Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1735/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, cavabdeh Orxan Paşazadənin, Cavabdeh3 nümayəndəsi, vəkil Elşən Hacıyevin iştirakı ilə, iddiaçı LPO "xxxxxxxxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcu və ipotekaya yönəltmə tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “ZaminBank” X1 (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə 97928 manat əsas, 9211,03 manat faiz borcu olmaqla, cəmi 107139,03 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması; tutmanın ilkin satış qiyməti 122000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.7161 ha torpaq sahəsinə, ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinə və ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3185 ünvanında mülkiyyətində olan 0.1113 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 49.84 kv.m. yaşayış, 33.06 kv.m. köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun Banka ödənilməsi qət edilmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetlərinin ilkin satış qiyməti real bazar qiymətini əks etdirmir, əslində daha aşağıdır. Ona görə də qətnamə ilkin satış qiyməti hissəsində ləğv edilməlidir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank bilərəkdən borcun qaytarılması tələbi ilə məhkəməyə gec müraciət etmiş, nəticədə faizlər daha çox hesablanmışdır. Bu səbəbdən məhkəmə həmin məbləği azaltmalı idi. Eyni zamanda ona məxsus ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmayıb, əmlakın dəyəri daha artıqdır. Bununla bağlı yenidən qiymətləndirmə keçirilməlidir. Ona görə də qətnamə qismən ləğv edilməli, hesablanmış faiz borcunun silinməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bankın xx.xx.2017-ci ildə tərəflərə ünvanlandığı xəbərdarlıqda faiz borcu 3023,03 manat olduğu halda hazırda bu tələb 9211,03 manat təşkil edir. Əslində tələb olunan faiz borcu müqavilədə vaxtı keçmiş kredit faizi kimi göstərilən cəriməni əks etdirir və silinməli idi. Cavabdehlərdən Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ölüb və bu barədə məhkəmə baxışı zamanı Cavabdeh1 məlumat verib, buna baxmayaraq məhkəmə həmin şəxsə qarşı verilmiş iddiaya da baxıb. İpoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlər ipoteka haqqında qanunvericiliyə əsasən 3 gün müddətində deyil, 6 gün sonra qeydə alındığı üçün həmin əmlaklara tutma yönəldilə bilməzdi. İddia ərizəsi məhkəməyə bildirişin qeydə alınmasından 1 il sonra verilib və bu, qanunvericiliyə ziddir. İddia ərizəsində tələb olunan faiz borcu bildirişdə göstərilən borcdan xeyli artıqdır. Kredit borcu üzrə 3 ipoteka predmeti var və onların dəyəri borc məbləğindən bir neçə dəfə artıqdır. Birinci ipoteka predmetinin qiyməti borcun ödənilməsi üçün yetərli olduğundan hər üç əmlakın eyni vaxtda satılması qanuna ziddir. Bu baxımdan qətnamədə ipoteka predmetlərinin satış ardıcıllığı göstərilməli və tələb ilk növbədə borcluya məxsus əmlaka yönəldilməlidir. Məhkəmə ipoteka predmetləri satıldıqdan sonra artıq qalan məbləğin ipoteka saxlayana qaytarılması barədə qanunun tələbini nəzərə almayıb və bu halı qətnamədə göstərməyib. Ona görə də qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 öz şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdeh3 nümayəndəsi təmsil etdiyi şəxsin şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikayətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməməlidir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, X3 Zadə arasında bağlanmış 048 saylı xx.xx.2013-cü il tarixli krediti müqaviləsinə əsasən, Bank borcluya 60 ay müddətinə, illik 7 % dərəcəsi ilə 100000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh1 məxsus ünvan 3i ünvanında yerləşən 0.7161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsi və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3185 ünvanında mülkiyyətində olan 0.1113 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 49.84 kv.m. yaşayış, 33.06 kv.m. köməkçi sahədən ibarət bağ evi ipoteka ilə yüklü edilmiş, yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının təqdim etdiyi arayışa əsasən, Cavabdeh1 xx.xx.2018-ci il tarixə Banka 97928 manat əsas, 9211 manat faiz borcu olmaqla, cəmi 107139,03 manat borcu hesablanmışdır. “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəylərinə əsasən ipoteka predmetinin real dəyəri müvafiq olaraq 122000 manat, 65000 manat və 110000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 279, 295, 442, 443.1 və 448.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, kredit müqaviləsi üzrə tələb olunan borc məbləği Cavabdeh1 Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetlərinə yönəldilməlidir. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə eyni tarixli qərardadı ilə qətnamə Cavabdeh2 aid hissədə - borcun həmin şəxsə məxsus əmlaka yönəldilməsi hissəsində ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi və tutmanın Cavabdeh1 və Cavabdeh3 məxsus ipoteka predmetlərinə yönəldilməsi, o cümlədən həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin qeyd olunan hissələrdə ləğv olunması üçün əsas deyildir. Apellyasiya şikayətlərində iddiaçı ipoteka predmetlərinin ilkin satış qiymətlərinin çox yüksək, cavabdeh Orxan Paşazadə isə aşağı olduğunu bildirir. Məhkəmə həmin qiymətləri müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etmişdir. Tərəflər məhkəmə iclasında yenidən qiymətləndirmə barədə vəsatət verməmiş, birinci instansiya məhkəməsinə əmlakların iddia olunan dəyəri barədə hər hansı sübut təqdim etməmiş, həmçinin belə sübutlarını apellyasiya şikayətinə əlavə etməmiş və ya apellyasiya baxışı zamanı verməmişlər. Bu baxımdan Kollegiya həmin dəlilləri əsassız hesab edir. Faiz borcunun düzgün müəyyən edilmədiyi barədə cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri də açıq-aşkar əsassızdır. Belə ki, Bank xx.xx.2013-cü il tarixdə illik 7 faiz dərəcəsi ilə verilmiş 100000 manat kredit məbləği üzrə 9211,03 manat faiz borcu tələb edir. Maliyyə arayışından göründüyü kimi faiz borcu xx.xx.2018-ci il tarixədək – müqavilə müddəti çərçivəsində müəyyən edilmiş, kredit borcundan silinmələr müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun hesablanmışdır. Tələb olunan faiz əsas borca mütənasibdir, cavabdehlər daha artıq məbləğdə ödəniş edildiyi və buna əsasən daha az borcun yarandığı barədə hər hansı sübut təqdim etməmiş, şikayətlərində belə bir dəlilə istinad etməmişlər. Eyni zamanda Bankın xx.xx.2017-ci ildə tərəflərə ünvanlandığı xəbərdarlıqda faiz borcu 3023,03 manat olduğu halda hazırda faiz borcunun 9211,03 manat olması da normaldır. Belə ki, müqavilə üzrə pulun verilmə müddət bitmədiyi üçün Bank əsas qalıq borca xx.xx.2018-ci il tarixədək müqavilə üzrə faizlərin hesablanmasını davam etdirməkdə haqlı olmuşdur. Cavabdeh3 apellyasiya şikayətinin digər dəlillər də əsassızdır. “İpoteka haqqında” Qanunun 36.4.1-ci maddəsinin Bankla həmin cavabdeh arasında ipoteka müqaviləsinin bağlandığı tarixdə qüvvədə olmuş redaksiyası müəyyən edirdi ki, tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Baxılan iş üzrə bildirişlər ipotekanın dövlət qeydiyyatı orqanına 7 təqvim günü ərzində təqdim edilmişdir. Eyni zamanda həmin dövrdə qüvvədə olmuş ipoteka qanunvericiliyi tutma yönəldilməsi barədə bildiriş ipoteka saxlayana göndərilməsindən və qeydə alınmasından sonra məhkəməyə müraciət etməklə bağlı müddət məhdudiyyəti müəyyən etməmişdir. Baxılan iş üzrə, həmçinin Cavabdeh3 ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verdiyi müəyyən edilmir. Qanunvericilikdə kredit borcu üzrə tutmanın eyni vaxtda ipoteka ilə yüklü edilmiş bir neçə əmlaka yönəldilməsi ilə bağlı da məhdudiyyət nəzərdə tutulmayıb və qanunvericilik bu məsələni ipoteka saxlayanın öz mülahizəsinə verib. Nəhayət nəzərə alınmalıdır ki, ipoteka predmeti satıldıqdan sonra artıq qalan məbləğin ipoteka saxlayana qaytarılması “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinin tələbi olduğu üçün həmin müddəanın qətnamədə ayrıca göstərilməsinə zərurət yoxdur və həmin məsələ qətnamənin icrası qaydasında qanunun birbaşa göstərişinə əsasən həll ediləcəkdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, qətnamə yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kredit borcunun tutulması, tutmanın ona və Cavabdeh3 məxsus ipoteka predmetlərinə yönəldilməsi, o cümlədən, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-1735/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1735/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver