Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-176/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbi, ümumi əmlakda olan payın naturada bölünməsi və hərrac yolu ilə satılması tələbinə dair mülki iş üzrə (açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi, ümumi əmlakda olan payın naturada bölünməsi və hərrac yolu ilə satılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli, 2(011)-189/2023 nömrəli əlavə qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 21 iyun 2013-cü il tarixdə nikahlarını bağlamışlar.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(011)- 7560/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması qət edilmişdir.
3. Tərərflər birgə nikahda olduqları dövrdə - 05 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 14 saylı evin, 241 nömrəli (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, b44, M3, m5) mənzil əldə edilmiş və mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı ilə mənzilə dair 2/5 hissədə iddiaçının, qalan 3/5 hissədə isə cavabdehin payları müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin evin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mənzildə olan 1 ədəd “Sonos Play 1” cihazının, 1 ədəd “Sonos Play 5” cihazının, 1 ədəd “Sonos Sub” cihazının, 1 ədəd “Sonos Soundbar” cihazının, 1 ədəd “Alexa” cihazının, 1 ədəd qonaq otağı üçün stolun, 8 ədəd stulun, 1 ədəd açılan künç divanın, 1 ədəd ikili çarpayı, 1 ədəd “Sony” markalı televizorun (android), 1 ədəd mətbəx üçün stolun, 4 ədəd stulun, 1 ədəd “Samsung” soyuducusunun, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd mebeldaxili adi sobanın, 1 ədəd “LG” markalı paltaryuyan maşınının, 1 ədəd “Samsung” markalı qabyuyan maşınının - 1 ədəd “LG” markalı kondisionerinin (100 kv.m.), 1 ədəd mebeldən olan iri televizor altdığının və 1 ədəd elektron kaminin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikah münasibətlərində olduğu dövrdə mənzili almışlar və həmin mənzil onların birgə nikah dövründə qazandıqları pul vəsaiti əsasında əldə edilmişdir. Hal-hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzildə yaşamır və gələcəkdə də yaşaması qeyri-mümkündür. Lakin buna baxmayaraq hər ay həmin mənzilə görə aylıq ödənişlər edir. Həmçinin, paylı mülkiyyətində olan daşınmaz əmlaka dair hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinliklərlə üzləşir və bu səbəbdən hazırki iddianın qaldırılmasına zərurət yaranmışdır. 02 avqust 2022-ci il tarixdə iddiaçının Mənzilə dair payının naturada ayrılması əvəzinə kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda həmin mənzilin satılaraq dəyərinin müəyyən olunmuş paylara uyğun bölüşdürülməsi barədə cavabdehə təklif göndərilsə də, o bu təklifə heç bir əhəmiyyət verməmiş və həmin təklifi cavablandırmamışlar. Bundan başqa iddia ərizəsində göstərilən əşyalar - 1 ədəd “Sonos Play 1” cihazı, 1 ədəd “Sonos Play 5” cihazı, 1 ədəd “Sonos Sub” cihazı, 1 ədəd “Sonos Soundbar” cihazı, 1 ədəd “Alexa” cihazı, 1 ədəd qonaq otağı üçün stol, 8 ədəd stul, 1 ədəd açılan künç divan, 1 ədəd ikili çarpayı, 1 ədəd “Sony” markalı televizor (android), 1 ədəd mətbəx üçün stol, 4 ədəd stul, 1 ədəd “Samsung” soyuducusu, 1 ədəd mikrodalğalı soba, 1 ədəd mebeldaxili adi soba, 1 ədəd “LG” markalı paltaryuyan maşını, 1 ədəd “Samsung” markalı qabyuyan maşın. 1 ədəd “LG” markalı kondisionerinin (100 kv.m.), 1 ədəd mebeldən olan iri televizor altdığı və 1 ədəd elektron kamin onun şəxsi vəsaiti hesabına alınmışdır və həmin mənzildə qalmışdır. Həmin avadanlıq və əşyaların hər birini o şəxsən almış, cavabdeh və ailəsi tərəfindən bu əşyalarla bağlı heç bir ödəniş aparılmamışdır.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3327 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrinin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx,dəhliz, və s) bir ailənin yaşaması üçün nəzərdə tutulmasına görə, tərəflərin paylarına uyğun olaraaq İnşaat norma qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cü bəndlərinə və metodik əsasların tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(011)- 189/2023 nömrəli qətnaməsi ilə iddia Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 14 saylı evin, 241 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, b44, M3, m5) mənzilin naturada bölünməsi və hərrac yolu ilə satılması hissəsində təmin edilməmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə mənzilə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi təmin edilə bilməz. Bundan başqa, iddia ərizəsindən həmçinin aydın olur ki, iddiaçı “payın naturada ayrılması” barədə iddia tələbindən başqa, “naturada bölgü mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi”ni xahiş etmişdir. İddia bu hissədə də təmin edilməməlidir. Belə ki, paylı mülkiyyətdə olan əşyanın hərrac yolu ilə satılması məsələsi yalnız yuxarda şərh edilən mərhələli ardıcıllıqla həyata keçirilməlidir. Bu hüquqi əsas isə Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir. Yəni, şərh edilən ardıcıllığa əməl edildikdən sonra, həmçinin ümumi əmlakdakı payın bölünməsi və ya ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Eyni hüquqi yanaşma “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da göstərilmişdir. Həmin qərarda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaya riayət etmədən iddiaçının tələbi ilə həmin Mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi “ümumi əmlakda olan payın naturada bölünməsi və hərrac yolu ilə satılması” hissəsində rədd edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220 və 223-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(011)- 189/2023 nömrəli əlavə qətnaməsi ilə əşyaların qaytarılması barədə hissədə iddia qismən təmin edilərək, 1 ədəd “Sonos Play” 1 cihazının, 1 ədəd “Sonos Play 5” cihazının, 1 ədəd “Sonos Sub” cihazının, 1 ədəd “Sonos Soundbar” cihazının, 1 ədəd “Alexa” cihazının, 1 ədəd qonaq otağı üçün stolun, 8 ədəd stulun, 1 ədəd açılan künç divanın, 1 ədəd ikili çarpayı, 1 ədəd “Sony” markalı televizorun (android), 1 ədəd mətbəx üçün stolun, 4 ədəd stulun, 1 ədəd “Samsung” soyuducusunun, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd mebeldaxili adi sobanın, 1 ədəd “LG” markalı paltaryuyan maşınının, lədəd “Samsung” markalı qabyuyan maşınının - 1 ədəd “LG” markalı kondisionerinin (100 kv.m.), 1 ədəd mebeldən olan iri televizor altdığının və 1 ədəd elektron kaminə dair ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı payları müəyyən olunması qət edilmişdir.
13. Əlavə qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının özünün izahatı, eləcə də iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, “Sony” markalı televizor istisna olmaqla, digər əşyalar birgə nikah dövründə əldə olunmuşdur. İddiaçı bildirmişdir ki, televizor nikah pozulduqdan sonra onun tərəfindən əldə olunsa da, nikah pozulduqdan sonra da bir müddət cavabdehlə birlikdə yaşamışlar. Cavabdeh də iddia ərizəsində göstərilən əşyaların tərəflərin birgə nikah dövründə alınmadığını, eləcə də, həmin əmlakların hazırda mövcud olmadığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində göstərilən və hazırda mövcudluğu mübahisə doğurmayan əşyalar tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əşyalara dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakların bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, qeyd edilən əmlaklar onların paylı mülkiyyəti hesab edilərək bölünməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 223, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31 və 32-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh əlavə qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə birgə nikah dövründə əşyaların əldə edildiyini, birgə nikah dövründə həmin əşyalara dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah olmadığından və bununla əlaqədar tərəflər arasında əmlakların bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığını istinad edərək qətnamə qəbul edilmişdir. Halbuki həmin əmlakların birgə nigah dövründə əldə olunub-olunmadığını, həmin əmlakların ümumiyyətlə mövcud olub-olmamasını araşdırmamış, bununla da həmin əmlakların paylı mülkiyyət hesab edərək bölünməsi barədə əsassız qətnamə qəbul edilmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə sözügedən əmlakların paylı mülkiyyət olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Qeyd olunan normaya əsasən məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməlidir, ancaq məhkəmə tərəfindən heç bir məlumat verilməmişdir. Ümumiyətlə ona belə bir iclasın olacağı barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə qərar qəbul edən zaman yalnız iddiçının mənafelərini əsas götürmüş, onun və cavabdehin cavabdehin maraqlarını isə nəzərə almamışdır. Bununla da məhkəmə tərəflərin bərabərliyi prinsipini pozmuşdur. 1 ədəd “Sonos Play” 1 cihazının, 1 ədəd “Sonos Play 5” cihazının, 1 ədəd “Sonos Sub” cihazının, 1 ədəd “Sonos Soundbar” cihazının, 1 ədəd “Alexa” cihazının, 1 ədəd qonaq otağı üçün stolun, 8 ədəd stulun, 1 ədəd açılan künç divanın, 1 ədəd ikili çarpayı, 1 ədəd “Sony” markalı televizorun (android), 1 ədəd mətbəx üçün stolun, 4 ədəd stulun, 1 ədəd “Samsung” soyuducusunun, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd mebeldaxili adi sobanın, 1 ədəd “LG” markalı paltaryuyan maşınının, lədəd “Samsung” markalı qabyuyan maşınının - 1 ədəd “LG” markalı kondisionerinin (100 kv.m.), 1 ədəd mebeldən olan iri televizor altdığının və 1 ədəd elektron kaminin olması barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamış, həmin əmlakların paylı mülkiyyət olub-olmaması barədə heç bir sübut və dəlil təqdim olunmamış, sözügedən əmlakların ümumiyyətlə alınıb-alınmaması, hardan və hansı vəsaitlə alınması məhkəmə tərəfindən əsaslandrılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir; Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə əlavə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə əlavə qətnamə ilə iddianın qismən təmin olunması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir.
24. İddia tələbi əmlakların qaytarılması ilə bağlı olsa da, birinci instansiya məhkəməsi həmin əmlaklara ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı paylarını müəyyən etmişdir. Halbuki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər. Yəni, payların müəyyən edilməsi üçün bu barədə tələb mövcud olmalıdır.
25. Lakin iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmişdir və iddiaçı öz tələbində həmin əmlakların özünə məxsus olduğunu, öz şəxsi vəsaiti hesabına alındığını, cavabdeh və ailəsi tərəfindən bu əşyalarla bağlı heç bir ödəniş aparmadığını bildirmiş və bu hissədə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 152 və 157.2-ci maddələrinə istinad etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmlakların özünə məxsus olduğunu, öz şəxsi vəsaiti hesabına alındığını bildirdiyindən və cavabdehin yaşadığı mənzildə qaldığından həmin əmlakları tələb etdiyindən iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir, hansı ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilmə imkanını nəzərdə tutur.
27. Müvafiq maddəyə əsasən iddianın təmin olunması üçün, əmlak cavabdehin sahibliyində olmalı, eyni zamanda bu sahiblik qanunsuz olmalıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 5.12-ci bəndində də qeyd olunmuşdur ki, birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq, mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır. Daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2ci maddəsi), rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara və danışmaz əşyalara münasibətdə dövlət reyestrindəki qeydə düzəlişin aparılması (“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 4.2-ci bəndi, Mülki Məcəllənin 141-ci maddəsi) təşkil edəcəkdir.
29. Məhkəmə kollegiyası həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olması ilə razılaşmır. Belə ki, iddiaçı əmlakları öz şəxsi vəsaiti hesabına alındığını bildirsə də, özünün sübut kimi təqdim etdiyi sənədlərdən də görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəvi hissəsində göstərilən əmlaklar tərəflərin birgə nikahda olduqları dövrdə alınmışdır. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarı, 3.2, 3.3-cü bəndlər)
30. Ailə qanunvericiliyi birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın ümumi mülkiyyəti sayılmayan əşyaların da dairəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Lakin əmlakların siyahısından görünür ki, tələb olunan əmlaklar bu kateqoriyaya da aid deyildir.
31. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş “əmlakların cavabdehin qanunsuz sahibliyində olması” faktı mövcud deyildir və buna görə də əmlakların cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı tələb təmin oluna bilməz.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli, 2(011)-189/2023 nömrəli əlavə qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli, 2(011)-189/2023 nömrəli əlavə qətnaməsi ləğv edilsin və mübahisələndirilən hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı əmlakların qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev