Məhkəmə qərarları › İş №2(103)-1732/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1732/2024

12.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1732/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" QSC-nin Lokomotivlərin Təmiri Departamentinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentinin 19 iyul 2023- cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (Cavabdeh əsl cavabdeh "xxxx" QSC ilə əvəz edilmişdir.)

2. İddia onunla əsaslandırılmışdır, o, 1992-ci ildən 1996-cı ilə dək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1996-cı ildə atəşkəs elan olunduqdan sonra o, 1996-cı ilin oktyabr ayında qanunun tələblərinə uyğun olaraq, 706 saylı h/h-dən təxris olunaraq evə buraxılmışdır. 1996-cı ilin dekabr ayında keçmiş "xxxx" Gəncə Lokomotiv deposunda, indiki "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentində çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bu vəzifədə 28 il qüsursuz olaraq işləmişdir. Bu illər ərzində çilingər vəzifəsində ən yüksək dərəcə olan 6-cı dərəcəyə qədər yüksəlmişdir. Sonra vəzifəsində yüksəliş olmaqla usta vəzifəsinə təyin olunmuşdur. Bütün bu illər ərzində o, öz vəzifəsini heç bir qüsur və nöqsan olmadan vicdanla və məsuliyyətlə icra etmişdir. İşlədiyi dövrdə işini layiqincə yerinə yetirmiş və işinə nöqsan gətirəcək heç bir hal baş verməmişdir. İşində olan uğurlara görə daima təqdirə layiq görülmüş işçilər arasında müsbət rəğbət qazanmışdır. Kadrlar şöbəsinin rəisi işçilərə bildirmişdir ki, cəmiyyətin adının dəyişdirilməsi və əmək haqqının artırılması üçün yenidən sənədlər işlənib hazırlanmalıdır. Bu səbəbdən də, bütün işçilərin ərizə yazması zəruridir. İşçilərdə müdriyyətin sözünə inanaraq onların tədqim etdiyi boş kağızlara imza etmişlər. Sonradan işçilərə məlum olmuşdur ki, rəhbərlik bu yolla onları aldadıb, onların müddətsiz əmək müqaviləsini ləğv edərək, əvəzində 1 illik müddətinə yeni müavilə bağlamışdır. Daha sonra isə 1 illik müqavilənin müddəti bitdikdən sonra, müqavilənin şərtlərinə uyğun olaraq işdən azad etmişdir. Bu yolla da öz məqsədinə qeyri-qanuni yolla nail olmuşdur. Faktiki olaraq onlara müdriyyət tərəfindən əmək müqaviləsinin ikinci nüsxəsi təqdim edilməmişdir. Bundan əlavə rəhbərlik onu işdən çıxardarkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, rəhbərlik ona işdən çıxarılması ilə əlaqədar 1 ay əvvəldən heç bir məlumat verməmiş və onun ünvanına heç bir rəsmi xəbərdarlıq göndərməmişdir. Rəhbərlik ona sonuncu iş günü, yəni xx.xx.2023-cü il tarixdə bildirmişdir ki, sabahdan işə gəlməsin, işdən azaddır. O, əmək qanunvericiliyinin tələbləri pozularaq işdən çıxarıldığı üçün rəhbərliyə müraciət etmişdir ki, onu öz işinə bərpa etsin və ya mümkün olmadığı halda başqa işlə təmin etsin. Lakin rəhbərlik onu qanuni tələbinə heç bir məhəl qoymamış və işinə bərpa etməmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən birtərəfli mövqe tutaraq, onun işdən qanunsuz çıxarılmasına hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələn qətnamə qəbul edilmişdir, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirmişdir ki, iddia əsassızdır, belə ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, xx.xx.2022-ci il tarixdə iddiaçının ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, AR Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdə yeni müddətli əmək müqaviləsi bağlanmışdır, müqavilənin müddətli olmasından iddiaçının məlumatı olmuşdur, bir sözlə, müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilməsi qanunverciliyin tələblərinə uyğun olmuşdur. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 1-ci Qarabağ müharibəsi iştirakçısı, veterandır, 1996-cı ildən ordudan təxris olunduqdan sonra "xxxx" Gəncə Lokomotiv deposunda 28 il qüsursuz olaraq çilingər kimi işləmiş, 2010-cu ildən yüksələrək usta olmuş, işinə məsuliyyətli və vicdanla yanaşmışdır, bir gün kadrlar şöbəsindən işçilərə bildirilmişdir ki, müəssisənin adının dəyişdirilməsi və əmək haqqının artırılması səbəbilə bir sıra sənədlərə imza olunmalıdır, rəhbərliyin göstərişinə əsasən o, inanaraq boş vərəqlərə imza atmışdır, lakin sonradan məlum olmuşdur ki, əvvəlki müqavilə ləğv edilmiş və onunla 1 illik müddətə yeni müqavilə imzalanmışdır. Əmək haqqının az olmasına görə bir sıra işçilərlə birlikdə sosial şəbəkələrdə etirazlar etmiş və bundan sonra rəhbərlik ona qarşı qərəzli mövqe göstərmiş, nəhayət xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə heç bir səbəb göstərmədən xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılması tam qanunsuz olmuşdur, müəssisənin adı dəyişsə də, uzun illərdir ki, eyni işi görməklə məşğuldur. Buna görə də xahiş edir ki, şikayət təmin edilsin, qətnamə ləğv edilsin, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilsin.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ə.Babayeva apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı ilkin olaraq 1996-cı ildən 2022-ci ilə qədər "xxxx" QSC-nin Yükdaşımalar departamentində çalışmış, öz ərizəsinə əsasən xx.xx.2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci ildə isə başqa bir yerdə “Lokomotivlərin təmiri” departamentində fəaliyyətini davam etdirmişdir. Yəni, müxtəlif departamentlərdə işləmiş, hər iki departamentin işəgötürəni fərqli olmuşdur. Yeni bağlanmış müqavilənin məzmunu ona izah olunmuş, bir nüsxəsi də ona təqdim edilmişdir. Əmək müqaviləsi məhz iddiaçının öz iradəsinə uyğun olaraq, qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Müddətli müqavilənin bağlanması işəgötürənin hüququdur, məhz buna görə də hesab edir ki, müddət bitdiyindən əmək müqaviləsinə xitam verilmiş, onlar tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin rədd edilərək, qətnamənin qüvvədə qalmasını xahiş etmişdir. Sübutların tədqiqi:

8. Mülki iş materiallarında olan:

9. İddiaçı adına xx.xx.1996-cı il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1996-cı il tarixdə Gəncə Lokomotiv deposuna elektromaşın sexinə 1-ci dərəcə ilə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə 2-ci dərəcə, xx.xx.1997-ci il tarixdə 3-cü dərəcə, xx.xx.1998-ci il tarixdə 4-cü dərəcə, xx.xx.2000-ci il tarixdə 5-ci dərəcə, xx.xx.2002-ci il tarixdə 6-cı dərəcə verilmişdir. xx.xx.2010-cu il tarixdə elektromaşın və akkumlyator sexinə 1 ay sınaq müddəti ilə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə elektromaşın sexinə 6-cı dərəcə ilə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə elektromaşın və akkumlyator sexinə müvəqqəti olaraq usta vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə elektrik maşınları sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə akkumlyator və elektrik maşınları təmiri sexinə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə elektromaşınların təmiri sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərinin təmiri deposu elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

10. İddiaçı ilə "xxxx" QSC Lokomotivlərin təmiri departamenti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı həmin tarixdən 1 il müddətinə usta vəzifəsinə işə qəbul edilmişdir.

11. xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposu Elektrovozların təmiri sexində usta vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir.

12. AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətlə əlaqədar X3 Xidmətinə təqdim etdiyi izahatda əmək müqaviləsinə xitam verilərkən ona işəgötürən tərəfindən hər hansı xəbərdarlığın olunmadığı, son haqq-hesabla bağlı 19 iş günününün əmək haqqı kartına köçürülmədiyi və əsas tələbinin “Azərbaycan Dəmir Yollan" QSC-də əvvəl tutduğu vəzifəyə işə bərpa olmaqdan ibarət olduğunu bildirmişdir. Tərəfindən təqdim olunan sənədlərə baxış keçirilərkən onunla xx.xx.1996-cı il tarixində usta vəzifəsi üzrə əmək müqaviləsinin bağlanıldığı, həmçinin əmək münasibətlərini dayandırmaq istədiyi tarixi xx.xx.2022-ci il göstərərək əmək müqavilənizə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməsi və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi məlum olmuşdur. Həmçinin, araşdırma zamanı müəssisə tərəfindən təqdim olunan sənədlərə əsasən onunla "Azərbaycan Dəmir Yollan” QSC-nin işəgötürəni arasında yenidən xx.xx.2022-ci il tarixində 1 il 1 gün müddətinə müddətli əmək müqaviləsinin bağlanıldığı məlum olmuşdur. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla “Azərbaycan Dəmir Yolları" QSC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsaslanmaqla xx.xx.2023-cü il tarixində qüvvədən salındığı müəyyən edilmişdir. Həmçinin, nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun 1-ci Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq və sosial dəstək göstərilməsi məqsədilə tərəfindən c ünvanına işlə təmin olunması barədə müvafiq məktub ünvanlanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid olduğundan yenidən “Azərbaycan Dəmir Yollan" QSC-yə işə qəbul olunması üçün işəgötürənə müraciət etməsi məqsədə uyğundur. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

14. 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

15. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

16. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

17. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.

18. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

19. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

20. 59-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

21. 59-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

22. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

23. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

25. 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

26. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.

27. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı.

28. Qeyd edilən Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 218.3 ...hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

40. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

41. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

42. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi hazırki iş üzrə işin faktiki hallarına, əmək münasibətlərinin xarakterinə yetərincə qiymət verməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir.

43. Belə ki, Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1996-cı ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir il müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.

44. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

45. Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 1996-ci ildən 2022-ci ilə qədər fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur.

46. İddiaçı bildirir ki, o, digərləri ilə birlikdə əmək haqqının az olmasına görə sosial şəbəkələrdə etiraz bildirmiş, bundan dərhal sonra onu, müqavilə müddətinin bitməsi bəhanəsi ilə işdən azad etmişlər.

47. Bu baxımdan, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də hazırkı işin faktiki halları baxımından olduqca əhəmiyyətlidir. Həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar iddia tələbləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də eyni olmuşdur (Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(102)-5841/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları – i/v 49-56).

49. Bundan başqa, cavabdeh tərəf şikayətə etirazının əsası kimi göstərmiş olduğu - “iddiaçının müxtəlif müəssisələrdə (departamentlərdə) çalışması” na və “həmin departamentlərin işəgötürənlərinin fərqli olması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin bu dəlili hazırkı halda əsaslı sayıla bilməz. Ona görə ki, cavabdeh “Azərbaycan Dəmir Yolları" QSC-nin zamanın tələblərinə müvafiq, daxilində struktur dəyişikliklərinin həyata keçirilməsi, müxtəlif idarə və bölmələrin birləşdirilməsi və ya ayrılması, onların tabelilik qaydasının dəyişdirilməsi, müxtəlif idarə və departament adlarının müasirləşdirilərək yenilənməsi və sair kimi inzibati-təşkilati məsələlər, heç bir vəchlə, uzun müddət və fasiləsiz olaraq eyni işi yerinə yetirən işçinin əmək hüquqlarının məhdudlaşdırılması, eləcə də işçi ilə müddətli müqavilənin bağlanması üçün əsas deyildir.

50. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır və təmin edilməlidir. Nəticə:

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işin faktiki hallarına düzgün qiymət verilmədiyindən və istinad olunan maddi hüquq normasının təfsirində səhvə yol verildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" QSC-nin 19 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı (digər ödənişlərlə birlikdə) ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (100+50=150) 150 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işin faktiki hallarına düzgün qiymət verilmədiyindən və istinad olunan maddi hüquq normasının təfsirində səhvə yol verildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" QSC-nin 19 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı (digər ödənişlərlə birlikdə) ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır.

53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin 19 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmri ləğv olunsun. İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı (digər ödənişlərlə birlikdə) ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (100+50=150) 150 manat dövlət rüsumu isə "xxxx" QSC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar