Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1746/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla cavabdeh arasında bağlanmış 15.04.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsinə əsasən 24.02.2020-cı il tarixinə yaranmış 24 206,52 (iyirmi dörd min iki yüz altı, 52) manat əsas, 11 774,84 (on bir min yeddi yüz yetmiş dörd, 84) manat faiz borcu olmaqla ümumilikdə 35 981,36 (otuz beş min doqquz yüz səksən bir, 36) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “AUDİ” markalı Q5 modelli, ağ rəngli, 2013 buraxılışı, mühərrik CNC033813, ban WAUZZZ8R5EA063808 olan ** CE *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, bankla X3 arasında bağlanmış 07.01.2014-cü il tarixli 120960-CNS-2545 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən adı çəkilən şəxsə illik 18 (on səkkiz) faiz hesablanmaqla 60 (altmış) ay müddətinə 40 800,00 (qırx min səkkiz yüz) manat kredit verilmiş, kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətində olan “AUDİ” markalı Q5 modelli avtomobil eyni tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü olunmuşdur. 07.01.2014-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya 07.07.2015-ci il tarixli Əlavəyə əsasən qeyd edilən tarixə mövcud olan borc kapitallaşdırılaraq 37 123,39 (otuz yeddi min yüz iyirmi üç, 39) manat məbləğində müəyyənləşdirilmiş, kredit müddəti 42 (qırx iki) ay və faiz dərəcəsi 18 (on səkkiz) faiz razılaşdırılmışdır. Müqaviləyə dəyişikliklər edilməsi barədə 02 №-li Əlavə Razılaşmaya 13.08.2015-ci il tarixli Əlavə ilə X2 müraciətinə əsasən Cavabdeh yeni kredit alan müəyyənləşdirilmiş və kredit müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh ötürülmüşdür. Eyni zamanda, ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı Əlavə Razılaşmaya 13.08.2015-ci il tarixli Əlavəyə əsasən 07.01.2014-cü il tarixli 120960-16- 15061 saylı ipoteka müqaviləsi üzrə Cavabdeh yeni ipoteka qoyan müəyyənləşdirilmiş, hüquq və öhdəliklər ona ötürülmüşdür. Bankla Cavabdeh arasında bağlanmış 07.01.2014cü il tarixli 120960-CNS-2545 №-li “Avtomobil kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı 15.04.2016-cı il tarixli razılaşmaya əsasən Cavabdeh 15.04.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 33 494,00 (otuz üç min dörd yüz doxsan dörd) manat məbləğində olan borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 33 (otuz üç) ay müddətinə müəyyənləşdirilmişdir. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 07.01.2014-cü il tarixli 120960-16-15061 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı Əlavə Razılaşmaya 15.04.2016-ci il tarixli Razılaşma bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 24.07.2017-ci il tarixdən icra etməmiş, nəticədə 24 206,52 (iyirmi dörd min iki yüz altı, 52) manat əsas, 11 774,84 (on bir min yeddi yüz yetmiş dörd, 84) manat faiz borcu yaranmış, kredit üzrə cərimə tətbiq olunmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin o borcu ödəməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 15.04.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsinə əsasən 07.01.2019-cu il tarixə banka borclu olduğu 24 206,52 (iyirmi dörd min iki yüz altı manat əlli iki qəpik) manat məbləğində əsas, 4619,4 (dörd min altı yüz on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 28 825,92 manat borcun, 24,03 manat dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması, tutmanın “AUDİ” markalı Q5 modelli, 2013 buraxılışlı, mühərrik CNC033813, ban WAUZZZ8R5EA063808 olan **-CE- *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin 34 000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına 15.04.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsi üzrə yaranmış 28 825,92 manat məbləğində kredit borcunun ödənilməsi, kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması, ekspertiza tədqiqatının dəyərinin 19,89 manatının İddiaçı X4, 80,11 manatının Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, əsassız ekspert rəyinə istinad etdiyi, cavabdehin 07.01.2019-cu il tarixinə kimi əsas borca görə ödənişinin ekspert rəyində göstərildiyi kimi 6199,19 manat deyil, 8475,21 manat, faiz borcuna görə ödənişinin 9171,81 manat deyil, 6896,72 manat olduğu, ekspertin tərəflər arasında bağlanmış razılaşmanı nəzərə almayaraq əsassız hesablama apardığı arqumentləri ilə əsaslandırmışdır. İddiaçı ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etməklə yanaşı, cavabdehin 25.01.2022-ci il tarixdə 5000 manat ödəniş etdiyini və hazırda 19 206,52 manat əsas, 6879,20 manat faiz, 1363,37 manat əlavə faiz (5%-lə hesablanmış faiz) borcunun qaldığını bildirmiş, cavabdeh isə şikayətin əsassız olduğunu qeyd etməklə ödədiyi 5000 manatın da nəzərə alınması şərtilə qərar çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddiaçı bankın mübahisələndirdiyi hissələrdə yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı bank isə qətnamənin yalnız iddianın təmin olunmaması ilə bağlı hissəsindən şikayət vermişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq qətnamə “15.04.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsinə əsasən banka borclu olduğu 4619,4 (dörd min altı yüz on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 28 825,92 manat borcun Cavabdeh bankın xeyrinə tutulması” ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı ASC ilə X3 arasında 07.01.2014-cü il tarixdə “Avtomobil krediti müqaviləsi” bağlanaraq adı çəkilən şəxsə 60 (altmış) ay müddətinə, illik 18 (on səkkiz) faiz ödəməsi şərtilə 40 800 manat kredit verilmiş, həmin müqaviləyə dəyişikliklər edilməsi barədə 02 №-li Əlavə Razılaşmaya 13.08.2015-ci il tarixli Əlavəyə əsasən Cavabdeh yeni kredit alan olaraq müəyyənləşdirilmiş və kredit müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh ötürülmüş, bankla Cavabdeh arasında bağlanmış 03 saylı 15.04.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh 15.04.2016-cı il tarixinə mövcud olan borcu 33 494,00 (otuz üç min dörd yüz doxsan dörd) manat məbləğinə kapitallaşdırılmış, borcun illik 18 (on səkkiz) faiz hesablanması şərtilə 33 (otuz üç) ay müddətinə ödəniləcəyi razılaşdırılmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" ASC-yə müqavilə müddəti bitən tarixə, yəni 07.01.2019cu il tarixinə 27 294,81 manat əsas, 5431,67 manat faiz borcu vardır və 07.01.2019-cu il tarixindən sonra 812,27 manat ödəniş həyata keçirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, bankın nümayəndəsi həmin rəyin əsassız olduğunu, cavabdehin 07.01.2019-cu il tarixinə kimi əsas borca görə ödənişinin ekspert rəyində göstərildiyi kimi 6199,19 manat deyil, 8475,21 manat, faiz borcuna görə ödənişinin 9171,81 manat deyil, 6896,72 manat olduğunu, 15.04.2016-cı il tarixli əlavə razılaşma əsasında cavabdehin borcunun 33 494 manat müəyyənləşdirilməsinin ekspert tərəfindən nəzərə alınmadığını irəli sürmüşdür. Apellyasiya baxışı zamanı şikayətin həmin dəlili nəzərə alınaraq təkrar mühasibatlıq ekspertizası təyin olunmuş, bu təyinat əsasında verilmiş 31.03.2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, 07.01.2014-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 15.04.2016-cı il tarixli Razılaşmanın şərtləri nəzərə alınmaqla 07 yanvar 2019-cu il tarixinə Cavabdeh əsas kredit borcu 27 294,81 manat, faiz borcu 5431,67 manat təşkil etmiş, 07.01.2019-cu il tarixindən sonra həyata keçirilən ödəniş nəzərə alındığında, 22.04.2019-cu il tarixdə 26 482,54 manat əsas, 5829,72 manat faiz borcu olmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun dəlili əsaslıdır – belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh müqavilə müddətinin bitdiyi tarixdə 5431,67 manat faiz borcu yarandığı təyin edilmiş ekspertizanın rəyləri ilə müəyyən olunmuşdur. Buna görə də kollegiyanın qənaətinə görə qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan faiz borcu 5431,67 manat, ümumi borc məbləği isə 29 638,19 manat müəyyənləşdirilməli, iddia tələbinin həcmi nəzərə alınaraq əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilməməlidir. Qeyd olunmalıdır ki, cavabdehə 20.02.2020-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit 07.01.2019-cu il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 18 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin 25.01.2022ci il tarixdə 5000 manat ödəniş həyata keçirdiyi müəyyənləşdirilmişdir və həmin ödəniş məbləği qətnamənin icrası zamanı nəzərə alınaraq cavabdehdən tutulmalı borc məbləği müvafiq məbləğdə azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehdən bankın xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-190/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən “15.04.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsinə əsasən banka borclu olduğu 4619,4 (dörd min altı yüz on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 28 825,92 manat borcun bankın xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 15.04.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu 5431,67 (beş min dörd yüz otuz bir manat 67 qəpik) manat, ümumi borc məbləği isə 29 638,19 (iyirmi doqquz min altı yüz otuz səkkiz manat 19 qəpik) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə İddiaçı ASC-nin mübahisələndirdiyi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 25.01.2022-ci il tarixdə həyata keçirdiyi 5000 (beş min) manat ödəniş məbləği qətnamənin icrası zamanı nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 80 (səksən) manatı Cavabdeh, 20 (iyirmi) manatı İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1746/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1746/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver