Məhkəmə qərarları › İş №2(103)-1714/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1714/2024

18.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1714/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürülmə, müvəqqəti sakinlər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və X4 cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-3190/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.1995-ci il tarixli, 12 nömrəli orderə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, zabit heyətinin evi 2, 10 saylı mənzil X19 verilmişdir, ailə tərkibi onun özü, həyat yoldaşı X13, oğlu İddiaçı və Əmirov Sənan olmaqla 4 (dörd) nəfərdən ibarətdir.

2. X21 xx.xx.2010-cu il tarixdə, X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.

3. 2011-ci ildə X22 ilə X2 nikaha daxil olmuşlar.

4. X23 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyon rayon Mənzil-İstismar hissəsinin xx.xx.2022-ci il tarixli, 1928 saylı məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, hərbi şəhərcik, ev 2, 10 saylı mənzildə vətəndaş X2 qeydiyyatdadır və həmin mənzil sonuncu tərəfindən N nömrəli hərbi hissəyə təhvil verilməmişdir. Həmin mənzildə vətəndaş X2 qohumu olaraq göstərdiyi Cavabdeh1 ailəsi ilə birgə yaşadığını bildirmişdir. Qeyd olunan mənzil Müdafiə Nazirliyinin balansında olduğu üçün Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarının 1.13-cü bəndinə əsasən heç bir halda mülki vətəndaşa verilə bilməz.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil-İstismar hissəsinin xx.xx.2022-ci il tarixli, 298 saylı məktubunda göstərilmişdir ki, Salyon rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı mərhum atası X14 adına verilmiş xx.xx.1995-ci il tarixli 12 nömrəli xidməti orderə əsasən İddiaçı həmin mənzildə yaşamaq hüququ vardır.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7028 saylı arayışa əsasən X5 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə qərarının surətinə əsasən şikayətçi İddiaçı Cavabdeh1 N nömrəli Hərbi Hissənin komandiri polkovnik Ceyhun Bağırova və Mənzil istismar xidmətinin rəisi Elmar Rüstəmova rüşvət verdiyini bildirmişdir. İddiaçı təqdim etdiyi 2 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 Nuranə Əmirova ilə danışıqları zamanı S.Mürsəliyevaya təmir pulu verdiyini, mənzilin sənədi hazır olduqdan sonra hərbi hissəyə pul verəcəyini bildirmişdir.

9. Həmin qərarın surətindən görünür ki, Cavabdeh1 öz izahatında göstərmişdir ki, qohumu Sədaqət Mürsəliyevanın xahişi ilə ailə üzvləri ilə birgə onunla yaşamağa başlamışdır, Nuranə Əmirovanın onları narahat etməməsi üçün başından etmək məqsədilə yalan məlumat verərək S.Mürsəliyevaya təmir pulu verdiyini, mənzilin sənədi hazır olduqdan sonra hərbi hissəyə pul verəcəyini bildirmişdir. Lakin qeyd olunan mənzildə yaşaması üçün hər hansı şəxsə pul və ya rüşvət verməmiş, həmin evdə yaşamaları üçün hərbi hissədən onlara hər hansı sənəd verilməmişdir.

10. Həmin qərarın surətindən görünür ki, Sədaqət Mürsəliyeva tək qalmağa qorxduğu üçün həmin mənzildə qohumu Cavabdeh1 ailəsi ilə birlikdə onunla yaşamasını xahiş etmiş və bununla bağlı onlara icazə verilməsinə dair xx.xx.2022-ci il tarixdə hərbi hissə komandanlığına ərizə yazmış, iş çoxluğundan xx.xx.2022-ci il tarixdə göndərmişdir. Lakin N nömrəli Hərbi Hissə komandanlığı tərəfindən hər hansı icazə və ya razılıq verilməmişdir.

11. Həmçinin, N nömrəli Hərbi Hissənin komandiri polkovnik Ceyhun Bağırov izahatında göstərmişdir ki, Cavabdeh1 həmin mənzildə yaşaması müqabilində hər hansı şəxsdən pul istəməmiş və ya almamışdır. Həmçinin Cavabdeh1 ailəsi ilə birlikdə həmin ünvanda yaşamasına komandanlıq tərəfindən hər hansı icazə və ya razılıq verilməmişdir. Mənzil istismar xidmətinin rəisi Elmar Rüstəmov izahatında göstərmişdir ki, Səngəçal hərbi şəhərciyində giriş-çıxış üçün hər hansı məhdudiyyət yoxdur.

12. Həmin qərardan görünür ki, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən iddiaçının Bakı şəhəri Qaradağ rayonu Səngəçəl qəsəbəsi, Zavod küçəsi, bina 1, 27 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır.

13. Həmin qərara əsasən hərbi hissənin komandanlığı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən ünvanda məskunlaşmış Cavabdeh1 mənzildən çıxması üçün xəbərdarlıq edilsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh1 həmin mənzildən çıxarılması xx.xx.2022-ci ildə Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi verilmiş, xx.xx.2022-ci il tarixdə isə Qaradağ Rayon Polis İdarəsinə müraciət edilmişdir.

14. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 2966/2022 nömrəli qərardadı ilə iddiaçı X8 Cavabdeh1 qarşı mənzil sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardada əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verilmişdir.

15. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 1105/2023 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin cavabdehin köçdüyü gündən ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

16. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh xidməti yaşayış sahəsi (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, zabit heyətinin evi 2, 10 saylı mənzil) verilmiş ölmüş işçinin ailə üzvüdür və bu səbəbdən mənzil qanunvericiliyinin tələblərinə əsasən xidməti yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməzlər. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin daimi əsaslarla başqa ünvana köçərək mübahisəli yaşayış sahəsindən könüllü imtina etməsini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə) cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ailə üzvləri X10, X6 və əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X23 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsində zabit kimi xidmət etdiyinə görə 1995-ci ildə ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil xx.xx.1995-ci il tarixli, 12 saylı order əsasında ona verilmişdir, iddiaçı 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin orderdə göstərilməklə və həmin ünvanda qeydiyyata alınmaqla mənzildə yaşamağa başlamışlar. xx.xx.2010-cu il tarixdə həmin mənzildə həyat yoldaşı və 3 (üç) azyaşlı uşağı ilə yaşayan iddiaçının qardaşı X21, xx.xx.2010-cu il tarixdə isə iddiaçının anası rəhmətə getmişdir. 2011-ci ilin sentyabr ayında iddiaçının atası X1 (Əmirova) Sədaqət Bəxtiyar qızı ilə rəsmi nikaha girərək ikinci dəfə ailə həyatı qurmuş və Mürsəliyeva (Əmirova) Sədaqət Bəxtiyar qızı da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə qeydiyyata düşməklə onlarla birlikdə yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının atası X23 vəfat etmiş və vəfat etməsinə baxmayaraq Mürsəliyeva (Əmirova) Sədaqət Bəxtiyar qızı iddiaçı ilə birlikdə yaşamağa davam etmişdir. xx.xx.2021-ci il tarixdə iddaçı əmək fəaliyyəti ilə əlaqədar olaraq Xaçmaz rayonunda olarkən, N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovun şəxsi təşəbbüsü ilə mənzil qeyri-qanuni olaraq 4 nəfərdən ibarət ailə tərkibi olan Cavabdeh1 verilmişdir. İddiaçı Xaçmazdan qayıtdıqdan sonra həmin mənzilə gedərkən Cavabdeh1 onu həmin mənzilə buraxmamış, iddiaçı və mərhum qardaşının ailəsinə məxsus olan əşyaları həmin mənzildən çıxarmasını tələb etmişdir. Daha sonra bununla bağlı iddiaçı Sədaqətə müraciət etmiş və Sədaqət həmin mənzili cavabdehlərə N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovun verdiyini bildirmişdir. N saylı hərbi hissənin komandiri Ceyhun Bağırov isə həmin şəxsləri Sədaqət Mürsəliyeva (Əmirova) öz qohumu kimi təqdim etdiyini və tək qalmamaq üçün mənzili cavabdehlərə onun verdiyini bildirmişdir. İddiaçı dəfələrlə N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovla, Sədaqət Mürsəliyeva (Əmirova) ilə söhbətlər aparsa da, heç bir nəticə əldə etmək mümkün olmamış, onlar həmin qanunsuz əməllərini bir-birinin üzərinə atmaqla özlərinin günahsız olduqlarını bildirmişlər. Mübahisəli mənzil Müdafiə Nazirliyinin balansındadır, həmin şəhərciyə icazəsiz daxil olmaq mümkün deyildir, hərbi hissənin komandirinin icazəsi olmadan mülki şəxs ora daxil ola bilməz. Ərizələr və sorğular əsasında iddiaçıya həmin mənzildə yaşamaq hüququnun olduğu barədə arayışlar verilmiş, lakin cavabdehlər onu mənzilə buraxmamışlar. Qeyd etmək istəyir ki, Ceyhun Bağırov, Sədaqət Mürsəliyevanın (Əmirovanın) və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində 5 (beş) nəfərdən ibarət olan iddiaçının ailə üzvləri və 4 (dörd) nəfərdən ibarət olan mərhum qardaşının ailə üzvləri küçədə qalmışdır. Bu səbəbdən hesab edir ki, iddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, X4 mübahisəli mənzildə yaşamır, onun mənzildə tək qalması və cavabdehləri ora gətirməsi tamamilə yalandır, həmin şəxs Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21də yaşayır, qeyd olunan mənzil isə iddiaçının atası tərəfindən Sədaqət Mürsəliyevanın (Əmirovanın) adına alınmış, sonradan Sədaqət Mürsəliyeva (Əmirova) həmin mənzili öz bacısına bağışlamışdır. O, cavabdehləri əvvəl qohumu kimi, sonradan tanışı kimi təqdim etmiş, həqiqəti gizlədərək iddiaçının cavabdehlər tərəfindən qanuni yaşayış yerindən məhrum edilməsinə şərait yaratmışdır.

19. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

20. Məhkəmə baxışı zamanı X15 şahid qismində dindirilmişdir. X15 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qaynıdır. Həyat yoldaşı vəfat etmişdir. O, həyat yoldaşı, övladları, qaynı və ailəsi, həmçinin qaynatası və qaynanası Sədaqət xanım eyni mənzildə yaşamışlar. O, 2003-cü ildən qaynatası rəhmətə gedən tarixə qədər mübahisə predmeti olan mənzildə yaşamışdır. Cavabdehlər qonşuları idi. Həyat yoldaşı rəhmətə gedəndən sonra bəzən anasıgilə gedib-gəlirdi, ondan maddi dəstək alırdı. Qaynatası rəhmətə gedən vaxt o, övladları ilə birlikdə koronavirusa yoluxmuş, övladları ilə birlikdə həmin vaxt anasıgildə qalmışdır. Sədaqət xanım ona səsli mesaj göndərərək evi komandirə təhvil verdiyini, evdən öz əşyalarını götürüb getdiyini, onun əşyalarını isə bir otağa yığdığını, otağın açarını qonşuya verdiyini, evin açarının isə komandirdə olduğunu bildirmişdir. Həmin səs yazısını qaynı Zaura göndərmiş, Zaur araşdıracağını demişdir. 2022-ci ilin mart ayında həmin 10 nömrəli mənzilə getmişdir. Ona qapını cavabdehlər açdılar və bildirdilər ki, təmir xərclərini ödəyərək Sədaqət xanımdan mənzili alıblar, komandirlə də danışıblar, mənzil artıq onlarındır, mənzildən çıxmayacaqlar. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21-i qaynatası sağlığında Sədaqət xanımın adına almışdır. Daha sonra, qaynatası hərbçi olduğuna və ev növbəsində olduğuna görə həmin mənzili Sədaqət xanımın bacısının adına keçirdilər. Qaynatası sağ olarkən özü həmin mənzili aldığını onlara demişdir. Mübahisə predmeti olan mənzil isə üçotaqlıdır. Otaqlardan birində o, yaşamışdır. Hal-hazırda bəzi əşyaları, o cümlədən yataq, mətbəx mebeli, soyuducusu həmin mənzildədir.

21. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 3190/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X10, X6 və əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılmaları, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə köçürülməsi qət edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, 12 saylı xx.xx.1995-ci il tarixli orderə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 298 saylı məktuba və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1105/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallara əsasən, iddiaçı ünvan 2 ünvanında yaşamaq hüququna malikdir. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülməsi və onun orada yaşamasına maneçilik törədən cavabdehlərin qeyd olunan mənzildən çıxarılması barədə iddia tələbləri əsaslı hesab olunmalıdır. Cavabdeh tərəfin Sədaqət Əmirovanın qonağı kimi 2022-ci ildən həmin mənzildə yaşaması ilə bağlı dəlilləri isə mülki iş üzrə sübutlarla, o cümlədən şahidin ifadəsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan hallar, səs yazısı, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli iddia ərizəsinin surəti ilə təkzib olunur. Həmin dəlillərin əsaslı və həqiqətə uyğun olmadığı həmçinin Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 Hərbi Prokurorluqda araşdırma zamanı özlərini qohum kimi, məhkəmə iclasında isə tanış kimi təqdim etmələri, S.Əmirovanın tək yaşamağa qorxduğu üçün cavabdehi mənzildə yaşamağa gətirdiyini dediyi halda, izahatında Cavabdeh1 işdən gələrkən hazırda bacısına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, 21 saylı mənzilə gedərək orada tək qaldığını bildirməsi ilə də təsdiq olunur. Göstərilən hallar, rəsmi qaydada başqa ünvanda məskunlaşan, yaşayış sahəsinin kirayəçisinin ailə üzvlərinə heç bir aidiyyəti olmayan cavabdehlərin mübahisəli mənzilə qeyri-qanuni sahiblik etdiyini birmənalı olaraq təsdiq edir. Beləliklə, yuxarıda qeyd olunan və məhkəmə iclasında müəyyən edilən hallara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 125-ci maddələrinə, Mənzil Məcəlləsinin 2.1, 5.1, 68.1, 68.3, 79.2, 79.4, 79.5, 99.4, 99.5, 99.6-cı maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X24rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 218.1, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzildən 2009-cu ilin fevral ayında çıxıb özünə məxsus olan evdə yaşamış, mübahisəli mənzilə heç vaxt ehtiyacı olmamış, öz istəyi ilə oranı uzun müddətdir ki tərk edib, özünün xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yaşamaqda davam edir. Order əsasında mənzil verilmiş icarədar olan mərhum Nuru Əmirov xx.xx.2021-ci il tarixdə öldükdən sonra, onun ikinci həyat yoldaşı olan Mürsəliyeva (Əmirova) Sədaqət Bəxtiyar qızı həmin mənzilə dair istifadə hüququ olan yeganə şəxs olmuş, icarədar kimi o, hazırki iş üzrə cavabdehləri öz razılığı ilə həmin mənzilə köçürmüşdür. Buradan aydın görünür ki, istifadə hüququnu itirmiş olan İddiaçı 2009-cu ildən həmin mənzildə yaşamadığından bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Bundan başqa, mübahisəli mənzildə yalnız Nuru Əmirovun ikinci həyat yoldaşı Mürsəliyeva (Əmirova) Sədaqət Bəxtiyar qızı qeydiyyatda olmaqla yaşamış, icarədar rolunda çıxış etmişdir. Eyni zamanda Sədaqət Mürsəliyevanın razılığı ilə mübahisəli mənzilin balans saxlayıcısı olan Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin sərəncamı ilə həmin mənzilə cavabdehlər köçürülmüşdür. İddiaçı hansı səbəbdən 2009-cu ilin əvvəllərindən mənzili tərk edərək 2023-cü ildə həmin evə köçmək istəməsini heç bir dəlil ilə sübuta yetirə bilməmiş, bunun əksinə həmin mənzildə yalnız Sədaqət Mürsəliyevanın qeydiyyatda olmaqla yaşamasına, iddiaçının uzun illərdir ki, oranı tərk etməsinə, iddiaçının özünə məxsus evinin olmasına dair işdə olan mötəbər dəlillərə məhkəmə qiymət verməmişdir. Bununla yanaşı, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etmək əvəzinə məhkəmə bunu etməmiş, sonradan qüvvəyə minmiş və mübahisəli hüquq münasibətlərinin yaranması zamanı mövcud olmamış normalara istinad etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bu da Mülki qanunvericiliyin tələblərinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı hazırki iş üzrə cavabdeh kimi üçüncü şəxs qismində cəlb edilmiş X4 qoymalı idi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlərin qeyd olunan mənzildə yaşamaları üçün hər hansı qanuni əsaslar yoxdur.

29. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 79. Yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.

31. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 79.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi və onunla birlikdə yaşayan ailə üzvləri qarşılıqlı razılaşma əsasında kirayəyə verəni qabaqcadan xəbərdar etməklə sosial kirayə müqaviləsi üzrə yaşadıqları yaşayış sahəsində müvəqqəti sakinlər qismində (müvəqqəti sakinlər) digər vətəndaşların yaşamasına icazə verə bilərlər. Kirayəyə verən müvəqqəti sakinlərin yaşamasını o halda qadağan edə bilər ki, onlar köçürüldükdən sonra müvafiq yaşayış sahəsinin orada yaşayanların hər birinə düşən ümumi sahəsi ayrıca mənzil üçün uçot normasından, kommunal mənzil üçün isə ayrılma normasından az olsun. Maddə 79.2. Müvəqqəti sakinlərin yaşayış sahəsində yaşadıqları müddət ardıcıl olaraq altı aydan artıq ola bilməz. Maddə 79.3. Müvəqqəti sakinlər müvafiq yaşayış sahəsindən müstəqil istifadə etmək hüququna malik deyil. Onların hərəkətlərinə görə kirayəçi kirayəyə verən qarşısında məsuliyyət daşıyır. Maddə 79.4. Müvəqqəti sakinlər onlarla razılaşdırılmış müddət bitdikdən sonra, belə müddət razılaşdırılmadıqda isə kirayəçinin və ya onunla birlikdə yaşayan ailə üzvlərinin müvafiq tələbi irəli sürüldüyü gündən yeddi gün müddətində yaşayış sahəsini boşaltmağa borcludurlar. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə iş üzrə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, zabit heyətinin evi 2, 10 saylı mənzil xx.xx.1995-ci il tarixli, 12 nömrəli orderə əsasən X22 və onun ailə üzvlərinə - həyat yoldaşı X13, oğulları İddiaçı və Əmirov Sənana verilmişdir.

38. X23 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun ikinci həyat yoldaşı – hazırki iş üzrə üçüncü şəxs Əmirova (Mürsəliyeva) Sədaqət Bəxtiyar qızı cavabdehləri həmin mənzilə köçürmüşdür.

39. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş üçüncü X4 və Cavabdeh1 bildirmişlər ki, onların hər hansı qohumluq əlaqələri yoxdur. Cavabdeh həmçinin bildirmişdir ki, üçüncü şəxs onu ailəsi ilə qonaq kimi müvəqqəti olaraq mənzilə yerləşdirmiş, üçüncü şəxs isə cavabdehlər gənc ailə olduğundan bəzən bacısına məxsus mənzilə getdiyini bildirmişdir. Lakin üçüncü şəxs X11 göndərdiyi səsli mesajında bildirmişdir ki, o, özünə məxsus olan bütün əşyaları götürərək evdən tam şəkildə çıxmış, mənzilin çöl qapısına komandir başqa bir qıfıl vurmuşdur.

40. Göstərilənlər ona dəlalət edir ki, üçüncü şəxs ilə cavabdeh birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Eyni zamanda, cavabdehin sözügedən mənzildə yaşadıqları müddət ardıcıl olaraq altı aydan artıq olmuşdur.

41. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs cavabdehlərin mənzilə yerləşdirilməsi barədə kirayə verən qurumun qabaqcadan razılığını almamış, sonuncunun da cavabdehlərin həmin mənzilə köçürülməsinə razılığı olmamışdır. Hətta Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 859-cu hərbi hissəsinin komandiri Ceyhun Bağırov Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəməyə Cavabdeh1 qeyd olunan mənzildən çıxarılmasını xahiş etmişdir.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənzil qanunvericiliyinin müvafiq normalarını əsas tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehlər mübahisəli mənzilə qeyri-qanuni sahiblik edirlər.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-1105/2023 nömrəli qətnaməsi ilə hazırki iş üzrə iddiaçının qeyd olunan mənzildə istifadə hüququ təsbit edildiyindən, həmçinin onun daimi əsaslarla başqa ünvana köçərək mübahisəli yaşayış sahəsindən könüllü imtina etməsi müəyyən edilmədiyindən, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Bundan əlavə, hazırda mənzil cavabdehlərin faktiki sahibliyində olduğundan, iddia tələbi də onlara qarşı düzgün yönəldilmişdir.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün olaraq cavabdehlərin mənzildə yerləşməsi zamanı qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarına istinad etmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 3190/2023 nömrəli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar