Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1730/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2016-cı il tarixli, H040KK16-H01813 saylı müqavilə üzrə 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 22580,20 ABŞ dolları cərimə olmaqla, cəmi 40057,40 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzilə yönəldilərək açıq hərracda satılması, borcun əmlakın açıq hərracdan satılması hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə və ya ipoteka predmetinə tutma yönəldilməsi mümkün olmadıqda borcun qalan hissəsinin cavabdehdən tutulması, mənzilə tutma yönəldildikdə və satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmədikdə cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, H01813 saylı kredit limitinin,ayrılması haqqında müqavilə daxilində xx.xx.2016-cı il tarixli, H010KK16-H01813 saylı kredit sazişinə əsasən borcluya 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdehlə bank arasında bağlanmış xx.xx.2009-cu il tarixli, AK115/2009 saylı İpoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2013-cü il tarixli razılaşmaya əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 2V, 57 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-ci il tarixdə RX ******* saylı çıxarışla qeydə alınmışdır. Lakin borc alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Borc alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2018-ci il tarixinə cavabdehin banka H040KK16-H01813 saylı müqavilə üzrə 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 22580,2 ABŞ dolları cərimə borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 254/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli, H010KK16-H01813 saylı kredit müqaviləsinə əsasən 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 2580,20 ABŞ dolları cərimə olmaqla, cəmi 20057,40 (iyirmi min əlli yeddi dollar qırx sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsümunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzilə yönəldilməsi və ilkin satış qiyməti 110000 (bir yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılması satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində tərk etmədiyi halda Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 172,50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat hissəsinin Cavabdeh, 172,50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat hissəsinin İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Xətai rayon Məhkəməsinə dəftərxana vasitəsilə 4 vəsatət təqdim etsə də, həmin vəsatətlərə baxılmamışdır. O, bu günə qədər bir neçə dəfə Bankdan kredit götürüb vaxtında nümunəvi qaydada ödədiyinin təsdiq edilməsi üçün banka sorğu göndərilməsini, ekspertiza rəyinin kifayət qədər aydın və tam olmamasına görə əlavə ekspertiza keçirilməsini, bundan əlavə bank əməkdaşı olan şahidin çağırılması barədə vəsatət verdiyini bildirmişdir. Belə ki, o, bankdan pul götürmədiyini, kreditin sadəcə əvvəlki krediti bağlamaq üçün bank əməkdaşları tərəfindən sənədləri imzalatdıqlarını qeyd etmişdir. O, bu günə qədər heç birsənəd, məhkəməyə çağırış, qərardadın surəti, iddianın surəti və ya bankın vəsatətlərinin surətlərinin rəsmi qaydada ona verilmədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha öncə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X3 barışıq üçün onlara vaxt verilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən dəfələrlə barışıq üçün vaxt verilsə də tərəflər arasında barışıq əldə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli, H01813 saylı kredit limitinin ayrılması haqqında müqavilənin surətindən görünür ki, borcalana 60 ay müddəlinə, illik maksimum 30%-lə 60000 manat məbləğində kredit limiti ayırır, kredit alan isə bu müqavilə və kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit sazişinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən qaytarmağı öhdəsinə götürür. Kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit sazişiləri ilə müəyyən olunur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, H01813 saylı kredit limitinin,ayrılması haqqında müqavilə daxilində xx.xx.2016-cı il tarixli, H010KK16- H01813 saylı kredit sazişinin surətindən görünür ki, borc alana istehlak məqsədləri üçün 25 ay müddəlinə, illik 20%-lə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, AK115/2009 saylı İpoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2013-cü il tarixli razılaşmanin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzilxx.xx.2013-cü il tarixli, H01813 saylı kredit limitinin ayrılması haqqında müqavilənin təminatı kimi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 418 nömrəli reyestr kitabının 38835 nömrəli vərəqində qeydiyyata alınmışdır.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə ipotekaqoyana göndərilmiş, qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixə Cavabdeh xx.xx.2016-cı il tarixli, H010KK16-H01813 saylı saylı kredit müqaviləsi üzrə borcu 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 22580,20 ABŞ dolları cərimə olmaqla, cəmi 40057,40 ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərardadları ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, H010KK16- H01813 saylı kredit müqaviləsi üzrə borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. xx.xx.2018-ci il tarixli, 21412 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, iddia ərizəsinin verildiyi xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 19782,22 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən: - əsas borc — 12555,88 ABŞ dolları, faiz borcu 4921,32 ABŞ dolları, cərimə 2305,02 ABŞ dolları olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, 13812 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin və kredit müqaviləsinə edilmiş əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla, iddia ərizəsinin verildiyi xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 40057,40 ABŞ dolları məbləğində müəyyən edilmişdir,o cümlədən əsas borc 12555,88 ABŞ dolları, faiz borcu 4921,32 ABŞ dolları, cərimə isə 22580,20 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan “X4” MMC-nin xx.xx.2018-ci il tarixli, H/48- GHM saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzil 110000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından birinci instansiya məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən sənədlərin qanuna müvafiq qaydada göndərilməsi müəyyən olunur. Bundan bağqa, cavabdeh bankdan faktiki olaraq pul götürmədiyini qeyd edir, digər tərəfdən isə həmin kreditin onun əvvəlki kredit borclarının ödənilməsinə yönəldildiyini bildirir və bununla bağlı zəruri bank sənədlərini imza etdiyini də göstərir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yeni kredit götürərək özunun banka olan əvvəlki kredit borclarını bağlaması ilə bağlı gətirdiyi dəlil hazırki iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək hal deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 254/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1730/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1730/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver