Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1719/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 və Cavabdeh3 nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1829/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh3 25.000 (iyirmi beş min) manata satmışdır. RX ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, həmin torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2- 1(103)-596/16 saylı qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-inz(81)-214/13 saylı iş üzrə qəbul etdiyi 15 yanvar 2013-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı alqı-satqı aktı tanınmaqla torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2-1(81)-5174/2017 saylı qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin iddiası «xx.xx.2013-cü il tarixli ******* №-li alqısatqı müqaviləsinin və Cavabdeh3 Rəhman qızının adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli seriya RX0192851 saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 Rəhman qızının adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2013-cü il tarixli seriya RX0192851 saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-214/13 saylı qərarı ilə (hakim Ş.Məmmədova) iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, Səbail Rayon Bələdiyyəsinin xx.xx.2003- cü il tarixli 449 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə alqısatqı aktı tanınmaqla plan və ölçünün verilməsi vəzifəsi DTXK-nin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. Bakı şəhər prokurorluğu tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X2 və qeyriləri özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək 2011-2015-ci illər ərzində “Xalqlar Dostluğu” parkı adlanan ərazidə olan və dövlət mülkiyyətində saxlanılan torpaq sahələrini Səbail Bələdiyyəsinin mülkiyyəti kimi fərdi yaşayış evlərinin inşası üçün alqısatqı yolu ilə ayrıayrı yaxın qohum və tanışlarının adına verilməsi ilə bağlı saxta sərəncam, alqı-satqı aktı, torpağın cizgi planı və ödəniş qəbzlərini hazırlayıb bələdiyyənin bəzi vəzifəli şəxslərinin imzalarını saxtalaşdırdıqdan və bələdiyyənin işlər idarəsinin möhürünü vurduqdan sonra torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə müraciət etmişlər. Daha sonra isə imtina cavabı aldıqdan sonra müvafiq qaydada 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 45 inzibati iş üzrə qanunsuz iddia tələbləri təmin olunaraq “Xalqlar Dostluğu” parkı adlanan ərazidə yerləşən torpaq sahələrinə dair plan və ölçünün verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə olunmasına dair qərarlar qəbul olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(103)-596/2016 saylı qərarı ilə, iş üzrə 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2inz(81)- 214/13 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmuş, iddiaçının iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarı Ali Məhkəmə tərəfindən öz qüvvəsində saxlanılmışdır. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-214/13 saylı qərarına əsasən iddiaçı Cavabdeh1 öz adına xx.xx.2013- cü il tarixli (qeydə alma nömrəsi **********) reyestrdən çıxarış aldıqdan sonra 6 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli 0,12 ha torpaq sahəsini Cavabdeh3 satmış, DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(81)-5174/17 saylı qərarı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və Cavabdeh3 Rəhman qızının adına verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi hissəsində iddiası mümkün sayılmamışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1829/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi (hakim Elmar Rəhimov) ilə iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında olan Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh1 25.000 manat vəsaitin alınaraq Cavabdeh3 qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Səbail Rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 449 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə alqı-satqı aktı tanınmaqla plan və ölçünün verilməsi vəzifəsi DTXK-nin Bakı Şəhər Şöbəsinə həvalə edilmişdir. Bunun nəticəsində Cavabdeh1 öz adına xx.xx.2013-cü il tarixli (qeydə alma nömrəsi **********) reyestrdən çıxarış almış və xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh3 25.000 (iyirmi beş min) manata satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 adına olan xx.xx.2013-cü il tarixli (qeydə alma nömrəsi **********) reyestrdən çıxarış ləğv edilmiş, bundan sonra iddiaçı Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində sərəncam verilməsinin qanunsuz olduğunu iddia edərək, sözügedən tələbləri irəli sürmüşdür. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli (qeydə alma nömrəsi **********) Çıxarışın verilməsinə əsas olmuş inzibati akt, yəni Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 449 saylı sərəncamı qanunsuz hesab edildiyindən həmin çıxarış da ləğv edilmişdir. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş qərarı ilə mübahisə predmeti olan torpaq sahəsi üzərində Cavabdeh1 sərəncam səlahiyyətini həyata keçirilməsinə əsas verən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı qanunsuz sayılmışdır. Ona görə bu fakt məhkəmə tərəfindən sübutsuz müəyyən edilmiş hal kimi qəbul edilməlidir. Hazırkı iş üzrə isə Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixdə torpaq sahəsi üzərində sərəncam səlahiyyətinin həyata keçirilməsinə əsas olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli (qeydə alma nömrəsi **********) saylı Çıxarışın müvafiq məhkəmə qərarında qanunsuz olduğu təsbit edilmişdir. Bu səbəbdən Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən Cavabdeh1 torpaq sahəsinə sərəncam vermək səlahiyyəti olmamışdır. Cavabdeh1a məxsus olmayan əmlaka sərəncam verilməsi isə Mülki Məcəllənin 152.1-ci maddəsinin pozulmasıdır. Çünki, mülkiyyət hüququna malik olmadan sərəncam hüququnun həyata keçirilməsi Mülki Məcəllənin 152.1-ci maddəsi ilə ziddiyyət təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin K.Bunyatovun şikayəti üzrə 12 yanvar 2007-ci il tarixli qərarı). Mülki qanunvericiliyin xüsusiyyətinə görə, əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılması, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılması özündə ehtiva edilir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh1 ilə Cavabdeh3 arasında Səbail rayonu, Salyan şossesi-32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanılmış xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız sayılmalı, Cavabdeh1 Cavabdeh3 almış olduğu 25.000 manat vəsaiti axırıncıya qaytarmalıdır. Məhkəmə Cavabdeh1 adına olan daşınmaz əmlakın dövlət reyestrdən xx.xx.2013-cü il tarixli (qeydə alma nömrəsi **********) saylı Çıxarışın məhkəmə tərəfindən ləğv edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi üzrə Cavabdeh1 ilə Cavabdeh3 arasında olan xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız sayılmalı, Cavabdeh1 Cavabdeh3 almış olduğu 25.000 manat vəsaiti axırıncıya qaytarmalı və Cavabdeh3 adına olan xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh3 (nümayəndəsi Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, iş materiallarından da göründüyü kimi, məhkəmə Cavabdeh1 ilə Cavabdeh3 arasında notariat qaydada Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edərkən Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə almamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman əmlak Cavabdeh1 məxsus olmuşdur və reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanan alıcı-Cavabdeh3 onun dəyərini ödəyərək həmin əmlakı öz mülkiyyətinə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2018-ci il tarixli Qərarında reyestrin həqiqiliyi ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “... Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Hazırkı işdə məhkəmə nəzərə almamışdır ki, Cavabdeh3 əldə etdiyi hüquqları vicdanlı əldə edən şəxs kimi qorunmalı idi. Lakin şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla Mülki Məcəllənin 140-cı maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Mülki Məcəllənin 149.2-ci maddəsinin üçüncü cümləsinin tələblərindən də göründüyü kimi, hazırkı işdə Cavabdeh3 reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanan vicdanlı əldə edən olduğu üçün həmin maddənin birinci və ikinci cümlələrində bəhs edilən iddia və tələblərdən azaddır və qanunvericinin həmin normadakı iradəsinə görə Cavabdeh3 əldə etdiyi hüquqlar saxlanılmalıdır. Konstitusiya Məhkəməsinin bir sıra digər qərarlarında, o cümlədən, “Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarında da vicdanlı əldə edənin hüquqları ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “...Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Cavabdeh3 şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014cü il 15 sentyabr tarixli Qərarı). Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməmiş, işə onun, həmçinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Qeyd edilən pozuntu ədalət mühakiməsinin həyata keçirilməsinin təməl prinsiplərindən olan çəkişmə prinsipinin pozulmasıdır. Məhz bu səbəbdən də qanunverici həmin pozuntu, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi müəyyən edilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 noyabr 2016-cı il tarixli Qərarındakı hüquqi mövqe də nəzərə alınmalıdır. X1 Məhkəməsi bildirdi ki: “Qeyd olunmalıdır ki, qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Belə ki, qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən hal Mülki Prosessual Məcəllənin 135.2 və 135.3-cü maddələrində göstərilən şəxslər tərəfindən imzalanmış qəbzin və ya sənədin kötüyünün işə əlavə edilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında oxşar məsələlərlə bağlı hüquqi mövqelər əks olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 236-1.1.İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları Mülki Məcəllənin qeyd edilən maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
21. Yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
22. Hazırki iddia tələbi irəli sürməsi üçün mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etmə və hüquqdan sui-istifadəyə yol verməmə tələb olunurdu. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu mənada, birinci instansiya məhkəməsinin qətnaməsi nə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı deyil, nədə mahiyyəti üzrə düzgün qətnamə olmadığından apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmır və şikayətin dəlillərinin əsaslı olması təsdiq edildiyindən qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün də əsas vardır.
23. Buna görə də, məhkəmə tərkibi apellyasiya şikayətinin hər bir dəlili ilə bağlı aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin əqdlərin etibarsızlığını nəzərdə tutan normaları nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır.
24. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün ilk növbədə subyektiv hüquqa malik olmalıdır yaxud belə bir hüququ yaranmalıdır. Ancaq iddiaçının bu cür tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olduğu işdən görünmür. Ən azından ona görə ki, alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin hansısa hüquqla iddiaçıya məxsus olduğu işdən görünmür. Belə çıxır ki, bu cür vəziyyətdə istənilən şəxs başqa şəxslər arasında bağlanmış əqdləri hüquqlarına yaxud qanuni mənafeyinə zidd oldu-olmadı mübahisələndirə bilər. Əlbətdə ki, bu yolverilməzdir, çünki, bütün fziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər(MPM.m.4.1).Ancaq iddiaçının hazırki iddia üzrə hansısa marağının olduğu və onu qorumaq məqsədilə məhkəməyə müraciət etdiyi də təsdq olunmur.
25. Mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh3 xeyrinə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi də qanunsuz olmamışdır. Çünki, qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması üçün əsas olmuş məhkəmə qərarının bir neçə il sonra yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdıra bilməzdi. Yəni, həmin vaxt mübahisəli torpaq sahəsinin məhkəmə qərarına əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas olmuş hallar mübahisələndirilmirdi. Demək ki, qeyd olunan torpaq sahəsinin Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmasından bir neçə ay sonra Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında satılmasında da hər hansı bir qanun pozuntusu olduğu təsdiq olunmur. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh1 adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxs- Cavabdeh3 xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin, o cümlədən Cavabdeh3 bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2). Deməli, mübahisəli torpaq sahəsinə Nailə Məmədovanın hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Ancaq iddiaçının mübahisə predmeti olmuş torpaq sahəsinə hansısa hüquqları olmadığından, ona toxunulması da mümkün deyil, hüququ olsaydı və ona toxunulmuş olsaydı fərqli iddia ilə məhkəməyə müraciət etməli idi. Bu zaman Cavabdeh3 torpaq sahəsini vicdanlı əldə edən kimi qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-1829/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1829/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməli və Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ bərpa edilməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1829/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1829/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsinin icrasında dönüş edilsin və Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin üzərində Cavabdeh3 xx.xx.2013-cü ildə qeydə alınmış xüsusi mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.