalıdır. Eyni zamanda həmin müqavilə üzrə cavabdehin öhdəliyinin icrası kimi mənzilin iddiaçıya təhvil verilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci və 770-ci maddələrinin tələblərinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmçinin, AR Mülki Məcəlləsinin 770-ci maddəsinə müvafiq olaraq əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə mübahisəyə qeyd edilən normaları tətbiq etməli idi. Həmin normaların tələbindən də göründüyü kimi hazırki mübahisədə podratçı işi tam bitirmişdi. Lakin sifarişçi müqavilənin predmeti olan mənzili qəbul etməkdən imtina edərək müqavilənin ləğvini tələb etmişdi. Ona görə də qanunvericiliyin müvafiq normaları rəhbər tutularaq iş qəbul edilmiş sayılmalıdır. Lakin tərəflər arasında müqavilənin ləğvinə dair qarşılıqlı razılaşma olduğu üçün artıq müqavilənin ləğvinə uyğun şərtlər əsasında tərəflərin yeni öhdəlikləri yaranmış olurdu. İş materiallarından görünür ki, iddiaçı tərəf öz ifadəsində mənzilə dair bağlanmış müqavilənin ləğvinə dair cavabdehlə razılaşmasının olmasını bildirməsinə baxmayaraq, məhkəmə iddiaçının bu ifadəsini sübut kimi hərtərəfli, tam və obyektiv baxaraq düzgün qiymətləndirməmişdir. Bununla da işin çox mühüm əhəmiyyət kəsb edən halını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, Cavabdeh MTK-nın istinad etdiyi xx.xx.2022-ci il tarixli Qarşılıqlı Razılaşma üzrə o tərəf olmamışdır. Həmin Razılaşma Cavabdeh MTK-nın X2 ilə X8 arasında bağlanmışdır. Həmin şəxslər arasında bağlanmış Qarşılıqlı razılaşmada göstərilir ki, Yasin Cəlilov ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının, 1-ci blok, yaşayışın 10cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzili əldə etmişdir. xx.xx.2022-ci il tarixdə Yasin Cəlilov şirkətə müraciət edərək ona məxsus mənzilin şirkət tərəfindən satılmasına və ya MTK-nın öz vəsaiti hesabına qarşılıqlı razılaşmaya əsasan ona 150.000 manat ödənilməsini xahiş etmişdir. Bu təklif Cavabdeh MTK-nin təsisçiləri tərəfindən müzakirə edilərək buna müsbət razılıq verilmişdir. Belə ki, qarşılıqlı razılaşmaya əsasən Cavabdeh, müəyyən edilmiş 150.000 manat vəsaitdən ilkin avans olaraq 30.000 manat ödəməyi, qalan 120.000 manat vasaiti isə hissə-hissə 4 ay müddətinə, yəni hər ay 30.000 manat ödəməklə xx.xx.2022-ci il tarixədək Yasin Cəlilova tam ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, apelyasiya şikayətində sözügedən Qarşılıqlı razılaşma üzrə tərəflər - "xxxx" MTK və Yasin Cəlilov, razılaşmanın predmeti isə MTK-nın İnşa etdiyi yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzildir. İddiaçı həmin razılaşmanın tərəfi olmamış, MTK və Yasin Cəlilovun razılaşmasında iştirak etməmiş, onunla MTK arasında yaşayış binasının 11-ci mərtəbəsində yerləşən və dəyərini ödəyərək aldığı mənzillə bağlı bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv olunmasına yazılı razılıq və ya etibarnamə verməmişdir. Bundan başqa, İddiaçı onun adından mənzillə bağlı hər-hansı hərəkət etməsi, sərəncam verməsi barədə İddiaçı Yasin Cəlilova etibarnamə və ya baş etibarnamə də verməmişdir. Bundan başqa İddiaçı ilə “MARS-A" MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə İddiaçı sözügedən binanın 11-ci mərtəbəsindəki mənzilin pulunu ödəyib almışdır, Yasin Cəlilovla “MARS-A" MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşmadakı mənzil isə 10-cu mərtəbədə yerləşir. Göründüyü kimi müqavilə və qarşılıqlı razılaşmadakı həm tərəflər, həm mənzilin özü fərqlidir. Buna görə hesab edir ki, Cavabdeh MTK ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşma, MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi barədə əqd kimi qəbul edilə bilməz. MTK onunla Cəlilov Yasin arasında bağlanmış qarşılıqlı razılaşmanı ortaya atmaqla xx.xx.2013-cü il tarixli müqavilənin icrasından yayınmaq, İddiaçı əldə etdiyi mənzili daha baha qiymətə satmaq niyyəti güdür. Bundan başqa Cavabdeh MTK, onunla İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsini, 30.000 manat məbləğində pulun Yasin Cəlilova ödənildiyini qeyd etmiş, lakin qarşılıqlı razılaşmanın digər şərtini, yən razılaşdırılmış 120.000 manatın ödənilmədiyini göstərməmişdir. Çünki, bu halda məhkəmələrə də məlum olardı ki, Cavabdeh MTK üzərinə götürdüyü bütün öhdəlikləriı icrasına vicdansızcasına yanaşaraq, bu öhdəlikləri qəsdən icra etmir. Həmçinin işdə olan sənədlərdən məlum olur ki, hazırki işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh “MARS-A" MTK-nın hüquqi ünvanı ünvan 4dmətinin rəsmi internet saytından da görünür ki, cavabdehin hüquqi ünvanı hal-hazırda da dəyişməmişdir. İşə baxmış Səbail Rayon Məhkəməsi də məhkəmə bildirişlərini cavabdehin hüquqi ünvanına göndərmişdir. Cavabdehin direktorunun məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmuşdur. Məhkəmə gedişatında 2023-cü ilin avqust ayında cavabdehin direktoru iddiaçının nümayəndəsi ilə görüşmüş, 2023-cü ilin sentyabr ayının 3-dək mənzili cavabdehə təhvil verəcəyini bildirmişdir. O, hətta etiraf etmişdir ki, MTK-nın mənzillərini ilkin qeydiyyata aldırmaq üçün 1 nəfər fiziki şəxsdən 100.000 manat borc almış, borcun əvəzinə iddiaçıya məxsus mənzili həmin adamın adına müvəqqəti olaraq ilkin qeydiyyata aldırmışdır. Cavabdehin həmin hüquqi ünvanda fəaliyyət göstərib-göstərməməsinin məhkəməyə hər hansı aidiyyəti yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının əvvəlki iclasında “MARS-A" MTK-nın qanuni təmsilçisi X6 apellyasiya şikayətini müdafiə etdi, izahatında bildirdi ki, o, iddiaçının həyat yoldaşı ilə yaxındırlar. Ona görə də, razılaşmanı iddiaçının həyat yoldaşı ilə bağlayıb, ona 30000 manatı ilkin avans olaraq ödəyib, 120000 manat isə xx.xx.2022-ci il tarixədək ödənilməli idi, həmin məbləğ ödənilməyib. O, çalışacaq ki, bu məsələni sülh yolu ilə həll etsin. Buna görə də, məhkəmədən vaxt istəyir. 22.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsi və etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək qeyd etdi ki, iddiaçı tərəf iddia ərizəsində də, onunla bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləni müdafiə etmişdir. Cavabdeh qəsdən onun həyat yoldaşı ilə razılaşma bağlayıb, o, sonradan bundan xəbər tutub. Sual olunur ki, bu razılaşmanı onunla nəyə görə bağlamırdı. Razılaşmadan sonra həyat yoldaşına 30000 manat pul verib, qalan pulu ödəmir, müqavilədən imtina edir. O, ümumiyyətlə həmin razılaşmanı bəyənmir, mənzilini tələb edir. Əgər cavabdeh onun həyat yoldaşına 30000 manat pul veribsə, pulunu da həyat yoldaşından tələb etsin. O, qəti şəkildə öz mənzilini tələb edir. 23.Növbəti məhkəmə iclası MARS-A" MTK-nın qanuni təmsilçisi X3 müraciəti əsasında təxirə salınsa da, sonucu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 26.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 29.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 30.Maddə 425.1.Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 31.Maddə 427.2.Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 32.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 33.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 34.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 35.Maddə 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 36.25.xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsi. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 37.Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.Kollegiya ilk olaraq qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. 44.Tərəflər arasında bağlanmış 20 may 2013-cü il tarixli müqavilədən görünür ki, “Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir. 1.2-ci “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. “Podratçı” aşağıdakı tikinti quraşdırma işlərini yerinə yetirir: 1) Binanın bütün dəmir-beton və hörgüsuvaq işləri. 2) Binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması. 3) Binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması. 4) Binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi. 5) Binanın daxili su kəməri və kanalizasiya xətləri (stoyakların) quraşdırılması və sınanması. 6) Xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və maqistral şəbəkəyə goşulması. 7) Məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması. 8) Məhəllənin mühafizə zolağının yaradılması. 9) Ərazinin abadlaşdırılması. “Payçı” ona düşən 1-ci blok 11-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 850 (səkkiz yüz əlli) manat, cəmi 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. “Payçı” ilkin pay kimi tam məbləği 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. Müqavilə bağlandıqdan sonra, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər onun tərəfindən icra edilmiş, mənzilin ümumi dəyəri olan 119.255 manat məbləğində vəsait Cavabdeh MTK-ya ödənilmişdir. 45.İş materiallarından, həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, müqavilə tərəflərin sərbəst iradələrinə uyğun olaraq, qanunvericiliyin tələbləri yerinə yetirilməklə bağlanılmış, müqavilənin və müqavilə şərtlərinin etibarsızlığı mübahisələndirilmir. 46.Kollegiya hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə müvafiq olaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli hüquq münasibəti xx.xx.2013-cü il tarixdə bağlanmış podrat müqaviləsi ilə əlaqədar yarandığından hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 47.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən, tam sahəsi 140.3 kv.m olan yaşayış mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanılmışdır. Əmlakın dəyəri iddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş və bununla bağlı müvafiq kassa mədaxil orderləri və maliyyə arayışları verilmişdir. 48.xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 49.Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 50.Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, qanunvericiliyin istinad olunan normalarına müvafiq olaraq iddiaçı tərəfindən mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmiş, lakin iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi və mənzildə təmir-tikinti işlərinin aparılması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmiş və iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. 51.Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 52.Məhkəmə kollegiyası apellyatorun tərəflər arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin həmin müqavilə ilə eyni formada (yazılı formada) razılaşma ilə 19 may 2022-ci il tarixdə tərəflərin öz razılığı ilə ləğv edilməsi və müqavilənin ləğvi şərtlərinə əsasən podratçı sifarişçinin mənzil üçün ödədiyi pulu hissə-hissə ona geri qaytarmalı olması, eyni zamanda həmin pulun 30.000 (otuz min) manatı 19 may 2022-ci il tarixli müqavilənin ləğvinə dair razılaşma bağlanan zaman iddiaçıya ödənilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi qarşılıqlı razılaşma iddiaçı ilə deyil, X8 arasında bağlanmış, iddiaçının həmin razılaşmaya hər hansı razılığının olması, sonradan bəyənməsi halları müəyyən edilmir. 53.Belə ki, Cavabdeh MTK-nın X2 ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarilxi Qarşılıqlı Razılaşmaya əsasən Yasin Cəlilov ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının, 1-ci blok, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzili əldə etmişdir. xx.xx.2022-ci il tarixdə Yasin Cəlilov şirkətə müraciət edərək ona məxsus mənzilin şirkət tərəfindən satılmasına və ya MTK-nın öz vəsaiti hesabına qarşılıqlı razılaşmaya əsasan ona 150.000 manat ödənilməsini xahiş etmişdir. Bu təklif "xxxx" MTK-nin təsisçiləri tərəfindən müzakirə edilrək buna müsbət razılıq verilmişdir. Belə ki, qarşılıqlı razılaşmaya əsasən Cavabdeh, müəyyən edilmiş150.000 manat vəsaitdən ilkin avans olaraq 30.000 manat ödəməyi, qalan 120.000 manat vasaiti isə hissə-hissə 4 ay müddətinə, yəni hər ay 30.000 manat ödəməklə xx.xx.2022-ci il tarixədək Yasin Cəlilova tam ödəməyi öhdəsinə götürmüşdür. 54.Göründüyü kimi cavabdehin istinad etdiyi qarşılıqlı razılaşma üzrə iddiaçının iradə ifadəsi mövcud olmamaqla, iddiaçı ilə deyil, onun həyat yoldaşı X8 arasında bağlanmış, hətta həmin razılaşma üzrə cavabdeh MTK öz öhdəliyini yerinə yetirməmişdir. 55.Buna görə də məhkəmə kollegiyası apellyatorun dəlillərini əsassız hesab edərək qeyd edir ki, fərqli subyektlər arasında və fərqli müqavilə predmeti barəsində olduğundan Cavabdeh MTK-nın sədri ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşma, MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi barədə əqd kimi qəbul edilə bilməz. 56.Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh MTK tərəfindən X5 qarşılıqlı razılaşma üzrə hər-hansı bir məbləğdə pul ödənilmişdirsə, bu hal hazırkı mübahisə üzrə tərəflər arasında olan öhdəlik münasibətlərinə aidiyyatı olmamaqla, gələcəkdə cavabdeh tərəfindən X5 qarşı tələb irəli sürülməsi ilə nəticələnə bilər. 57.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nın tələblərinə uyğun olaraq düzgün həll edilmişdir. 58.Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(009)-1221/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 59.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəf hüquqi ünvanı üzrə məhkəmə tərəfindən lazımi qaydada xəbərdar olmuşdur. 60.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 61.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 62.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 63.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(009)-1221/2023 saylı qətnaməsi mübahisələndirilən hissdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar